Yalçın İslamzadənin fenomeni

Литература

 
Yeni nəsil Azərbaycan ziyalıları arasında, hadisələrə elmi yanaşmasıyla seçilən, dərin mütaliəsiylə onu tanıyanlarda heyrət doğuran Yalçın bəy, yeni çıxmış bu kitabında hal-hazırda Azərbaycan cəmiyyəti üçün aktual olan bir çox məsələlərə aydınlıq gətirməkdədir. Elm, yoxsa xurafat, dəqiq hesablamalar, yoxsa fala baxmaq, rasional düşüncə, yoxsa metafizik qarabasmalar -  “Göydən Yerə” kitabının ana temalarıdır. 
 
Müəllif tarixin qırılma nöqtələrindən soraq verərək, oxucunun diqqətini elmi təfəkkürün qələbə çalmağa başladığı zamanlara yönəldir: “1589-cu ildə Qaliley Piza şəhərindəki əyri qüllədən müxtəlif kürələr ataraq sərbəst düşmə təcrübələri  aparmaqla Aristotel fizikasına kor koranə inanmağı rədd etmişdi. O dövrdə yeganə legitim dünya görüşü kilsənin formalaşdırdığı sxolastik görüş idi və Aristotel fizikası bu görüşün ayrılmaz hissəsi idi. Sxolastik görüşün əsas prinsipləri doqma sayılıb şübhəyə bağlı elan olunmuşdu. Ancaq Qaliley şübhələrində haqlı çıxdı və iki min ilə yaxın bir zaman ərzində doğru olduğuna inanılmış Aristotel fizikasının səhv olduğunu göstərdi. Kilsə Qalileyi cəzalandırsa da o müasir elmin qurucusu statusu qazandı”. Bundan əvvəl, 1543-cü ildə Kopernikin yazmış olduğu “Səma kürələrinin hərəkəti haqqında”  adlı əsəri ilə kilsənin müdafiə etdiyi yer mərkəzli (geosentrik)  günəş sistemi əvəzinə  günəş mərkəzli (heliosentrik) modelin doğru olduğunun göstərilmişdi ki, bu da kilsə doqmalarını sarsıdırdı. 
 
Müəllif bu iki elmi kəşfə diqqəti yönəldərək insan zəkasının necə tarixi üstünlük qazanmasını təsvir edir: “İnsanın kosmosdakı yerinin və mənşəinin müəyyənləşdirilməsindən sonra növbə insan şüuruna çatdı. Psixoanalizin qurucusu Freyd insan təbiətini şüuraltındakı irrasional motivlərin təyin etdiyini, şüurlu fəaliyyətin ibtidai mənlik olan “id”-lə sosial eqo olan “supereqo” arasında tarazlıq qurmağa çalışan eqonun mübarizəsi olduğunu, eqonun uğursuz olduğu dərəcədə insanların nevrotikləşdiyini göstərdi. İnsanı yoldan çıxaran şeytan onun şüuraltındakı dağıdıcı və egoist motivlər idi.”
Ancaq bu nəzəriyyələr tamamlanmış son nəzəriyyələr deyildi;  elmin ruhu hər hansı elmi nəzəriyyənin doqmaya çevrilməsinə mane olur.
 
“Göydən Yerə” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu 14 məqalə və 3 tərcümə yer alıb. Müstəqillik illərində elmin populyarlaşdırılması mövzusunda yazılmış nadir bir əsər olması etibarilə, oxucular yalçın bəyin timsalında yeni tip Azərbaycan ziyalısıyla tanış olacaqlar.
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade