post-title

Per Laqerkvist: Atam və Mən (II Hissə)

Per Laqerkvist (23 may 1891-11 iyul 1974-ci illər arasında yaşamışdır) –1951-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü almış isveç yazıçısıdır. XX yüzillik, bir sıra böyük yaradıcı insanların ədəbiyyatda yeni yazı üslubları yaratmaları ilə də, özündən öncəki yüzilliklərdən seçilir. Klassik və ənənəvi incəsənətin, yaşamın üzünü köçürməklə bağlanan üslubu ilə razılaşmayan Per Fabian Laqerkvistin yaradıcılıq üslubuna hansısa bir ad vermək çox çətindir.

 
 
Ədəbiyyat tənqidçiləri bu günəcən də onun yaradıcılığını hansısa ədəbi məktəbə bağlaya bilmirlər. Baxmayaraq, bu böyük yazıçının əsərlərində etik-fəlsəfi baxışlar sisteminin: kubizm, ekspressionizm, habelə başqa bir sıra axınlarının izləri gözə çarpır, ancaq onun yaradıcılığını bu axınların hansı birinəsə bütünlüklə bağlamaq olmur. Laqerkvistin bənzərsiz ədəbi stilində başlıca yeri miflər, simvollar və alleqorik elementlər tutur. 1951-ci ildə yazıçıya Ədəbiyyat üzrə Nobel ödülü verən komissiyanın qərarında yazılmışdı: “Per Lakerkvistə əsərlərində özünü göstərən güclü bədiiliyə və insanlığın qarşısında dayanan əbədi sorulara yanaşmasındakı olduqca orijinal və azad mühakiməsinə görə, Nobel üzrə ədəbiyyat ödülü verilir”. 
 
Kultura.az yazıçının əsərindən parçaları təqdim edir
 
 
Atam və mən
 
Yaxşı xatırlayıram, mənim on yaşım olanda, bir bazar günü, günorta yeməyindən sonra atam əlimdən tutub məni meşəyə gəzməyə aparmışdı, biz orada quşların səsinə qulaq asacaqdıq. Anamla sağollaşıb yola düşdük: o evdə qalıb şam yeməyi hazırlayacaqdı. Günəşli, isti bir gün idi, biz qıvraq addımlarla yola düzəlib gedirdik. Sözün düzü, quşların oxumasına qulaq asmaq bizim üçün çox da önəmli deyildi–ikimiz də yetərincə sağlam, dərin düşüncəli insanlar idik, onsuz da bütün günümüz təbiətin qoynunda keçdiyindən, belə şeylər bizim üçün göydəndüşmə deyildi. Düzünə qalsa, atamın ancaq bazar günləri boş vaxtı olduğundan biraz birlikdə gəzib dolanmaq istəyirdik. Meşəyə gedən yolu kəsə eləmək üçün dəmir yolunu tutub, şpalların üstü ilə addımlayırdıq, özlüyündə dəmir yolunun üstü ilə yol getmək yasaq idi, ancaq atam dəmir yolunda işlədiyindən ona bir söz deməzdilər. Beləliklə də çox keçmədən gəlib meşəyə çatdıq. 
 
 Meşənin ətəyinə çatanda quşların cəh-cəhi, yarpaqların xışıltısı eşidilməyə başladı. Kolların arasından alacəhrə, çobanaldadan, sərçə və qaratoyuqların civiltiləri eşidilirdi,–bir sözlə, meşəyə çatmağımızla onun gündəlik qarğaşasının içinə düşməyimiz bir oldu. Torpağın üstünü alabəzək novruzgülülər bəzəmişdi, ağcaqayınların gövdəsindəki şirə yığılan yumru şişlər böyüməyə, budaqlarında kövrək fidanlar boy göstərməyə başlamışdı, üzümüzə vuran xoş qoxulu ilıq buxar,  meşənin qaynar köksündən qopan nəfəsinə bənzəyirdi. Dördbir yanda yaşam qaynamaqda, aşıb-daşmaqda idi: eşşəkarıları yuvalarından çıxıb vızıldaşaraq uçuşurdular, ağcaqanadlar meşənin içindəki bataqlığın üstündə topalaşıb uçuşur, quşlar isə kolluqdan ox kimi şığıyıb onları uçuşduqları yerdəcə ovlayaraq yox olurdular. Arxadan qatar gəldiyindən biz dəmir yolundan qırağa çıxmalı olduq, atam iki barmağını şlyapasının günlüyünə toxundurub maşinisti salamladı, maşinist də əlini yelləyərək onunla salamlaşdı; qatar tam sürətlə yanımızdan ötüb uzaqlaşdı. Biz yenə dəmir yoluna çıxıb günün istisindən əriyib tər damlalarına oxşayan qatranla örtülmüş şpalların üstü ilə yeriməyə başladıq, havadan maşın yağı, badam, süpürgə otu və qatran iyi gəlirdi. Dəmir yoluna tökülmüş çınqıllar ayaqqabılarımızı didib korlamasın deyə, addımlarımızı geniş atıb, bir şpaldan o birinə adlayırdıq. Relslər gün işığında parıldayırdı. Yol boyunca hər iki tərəfdə teleqraf dirəkləri sıralanmışdı, onların yanından keçəndə bu dirəklərdən güclə sezilən bir uğultu eşidilirdi. Doğrudan da çox gözəl, ürəkaçan bir gün idi. Göy üzü tər-təmiz, buludsuz idi, “belə gözəl havada bulud hardan olsun”–deyə, atam səsləndi. Dəmir yolunun sağ tərəfində, azca aralıda bizim çoxdankı tanışımız bir parça torpaq icarəyə götürüb vələmir əkmişdi. Çox sıx bitmiş vələmir yaxşıca boy atmışdı. Atam vələmir tarlasına bu işin bilicisi kimi göz gəzdirirdi, baxışlarından əkini bəyəndiyi duyulurdu. Mən şəhərdə doğulub böyüdüyümdən vələmirdən başım çıxmırdı. Sonra biz kiçik bir çayın üstündən salınmış, qırağında tutacağı olmayan körpüdən keçib getdik, bu çay çox vaxt sısqa axardı, ancaq bu gün onun boz-bulanıq, gur suyu bərk səs-küy qoparıb axırdı. Biz səntirləməmək üçün, körpünün üstündən əl-ələ tutub geçdik. Bir azdan, yamyaşıl alma ağacları ilə quşüzümü kolluqları içində itib-batmış, yol nəzarətçisinin evinə gəlib çatdıq. Yaxınlaşıb ev yiyələri ilə salamlaşdıq, onlar bizi südə qonaq elədilər, sonra qapıda saxladıqları toyuqlarını, donuzlarını göstərdilər, onların meyvə bağında və çiçək bağçasında gəzişdik. Biz biraz da irəliyə gedib, qarşıdan axıb keçən böyük çaya çatmaq istəyirdik, ora çox axar-baxarlı bir yer idi, bundan başqa da çayın qırağında atamın uşaqlığının keçdiyi ev indiyədək dayanıb dururdu. Biz hər dəfə meşəyə gəzməyə gələndə yolumuzu o evin yanında başa vurardıq, bu dəfə də belə oldu. Yaxınlıqda dəmiryol stansiyası vardı, ancaq biz ora getməyib çayın qırağına endik. Atam yenə də, öyrəncəsi üzrə ayaqüstü, semaforun işləyib-işləmədiyini yoxladı, o harada olur-olsun öz işini də unutmurdu. Biz çayın qırağında dayanıb gurultu ilə axıb keçən suyun ürəkaçan səsinə qulaq kəsildik. Çay bizim dayandığımız yerdə genişlənirdi və gün işığı onun dupduru sularında sayrışırdı. Çayın qırağında bitmiş sıx çayırlığın əksi suya düşmüşdü, yanyörədə hara baxırdın bir işıq və təmizlik duyulurdu, üstəlik könül oxşayan xəfif bir yel də əsirdi. Biz enişaşağı düşüb, çayın lap qırağı ilə addımlamağa başladıq. Atam mənə vaxtilə burada balıq tutduğu yerləri göstərməyə başladı. Uşaqlıq çağlarında o, çayın içində ucalan daşların üstündə saatlarla oturub tilovla levrek balığı tutarmış, düzdür, birdən balığın çox az tilova düşdüyü də olarmış, ancaq o günlərin gözəlliyinə heç nə çatmazdı, nə yazıq, indi gəlib burada balıq tutmağa vaxt da tapa bilmir. Biz çayın qırağında var-gəl eləyir, quru ağac qabıqlarını suyun axarına buraxır, kim uzağa atar deyə, çayın üzərində daş atmaqda yarışırdıq, ürəyimiz sevinclə dolub-daşırdı, atamla mən əyləndikcə əylənmək, bu gözəl duyğuların ömrünü uzatmaq istəyirdik. Sonra ikimiz də çox yorulduğumuzdan dayandıq, bugünlük yetər deyib, evə qayıtmağı kəsdirdik.
 
 Göy üzü qaralmağa başlamışdı. Qaranlıq qatılaşdıqca, elə bil, meşənin də görkəmi dəyişirdi. Biz addımlarımızı yeyinlətdik. Anam indi tək qalıb, bizi gözləməkdən darıxırdı. Biz gəzməyə çıxanda o nədənsə həmişə başımıza nəsə bir iş gələcəyindən qorxardı. Ancaq mən anlaya bilmirəm, belə gözəl, bənzərsiz bir gündə bizim başımıza nə gələ bilərdi?! Bugünümüz olduqca gözəl keçmişdi, kefimiz kökəlmişdi. Qaranlıq isə dayanmadan qatılaşırdı. Ağaclar getdikcə özlərini qəribə aparmağa başlayırdılar. Onlar, sanasan, bizi özlərinə yad saydıqları üçün, hər addımımızı güdürdülər. Ağacların birinə işıldaböcək qonmuşdu. Qonduğu budaqdan bizə sarı baxırdı. Mən cəld atamın qoluna sarıldım, ancaq o işıldaböcəyin saldığı bu əcaib işığı görmədən ötüb keçdi. Qaranlıq büsbütün qatılaşdı. Biz bayaq keçdiyimiz, kiçik çayın üstündəki körpüyə gəlib çatdıq. Axar su elə bərkdən guruldayırdı, sanasan, aşağıda dibsiz bir uçurum açılıb bizi içinə çəkib udmaq istəyirdi. Biz şpalların üstü ilə ustufluca addımlayırdıq, çaya yıxılmayaq deyə əl-ələ tutub biri-birimizə qısılaraq yeriyirdik. Mən elə bilirdim, atam məni körpüdən qucağında keçirəcək, ancaq görünür o mənim də özü kimi qorxmaz olmağımı istədiyindən bunu eləmək istəməmişdi. Biz evədək qalan uzun yolu nəfəs dərmədən gedirdik. Atam qaranlıqda toxdaqlıqla, addımlarını inamla ataraq gedirdi, o, susqunluğa qapılmış, öz işləri ilə bağlı düşüncələrə dalmışdı. Mən dördbir yanda belə qatı qaranlıq olduğu halda onun öz toxdaqlığını necə qoruyub saxlaya bildiyini anlaya bilmirdim. Tez-tez, qorxa-qorxa yan-yörəyə boylanırdım. Qaranlıqdan göz-gözü görmürdü. Donuxub, dərindən nəfəs çəkməyə belə qorxurdum: birdən qaranlıq nəfəsimə qarışıb içimə dolar, məni boğub öldürər! O anlarda heç özüm də bilmirəm nədən, belə düşünürdüm. Ayağımın altını görə bilmədiyimdən, mənə elə gəlirdi, dəmir yolu qarşıda, qaranlıq bir uçuruma, gecənin dibsizliyinə enir. Teleqraf dirəkləri qorxunc qarabasmalar kimi uzanıb göylərə baş vurur, yerin təkindən gələn uğultunu yanyörəyə yayırdılar, bu dirəklərin başına bərkidilmiş, məftillərin bağlandığı balaca çini şlyapalar isə, elə bil, yeraltından gələn bu qorxunc səsdən üşənərək, boyunlarını qısıb büzüşmüşdülər. Tükürpədən bir gecə idi. Yanyörədə nə vardısa hamısı, elə bil, öz gerçəkliyindən ayrılıb özgələşmiş, yuxudaymış kimi görünməyə başlamışdı. Mən atama qısılıb pıçıltı ilə soruşdum:
 
 –Ata, qaranlıq niyə belə qorxuncdur?
 –Nə danışırsan, balaca, burada qorxulası heç nə yoxdur,–atam belə deyib mənim əlimi ovcunda bərk-bərk sıxdı.
 –Mən bərk qorxuram, ata.
 –Qorxmağa dəyməz, balaca. Tanrı hər yerdə bizimlədirsə, nədən qorxmalıyıq? 
 
Birdən mənə elə gəldi, məni bu qaranlıqda atıb gediblər, yanyörəni qaplayan qaranlıqda yalqız qalmışam. Ən qəribəsi isə, məni sarsıdan bu qorxu atamı da məndən ayırıb uzaqlaşdırmış, özgələşdirmişdi, o heç nədən qorxmurdu. Bundan da qəribəsi, onun sözlərinin məni ovuda bilməməsi idi, mən yenə də qorxudan tir-tir əsirdim. Tanrını xatırlamağım da mənə ürək-dirək verə bilmədi. İndi Tanrının özü də mənə qorxunc gəlirdi. Onun: bu qatı qaranlıqda, aşağıda, ağacların daldasında, uğuldayan teleqraf dirəklərində, bir sözlə hər yerdə olmasının özü də mənə qorxunc görünürdü. O hər yerdədir, ancaq onu görmək olmaz, elə isə onun özü də qorxunc sayılmalı deyildimi? 
  
 Biz susqunluq içində addımlayırdıq. Hərəmiz öz düşüncələrimizə dalmışdıq. Ürəyim elə sıxılırdı, sanasan, qaranlıq içimə dolub, onu basıb əzirdi.
 
 Birdən, biraz öncə burulduğumuz döngədən qorxunc bir gurultu eşidildi. Qorxu ikimizi də diksindirib, düşüncələrimizdən ayırdı. Atam cəld tərpənib məni yolun qırağındakı yamaca çəkib saldı, biz yerimizdəcə donub qaldıq. Yanımızdan bir qatar keçib getməyə başladı. Qapqara, qaranlıqda güclə sezilən, vaqonlarında işıq yanmayan bu qatar quduz bir sürətlə ötüb keçirdi. Bu nə qatar idi? Axı bu vaxt dəmir yolunda heç bir qatar ola bilməzdi! Biz ikimiz də qorxu içində qatara baxırdıq. Qatarı dartıb aparan paravozda yanan gur alov işıq saçırdı, kimsə əlindəki kürəklə onun sobasına ara vermədən kömür atırdı, alovun qığlcamları qaranlıqda yanyörəyə sıçrayır, havada sayrışaraq qorxunc bir görünüş yaradırdı. Alovun işığında gördüyümüz solğun üzlü maşınist tərpənməz dayanmışdı, onu elə bil daşdan yonmuşdular. Atam onu tanımırdı, onun kim olduğunu da, qatarın haradan gəldiyini də bilmirdi; maşinist isə donuq gözlərini irəli dikib, ancaq qabağa baxır, qatarı sonu görünməyən qaranlığa sarı sürüb aparırdı. 
 
 Mənim qorxudan nəfəsim kəsilmişdi, yerimdə donub bu qorxunc qarabasmaya oxşayan qatarın arxasınca baxırdım. Bir azdan qatı qaranlıq qatarı udub görünməz elədi. Atam məni yenə relslərin üzərinə qaldırdı və biz tələsik addımlarla evə sarı yönəldik. 
 
 –Çox qəribədir, bu nə qatar idi belə?–atam dilləndi.–Maşinisti də tanıya bilmədim.
 
 O bunu deyib susdu, evəcən dinib-danışmadı.
 
 Ancaq mənim qorxudan doğan əsməcəm keçib getmək bilmirdi. Bütün bunlar mənə görə, yalnız mənə görə baş verirdi. Mən bu baş verənlərin nə demək olduğunu artıq anlamışdım: bu, mənim gələcəkdə üzləşəcəyim qorxunun özünü göstərməyə başlaması idi, atam o qorxunun haradan və necə gəldiyini bilmədiyindən məni ondan qoruya bilmirdi. Atamın yaşamında hər şey çox aydın idi və o öz yolunu tutub gedirdi, mənim isə bütün gələcək ömrüm, yaşayacağım dünyanın özü də, içində nələrin gizləndiyi bilinməyən bir qaranlığa bürünmüşdü. Məni qarşıda anlaşılmaz bir dünya, bəlirsizliklə dolu bir ömür gözləyirdi. Alışıb yanan, işıq saçaraq, sonu görünməyən qatı bir qaranlığa doğru yurüyən bir ömür.  
 
 
Yamanlıq mələyi
 
 Yamanlıq mələyi gecə vaxtı, şəhərin kimsəsiz küçələrində dolaşırdı. Əsən bərk külək evlərin arasından keçib vıyıldayır, quduz kimi damların üstünə çırpılıb hay-küy salırdı; bayırda yamanlıq mələyindən başqa kimsə yox idi. Onun damarları çıxmış, əzələli bədəni vardı, boynunu qısaraq küləyə qarşı gedirdi, dodaqlarını bərk-bərk sıxmışdı, çiyninə saldığı alqan boyalı bürüncəyi çox iri qanadlarının üstünü örtmüşdü. O, lap çoxdan yaşadığı: havası boğunuq, içərisi kif iyi verən, şəhərin baş kilsəsindən qaçmışdı. Yüzillər boyunca orada dustaqlıqda qalmış, yanan şamların hisini, buxurdanlardan çıxan tüstünü udmuş, başı üstündən asılmış ölü tanrının ziyarətinə gələn insanların bu tanrıya yönəlik öyünclərini, dualarını eşitmişdi. Neçə yüz illər idi, kilsənin sürtülüb getmiş döşəməsi üzərində diz çöküb gözlərini göylərə dikən, anlamsız sözlər mızıldayan, inamla baxdıqları bu boşluqdan yardım diləyən insanları görməkdən bezmişdi. Yalanlara bel bağlayan insan tör-töküntüsünün, iylənib-qoxuyan çürük inancları! Qorxunun, azmış düşüncələrin, taledən qaçıb canlarını qurtarmaq istəyən yazıq, düşkün adamların umacaqlarının qatışığından yaranmış, ürəkbulandıran bir horra! Bütün bunları görməmək, duymamaq üçün başını götürüb qaçmışdı!
 
 Qandallarını qırıb tökmüş, damarları çıxmış tüklü ayaqlarını mehraba basmış, orada içinə müqəddəslik simvolları qoyulmuş kasanı vurub aşırmışdı. Acıqla döşəməyə enib, ibadətçilərin əyləşməsi üçün qoyulmuş oturacaqları təpiyi ilə vurub aşırmışdı. Divardan, üzlərindən coşqunluq yağan müqəddəslərin şəkilləri asılmışdı, biraz aşağıda dəmir barmaqlıqların arxasında müqəddəslərin burada qorunan əşyalarından yayılan çürüntü qoxusu gəlirdi, günbəzli tavanı olan kiçik dəhlizdə, samanın üstündə mumdan tökülmüş körpə uzanmışdı, mumdan tökülmüş anası isə onun qarşısında dizi üstə dayanmışdı–yalançı, anlamsız bir tör-töküntü! O, təpiyi ilə qapını açıb, küləyin at oynatdığı gecənin qoynuna atılmışdı.
 
 O indi insanlara sözün düzünü deyəcəkdi!
 
 Kilsənin barısından bayıra adlayıb dayandı və yanyörəsinə baxmağa başladı. Hə, sən demə, insanlar burada özlərinə belə dam-daş qurubmuşlar. Onlar belə yaşayırmışlar. Evlərdən birinin qapısı ağzında dayanıb, odsaçan baxışlarını ona dikdi. Həmişə üstündə gəzdirdiyi qılıncını çıxarıb, onunla qapının üstünə bir xaç şəkli qazıdı.
 
–Sən öləcəksən! – o bu sözləri ev yiyəsi üçün deyirdi.
 
Sonra o biri evə yaxınlaşdı. Mələyin geniş çiyinlərində iri qanadları olduğundan, böyürdən baxanda o qozbelə oxşayırdı. Bu evin də qarşısında dayanıb, onun da qapısı üstünə xaç şəkli qazıdı.
 
–Sən öləcəksən!–o, bu evin yiyəsini də qarğıdı.
 
O, sıra ilə bütün evlərin yanından keçir, onların hamısının qapısı üstündə, qılıncı ilə: qısa və ağır iki qəssab bıçağından düzəlmiş kimi görünən xaçlar qazıyırdı. Xaçları qazıdıqca ara vermədən deyirdi: Sən öləcəksən. Sən öləcəksən. Sən də öləcəksən. Sən də öləcəksən. Elə sən də!
 
Beləliklə də o, küləklə savaşa-savaşa bütün şəhəri dolaşdı, qarğış eləyə-eləyə evlərin hamısının qapısına, ucdantutma, xaç şəkilləri qazıdı.
 
İşini qurtarıb şəhər divarlarından qırağa çıxdı, hələ gecə idi, burada insan yaşayan evlər yox idi. O, bürüncəyini çiynindən atıb çılpaq dayandı. Az sonra geniş açılmış qanadlarını var gücü ilə çalaraq, göy üzünü bürüyən qaranlığa sarı qalxıb yox oldu.
 
Ertəsi günü şəhərin adamları hamının ev qapılarına çəkilmiş xaç şəkillərini görüb çox təəcübləndilər. Ancaq bu onları azacıq da olsa belə qorxutmamışdı. Onları düşündürən yalnız bunu kimin və nə üçün elədiyi idi. Adamlar topa-topa yığışıb bu olayın nədən baş verə biləcəyini öz aralarında götürqoy eləyir, yozmağa çalışırdılar, sonra isə dağılışıb hərə öz işinin dalınca getdilər. Görəsən anlamı hamıya bəlli olan bu xaç işarəsini bütün qapıların üstünə qazımaq kimin işi idi? Hamının bildiyi bir nəsnəni xatırlatmaqdansa, daha önəmli bir ismarış vermək yaxşı olmazdımı?
 
–Onsuz da hamımız öləcəyik, bunu bilməyən varmı? – insanlar qapılarına çəkilmiş xaçlara baxıb doquldanırdılar.  
 
Ardı var...
 
Ruscadan çevirdi: Araz Gündüz
 
Kultura.az
Yuxarı