Dünya ədəbiyyatının şedevrlərindən biri Azərbaycan dilində

Литература

 
 
Faranheyt 451 
 
Bu, onun ən yaxşı romanlarından hesab edilir. Bu roman gələcək Amerika cəmiyyəti haqqındadır, orada kitablar qadağan edilmişdir və tapıldıqları yerdə yandırılır. Romanın adı vərəqin öz-özünə alışdığı temperatura işarədir. Bredberi bir radio müsahibəsində söyləyir ki, o bu kitabı Birləşmiş Ştatlarda olan senzura və kitabların yandırılmasına etiraz olaraq yazmağa başlayıb. Daha sonra isə o, kitabı ümumi müddəalar üzrə yazmağa davam etmişdir. Bu roman bir çox mükafatlara layiq görülmüşdür. 1954-cü ildə bu kitab American Academy of Arts, Letters Award in Literature və The Commonwealth Club of California Gold Medal mükafatları ilə təltif olunmuşdur. Bredberi 1976-cı ildəki audio kitab versiyasına görə Grammy nominasiyasına layiq görülmüşdür. Bu roman müxtəlif proyektlərdə istifadə olunmuşdur. Fransua Trüfo 1976-cı ildə romanın əsasında ssenari yazmış və filmə uyğunlaşdırmışdır, bu daha sonra BBC radiosu tərəfindən səsləndirilmişdir. Bredberi daha sonra bu romanın səhnə versiyasını yazmış və kompüter oyununun yaradılmasına kömək etmişdir. Müəllifin ölümündən 2 il öncə, 2010-cu ildə Bredberinin dostları tərəfindən onun seçilmiş əsərləri "Pleasure to Burn" başlığı altında dərc edilmişdir. Bredberinin kitablarla olan macərası gənc yaşlarından başlamışdır. 1920-1930-cu illərdə getdiyi yerli kitabxanalarda kitabların azlığı, xüsusi ilə H.G. Uellsin fantastika janrında olan kitablarının olmaması onu narahat edirdi. Buna səbəb o idi ki, o dövrdə ədəbiyyata ciddi fikir vermirdilər. Xüsusi ilə də İsgəndəriyyə kitabxanasının məhv edilməsini öyrənəndə gənc Bredberidə belə təəsürat yaranmışdı ki, o dövrlərdə kitablara ciddi senzura qoyulur və onlar məhv edilir. Daha sonra nasistlərin kitab yandırmalarını, Stalin tərəfindən yazarların sürgün edilməsini eşidən Bredberi dəhşətə gəlir.
 
Başla Kitab tərəfindən nəşr edilən növbəti kitab "Faranheyt 451"dir. Kitabın qiyməti 4 manatdır və təqdimatı bazar günü saat 4-dən 8-ə qədər Bakıtab kitab mağazasında keçiriləcək. “Faranheyt 451” Rey Bredberinin dilimizə tərcümə edilən ilk kitabıdır. Aşağıda kitab haqqında qısa məlumat əldə edə bilərsiniz.
 
451 dərəcə Faranheyt əsərində müharibə vəziyyətində olan, homogen və futuristik bir Amerika təsvir olunur. Orada kitablar illeqaldır, intellektuallığa xor baxılır, bütün cəmiyyət quru həzz içində və bir-birlərindən təcrid olunmuş vəziyyətdə yaşayır. 
 
Qay Monteq, baş qəhrəman, peşəsinə qarşı çox məsuliyyətli bir yanğınçıdır. Onun vəzifəsi kitabları yandırmaqdır, çünki kitab asayiş pozucu və təxribat xarakterli hesab olunur. 
 
Monteq çoxlu suallar verən bir qızla tanış olandan sonra öz əməllərini sorğulamağa başlayır və hətta yandırdığı bir evdən gizlincə kitab götürür. Monteq getdikcə öz həyatının səfalətlə dolu olduğunu başa düşüb konformist üsulla idarə edilən cəmiyyətə qarşı hərəkətə keçməyə qərar verir. Sabiq bir ingilis dili müəllimi sayəsində o öyrənir ki, kitablar insanın özünü sorğulamasına və sərbəst düşünməsinə imkan yaradır. 
 
Alov kontrabandanı dağıtmaqla yanaşı, həmçinin, insanları əyləndirir və onlara zövq verir. Monteq qeyd edir ki, gecələr hər şey daha gözəl görünür və demək olar ki, hər şey gecələr yanır. Nəticədə, Monteq alovu təkcə dağıtma və ya əyləncə vasitəsi kimi yox, eyni zamanda yaşatmaq üçün bir vasitə olaraq görür.
 
Senzura: Bredberi bildirir ki, cəmiyyət onu narahat edən həqiqətlərə və vəziyyətə biganə qaldığı üçün öz-özünü senzuraya məruz qoyur. O deyir ki, kitab oxumaq insanları faydalı bir şəkildə özünü sorğulamağa təşviq edir, yalançı təriflər isə onları yalnız kor-koranə, səthi xoşbəxtliyə aparır.
 
Tərcüməçi - Ülviyyə Mütəllimova
 
Ünvan - Bakıtab. Əlövsət Quliyev küçəsi 72 (Mərkəzi Univermaqdan Füzili Meydanına (Nizami metrosuna) gedən yolda beşinci küçə)
 
Əlaqə - Orxan İmanov - 055-853-35-00. İlkin Hüseynli - 050-428-80-44
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade