Ədəbi mütaliənin faydaları

Литература

 
 
Əslində isə belə bir sübut var. Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə dərc etdirdikləri elmi məqalədə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır, empati qura bilir və daha asan şəkildə dünyaya onların nəzərlərindən baxa bilirlər. Bu iddia hətta tədqiqatçıların daha empatik şəxslərin daha çox roman oxumağa meylli ola biləcəyi ehtimalını nəzərə aldıqdan sonra da özünü doğrultdu. Raymond Mar-ın 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma da oxşar nəticə verdi: hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanların niyyətlərini daha çevik anlayırlar.
 
"Dərin mütaliə" - internetdəki səthi oxumanın əksinə, tarixi abidələri və ya dəyərli incəsənət nümunələrini qoruduğumuz kimi qorumalı olduğumuz nəsli tükənməkdə olan bir əməldir. Onun yoxluğu onlayn böyüyən nəsillərin intellektual və emosional baxımdan inkişafını təhlükəyə atdığı kimi, mədəniyyətimizin vacib hissələrinin daimiliyin də təhlükəyə atır: romanlar, şeirlər və ədəbiyyatın digər yaradıcılıq sahələri hərfi mənada yalnız beyinləri bunları qavramaq üçün yetişdirilmiş oxucular tərəfindən qiymətləndirilə bilər.
 
İdrak elmi, psixologiya və nevrologiyada yenicə aparılan araşdırma dərin mütaliənin (yavaş, qərq olmuş şəkildə, qavrayış detalları ilə, emosional və ruhi qarmaşıqlarla zəngin) sırf söz başa düşməkdən fərqli səciyyə daşıdığını ortaya qoyur. Dərin mütaliə üçün ənənəvi kitabın olması şərt deyil, ancaq çap olunmuş səhifələrin müəyyən qəlibə yerləşdirilməsi dərin mütaliəyə özünəməxsus  faydası var. Kitabda internet keçidlərinin olmaması insanı "bu keçidə klik edimmi, etməyimmi?" düşüncəsindən azad edir və onu hekayənin dərinliklərində saxlayır.
Bu dərinliyə qərq olma beynin zəngin detallar, kinayə və metaforaların öhdəsindən gəlməyə çalışmasını daha da dəstəkləyir: xəyali təsvirlər üçün beyində müəyyən sahələr aktivləşir ki, səhnələr real həyatda baş versəydi, bu sahələr eyni şəkildə aktiv olardı. Ədəbiyyata xas olan emosional vəziyyətlər və əxlaqi dilemmalar beyin üçün güclü məşğələdir. Beləliklə bu, bizi obrazların daxilinə nüfuz etdirir və araşdırmaların da göstərdiyi kimi empati qabiliyyətimizi artırır.
 
Bunların heç biri "TMZ" internet səhifəsində gəzinərkən baş vermir. Baxmayaraq ki, biz hər iki əməli eyni adlandırırıq. Kitabların dərin mütaliəsi ilə vebdə əldə etdiyimiz informasiya çox fərqlidir, həm yaşanılan hisslər baxımından, həm də  inkişaf etdirilən qabiliyyət baxımından. 
 
Dəlillərin əsas hissəsi onu göstərir ki, “elektronik balalar” üçün belə onlayn oxuma daha az zövqlü və daha az tətmin edicidir. Keçən ay Britaniya Milli Oxuma-Yazma Birliyi yaşı 8-16 arasında olan 34910 uşaq üzərində apardığı araşdırmanın nəticəsini açıqladı. Tədqiqatçılar bildiriblər ki, uşaqların 39%-i gündəlik elektronik alətlərdən oxuyur, sadəcə 28%-i isə gündəlik çap materialları oxuyur. “Yalnız ekrandan oxuyanlar” arasında "mütaliədən zövq aldım" deyənlərinin sayı 3 dəfə azdır və onların sadəcə 1/3-nin sevimli kitabı var. Sadəcə ekrandan oxuyanlar, çap variantı oxuyanlardan və ya çap və ekrandan oxuyanlardan iki dəfə daha az orta statistik oxucu səviyyəsini keçə bilirlər.
 
Gənclərin sadəcə oxumasına  görə deyil, necə oxumasına görə də narahatlıq keçirmək bizə oxumaq bacarığının necə təkmilləşdiyini bilməkdə kömək edir. Normal şərtlərdə genlərimiz tərəfindən diqtə edilən danışıq dilini başa düşmə və istifadə etmə bacarığının əksinə, oxuma bacarığı hər bir fərd tərəfindən səy nəticəsində əldə edilməlidir. Beyində yaratdığımız “oxuma dövrələri” başqa məqsədlər üçün təkamül etmiş strukturlardan götürülür və bu “oxuma dövrələri”nin zəif və ya canlı olması bizim onları nə qədər tez və güclü istifadə etməyimizdən asılıdır. 
 
Psixoloq Viktor Nell-in “Zövqlu oxumağın psixologiyası” araşdırmasına görə, diqqətin dağılmasından qorunan və dilin nüanslarına köklənən dərin oxucu hipnotik trans vəziyyətinə keçir. Nell kəşf edib ki, oxucular oxumaq prosesindən zövq aldıqlarında oxuma surətləri düşür. Sözlərin mənasını cəld və aydın anlamaları, mətndə isə tələskən olmamaqları dərin oxuculara mütaliəni xəyal və analiz etməklə, öz xatirə və düşüncələrini işin içinə qatmaqla zənginləşdirməyə imkan verir. Beləcə onlar müəlliflə sirdaş münasibəti qura bilir, eşqə düşən insanlar kimi uzun və coşqun söhbət edə bilirlər.
 
Gənclərin rəqəmsal cihazlara bağlılığını müşahidə edən proqressiv təhsil işçiləri və liberal valideynlər “uşaqları olduqları dünyada qarşılamağın” gərəkliliyindən bəhs edirlər və təlim və tərbiyəni onların ekran vərdişləri əsasında qururlar. Bu isə yanlışdır. Biz daha çox onlara olmadıqları dünyanı göstərməliyik, o dünya ki, ora sadəcə dərin mütaliə ilə girmək olar.
 
İngilizcədən tərcümə edən: Aqşin İbişov
 
ANN.Az
 
Kultura.az | Developed by Samir Yahyazade