Per Laqerkvist: Sevgi və Ölüm

Литература

 

Ədəbiyyat tənqidçiləri bu günəcən də onun yaradıcılığını hansısa ədəbi məktəbə bağlaya bilmirlər. Baxmayaraq, bu böyük yazıçının əsərlərində etik-fəlsəfi baxışlar sisteminin: kubizm, ekspressionizm, habelə başqa bir sıra axınlarının izləri gözə çarpır, ancaq onun yaradıcılığını bu axınların hansı birinəsə bütünlüklə bağlamaq olmur. Laqerkvistin bənzərsiz ədəbi stilində başlıca yeri miflər, simvollar və alleqorik elementlər tutur. 1951-ci ildə yazıçıya Ədəbiyyat üzrə Nobel ödülü verən komissiyanın qərarında yazılmışdı: “Per Lakerkvistə əsərlərində özünü göstərən güclü bədiiliyə və insanlığın qarşısında dayanan əbədi sorulara yanaşmasındakı olduqca orijinal və azad mühakiməsinə görə, Nobel üzrə ədəbiyyat ödülü verilir”. 

 

Kultura.az yazıçının əsərindən parçaları təqdim edir

 

Sevgi və ölüm
 
 Qaranlıq bir gecədə sevgilimlə yanaşı küçə ilə keçib gedirdik, birdən yanından ötdüyümüz qaranlığa bürünmüş bir qəsrin küçə qapısı açıldı, oradan ayağının birini qapıdan bayıra qoyan bir amur* göründü. Ancaq bu heç də bizim tanıdığımız balacaboylu körpə amura bənzəmirdi, o, iri gövdəli, əzələli, bütün bədənini tük basmış yekə bir kişi idi. Bu iri bədənli amur, əlində tutduğu çox böyük ox-yayını mənə tuşladı. Bir an sonra onun atdığı ox mənim köksümə sancıldı, o isə qüssəli görkəmi olan bu qaranlıq qəsrin qapısını örtüb yox oldu. 
 Mən yerə yıxıldım, sevgilim isə yoluna davam edib getdi. Çox ola bilsin, o mənim yıxıldığımı duymamışdı. Yoxsa, yerə sərildiyimi görsəydi, dayanardı, mənə yardım eləməyə çalışardı. Ancaq o, geriyə baxmadan, öz yolu ilə getməkdə idi, ancaq mən yenə də sevgilimin mənim yıxılıb arxada qaldığımı bilmədiyinə inanırdım. Yaramdan axan qan yolun qırağındakı qurumuş su arxına tökülüb sevgilimin arxasınca axmağa başladı, ancaq çox keçmədən, qanım axıb qurtardığı üçün, bu qanlı arx da qurudu. 
 
*Amur–yunan mifologiyasında sevgi tanrısı sayılır, əlində ürəkləri yaralayan kiçik ox-yay tutmuş körpə uşaq şəklində təsvir olunurdu.  
 
 
Müqəddəs sümüklər
 
 İki xalq biri-biri ilə qanlı savaşa çıxmışdılar, onların iksi də bu savaşa girdikləinə görə öyünürdülər, başları savaşa bərk qızışdığından, insanların gündəlik sarsıntıları onlara çox önəmsiz görünürdü. Savaşda sağ qalan insanlar bir hovur dincəlib, yenidən qanlı savaşa atılırdılar. Beləliklə də, savaşan insanlar qanlı döyüşlərdə yorulmaq bilmədən biri-birini doğrayıb tökürdülər, sərhədin hər iki tərəfində, vətən uğurunda canını vermiş döyüşçülərin cəsədlərinin uyuduğu, çox böyük abidələr ucaldılmışdı. Bu abidələrin üstünə çoxsaylı ziyarətçilər gələr, vətən uğrunda gedən savaşda ölməklə özlərini sonsuzlara kimi şərəfləndirmiş igid döyüşçülərin müqəddəs sümükləri uyuyan bu abidələrin qarşısında onların adlarını anar, odlu-alovlu çıxışlar eləyərdilər.
 
Günlərin birində keçmiş savaş meydanlarında, gecələr, ağlagəlməz bir olayın baş verməsi ilə bağlı dedi-qodular yayılmağa başladı. Deyilənə görə, abidələrdə yatan ölülər gecəyarısı torpağın altından çıxır, sərhədi o üzə keçib savaş meydanında o biri xalqın ölüləri ilə görüşür, sanasan, barış içindəymişlər kimi danışırdılar. 
 Bu xəbər hamını sarsıtmışdı. Bütün xalqın baş əydiyi, vətən uğrunda canlarından keçmiş igid, qorxmaz döyüşçülər düşmənlərlə görüşür, onlarla barışığa girib danışırdılar! Bundan da qorxunc nə ola bilərdi!
 Hər iki xalq bu işi araşdırmaq üçün komissiya yaradıb sərhəd boyuna göndərdilər. Bu işi yoxlamağa gələnlər savaşların gedişində yanıb qurumuş ağacların arxasında pusqu qurub gecəyarısını gözləməyə başladılar.
 Gecəyarısı komissiya üzvləri çox qorxunc bir görüntü ilə qarşılaşdılar: deyilənlər düz imiş! Hər iki tərəfdən, torpağın altından qorxunc qarabasmalar qalxıb, sərhədə sarı yönəlirdilər, bu olayın bir ilgincliyi də vardı: qarabasmalar əllərində nə isə daşıyıb aparırdılar. Komissiya üzvləri öfkələnib onların üstünə yeridilər: 
 –Siz, vətən yolunda canınızdan keçmisiniz, biz sizin qarşınızda baş əyirik, abidələriniz xalqın ziyarət yeri olubdur, bütün xalq sizi sayğı ilə anır, qəbirlərinizi müqəddəs bilib qoruyur, siz isə gedib yağılarla görüşüb-danışır, onlarla barışırsınız!
 Ölmüş igidlərin qarabasmaları təəcübləndilər:
 –Siz nə danışırsınız?! Bizim yenə də biri-birimizi görməyə gözümüz yoxdur. Siz bizim doğranmış bədən hissələrimizi savaş meydanından yığanda düşmənlərimizin bədən üzvləri ilə tay-dəyişik salmısınız, indi biz də yanlış düşən sümükləri toplayır, gecələr yağılarımızla görüşüb onları dəyişirik.    
 
 
Başagəldi
 
 Məni aparmaq üçün arxamca qara yelkənli bir gəmi gəldi. Mən inamla göyərtəyə qalxdım, kiçik bir dəniz yolçuluğuna çıxmağı çoxdan istəyirdim, qayğısız ömür sürən bir gənc olaraq dəniz üçün bərk darıxmışdım. Gəmimiz yola çıxdı, birazdan sahil gözdən itdi, saf dəniz havası qoxuyan yellər yelkənləri qabardıb, gəmimizi irəliyə doğru aparmağa başladı. Gəminin bütün komandası qaraqabaq və qaradinməz adamlar idilər. Biz gecə-gündüz dayanmadan elə hey irəliyə doğru üzdükcə üzürdük. Heç yerdə torpaq gözə dəymirdi. Biz səmt küləyini tutaraq, illər uzunu açıq dənizdə üzdük. Ancaq nədənsə heç yerdə torpaq gözə dəymirdi. Günlərin birində, bu mənə çox çöçün gəldiyindən, bir matrosa yan alıb niyə torpağın görünmədiyini ondan soruşdum. Onun deməyindən belə çıxdı, artıq Yer yoxdur. Yer bütünlüklə, insanlarqarışıq, okeanın dibinə çöküb. Dünyada insan adına yalnız biz qalmışıq. 
 
Mən bu xəbərdən çox bərk sarsılmışdım. Biz ucu-bucağı görünməyən dənizdə çox üzməli olduq. Hara baxırdınsa, bir boşluq, kimsəsizlik görünürdü, altımızda isə dibsizlik vardı.   
 
 Birdən  qorxunc bir fırtına qopdu. Getdikcə quduzlaşan dənizin səsindən qulaq tutulurdu. Biz keçib getmək bilməyən qaranlıq bir gecədə fırtına ilə döyüşməyə başladıq. Nə fırtına toxdayır, nə də qaranlıq çəkilirdi. Beləcə illər boyunca, qaranlıqda, bu quduz fırtına ilə üz-üzə qaldıq. Gəmimizin qara yelkəninin üstündən getdikcə qatılaşan qara buludlar asılıb qalmışdı, dörd bir yanı qaranlıq bürümüşdü, göz işlədikcə boşluqdan başqa bir nəsnə görünmürdü, sığına biləcəyimiz bir parça torpaq belə yox idi. Yorğunluqdan üzülmüş, çıxılmaz bir duruma düşmüş olan bizlər, büsbütün bir ümidsizlik içində: qorxu ilə, qaranlıqla və aclıqla döyüşürdük. 
 
 Birdən qayalara çırpılan dalğaların qulaqbatırıcı səsini eşitdik. Azman bir dalğa bizi götürüb dənizdən baş qaldıran bir qayalığa çırpdı. Gəmimiz parçalandı, biz isə qayanın ətəklərindən asılıb qaldıq. Biraz aşağıda fırtınalı dənizdə, gəminin qırıntıları, yelkənin parçaları üzürdü, biz isə qayanın daşlarına sarmaşıb qalmışdıq. Bir xeyli vaxt keçəndən sonra hava işıqlandı və biz yanyörəyə göz gəzdirməyə başladıq. Fırtınanın bizi qapqara, girintili-çıxıntılı bir qayalığa atdığını gördük. Qayanın başında qozbel adama oxşayan əyri-üyrü bir ağac var idi, qayaqlıqda ondan başqa nə bir çayırlıq, nə bir çiçəklik vardı. Biz okeanın üzərində ucalan bu kiçik qayaya sığınmışdıq. Sevinirdik. Üzümüzü torpağa dayayıb sevincimizdən ağlayırdıq. Yer üzü, yenidən okeanın dibindən qalxaraq, dikəlməyə başlamışdı.
 
Ardı var...
 
Tərcümə: Araz Gündüz
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade