Quram Meqrelişvili: Yazıçı

Литература

 
 
I mərhələ: Hər şey necə başladı.
 
Həmyaşıdlarımın çoxusu kimi işsizlik, qumar, domino və nərd oynamaq, uyuşdurucu çəkmək və mənasızca içmək məni də depresiyaya yuvarladı. Gündəlik leksikamda – bu həyatın anasını..., adam nə ilə məşqul ola bilər ki..., tfu, bu məmləkətin..., usandım artıq..., bəlkə baş götürüb monastra gedim..., hər şey mənasızdı... maraqlanmıram və s. kimi ibarələr çoxaldı. Bununla belə, totuq-motuq, suyuşirin uşaqdan davakün, acıdil və qəddar insana çevrildim.
Valideynlərimlə münasibətdə problemlər yarandı (artıq: ata, mənə iki lari ver! deməkdən bezmişəm), qohumları görməyə gözüm yoxdu (rədd olsunlar nəyə yarayırlar ki?) qonşulardan zəhləm getməyə başladı ( niyə o cür maşın o oğraşda olmalıdır?!) və az qalmışdı ki polis olum. 
Əsəblərim gərginliyin son həddində idi: nə bir iş, nə bir iş perspektivi, nə də bir iş perspektivinin perspektivi. Qərəz, bircə arzum qalmışdı – tezcə qocalıb ölmək. Ancaq bu zaman əlimə amerikan atalar sözləri kitabı keçdi.
 
II mərhələ: Amerikan atalar sözləri kitabında nə yazılmışdı?
 
  “Bir kişi nə edəcəyini bilmirsə, hökmən arvad almalıdır!”
 
Düzü bu fikir ağlıma elə batdı ki, evlənmək haqqında ciddi düşünməyə başladım (bununla belə yəqin etdim ki, arvad almaq sərfəlidir, çünki bu yolla seks üçün daimi tərəf müqabili tapmış olursan). Tələm-tələsik bir möhtəşəm insanı sevib, ay yarımdaca evləndim. Kef məclislərinin və bal ayının üstündən keçib növbəti mərhələyə keçirəmes.
 
 
III mərhələ: Ən sosial əhvalat.
 
  Tikoyla mən yuxudan onsuz da gec dururuq, ancaq o günü gözümüzü lap axşam, saat altıda açdıq.
-Dur ay qız, o qadına kömək et, bu nədir, nə tənbəl arvadsan?!
-Sən heç səsini çıxartma, küllə oynayan məstanım.
-Hə, sən mənə küllə oynayan de, amma dahiyanə ideyalar həmin o küllə oynamaqda gəlir.
-Bəh, bəh, bəh necə də öyüncəksən mənim gic donuzum!
-Bəsdi məni tovlamağın, dur deyirəm sənə, vicdanın olsun!
-Beşcə dəqiqə də, nolar!
-Eee, dur yoxsa çarpayıdan aşağı atacam
Tiko mızıldana-mızıldana durdu və ərincək geyinməyə başladı. O çox ehtiraslı geyinirdi və ...
-Gəl məstanım!
-Əl çək də, indicə qovmadın?
-Eybi yox, gəl!
-Yox!
-Sənə deyirəm gəl, ayağa dursam pis olacaq!
-Paho, yaxşı görək!
Yerimdən sıçrayıb onun belinə sarıldım. O qollarımın arasından çıxıb, çarpayıya atıldı. Ardınca dirçəlib otaqda qaçışmağa başladıq. Tiko çığırır və qaçırdı. Gah mənə yastıq atırdım, gah paltar. O bundan daha da zövq alırdı. Səs-küyə anam gəldi, qapını açıb içəri girdi, ancaq məsələnin nə yerdə olduğunu anlayıb, ay sizi dəlilər, deyərək gülüb bayıra çıxdı.
Tiko utandı. Yaxşı bəsdir, ayıbdır – dedi. Mən fürsəti əldən verməyib onu bərk-bərk qucaqladım. O tabe olub, müti-müti boynuma sarıldı, sonra isə qəfildən qollarımın arasından sivişib çıxdı. Əlimi ondan üzəndə sinəbəndi əlimdə qaldı.
-Vay!
-Aaa, buna nə oldu?
-Vəhşisən də!
-Qəsdən etmədim ki, ay qız? 
-Göstər görüm çoxmu pozuldu? Uf, bu heç düzəlməz ki.
-Düzəlməz, düzələn günü olmasın nə edim, ataq getsin!
-Bəs Liagilə nə ilə gedim?
-Başqası yoxundu?
-Bilmirsən ki yoxumdu?
-Eləcə gəl.
-Necə yəni eləcə, sinəbəndsiz?
-Hə də, nolar ki?
-Ağlın çaşıb, nədir!
-Onda anama de, təzəsinin pulunu verər.
-Ooo, mən deyə bilmərəm, həm də almağa vaxt çatmır.
-Nə var ki, indicə qaçıb alarsan.
-Mən anandan pul istəyə bilmərəm!
-...
-Sən de.
-Mən nə deyim.
-De, nolar!
-Nə deyim? Deyim Tikonun sinəbəndi üçün pul ver mənə?
-Onda atandan al!
-O nə vaxta gəlib çıxar!
-Onda birindən borc al. Bəs nə edim Dato, getməyim?
-Kimdən borc alım?
-Serqodan al.
-Onsuzda otuz lari borcluyam, üzüm gəlməz.
-Niyə güləşirdin axı?!
 
(araya səssizlik çökdü)
 
-Anana zəng vur.
-Oo, puldan ötrü anama zəng edə bilmərəm.
-Nə edim bəs?
 
  Tiko heç nə demədi, otaqdan çıxdı və paltar yumağa başladı. Mənsə anladım ki iş tapmaq lazımdır və ...
 
IV mərhələ: Ən sosial əhvalatın davamı. 
 
 Pulsuz elanlar qəzetinə aşağıdaki elanı verdim:
“Gənc, istedadlı yazıçı müvafiq maaşlı iş axtarır. Tel:72 25 14”.
   Təxminən üçüncü gün bir gənc qadın zəng vurdu və yüksək maaşlı iş təklif etdi. Görüş təyin etdik və getdim.
 Elə insanpərvər qadın idi ki, mənə şöhrət və pul dağlarını vəd etdi, borc pul aldırdı, əlli lari miqdarında mal götürtdü, onları satmağımı tapşırdı və əgər sənin kimi həvəskarlar gətirsən faiz də verəcəm, dedi.
 O malları qohumlara zorla soxuşdurdum və elanın mətnini dəyişdirdim:
 
 “Gənc, istedadlı və yaraşıqlı yazıçı iş axtarır, şəbəkə marketinqindən olanlar zəng vurmasın. T:72 25 14 Dato”.
 
  Bir xanım zəng vurdu. Vəfat etmiş ərinin sənədlərini və şəxsi yazılarını səhmana salmaq istəyirdi. 
 Yeddicə saat içində otuz lari qazandım və Tiko o lənətə gəlmiş sinəbəndi aldı. Ancaq bir həftə ərzində heç kim zəng vurmadı. Bu dəfə verlişlərin alt yazılarında aşağıdakı elanı verdim (burda bir söz bir laridir):
 
“Yazıçı iş axtarır. T:72 25 14 Dato”.
 
  Əvvəl hansısa qızlar zəng vurub yuksək səslə “yu huuu yazıçı” çığırıb dəstəyi asdılar. Sonra hansısa (sən demə görkəmli) yaşlı yazıçı zəng vurub, məni yazıçılıq peşəsini və yazıçının daxili çağırışını biabır etdiyimə görə o ki var danladı və sonra bir iş adamı öz həyatını endirimlə, hətta nisyəyə qələmə aldırmaq istədikdə əlimi tamam hər şeydən üzdüm ki, burda O dördüncü şəxs peyda oldu.
 
 
 
V mərhələ: O dördüncü şəxs necə peyda oldu?
 
-Alo, eşidirəm!
-Cənab Daviti olarmı?
-Buyurun
-Salam, mən elanınıza görə zəng vurdum.
-Bəli, bəli.
-Bilmək istərdim, əlinizdən nə iş gəlir.
-Bilirsiz ümumiyyətlə yazıçıyam, ancaq yazı-pozu ilə bağlı istənilən işin öhdəsindən gələrəm.
-Təkcə yazı-pozumu?
-Bilirsiniz, baxır konkret olaraq nəyi tələb edirsiniz... başqa işlər də görürəm  məsələn...
-Onda, bəlkə sabah səhər saat on ikidə Qotsiridze metrosunun yanında görüşək və orda məsləhətləşək, əlbəttə əgər sizə uyğunsa.
-Bəli, bəli problemi yoxdu, gələrəm. 
-Yaxşı.
-Bəs sizi necə tanıyım?
-Hm, mən özüm tanıyacağam. Yazıçıların ki tamamilə başqa görkəminiz var?!
 
Güldüm (qürurla)
 
-Hə, amma yenə də, necə tanıyım?
-Ən ağır çəkili kimi görsən, bil ki mənəm.
İkinci günü on ikinin yarısından metronun çıxışında dayanmışdım. “Ağır çəkili” əlbəttə məni tanımadı. Mən özüm ona yaxınlaşdım:
-Üzr istəyirəm, siz Osunuzmu, bax, dünən axşam telefonda danışdığım, bax elan məsələsindən...
-Aaa, Dato sənsən?
-Bəli, üzr istəyirəm, adınız?
-Vaxtanq, Vaxo.
Biz onun maşınında əyləşdik və Nutsubidzenin ikinci yoxuşuna qalxdıq. 
Vaxtanqın mənzili zövqlə təmir edilmişdi, görünür pul sarıdan əziyyət çəkmirdi.
-Dato, düzünü deyim, hələ səni müşahidə etmək istəyirəm, görüm işə yarayırsan ya yox, ona görə də, belə bir təklifim var: iki-üç gün gəl get, diqqət verərəm, adi tapşırıqlar verəcəm, xoşuma gəlsən işə də götürəcəm.
-İşim nə olacaq?
-Hələlik heç nə. O ki qaldı bu iki günə, bu yüz larini al. Bu avansdır, daha doğrusu, bu iki günün zəhmət haqqıdır. 
-Birdən xoşunuza gəlməsəm?
-Xoşuma gəlməsən... hm, başqa yazıçı taparam, yazıçıdan çox nə var ki! Hə, bir də, yazılarını da gətir, gorüm, nə yazırsan!
Mən cızma-qaralarımı qoltuğuma vurub apardım; oxudu və təriflədi:
-Əhsən, işimə yarayarsan!
Evə apardığım o yüz lari bayramımıza səbəb oldu. Biz, görəcəyim iş haqqında min cür fikir söylədik.
-Ola bilsin ki nə isə ideyalar versin və öz adı ilə sənə yazdırsın – atam bir ehtimal irəli sürdü.
-Məncə xeyriyyəçidir, birbaşa yardım etməkdən çəkinir və bu cür yollara əl atır ... - bunu da anam dedi.
-Kim olur olsun, iki gündə yüz lari! Nə danışırsan Dato, elə bil, artıq həyatımızı qurduq! – deyə Tiko mənə sarıldı. 
-Bəs nə! Kərpic sexində də işlətsə belə... təki bu qədər pul versin, istəyir üstəlik qamçılasın da – arvadımla razılaşıb xəyallara daldım:
 
I xəyal:
Əgər belə davam etsə, bütün borclarımı qaytaracağam.
II xəyal:
Tikonu ən əla doğum evində yatırdacam və uşaq otağını zövqlə bəzəyəcəm!
III xəyal:
Bu yay dənizə gedəcəyik, ordan dağa, sonra da yenə harasa!
IV xəyal:
Yavaş-yavaş bir şeylər düşünəcəm.
 Bu iki gündə elə bir iş görməmişəm. Sadəcə telefona cavab verirdim və öz istəyimlə Vaxtanq üçün bazara yollandım. Üçüncü gün isə Vaxtanq mənə əla şərab içirdib, işimin mahiyyətini açıb dedi. Mən:
a)Hər gün, axşamüstü saat beşdə Vaxtanqın yanına gəlməli idim.
b)Qurşaqdan yuxarı soyunmalı idim
c)Taxta uzanmalı idim
d)Və Vaxtanq məni xüsusi olaraq ayı dərisindən hazırlanmış qamçı ilə qamçılayacaqdı.
 
 Hər qamçı zərbəsi üçün on lari ödəyəcəkdi.
 
-Əcəb yumor hissiniz var, adamın lap inanmağı gəlir! – gözümü qıyıb yüngülcə gülümsündüm.
-Kim deyir ki zarafat edirəm? – O da gülmüsədi.
 
(Burda, əlbəttə araya səssizlik çökdü, çünki kulminasiya nöqtəsidir!)
 
Qəhqəhə çəkdim, O da gülməyə başladı.
-Necə də zarafatcılsınız. Qəribədir bunu necə düşünüb tapmısınız, ha, ha!
-Hə, nə bilim. Bir düşün Dato, məncə, hi, hi, pis təklif deyil. Gündə ortalama on qamçıya dözərsən – gülürdü və gözünü məndən çəkmirdi.
 
Qəflətən gülməyimi dayandırdım.
-Necə, siz ciddi deyirsiniz bəyəm?
-Bu boyda kişidə qeyr-ciddiliyi harda görürsən?
 Səssizcə durub qapıya yönəldim. Birdən dönüb qışqırmağa başladım. O dinmədən qulaq asırdı. Bu məni daha da karıxdırdı. Arxamı çevirib çıxdım.
 Evdə sükutla dinlədilər. Sonra hərə öz fikrini bildirdi.
Anam:
-Hə, nə bilim, xəstəymiş yəqin ... görürsən pul kimlərin əlindədir? Bir qamçı on lari! Pis pul deyil, amma yazıqsan, kürəyin tamam dəridən-qabıqdan çıxacaqdı, başqa iş axtarsan yaxşıdı. Həm də o yüz lari ki sənə qaldı?!
Tiko:
-Hər namussuz elə gəlib sənə ürcah olmalıdır də? Gərək yaxşıca kötəkləyəydin onda görərdi gününü. Sən xəstələndinsə pul nəyimə gərəkdi ay mənim əzizim neynək, mənə nə əla doğum evi lazımdı, nə dəniz, nə də heç nə, bircə biz mehriban olaq!
Atam: 
-Bu həyatın anasını... kommunistlərin vaxtı olsaydı o oğraşı lazımı yerə basardılar, di gəl ki ... məsələ nə yerdədi bilirsiz? Başqa çıxış yolu qoymur o alçaq; vadar edir... həm də fikir verdinmi o pulu başdan necə verdi ki... xəstənin biridi... düzü bazarda əsəblərimi pozmaqdansa o əclafın yanına gedib dözə biləcəyim qədər özümü qamçıladacağam. Güya qədim zamanlardır da belə olmayıb?! Bununla belə, məndən qalsa, o özü bundan daha çox alçalar!
Mən:
-Anlamıram sən niyə getməlisən ki? Gedəcək biri varsa o da mənəm. Mənsə gedən deyiləm, bir o əksikdi ki kimsə yekəbaşa özümü qamçıyla döydürəm. Cəhənnəm olsun!
İntim anlarında isə arvadım gileyləndi: 
-Deyirəm o başqa bir şey təklif etsə nə yaxşı olardı! Dənizə gedərdik.
Mən də cana doyub: - Qoy cəhənnəm olsun – dedim – Gedib vurduracam o qamçını, ancaq birdən...  əslində soyadımı bilmir, nə biləcək. O qədər yazıçı Dato var ki! Bir az pul toplayandan sonra bərk söyüb, öz qamçısını təpəsinə çəkib gələcəyəm!
 (Burda əhvalat bitə bilərdi, amma bitmir!)
 
 
VI mərhələ: Sadəcə mərhələ
 
İkinci günü Vaxtanqın yanına getdim; Məni görəndə istehzayla gülümsədi və az qaldı ki çevrilib geri qayıdım, ancaq içəri girdim.
 Mən qurşaqdan yuxarı soyunana kimi yeməyini bitirib, gəyirərək başımın üstünü kəsdi:
-Neçəsinə dözərsən?
-Nə bilim? Dayana bilməyəndə deyəcəm.
Onadək bərk vururdu, sonra bilmirəm yoruldumu yoxsa nə oldu o qədərdə ağrımadı. Qırx beşincidə soruşdu:
- Bəs deyil?
- Yox!
Beşini də vurub dayandı, halım qalmadı, dedi. Sonra cüzdanını çıxarıb pulu ovcuma saydı. Yarım saata tam 500 lari qazanmışdım, - bu ağlasığmaz bir iş idi!
-Nə qədər çox vursam, bir o qədər də endirim etməlisən! – Vaxo qəhqəhə çəkirdi, mənsə üzünə bozardım amma səsimi çıxartmadım.
-Bax adə, bozarıb-qızarmağı burax, istəmirsənsə, başqa yazıçılar yalvarırlar e, de, özgəsini çağıraram.
-Bozarıb-zad eləmirəm, sadəcə kürəyim yanır, dəmir deyiləm ki?!
-Sən də az vurduraydın da. Yeri gəlmişkən bir məsələdə də razılaşaq: bircə gün belə gəlməsən bir ayı pulsuz işləyəcəksən, yoxsa da başqasını axtaracağam.
-Birdən bir şey oldu?
-Vecimə deyil, nə olur olsun! İşdən qalmaq olmaz - əl verirsə buyur, vermirsə əlvida!
-Hə, yaxşı!
Evdə məni elə qarşıladılar elə bil müharibədən qayıtmışdım. Bu qədər pulu gördükdə isə az qalsın hamı dəli olacaqdı.
-Ay bala, qoy mən də gəlim, məni də kötəkləsin o Vaxodurmu kimdir! – atam deyirdi.
Anam gileylənməyə başladı və bir-iki yaş tökdü.
Tiko susurdu.
-Belə davam etsəm maşın da alacam, ev də! – fikrimdən keçirdim və xəyalən ah çəkdim.
Sonra, gündə ortalama iyirmi-iyirmi beş vuruşa dözürdüm. Vaxo da razı idi, biz də. Bir günsə bir qohumumuz gəlib nala-mıxa vura-vura aşağıdakıları xahiş etdi:
-Bala bəlkə mənim Tamazimə də belə bir iş tapasan; yazıq balam dərd əlindən bilmir neyləsin. Xozeyninə de bəlkə işə götürdü. Düzdü zəifdi, amma dözərəm deyir, nə bilim. Başına dönüm bəlkə sən qaldırasan bizi ayağa! Ümidimiz sənədir, yaxşı bilirsən ki biz borc altda qalan deyilik!
Mən, əlbəttə evdəkilərə bərk-bərk tapşırdım ki, pulu hansı yolla qazandığımı heç kimə deməsinlər, Tamaziyləsə incik düşdük.
Bu minvalla təxminən iki həftədən çox zaman keçdi. Tiko hamiləliyin yeddinci ayındaydı. Mənsə  öz ətim və qanımın doğulmasını elə həsrətlə gözləyirdim ki, arxası üstə uzanıb yata bilməməyim vecimə deyildi. Maşın pulunu toplamışdım, tezliklə alacaqdım da, ancaq qərara gələ bilmirdim maşınmı alaydım yoxsa üstünə əlavə edib evmi. Di gəl ki, yaram gözlənilmədən şişdi, çirkləndi və dözülməz ağrılar baş qaldırdı. Artıq beş qamçıdan artığına dözə bilmirdim. Vaxo etiraz edib məni qovmaqla hədələdi.
-Yerimə bir müddətlik başqasını gətirsəm necə olar?
-Yox, ya sən, ya da başqasını özüm axtaracağam.
-Cənab Vaxtanq inanın ki dayana bilmirəm, müalicə olunmasam qan ağarmasına səbəb ola bilər.
-Mənim nə vecimə? Biz razılaşmışıdıq ki, bircə gün belə işdən qalmamalısan. Mənə o zərbələr kompleksiv lazımdır, yoxsa sadist deyiləm ki? Anlamırsan?!
Evdə:
- Öldürəcəm o oğraşı! Görmürsən yarama necə basır?! Bilir ki artıq dözə bilməyəcəm, ona görə də yarama basır. Namussuzun biridi, o insan deyil!
- Bura bax, bəlkə məzuniyyət istəyəsən?
- Məzuniyyət nədi ay qız, bir gün belə buraxmaq istəmir.
- Biçarəm!
- Yox, boşlamalıyam artıq. Boğazıma yığılıb, hər şey pul deyil ki?
- Bəlkə bir az da dözəydin, evin pulunu toplayaydıq və...
- Anlamırsan, daha bacarmıram!
Vaxtanqın yanında:
- Cənab Vaxtanq, məni üzürlü hesab edin, yanınıza gələ bilməyəcəm. Artıq heç cür dözə bilmirəm, yox buraya gəlməyi necə istəmirəm, istəyirəm, ancaq... baxın, baxın, görürsüz kürəyim nə gündədir? Bax bu yanı, sağda ...uuuyyy, yavaş, hə, ora!
- Doğrudan da yaman çirkləyib; nə edək, başqasını axtarmalı olacağıq, amma eybi yoxdu, səninlə işləmək çox xoş idi!
- Sağ olun mənim üçün də. Sonra yenidən işə bərpa etmək şansı yoxdur, eləmi?
- Yox, o mənim prinsiplərimə ziddir! Ancaq bir variant var, istəyirsənsə başqa vakansiya yenicə azad oldu, səni ora keçirim, ancaq bütün günü yanımda olmalısan və gündə iki yüz larin olacaq.
-Razıyam. Nə işdir belə?
-Yooox, inanmıram ki razılaşasan, deyəsən ora da özgəsini götürməli olacam.
-Əşi, siz bir deyin, bəlkə razılaşdım.
-Yox, inanmıram.
-Baaa, siz bir deyin da!
-Mən hər işəyəndə ucundan tutmalısan.
 Mən gülməyə başladım, uzun-uzadı və dəyişkən tezlikli gülüşlər qopdu sinəmdən, ancaq bu dəfə çığır-bağır salmadım, nədənsə doğulacaq körpəm, alınacaq evim və maşınım, istirahətə gediləcək dəniz, dağ yadıma düşdü və dodaqlarımı dişimlə sıxdım.
 
VII mərhələ
 
-Cənab Vaxtanq bəzən elə qəribə təkliflər edir ki, insan təəcüb edir vallah...
 
 
Tərcümə: Oqtay Kazımov
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade