post-title

8 Mart – ideoloji boşluq problemimiz

1857-ci ildə New-Yorkda 40 minə yaxın işçinin daha yaxşı iş şərtləri tələbi ilə tətilə başlaması, bunun davamlı olaraq əməkçi qadınların polis təzyiqi və təhdidinə məruz qalması, 8 Mart günü qapısı çöldən bağlanılan fabrikdə çıxarılan yanğın və 129 qadın işçinin diri-diri yanaraq can verməsi, 26-27 Avqust 1910-cu ildə Kopenhagendə 2-ci İnternasyonalla bağlı Beynəlxalq Sosialist Qadınlar Konfransında Klara Zetkin 8 Mart yanğınında qətl edilən qadın işçilərin xatirəsinə bu günün "Dünya Əməkçi Qadınlar Günü" olaraq xatırlanması təklifini verməsi və təklifin yekdilliklə qəbul edilməsi.

 

“8 Mart” ideoloji həmrəylik günü kimi 

 
“8 Mart”ın ideoloji ağırlığı onun tarixindən qidalandığı kimi, günümüzdə bir çoxları üçün bu gün ideoloji həmrəylik günüdür. Bu gündə insanlar ideoloji tərəfdarları ilə birləşir, öz şüarlarını, tələblərini nümayiş etdirirlər. Küçələri etiraz edən qadınlar, universitetləri, müəssisələri şüar dolu divar posterləri bəzəyir. İdeoloji qruplaşmalar bu günün xatirəsinə və mahiyyətinə uyğun tədbirlər keçirir, siyasi bəyanatlar verirlər. Türkiyə nümunəsində qarşılaşdığım bir neçə ideoloji qruplaşmanın bu günə fərqli yanaşmalarına baxaq.
 
Feminist tələbə qruplaşmaları, hər kəsi 8 Mart günü həyata keçiriləcək böyük mitinqə səsləyirlər. Patriarxal cəmiyyət qruluşunu pisləyir, qadınların hüquqlarının hər yerdə pozulduğunu vurğulayır və qadınları birləşməyə, aktiv olmağa və bu bərabərsizliyə qarşı vuruşmağa çağırırlar. 8 Mart günü feminist, liberal və qadın haqqları müdafiəçiləri üçün qadınların sosial və siyasi həyatda aktivliyə çağırıldığı, onların birləşmələri lazım olduğunun vurğulandığı xüsusi bir həmrəylik gündür. Bu gün “Genç Kadınlar Özgürlüye Yürüyor” kimi solganlarla bəzənir ətraf.
 
Solçu qruplaşmalar, bu gün onlar üçün İşçi Qadınların birləşdiyi və Kapitalist sisteminə qarşı vuruşduğu bir gündür. Onlar bu günü qadınların kapitalizmin yaratdığı haqsızlığa qarşı həmrəy olduğu, birləşdiyi bir gün kimi qeyd edir, bunun üzərinə tədbirlər, mitinqlər təşkil edirlər. Bir solçu qrupun bəyanatından bir parça:
 
“8 Mart Dünya İşçi Qadınlar Günü sosialist işçi qadın hərəkatının bizə buraxdığı bir simvoldur. Kapitalizmin tarixi boyunca işçi qadınların mübarizəsi, işçi sinifinin mübarizəsiylə yan-yana qol-budaq açıb gücləndi və qadınların bu gün əldə etmiş olduğu bütün haqqlar bu mübarizənin məhsuludur...”
 
Maraqlısı budur ki, bu fərqli qruplaşmalar arasında 8 Mart necə dəyərləndirilməlidir sualı ətrafında qızğın müzakirələr gedir. Belə ki sol qruplar feministləri, feministlər sol baxışı, liberallar sol qrupları durmadan bu günü düzgün “dəyərləndirməmək” adına tənqid edir və dolayı olaraq bu gün ideoloji həmrəylik günü olmaqla yanaşı, fərqli ideologiyaların bir birini tənqid etmə günü kimi də qeyd edilir.
 
Bu gün ev yoldaşım xanım böyük həvəs və şövqlə 8 Mart Nümayişinə - Qadın Haqqlarına dəstək aksiyasına hazırlaşır. Ortalama bir alman qızıdır. Ona baxıram, düşünürəm, onda olub da bizdə olmayan nə var?
 
8 Mart azərbaycanlı üçün...
 
Bəs 8 Mart bir azərbaycanlı üçün nə mənaya gəlir? Yəqin ki, hədiyyə almaq, müəllim üçün pul yığmaq, qızlar üçün gül almaq, bir sözlə kütləvi şəkildə hədiyyə al və veri, bir mənada al-ver.
 
Burada vurğulamaq istədiyim problem bu deyil əsla (anormal nümunələr özlüyündə problemdir təbii). Problem buradadır ki, bizim üçün 8 Mart niyə SADƏCƏ hədiyyə alıb vermək günü kimi qeyd edilir. Yuxarıda danışdığım siyasi-ideoloji proseslər niyə bizim cəmiyyətdə baş vermir? Niyə 8 Mart bir azərbaycanlı üçün qətiyyən sosial, ideoloji və siyasi bir məna daşımır?!
 
Savadsızlıq > İdeoloji boşluq > Siyasi Passivlik > Həmrəylik Problemimiz
 
Problemlər, xüsusilə ortaq problemlər insanları yaxınlaşdırır, birləşdirir. Amma bu insanların təşkilatlanması və buna qarşı birlikdə mübarizə aparması üçün kifayət deyil. İdeaya ehtiyac var. Onu isə yaradan oxumaqdır, elmdir, bilikdir. (Təbii, oxumadan da ideologiyalara sahib olmaq olar, amma bu ikinci-əl idea olacaq).
Kütləvi savadsızlığın baş alıb getdiyi bir cəmiyyətdə ideoloji boşluğun olması təbii haldır. İdea, ideologiya yoxdursa da sadəcə narazı qruplar, narazı bir kütlə var deməkdir, amma passiv və özünü ifadə edə bilməyən bir kütlə. Siyasi passivliyimizin bir səbəbi də savadsızlıqdan yaranan ideoloji boşluğumuzdur. İdeologiya boşluğu, passivlik olduğu yerdə isə həmrəylik mövcud ola bilməz.
 
8 Mart onlarca simvoldan sadəcə biridir...
 
8 Mart sadəcə bir nümunədir, SİMVOLDUR. Bu simvolu anlamaq, onu dəyərləndirə bilmək üçün, onun uğrunda aktiv sosial-siyasi hərəkatlar həyata keçirmək və sənin kimi düşünənlərlə birgə olmaq üçün ilk öncə biliyə, sonra isə siyasi-ideoloji kimliyə ehtiyacın var.
Bir azərbaycanlı simvola baxır amma onu dəyərləndirə, ona anlam verə bilmir. Çünki o, sosial-siyasi məsələləri anlama mexanizmindən (bilik > ideologiya > aktivlik > həmrəylik) məhrumdur. Sadəcə görmür.
 
Qeyd: görəsən, azərbaycanlının baxıb da görə bilmədəyi daha nə qədər belə SİMVOLLAR var?!...
 
Xəyyam Namazov
 
Yuxarı