Seymur Baycanın "18.6" romanı haqda

Литература

 
 
1. Seymur əslində yeni roman yazmayıb, məqalələrini toplayıb, roman eləyib.
2. Bu bədii əsər deyil, ədəbiyyat deyil, publisistikadır.
3. Romanda vulqar səhnələr, vulqar sözlər, söyüşlər, varvarizm kifayət qədər çoxdur.
4. Seymur hamımıza tanış olan adamların adlarını romana salıb, amma roman bir az kənara çıxsa bu şəxsləri, misal üçün romanda Həcc ziyarətində qəfildən ürəyi dayanan BQP sədri Fazil Qəzənfəroğlunu heç kim tanımayacaq.
 
Biz bir müddət bundan əvvəl “Reytinq” qəzetində oxucu problemi haqqında yazmışdıq. İndiki mövzu ilə əlaqədər olaraq o yazının bəzi tezislərini xatırlatmaqda fayda görürük. Azərbaycan oxucusu bir çox hallarda əsərə müsbət qiymət verə bilmir, çünki bunun üçün onda kifayət qədər mütaliə və intellektual baza yoxdur. Bu aralarda “Bizim Yol” qəzetində tamam başqa səpkidə olsa da “Bizə qarşı çevrilən Ox Ucu” adlı bir köşə yazısı da yazmışdıq. Yazının məzmunu deyil, adını burda yada salırıq. Tipologiyasını verdiyimiz arqumentlər isə kifayət qədər kövrəkdir, lakin madam ədəbi tənqidin funksiyalarından biri də maarifləndiricidir, biz bu tezislərin çürük və qeyri-elmi (ədəbi tənqid ədəbiyyatdan fərqli olaraq elm statusunu daşıyır) olmasını göstərəcəyik.
 
4 tezis, 4 antitezis
 
1-cidən başlayaq. Bədii əsərdə müəllifin özü tərəfindən təkrarlanması heç də böyük faciə deyildir. Onu da qeyd edək ki, bu gün Azərbaycan mətbuatında fəaliyyət göstərən bir çox müəlliflər ədəbiyyata yaxın adamlardır. Bir zamanlar şeir yazan Zamin Hacı, «X gün» romanının müəllifi Samir Sarı, şair Aqşin, Murad Köhnəqala, Rasim Qaraca, yazıçı Həmid Herisçi, Nərmin Kamal, Uğurlu Fəxri və s. Müəllifin hər həftə yazdığı şeyləri, ədəbi baxımdan maraqlı saydığı detalları romana salmağının nəyi pisdir ki? Bunu təkrarçılıq kimi qiymətləndirmək çox çətindir, çünki ən azı biz mətnlərarası əlaqə və mətndaxili əlaqəni unuduruq. 7-8 min işarəlik publisistik yazıda yazılan bir detal iri bir romanda tamam özgə mahiyyət kəsb edir. Firdovsinin «Şahnamə» əsərindəki məşhur hekayəni- Rüstəmin öz oğlu Söhrabı öldürməsini xatırlayaq. Məmməd Əmin bu hekayənin dramaturgiyası ilə ən yaxşı əsərini- «Əsrimizin Siyavuşu»nu yazıb. Və Orxan Pamukun “Kar” romanında bu hekayəni islamçı militan Lacivərt KA-ya danışır və arxasınca deyir: «Bu hekayə insan öldürməyin gözəlliyini göstərir.» Göründüyü kimi bir mətn başqa mətnlərin içində ilkin mahiyyətini itirərək başqa formada interpretasiya olunur. Yazıçı Kamal Abdulla “Yarımçıq Əlyazma” romanında «Dədə Qorqud» dastanını dekonstruksiya edərək ona yeni məzmun vermiş və Dədə Qorqudu ironik bir formada göstərmişdi. Deyilmək istəyən şey isə sadədir: Bir mətn müxtəlif mətnlərin içində başqa cür şərh oluna və anlaşıla bilər.
 
Romanın bədii əsər yox, publisistka olmasına gəlincə təkcə onu qeyd etmək kifayətdir ki, publisistikanın nəsr olmasını hələ 30-40 il bundan əvvəl Markes söyləsə də bu gün belə sərhədlər demək olar ki, qalmayıb. Dünya romanının dili sadələşib, qəzet, televiziya dilinə yaxınlaşıb, ədəbi dil deyilən bir nəsnə ortadan qalxıb. Çünki insanların danışdığı, hər gün qəzetdə oxuduqları dilə nisbətən ədəbi dil fiksiyadan və aldatmacadan başqa bir şey deyil. Publisistika ilə nəsrin yaxınlaşması mövzu baxımından da görülən şeydir. Artıq müasir nəsr azadlıq, ləyaqət, əxlaq kimi problemlərin həllinə iddia etmir, onun üçün, ümumiyyətlə, bu problemlər mövcud deyildir.
Vulqarlıq haqqında isə danışmaq belə, artıqdır. Bu gün insanların danışığında vulqar sözlər çoxdursa, yazıçı nəyə görə fantasmaqoriyaya qapılmalıdır və yüngül əxlaq alverçisinə çevrilməlidir?
Bizə yaxşı tanış şəxslərin adının romanda çəkilməsi isə heç də qüsur deyil, əgər onlar ümumiləşdirilmiş obraz kimi təqdim olunursa, sərhədləri keçdikdən sonra hər şey unudulur, misal üçün “Fazil Qəzənfəroğlunun mən Əli Kərimli ilə qiyamətə qədər dostam” və sonra dostluğunu kəsərək “qiyamət qopdu” deməsi, hakimiyyətin məktəb açma törənlərində arxada dayanıb əl çalması kimi faktlar onlara bəlli olmur. Onlar sadəcə olaraq Həccdə gənc yaşda ürəyi partlayıb orda dəfn olunan gənc siyasətçi Fazil Qəzənfəroğlunu və onun yas yerindən reportaj yazan Seymuru görürlər. Bunlar isə obrazdır.
 
18.6 ədəd tərif
 
Seymurun romanının bir çox müsbət keyfiyyətlərini qeyd etmək lazımdır. Hər şeydən əvvəl onu qeyd edək ki, müasir dövrdə ağzından od əvəzinə informasiya buraxan əjdahaların ətrafında iri həcmli kitabları oxumaq çox çətindir. Seymurun romanı isə 300 səhifədən çoxdur. Bu həcmdə əsərin az qala birnəfəsə oxunması şəksiz ki, müəllifin uğurudur. Üstəgəl, publisistikadan gələn axıcılıq, dinamika, bol faktura.
Romanın diqqət çəkən ən yaxşı cəhəti də onun ağır süjetdən, obrazların çoxluğundan azad olmasıdır. Mən bu romanı oxuyanda neçə dəfə Çarlz Bukovskinin üslubunu xatırladım. Elə yeri gəlmişkən, Çarlz Bukovski də köşə yazılarını toplayıb roman kimi çap elətdirir. Romanın adını isə köşə yazılarının başlığını qoyur. Misal üçün, “Murdar Adamın qeydləri” romanından ilk hissəni yazaq. Yazıçı öz dostu ilə qumar oynayanda savaşır, gecədən gündüz saat dördə qədər huşsuz vəziyyətdə otaqda qalır, evdəki bütün əşyalar sındığına görə ev sahibinin qorxusundan evdən çölə çıxa bilmir, pivə almaq üçün gecəni gözləyir. Qəfildən söhbət başa çatır və mavilərin beysbol komandasının menecerinin hekayəsi başlayır. Roman bu cür davam edir, kadrlar sürətlə dəyişir. Bundan başqa romanda Sorokinin öldürücü sarkazmı, Murakaminin adi şeyləri yaza bilmək qabiliyyəti, yer-yer Orxan Pamukun burjua sentimentallığı, Maksim Qorki nəsrində həyat dibinin acımasızlığını da hiss etmək olur. Bütün bunlar romanın polifoniyasını, çoxsəsliyini artırır, onu müəllif diktatından xilas edir.
Romanın başqa bir önəmli cəhəti də burda postmodern nəsr priyomlarından ustalıqla istifadə edilməsidir. Belə ki, Seymur Baycan qəzet informasiyalarından tutmuş digər yazarların əsərlərindən hissələri ustalıqla romana daxil edir. Bundan əlavə romanda pastiş və kollaj, eləcə də ironiya kimi üsul və formalara rast gəlmək olar.
Romanın yazılma texnikası baxımından iki növ yazarı ayırmaq mümkündür. Biri Dostoyevski nümunəsidir. Dostoyevskinin qardaşına yazdığı məktubdan bir parça: “Yeni bir roman bitirdim. 6 fəsil, 550 səhifədir. Bircə yazmaq qalıb.” Bəzi yazarlar isə yazmamışdan əvvəl heç bir şey bilmirlər. “Yazı özünü yazır” deyirlər. Bukovski yuxarıda adı keçən romanı haqqında yazır: yazı öz başına çarə qıldı. Seymur da bu mənada heç bir şey planlaşdırmadan səhifələri doldurur, yaza-yaza bəzən hətta ipin ucunu itirir, lakin oxucunu bircə anlıq belə olsa yormur. Bir şey də söyləmək gərək: Yazı nə qədər rahat yazılırsa, o qədər rahat oxunur.
 
Əşyalar, yoxsa sözlər?
 
Bütün bu söylənilənlərlə bərabər romanla bağlı tənqidi qeydlər də yox deyildir. Bir var hadisəni şahidin dilindən nəql etmək, bir də var hadisənin özünü yazmaq. Misal üçün Haqverdiyev əksər hallarda hadisəni şahidlərin dilindən nəql edir. Rafiq Tağı da bu cür idi. Əslində söhbət romandan gedirsə, bunların ikisindən də istifadə oluna bilər. Tutalım ki, Orxan Pamuk “Kar” romanında bütün hadisələri özü yazsa da KA-nın xəyanətini- onun Lacivərdi satmağını şahidlərin dedikləriylə ortaya çıxarır. Lakin biz elə hesab edirik ki, hadisənin nəql olunması daha yaxşıdır. Çünki real həyatda hadisələrin baş vermə dinamikası, süjeti var. Bir var hadisəni görmək, bir də var hadisəni kiminsə dilindən eşitmək. Rafiq Tağıda da hadisələr kiminsə dilindən nəql olunurdu. Onun haqqında nəsə yazanda, nəsə oxuyanda insanın içindən qələməgəlməz təəssüf hissləri keçir.
 
Seymur da romanda hadisələri təsvir etmək üçün uzun monoloqlardan istifadə edir. Bu uğurlu variant deyil. Hadisəni olduğu kimi təsvir etmək lazımdır. Bəzən bu monoloqlar üç-dörd səhifədən artıq olur. Buna lüzum yoxdur. Hadisəni olduğu kimi yazmaq kifayətdir.
 
Monoloqlardan söz düşmüşkən, bir şeyi də qeyd edək. Uzun-uzun monoloq yazan Seymur bəzən şifahi nitqin tələblərini unudur. Misal üçün sürücünün dilindən yazır: “Dövlət ruhi xəstəxananı ərzaqla təmin edə bilmir”. Kim nə deyirsə desin, mən taksi şoferinin danışığında “ərzaq” hələ bir “ruhi xəstə” sözlərini işlətməsinə inanmıram. Başqa bir misal: “Səncə, Aqil Abbas demokratik yolla deputat seçilib?” Yazıçı təhkiyədə hər şey yaza bilər, lakin dialoq və monoloq yazanda ehtiyatlı olmalı, tipin dünyagörüşünə diqqət yetirməli və şifahi nitqdə işlənən sözləri dəqiq yerinə qoymalıdır. Azərbaycanda demokratiya heç adi danışıq dilində də mövcud deyil.
 
Başqa bir cəhət. Seymurun təfəkkürü daha çox halda aforistik təfəkkürdür. Belə ki, o bədii əsərin bir cümlə ilə mahiyyətini açmaq istəyir. Köşə yazılarında bunu çox edib. «Aforizm yaxşı redaktə olunmuş romandır»- bunu Seymur yazır və deyir. Lakin bədii əsərin ümumi bir konsepsiyası və strukturu olmalıdır. Seymurun romanında isə bu gözə dəymir. Bir də aforizm redaktə olunmuş roman olsa da bir romandan çox az təsiri və bədii yükü var. Dünyada aforzim müəllifi Lixtenberq çox məşhurdur, yoxsa Viktor Hüqo? Tutalım ki, Çexovun “Altıncı palata” hekayəsini bir cümlə ilə ifadə etmək olar: Bütün fəlsəfələr həyatla toqquşanda çilik-çilik olur. Ya da “Cinayət və Cəza”nın cümləsi: “Dahilərin adam öldürməyə haqqı var”. Amma bu bir cümlə ilə əsərin oxucuda buraxdığı təsir birdirmi? Seymur da romanda kifayət qədər çox aforistikaya meyl edir. Dialoqlar aforizmlə doludur. Amma Dostoyevskinin əsərlərini vərəqləsək çox az aforizm taparıq. Əsər oxucuda bütöv işlənmiş ideya təsiri qoymalıdır, daha cümlə effekti yox.
 
Seymur Baycan Azərbaycan ədəbiyyatına gözəl bir roman qazandırıb. Məhz bu romanın çapından sonra hamı anlayacaq ki, nəsrdə əxlaq, fəlsəfəçilik və dərinlik artıq tarixə qarışıb.
   
Qan Turalı
Kultura.az | Developed by Samir Yahyazade