"Studentlər" romanı haqda yazı

Литература


Bütün inqilablarda olduğu kimi, çara qarşı inqilab hərəkatında da gənclərin, xüsusilə də tələbələrin çox böyük rolu olduğu danılmaz bir faktdır. 
 
“Studentlər” inqilablar ölkəsi Ukraynanın paytaxtı Kiev şəhərində oxuyan Azərbaycanlı tələbələrdir. Mən romanı oxumağa başlayarkən, bu gün Kievdə baş verən kütləvi etirazlar yenicə başlayırdı. Ukraynada kütləvi etirazlar başlayarkən, Azərbaycanda fərqli bir mövzu kütlənin diqqət mərkəzində idi. Bir qızın içinə cin girmiş, sonra isə “Allaha şükür” çıxarılmışdı. 
 
Ukraynada və ölkəmizdə bu hadisələr yaşanarkən Yusif Vəzir “Studentlər“in qəhrəmanı Rüstəmbəyin dilindən gələcəyə “səslənir”, yüz il əvvəl Ukraynada insanlar küçələrdə çar hökümətinə etiraz edərkən, cəhalət bataqlığı içində boğulan azərbaycanlılardan “danışırdı”. 
 
“Studentlər” romanı gələcək üçün yazılıb.  Rüstəmbəy obrazının özü buna bir isbatdır. Onun düşüncə tərzi, fikirləri, həyat tərzi, fərqli düşüncələrə və həyat tərzlərinə hörmət etməyi bacarması keçən əsrin əvvəlində yaşamış azərbaycanlıların qavraması və qəbul edə bilməsi üçün olduqca ağır mövzulardır. Yusif Vəzir gələcəyə- yəni bizə- çoxumuzun görmək istədiyi bir azərbaycanlı tələbə obrazı buraxıb. Bu gün isə Rüstəmbəyin arzuladığı Azərbaycanı yaratmaq və yaşatmaq üçün imkan və şərait yaranıb. “Hüseyn Ərəblinski”-lərin öldürüldüyü dövr geridə qalmışdır. Geriyə qalanlar onların qatillərinin qırıntılarıdır. 
 
Roman inqilab öncəsi dövrdə imperiya ərazisindəki sosial və siyasi mənzərəni təsvir etməsi baxımından tarixi dəyər daşıyır. “Studentlər”in birinci hissəsində hadisələr tələbəlik dövründə Ukraynada keçir. İkinci hissə isə yolları ayrılmış studentlərin cəmiyyətdə öz yerlərini aldıqdan sonrakı siyasi  mübarizələrindən bəhs edir. 
 
Yazar inqilab ab-havasının hökm sürdüyü Kievdə Azərbaycanlı tələbələr arasında cərəyan edən siyasi çəkişmələr, fikir ayrılıqları və mübarizəni ustalıqla təsvir edərək o dövrün siyasi mənzərəsi ilə oxucunu tanış edir. Tez-tez bir araya gələn studentlər Azərbaycanda baş verən hadisələri, cəmiyyətin problemlərini müzakirə edir, müxtəlif çıxış yolları axtarırlar. Romanda ən çox müzakirə olunan mövzu  din və dini xurafatdır. Hər nə qədər fikir ayrılıqları olsa da  Rüstəmbəy və dostları əsasən dinin inkişafa qarşı əngəl törətdiyi mövzusunda razılaşırlar. Dini mövhümata üsyan roman boyu davam edir. 
 
“Qızlar Bulağı” romanındakı, xurafata, qarşı çıxmaq və azad yaşamaq istəyi bu romanda da əsasən Rüstəmbəyin fikirləri kimi öz əksini tapmışdır. Onun dini mövhumata qarşı sərt tənqidləri romanın ilk səhifələrindən özünü göstərməyə başlayır. Dinin inkişafla uyğunlaşmadığını, dinin təsirinin güclü olduğu bir cəmiyyətdə inkişafın mümkün olmadığını düşünən Rüstəmbəy bu fikrini belə izah edir : 
“Dinə təzə demək olmaz, din həmişə köhnədir. Səbəb budur ki, hər bir din əbədilik iddiasına düşür, din bir qanun, bir qayda təşkil etdikdə əbədi ola bilməz... din və ya başqa bir qanun sabit bir halda hökmranlıq etdikdə, həyat ruhunu qaid edir. İnsanın meyl və həvəsi məhdud bir dairəyə düşərək sönür. Dirilik əvəzinə yuxu və yarımcanlılıq əmələ gəlir.”
 
Romanın əsas zənginliklərindən biri yazarın inqilab ərəfəsində ortada qalmış müxtəlif millətlərdən olan insanların başına gələnləri, səfaləti təsvir etməsidir. Bu sadə insanların təsviri olsa da, təsvir kimi sadə deyildir. Müxtəlif ölkələrdən və millətlərdən olan “kiçik insanlar”-ın yaşayışını, başlarına gələnləri, həyat tərzlərini, fikirlərini və məhəbbətlərini təsvir edərkən bir yandan da onlar arasında müqaisələr aparmış, o dövr üçün bir polşalının və ya avstryalının ruslar  haqqında nə düşündüyü kimi xırda detallarla dövrün eyni zamanda sosial mühitini  əks etdirib. Qalitsiyanın bir şəhərində xidmət edərkən (Zemstvo təşkilatı)  Rüstəmbəyin başına gələnlər və gördüyü hadisələr- cəbhədə baş verən özbaşınalıqlar, əsgərlərin çarın əmrinə qarşı çıxması və bunların nəticəsində addım addım məğlub olan imperiya, rusların düşmən təhlükəsinə qarşı kəndləri və şəhərləri boşaldıb Rusiyaya doğru köç etməsi, aclıq, səfalət-imperiyanın ümumi sosial mənzərəsinin kiçik bir ölkədəki təsviridir.
 
Rüstəmbəy Azərbaycanda baş verən hadisələrlə, yeniliklərlə daima maraqlanır,  gələn qəzetlər və qonaqlarından ölkədəki vəziyyəti soruşur. İstər tələbəlik illərində, istərsə də sonrasında Rüstəmbəy Azərbaycanın gələcəyi üçün hansı yolun seçilməli olduğuna qərar verə bilmir. Öz xəyalında müstəqil bir milli hökümətin idarə etdiyi bir Azərbaycan arzulayır amma bunun baş verəcəyinə inamı azdır. Ona görə də digər çıxış yollarından birinin seçilməli olduğunu bilir. Müəyyən fikirlərində bəzən bolşeviklərə yaxınlıq duyulsa da, bunu açıq şəkildə ifadə etmir.  Azərbaycanda qurulmuş olan Müsavatın gənclik təşkilatına rəhbərlik etdiyi dövrdə də, Rüstəmbəy, siyasi ideologiya baxımından Müsavatın və yeni qurulacaq hökümətin fikirlərini tam qəbul edə bilmir. Bunun əsas səbəbi islamçılığın  və türkçülüyün Müsavatın əsas rəmzləri olmasıdır. Azərbaycanın gələcəyi üçün, bütün tərəddütlərinə baxmayaraq, ən pis halda seçiləcək son yolun federasiya içində yer almaq olduğunu düşünür. Amma Rusyada kimin (hansı firqənin) başa keçməsi hələ bilinmədiyindən bu fikrində də qəti qərara gələ bilmir. Azərbaycanın bu çətin vəziyyətdən çıxması üçün digər irəli sürülən fikir Türkiyəyə ilhaq etməsidir ki, Rüstəmbəy bunun əleyhinədir : 
“Kapitulyasyonlarla bağlanıb yoxsulluq içində çırpınan, daim muharibələrə sürüklənən, mədəniyyətsiz, texnikasız Türkiyəyə meyl etmək ona qorxunc görünürdü”.
 
Rüstəmbəy roman boyu bəzən yoldaşları ilə müzakirə zamanı, bəzən də öz-özlüyündə  səhifələrcə Azərbaycanın siyasi mənzərəsindən, ölkədə baş verənlərdən bəhs edir:
“Gürcülər menşeviklərin, ermənilər daşnaqların başına toplanan kimi görünürlər. Türklərin vəziyyəti olduqca tuhafdı : yeni zühur etmiş “ Müsavat” ın xalq arasında kökü dərin deyildi. Sol və sağ məsləkli ziyalılar rəyasət qovğası ilə məşğuldu. Nüfuzlu milyonerlər və bütün zənginlər çar tərəfdarı idi. Əməkçilər və xırda ziyalıların bir qismi “Hümmət” in ətrafına toplanaraq, get-gedə qüvvət kəsb etmədə idi.İşçi hərəkatı genişlənir, tətillər sənaye mərkəzlərini qaplmada idi. Kənd də sakit deyildi : üsyanlar, bəy evlərinin  dağıdılması adi şəkil almışdı. Ruhani qismi də inqilabdan pay umaraq dini firqələr təşkilinə çalışırdı...”
 
Rüstəmbəy roman boyu iki qadına vurulur. Birincisi kirəçi kimi qaldığı evin xanımı Sofyadır. Ərinə xəyanət etdiyi üçün özünü bağışlaya bilməyən Sofya, bir yandan da Rüstəmbəyə olan ehtirasını boğa bilmir. Rüstəmbəy güclü iradəyə sahibdir. O, çəkdiyi vicdan əzabından xilas olmaq üçün Sofyadan, idealları və mübarizəsi üçün isə Musyadan uzaqlaşır, onları tərk edir. Hər nə qədər romanın qəhrəmanı “Vətən üçün idealları olan, mübarizə edən bir insan evlənməməlidir”  desə də, Rüstəmbəyin qarşısına çıxan qadınlara bağlana bilməməsinin ya da bağlanmaq istəməməsinin səbəbi bu deyildir. Rüstəmbəy, apardığı mübarizədə ona dayaq ola biləcək, savadlı, müasir türk qızı ilə ailə qurmaq istəyir. Rüstəmbəy bu fikrini bu cümlələrdə etiraf edir:
“Zatən evlənmənin də vaxtıdır. Yuva həsrəti təbiidir, vaxtı keçdikcə əzab artır... Ancaq qız yoxdur ! Oxmuş, elmli türk qızı yoxdur. Olanlarda da çarşab altında..." 
 
...Yusif Vəzir “Studentlər” və “Qızlar bulağı” romanlarında əks-inqilabi fikirlər təbliğ etdiyinə görə həbs edilmiş və həbsdə də vəfat etmişdir. Amma Rüstəmbəy hələ də azaddır. O, bizim ehtiyacımız olan student və vətəndaş obrazıdır. 
Bu gün hər bir azərbaycanlının oxumalı olduğu “Studentlər” cəmiyyətimizin ehtiyacı olduğu mənəvi qidadır.
 
Elvir Nizamoğlu
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade