Studentlər

Литература

 
Yusif Vəzir ‘’Çəmənzəminli ’’ təxəllüsünü belə edilən yaxşılığın qarşılığı olaraq götürəcək qədər xarakter sahibi idi. Havadan-sudan səbəblərlə ziyalıların represiya qurbanı olduğu vaxtlarda ‘’Studentlər’’ kimi bir əsəri yazan bu insan burada da xarakter nümayiş etdirmiş, edilən işkəncələrə baxmayaraq ittihamları qəbul etməmiş, özü başqalarının etirafları sayəsində həbs edilsə də heç kimin adını verməmişdir.
   
‘’Studentlər’’ əsəri dayazdan dərinə, mikrodan makroya geniş mövzuları əhatə edən, bir çox qatları olan samballı roman sənəti nümunəsidir. Öz ölkəsindən qıraqda oxuyan tələbələrin məişət həyatı, evdən qoyulan mürəbbələri yeməyi, qızlarla tanış olmaqları, fahişə yanına getməkləri, bir-birlərinə sataşıb didişmələrindən tutmuş onların təşkilatlanmasına qədər, milli məsələlərdən, erməni-müsəlman davasından, milliyyətçilik, bolşeviklik- menşevikdən tutmuş, Rusiya inqilabı, Birinci Dünya müharibəsinə qədər  geniş yelpazədə bir çox mövzu özünə bu əsərdə yer etmişdir.  Xronologiyadan,sadəcə makro hadisələrdən ibarət olan tarix deyilən ‘’elmin’’ bu mənada nə qədər cılız olduğunu dərk edir, ədəbiyyatın gücünü bu romanın hər səhifəsində üzərimizdə hiss edib ehtiramımızı göstəririk.
 
Əsərdə ‘’İkinci kitaba’’ kədərli notlarla keçilir.  20 il sonra bəzi tələbələrin necə olduqları, harda işlədiklərindən bəhs edilir. Faciəli mənzərədir. Bu insanlar da hər kəs kimi oldu, hər biri bir işdədir, belə gəlib belə də gedir. Əsas qəhraman Rüstəmin isə  adı çəkilmir, çünki Rüstəm elə yazıçının özüdür. Ocaqverdi, İskəndər, Vartan, Pərviz, Bəhram və s hərəsi bir şey olub, Rüstəm isə Çəmənzəminli olub. Çəmənzəminli isə cılızlardan deyildi, seçkin insan idi. Rüstəmin elə yazıçının özü  olmasını bilmək üçün dərin sirr pərdəsini aralamağa ehtiyac yoxdur. Çəmənzəminli bu mənada çox açıq ürəkli davranıb. Oxuduğu şəhər, ixtisası, o illərdə yaşı, işlədiyi yer hamısı birə-birdir. Rüstəm obrazı ilə biz əsil seçkinlər kimlərdir, necə olurlar, necə olmalıdırlar, niyə  onları dinləməliyik, niyə arxalarınca getməliyik və başqa bir çox məsələni aydınlaşdıra bilirik. Seçkin sözü yerinə ziyalı da demək olar, amma burada ziyalı demək tam mənanı ifadə etmək üçün yetersiz qala bilər. Sözün dəmirin əksinə çox və lazımsız işlənəndə paslanmaq xüsusiyyəti var. Ziyalı sözü bizdə  əldəqayırmalar və suni yolla yetişmişlər üçün daha çox işlənib, işlənir . Bu mənada seçkinlə eynək və qalstuk ziyalısını kəskin fərqləndirmək lazımdır.
 
Vicdanı dərisinə yaxın olmaq.
 
Həssas vicdan seçkinlərin ən başlıca xüsusiyyətidir.Hətta bir tək bunu qeyd edib qələmi yerə qoymaq olar. Digər xüsusiyyətlər də əsasən bundan törəyir.  Rüstəmin həssas vicdan sahibi olması  xırdadan böyüyə hər məsələdə özünü göstərir. Sonya ilə münasibətində biz bunu aydın görürük. O, çox iztirablar keçirir, yenə də vicdanı ona başqasının qadını ilə münasibətlərini dərinləşdirməsinə imkan vermir. Təşkilat və millət məsələrində də hər zaman onun diri vicdanının şahidi oluruq  .
 
İmtina və fədakarlıq
 
İnsanı böyüdən onun imtinalarıdır. Bu insanlar ümumi səadət naminə şəxsi səadətdən ömürləri boyu dəfələrlə imtina etməli olurlar.  Onlar  tankın qabağına özünü atıb bir dəfə ölən qəhramanlardan deyillər, dəfələrlə özlərini tankın qabağına atırlar. Çoxluğun acgözlüklə tamah saldıqlarını onlar rahatlıqla əldə edib tüpürüb keçirlər və ya əldə etmə imkanları varkən əllərinin tərsini göstərirlər. Üzərlərində olan missiya onlara başqa cür davranmağa icazə vermir. Rüstəm Musyadan və onun sevgisindən necə də imtina edir.  Cəmiyyəti qaranlıqdan aydınlığa çıxarmaq, düzgün yola gətirmək və mədəniləşdirmək üçün dünya malı, qadınlar, pul, vəzifədən missiyanın gücü sayəsində bu insanlar rahatlıqla imtina edə bilirlər və buna görə də onlar azaddırlar. Rüstəm bu sayədə sonraki aqibəti qaranlıq olan o qədər pulu İmrana rahatlıqla verə bilir. Bu insanlar artıq gəncliklərindən aydın şəkildə seçilir, başqaları ilə özləri arasında dərin bir uçurum olduğunu anlayır  və  insanlardan uzaqlaşırlar. Daxili narahatlıqlar, dəruni böhranlar, ‘’heç kimi bəyənmirəm, çünki heç kim məni bəyənmir’’ məsələsi buna görə Rüstəm üçün xarakterikdir. O, ``xalqın əksərinin İmran kimi savadsız və az savadlı, zahirə aldananlardan ibarət olduğunu, bu adamların çox gördüyü, çox eşitdiyi, dürüst bələd olduğu şəxsiyyətin nüfuzuna düşə bilməyənlər`` olduğunu görsə də,xalq üçün mübarizə aparmaqdan, öz missiyasını yerinə yetirməkdən əl çəkmir.
 
Mütaliə və zəka
 
Bunlarsız mümkün deyil, oxumalı və oxuduqlarını tam başa düşməlisən. Nitşe, Şopenhauer, Volter, Mopassan, ``qadınların və yəhudiliyin düşməni olan yəhudi balası`` deyə ifadə olunan Otto Veynenqer əsərdə bəhs olunan müəlliflərdəndir. Rüstəm gecə-gündüz ədəbiyyat, fəlsəfə və siyasi kitablar oxuyur. Milləti üçün nəsə etmək istəyirsə oxuyub özünü yetişdirməli olduğunu dərk edir və bunu dostlarıyla bölüşür. O, bunların sayəsində din cəhalətində olan bir uşaqdan dünyəvi fikrin daşıyıcısı olan bir gəncə çevrilir, onun şəxsiyyəti əsər boyu inkişaf edərək formalaşır , fikirləri yenilənir. Rüstəm bunların sayəsində təşkilat məsələsində, siyasi məsələlərdə düzgün təhlillər edir, insanlara yol  göstərə, onlara liderlik edə bilir. Bunların sayəsində onun gözü açıqdır,  riyakarları, yalançıları, mənfətcilləri və tacir beyinliləri rahat sezə bilir. Əsərdə bir çox obrazların ataları haqqında məlumat verilir,beləcə azərbaycanlıların təbii köklərinə bağlı olduğu göstərilir. Tacir oğlunun hər məsələdə tacir məntiqi ilə düşündüyünü, fırıldaqçı oğlunun fırıldaqçı olduğu, bolşevik ideyalarından möhkəm yapışmış insanın yoxsul oğlu olduğu, bəylərin zülmü altında inləyənin oğlunun sosyalist olduğu, ailə faciəsi yaşamış insanın da həyata baxışının bunun əsasında formalaşdığı göstərilir. Rüstəm isə mütaliəsi və zəkası sayəsində  heyvani  köklərindən ayrıla bilir, fikirləri və düşüncüləri ata-anası, ailəsi əsasında formalaşanlardan olmur,  obyektivdir. 
 
Əsərdə azərbaycanlılıq identifikasiyası, bizim kim olduğumuz, hardan gəlib hara getdiyimiz aşkar xətlərlə izah edilib. Problemlərin səbəbi qoyulub və nə etməli olduğumuz göstərilib. Ermənilərlə münasibətlərimizin necə olmalı  olması, məhəllə qanunları,  mentalitet və cəhalət, ``başını aşağı sal, işini işlə`` deyən valideynlər,din və milliyətçilik pərdəsi altında fırıldaqçılıq edənlər, ideya adı altında saxtakarlıq edənlər, yerlibazlıq, daxili narazıçılığın öhdəsindən gəlmək üçün müharibə məsələsi ortaya atan dövlət adamları, təşkilat və partiyaları yazıçının deyimi ilə firmaya çevirənlər, dünənki casusların sonradan başqa adlarla ortaya çıxması məsələləri bu günümüz üçün də xarakterikdir. Təəssüf ki, bu cür əsərlər vaxtında oxunulub əxz olunmayıb, hal –hazırda da oxunmur. Klassiklərimizin və maarifçilərimizin bu cür əsərləri  kütləvi şəkildə oxunulsa və oxutdurulsaydı, sadalananlar hal-hazırda bizim problemimiz olmayacaqdı.
 
Aqşin İbişov
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade