Per Laqerkvist: Üstüaçıq bazar - (III Hissə)

Литература

 
Ədəbiyyat tənqidçiləri bu günəcən də onun yaradıcılığını hansısa ədəbi məktəbə bağlaya bilmirlər. Baxmayaraq, bu böyük yazıçının əsərlərində etik-fəlsəfi baxışlar sisteminin: kubizm, ekspressionizm, habelə başqa bir sıra axınlarının izləri gözə çarpır, ancaq onun yaradıcılığını bu axınların hansı birinəsə bütünlüklə bağlamaq olmur. Laqerkvistin bənzərsiz ədəbi stilində başlıca yeri miflər, simvollar və alleqorik elementlər tutur. 1951-ci ildə yazıçıya Ədəbiyyat üzrə Nobel ödülü verən komissiyanın qərarında yazılmışdı: “Per Lakerkvistə əsərlərində özünü göstərən güclü bədiiliyə və insanlığın qarşısında dayanan əbədi sorulara yanaşmasındakı olduqca orijinal və azad mühakiməsinə görə, Nobel üzrə ədəbiyyat ödülü verilir”. 
 
Kultura.az yazıçının əsərindən sonuncu parçanı təqdim edir
 
 
Salnaməçi
 
Bu ucqar şəhərdə onu heç vaxt saya salmazdılar, çoxları onun varlığını belə bilməzdi,–bu yetmiş yaşlarında qoca, yad kişi o çağlar gəlib burada özünə yurd salmışdı, baxmayaraq, büsbütün yalqızlığa çəkilib yaşayırdı, ancaq necə olsa da yanyörədəki insanların birilərinin gözünə sataşır, diqqətlərini çəkirdi. Görkəmindən müəllimə oxşasa da, o bu şəhərdə müəllimlik eləmirdi; ola bilsin, təqaüdə çıxandan sonra buraya gəlmişdi. Heç kimlə qaynayıb-qarışmaz, gəl-get eləməzdi və şəhərdə kimsə onu yaxından tanımazdı. Onun özü isə elə bil hamını tanıyırdı. İnsanlara yaxınlaşıb onlarla danışmağı sevərdi, ucdantutma hamıya istiqanlıqla yanaşardı. Özünün qocayana, ağıllı gözlərini danışmağa başladığı insanların üzlərinə dikər, onlara maraqla qulaq asardı. Ancaq özü ilə bağlı heç vaxt kimsəyə nəsə danışmazdı. Çoxları onu üzdən tanısalar da ancaq o, demək olar, hamı üçün yad bir adam idi, şəhərin küçələrində gündəlik gəzişsə də bu vaxtlarda da özünün təkliyinə qapılıb qalardı.
 
Qoca, uca boyu, arıq bədəni ilə uzaqdan tanınırdı. Təkbaşına yeriyəndə üzündə asketlərsayağı, içdən gələn bir coşqunun işığı sezilərdi. Onun tez-tez şəhərdən qıraqda uzun-uzadı gəzişdiyini də görərdilər, belə anlarında o, yanından keçib gedənləri sezməyəcək qədər dalğın olardı; gəzməyə çıxanda həmişə çiyninə saldığı bürüncək ona romantik, bəlkə də biraz gülməli görkəm verərdi. Ancaq ona gülmək kimsənin ağlına belə gəlməzdi, eləcə, yalqızlığa qapıldığı üçün qocaya biraz qəribə baxardılar. Adamlar arasında onun istəməyənləri yox idi, tərsinə, tanıyanların hamısı ona sayğı ilə yanaşardı, görkəmindən görgötürlü, yaxşı bir mühitdən çıxmış adam olduğu bilinirdi. 
 
Bizimki kimi kiçik şəhərlərdə yaşayan adamlar gərək, necə olursa olsun, öz yerliləri ilə bağlı nə varsa hamısını bütün çılpaqlığına kimi öyrənsinlər (yoxsa onların ürəkləri heç vaxt toxtamazdı). Ona görə də bir çoxları bu yalqızlığa qapılan qocanın kimliyi ilə bağlı baş sındırardılar. Ancaq hər şeyi bilmək istəyənlər üçün ən ilginc olan, gecələr onun otağından işıq gəlməsi idi, işıq yanırsa deməli o, orada nəsə bir iş görürdü, yoxsa boş-boşuna işığı yandırmayacaqdı ha. Necəsə, onun gecələr oturub nəsə yazdığını da öyrənə bilmişdilər. Bu, hamıya inandırıcı görünmüşdü və onun alim bir adam olması ilə bağlı səs-soraq yayılmağa başlamışdı. 
 
Bir sözlə, bunu kimin necə öyrəndiyi mənə də bəlli deyil, ancaq adamlar arasında onun tarix yazması ilə bağlı söz-sov yayılmağa başlamışdı. Elə buna görə də qocaya Salnaməçi ayaması qoşmuşdular.
Bu ad ona yaraşırdı.
Ancaq bu qoca bizim tanıdığımız salnaməçilərdən deyildi: o, keçmişin, bugünün yox, gələcəyin tarixini yazırdı. Qarşısına, saralıb əprimiş perqamentlə cildləndiyindən, çox əskilərdən qalma olduğu bilinən yazılmamış bir kitab qoyub, orada gözəl bir dildə möcüzəli konuları yazıya alırdı, o, insanların  gələcək yaşamları ilə, onları gözləyən taleyin qəribəlikləri ilə, baş verəcək böyük və önəmli olaylarla bağlı yazırdı.
 
Görünür, o bu işin bilicisi idi. Uzun illər boyu ömür qoyub, indiyədək baş verən nə varsa hamısını bütün dərinliyinə-incəliyinədək öyrənmişdi. Bugünlə bağlı da gərəkən nə vardısa hamısını bilirdi. Ancaq o, keçmişdə qalan şeylərin heç birini bəyənmirdi. Keçmiş insanı çox əzmiş, çox sıxıntılarla qarşılaşdırmış, onun ruhunu qanadlanmağa, yüksəlməyə qoymamışdı. O, keçmişdən yazsaydı, onda öz əməyindən azacıq da olsa belə həzz ala bilməzdi. 
Buna görə də o, gələcəyin tarixini yazmağa girişmişdi.
Qarşısında dayanan bu çox böyük məqsədinə çatmaq üçün o, bütün qalan ömrünü qoymağı kəsdirmişdi. Ona bu işindən ayrılıb, yaşamın gündəlik qayğıları ilə başını qarışdırmaq yaraşmazdı. Elə ona görə də, bütün vaxtını və gücünü öz böyük işinə verə bilmək üçün yalqızlığa çəkilmişdi.
 
Bugünün gerçəkləri tarix yazmaq istəyənlərin çoxunun əl-ayağına dolaşır, çox vaxt onları çaşdırıb düzgün yoldan sapdırır. Dünyada nələr baş vermir? İnsanı qıcıqlandıran, onun düşüncələrini doğruluqdan yayındıran nə çox olaylar vardır! Bir də görürsən, insan gözü qarşısında baş verən hansısa olaya olduğundan qat-qat artıq dəyər verir, onu olduqca önəmli, çox həlledici saydığından, özünün dünyayla bağlı düşüncələrini korlayır və onun qavramı doğruluğu yanlışa bulaşdırmaqla günaha batır. İnsan birdən öz qavramında əlverişsiz bir durumun da, özünün elmsizliyinin də güdazına gedə bilər. Bir də görürsən, belə də olur: onun qorxmazlığı, ilhamı sarsılır, çəkdiyi əməyə baxıb sevinə bilmir, bütün bunlar olmayanda isə onun gördüyü iş də dəyərsizləşir. 
 
Bizim qoca salnaməçi də, elə buna görə, bu ucqar şəhərə sığınmış, təkliyə qapanmışdı, belə bir durumda o, qıraqdan gələ bilən bütün təsirlərdən qoruna biləcəkdi. O gərək özünün gerçəkliklə bağlı olan doğru-düzgün baxışlarını aşınıb korlanmağa qoymayaydı. Tarix yazmaq üçünsə, ən yaxşısı, sakit bir bucağa çəkilməkdir.
 
O yaşadığı dünyada nə baş verdiyini də gözdən qaçırmırdı, özünü dünyadan ayırmır, insanlardan gizlənmirdi. Ancaq bu günlərdə baş verən olayların onu qıcıqlandırıb özündən çıxarmasına yol vermir, yanyörəsində nə baş verirsə versin yenə də ruhundakı ümid işığını sönməyə qoymurdu. Neçə dəfə olmuşdu: o, bugünlə bağlı düşünüb-daşınmış, yanyörəsində baş verən olayları götür-qoy eləmiş, sonra da öz-özünə demişdi: mənim kitabımda yazılanlarla tutuşduranda buçağacan baş verənlərin heç bir dəyərinin olmadığı açıq-aydın görünür. 
 
Yox, keçmişlə bugün nə qədər çalışsalar da, onun dik tutmağa alışdığı başını, yerə doğru əyə, onu başıaşağı bir kimsəyə çevirə bilməmişdilər. O, ola bilsin, haçağsa az-azacıq küskünləşə də bilərdi, ancaq bu çox da uzun çəkməzdi. Özünün bu çox böyük işinə ürəkdən bağlandığından, gördüyü iş doğrudan da çox böyük olduğundan, onun darıxmağa vaxtı da qalmırdı. O öz ilhamının, düşüncələrinin güclü qanadlarında çox-çox irəliyə, uzaq gələcəyə uçub gedirdi.
 
İnsanı gələcəkdə gözləyən böyük günləri, indiylə və indiyədək baş verənlərlə tutuşduranda bunların necə də kiçik və cılız olduğu, onun gözləri önündə bütün aydınlığı ilə sərgilənirdi! Axı indiyənədək olanların hamısı, dünyanın uşaqlıq çağıdır, dünən də, bugün də baş verənlər insanlığın–azğın duyğularını cilovlaya bilməyən gənclik dönəminin, hay-küylü oyunlarından başqa bir şey deyildir.
 
O isə yalqızlığa çəkilib, gələcəyin yetkin insanlarının görəcəyi işlərdən yazırdı.
O yazdığı salnamələrdə haracan, hansı illərəcən gedib çıxmışdı? Elə bilirəm, çox da uzağa yox, olsa-olsa, bir neçə yüz min il irəliyə gedib çatmışdı.
O görməyə başaladığı işi, bu çalışmalarını başa vura biləcəkdimi? 
O, aradabir yazmağa ara verib, başını incə hərflərin muncuq kimi sıralandığı kitabdan qaldırar, əlində qələm, oturub dərin düşüncələrə dalardı. Yumşaq, sorğu dolu baxışları gecənin qaranlığına dikilərdi. Bütün şəhər yatar, yalnız o, lampa işığında oturub oyaq qalardı.
Kimsə onun bu anlarda nə düşündüyünü bilməzdi.
 
Mən indi doğma şəhərimdən uzaqlarda olsam da, o qocadan soraq tutmaq istərdim. Görəsən o hələ də yaşayırmı? Mən o çağlar onu tez-tez görərdim, onunla bağlı nə olubsa, nə görmüşəmsə, hamısını çox yaxşı xatırlayıram. Hələ bir dəfə gizlincə onun otağına da soxulmuşdum. O, bizim ailəlikcə dostluq elədiyimiz dülgərin evində otaq tutmuşdu, məni oraya qaymaq almağa göndərərdilər: elə südsatan da o evdə yaşayırdı. Qocanın özünün də, onun gördüyü işin də mənim üçün çox maraqlı olduğu aydındır. Beləliklə də, günlərin birində Salnaməçi evdə olmayanda–çox ola bilsin, o həmişə olduğu kimi özünün uzun çəkən gəzintisinə çıxmışdı,–mən özümü saxlaya bilməyib, gözdən oğurlanaraq, onun otağına girdim, onun yazdığı o böyük kitaba baxmaqdan ötrü marağımdan alışıb yanırdım. 
 
Bütün otaq döşəmədən tavana kimi ucalan kitablarla dolu idi. Ancaq stolun üstündəki kitab o birilərindən çox böyük idi, mən indiyədək belə böyük bir kitab görməmişdim və bu böyüklükdə kitabın olduğunu da bilmirdim. Bu, qocanın yazdığı həmən kitab idi. Mən çox böyük sayğı ilə kitaba yaxınlaşdım. Kitabın görkəmi mənə çox da cəlbedici görünmədi: üstündə mürəkkəbə bulaşmış barmaq izləri olan, köhnəlikdən sürtülüb getmiş cildi, elə bil, haçağsa yanğına düşüb çıxmışdı. Görünür, doğrudan da, bu kitabın cildi çoxlu üzlər görmüş, çox əllərdən keçmişdi.
Ancaq buna baxmayaraq, bu çox gözəl bir kitab idi.
 
Mən böyük çətinliklə kitabı açdım. Yazılanları oxumağa başlayanda isə heç nə anlaya bilmədim. Salnaməçi bu kitabı nəsə, mənim anlamadığım sözlərlə yazmışdı, ona görə də kitabdan oxuduqlarımı başa düşə bilmirdim. Mən bizə məktəbdə oxuyub yazmağı öyrətdikləri sözlərdən başqa heç nə bilmirdim. Ancaq, yenə də, beləcə oturub bu kitabın sətirlərinə baxmağın özü də çox gözəl idi. Ən başlıcası isə mən qocanın kitabı yazıb bitirmədiyini öyrənə bilmişdim.
 
Çoxdan idi oturub gözümü kitaba dikmişdim, birdən kiminsə arxada dayanıb mənə baxdığını duydum. Arxaya çevrilib qocanı gördüm; mən otağa girəndə qapını örtməyi unutduğumdan, onun içəri girməyini də sezməmişdim. Əyninə yağışdan büsbütün islanmış bürüncək geymiş qoca arxada dayanıb mənə baxırdı. Onun indicə bütün acığını üstümə tökəcəyini düşünüb, bərk qorxdum. Ancaq onun üz-gözündən azacıq da olsa belə acıqlandığı duyulmurdu. O əlini mənim başıma qoyub, özünün qəribə, biraz da nəmli gözləri ilə istiqanlıqla mənə baxdı. Sonra başını yüngülcə tərpədərək mənimlə salamlaşdı, ancaq heç nə demədi.
 
Mən sonradan o anlarla bağlı çox düşünmüşəm. Onun arxada dayanıb baxmağını, yaşlanmış, ancaq işıqlı gözlərini, uca-arıq boy-buxununu, köhnə modalı, romantik görünən bürüncəyini çox xatırlamışam.
 
O indi sağdırmı? Bilmirəm. Mən o ucqar, balaca və sakit şəhərdən çoxdan çıxıb getmişəm. Bütün bunlar isə çox uzaq keçmişdə olub. Çox ola bilsin, qoca indiyədək sağ qalmasın. 
Ancaq nədənsə mən hələ də onun axşamlar oturub öz kitabının üzərində işlədiyinə inanıram. Kim bilir, ola bilsin, mən yanılmıram. 
Bilmirəm, bəlkə qoca doğrudan da qəribə bir insan idi, ancaq o, adi bir xəyalpərəst də ola bilərdi. Peşəkar tarixçilər onun yazdığı kitabı oxuyub bəyənməyə də bilərdilər.
 
Necə olsa da... Yaxşı, indi birdən kimsə yazılmamış böyük bir kitabı qarşısına qoyub, gələcəyin tarixini yazmırsa, onda necə olsun?
 
 
Üstüaçıq bazar
 
Hər gün işə gedəndə, necə çimçəşsəm də, istər-istəməz bazar meydanında yerləşən üstüaçıq bazarın içindən keçib getməli oluram, burada tozlu-palçıqlı səki daşların üstünə sayıbilinməz cır-cındırlar düzüb satırlar, yol keçənlər də bu əsgi-üsgünün, tör-töküntülərin üstündən adlayıb keçməli olurlar, alverçilər isə çığır-bağır salır, itələşir, yol keçənləri dilə tutur, çoxu oğurluq olan mallarını, cır-cındırlarını onlara sırımağa çalışırlar. Bayırda işıqlı, sərin bir hava olsa da, burada satıcıların hay-küyündən, xırıltılı qışqırıqlarından biraz da ağırlaşan, kif qoxusu gələn bir hava vardır. Alıcılar yerə tökülmüş bu tör-töküntünü eşələyir, ələk-vələk eləyib özlərinə ələgəlimli geyimlər, saxta bəzək şeyləri seçməyə çalışırlar, birdən də alıcılar hansısa alverçinin başına toplaşıb ağızlarını ayırıb ona qulaq asırlar, o isə yağlı dilini işə salıb onların arasından özünə yelbeyin alıcı tapmağa çalışır. Mən heç cür anlaya bilmirəm: bu cır-cındır adamların nəyinə gərəkdir, bunlarla necə alver eləmək olar? Mən hər dəfə bu bazar meydanından keçəndə gördüklərimdən iyrənirəm, həm də qüssələnirəm, buradakı adamların acgözlük və xəstəlik yağan baxışları isə qanımı bərk qaraldır. 
 
Görəsən burada nə vaxt təmiz, yararlı pal-paltarlar satmağa başlayacaqlar, səliqəli piştaxtalar qurub, qar kimi ağappaq, göz oxşayan geyim-keçimlər sərgiləyəcək, gerçək bəzək şeyləri, bahalı daş-qaşlarla alver eləyəcəklər?
 
Günlərin bir günündə mən bu bazarda saçı-saqqalı qap kimi ağappaq olan bir qoca ilə qarşılaşdım, o da ortalığa satlıq üçün tökülmüş bu tör-töküntülərin, gərəksiz cır-cındırların arasında gəzişirdi. Qoca gözlənilmədən üzünü mənə tutub dilləndi:
 
–Siz, niyə belə üz-gözünüzü qırışdırırsınız? Buradakı bazarın adamların ürəyincə olduğunu özünüz də yaxşı görürsünüz. Onların bu sevincini əllərindən almağa dəyərmi? Onlar bu bazarı bəyənməsələr, buraya bunca adam toplaşardımı? Birdən burada alıcılara təmiz, gözəgəlimli geyim-keçimlər satmaq istəsəydilər, sizcə, bura belə çoxlu adamlar gələrdimi? Ya da burada gerçək bəzək şeyləri satılsaydı, çoxmu adamın onları almağa pulu çatardı? Ancaq bu saxta oyuncaqlar və bər-bəzəklər ucuz olduğu üçün onları hamı ala bilir. Bütün bunlar, saxta bəzək-düzəklərin də öz dəyərinin olduğunu göstərmirmi? Baxın, onları alanların gözündə yaranan işıqla onların saçdığı parıltı biri-birinə bənzəmirmi? Siz bu üstüaçıq bazarı bağlasanız, onu insanların əlindən alsanız, onlar özlərini qaragünlü sayacaqlar. 
 
–Sizcə onlar indi ağgünlüdürlərmi?– mən qocanın əlinə götürüb yoxladığı parıltılı şaxşaxa baxıb ondan soruşdum.
–Hə, ağgünlüdürlər. – O ustufluca əlindəki şaxşaxı kirli piştaxtanın üstünə qoyub dilləndi. – Belə deyilsə, onda siz deyin görək: ağgünlük nədir? 
 
Qaynaq (rus dilində): Пер Лагерквист.  “Избранное”  Москва, “Прогресс”, 1981 г.
 
Rus dilindən Araz Gündüz çevirmişdir.
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade