Qəbirqazanın hekayəti, Səməd Vurğunun “Azad İlham”ı

Литература

 
 
Onlar haqqında çoxlu miflər yaratdılar, zamanında xatirələri əziz tutuldu, şanlarına Yesenin kimi şairlər şeirlər həsr etdilər. Bir neçə il öncə həmin xatirə kompleksi Sahil bağından götürüldü, baş komissarın cəsədinin məzarda olmadığı barədə söhbətlər yayıldı. Hələ də bu mübahisələr davam edir, 26 Bakı komissarı haqqında ziddiyyətli fikirlər gəzir. Ciddi tarixçilər S. Şaumyanın birinci olaraq güllələndiyini, konspirologiya həvəskarları onun Hindistana göndərildiyini (sürgün edildiyini və ya qaçdığını), hətta onunla bağlı son dönəmlərə qədər videokasetin olduğunu yazırlar.
 
Həqiqət isə odur ki, ingilislər tərəfindən güllələnən 26 Bakı komissarının cəsədləri sonradan Bakıya gətirildi, təmtəraqlı şəkildə dəfn edildi, ideologiyanın bir parçasına çevrildi.
 
26-lar kim idi?
 
Bakı Xalq Komissarları Soveti Azərbaycanda mart soyqırımından sonra hakimiyyəti ələ keçirən qüvvədir. 1918-ci il aprelin 25-də yaradılan hökumətin başçısı Leninin Qafqaza fövqəladə komissar təyin etdiyi Stepan Şaumyan idi. Leninlə Şaumyan 1903-cü ildə Cenevrədə tanış olmuşdular.
 
Azərbaycanda Cümhuriyyətin elanından sonra Qafqaz İslam Ordusu BXKS qüvvələrini məğlub edir. İyulun 31-də BXKS hökuməti süqut edir, hakimiyyət erməni-daşnaklardan və eser-menşeviklərdən ibarət olan  Sentrokaspi diktaturasının əlinə keçir. Və komissarlar ölkədən qaçmağı qərara alırlar.
 
Komissarlar "Türkmən" buxar gəmisi ilə Bakını Türkmənistan istiqamətində tərk edirlər. Yanacağın azlığı ucbatından buxar gəmisi Həştərxaan yox, Krasnovodska yan almalı olur. Orada isə ingilislərin hegemoniyasında olan “Zakaspi müvəqqəti hökuməti” tərəfindən həbs olunaraq güllələnirlər. Həmin hökumətin rəhbəri Fyodor Funtikov idi. Və illər sonra 1926-cı ildə Funtikovun Bakıda məhkəməsi keçirilir və o güllələnir.
 
Qəbirqazanın hekayəti
 
Axundov kitabxanasının arxivində saxlanılan “Kommunist” qəzetinin 3 yanvar 1930-cu il sayında Luxmanof adında bir kəndlinin istintaq materialları var. Luxmanov 26 Bakı komissarının qəbirqazanı idi. O, özünü belə təqdim edir: “Mənim 53 yaşım var. Ulyanof okruqu, Korsun dairəsi, Poqorelova kəndi kəndlilərindənəm. Çar xidmətində olub Rusiya-Yaponiya müharibəsində iştirak etmişəm. 1906-cı ildən Zakaspidə dəmir yol xəttində Komarova stansiyasında xidmətdə olmuşam. 1915-ci ildə məni Ağcaqum stansiyasına baş işçi vəzifəsinə göndərmişlər. Stansiyaya qəzet gəlmədiyinə görə vətəndaş müharibəsindən xəbərim yox idi. Yadıma gələn sentyabrın 19-da səhər bir dəstə iranlı işçilər ilə dəmir yolunu təmirə çıxdıq. Mənə xəbər verdilər ki, Pereval stansiyasından sürət qatarı gəlir. Qatar ilə gələn Aşqabad komissarı Funtikov 135-ci verstə bel və kürək ilə bir dəstə işçi tələb etmişdir.
 
135-ci verstdə biz iki vaqon ilə bir parovoz gördük. Funtikof, üç çuxur qazmağı bizə əmr etdi, bunların nə məqsəd ilə qazıldığını söyləmədi. Çuxurlar qazılandan sonra bizə kənara çəkilməyi və siqnal verilənə qədər gözləməyi əmr etdilər. Dərhal güllələr atıldığını eşitdik. Biz dəstə ilə adamların vaqonlara dolduğunu gördük. Bir azdan sonra yenə güllələr atıldı. Belə görünür ki, dəstə ilə güllələyirmişlər. Siqnal verilən kimi biz parovoza yaxınlaşdıq. Parovozun pilləkənində duran Funtikov, meyitlərin basdırılmasını bizə əmr etdi. Güllələnənlər qana batmış və başları parçalanmış halda hamısı ölmüşdülər. Meyitlərin və onların şeylərini çuxurda bir-birinin yanına yığıb, üstlərini torpaq ilə örtdük. 29 meyit var idi. 26 komissar, üç nəfər naməlum şəxs idi. Həmin gecə bu güllələnənlərin Bakı komissarları olduqlarını və Funtikovun bu işə bais olduğunu mənə söylədilər.
 
Çuxur qazmaq və meyitləri dəfn etmək üçün bir aydan sonra rusların hər birinə 500 nikolay rublu, iranlılara isə türkmən bonu verdilər. Deyirdilər ki, güllələnənlərin yanında 42 milyon pul var imiş. Meyitləri vəhşi heyvanlar eşib çıxarmasın deyə, meyitlərin dəfn olunduqları yerə baxmağı mənə tapşırdılar. 20-ci ildə hökumət bolşeviklərin əlinə keçəndə mən başqa işçilər ilə bir yerdə o yeri qazıb meyitlərin kəmiklərini tabutlara doldurdum. O zaman bu barədə bizi danışdıran olmadı”.
 
Qəzet materialına görə, Luxmanov əvvəlki ifadəsində dava-dərman olsa idi, güllələnənlərdən bəzilərini xilas etmək olardı deyir, lakin bu ifadəsində bu faktı gizlədir.
 
Və şanlı poema
 
Bəzən sosial şəbəkədə Səməd Vurğundan bir misra paylaşarkən qalmaqala səbəb olur. Halbuki, həmin misralar sırf Səməd Vurğunun qələminin məhsuludur. Quruluşlar dəyişdikcə tarixi şəxsiyyətlərə obyektiv baxış bir qədər özünü qorumur. Məsələn, Mikayıl Müşfiqin, Əhməd Cavadın da sosializmi tərənnüm edən şeirləri var, qəribədir ki bu gün həm Səməd Vurğunun, həm də digərlərinin həmin şeirləri ya təzə nəşrlərdən çıxarılır, ya da gizlədilir. Məsələyə, ADP sədri Sərdar Cəlaloğlu kimi baxmağın tərəfdarı deyiləm. Məsələyə sırf şairin əsərlərinin təhrif olunmaması yanaşmasını qəbul edirəm. Necə ki, bu gün də Türkiyədə, həm də ölkəmizdə həddindən artıq sevilən Nazim Hikmət yazırdı:
 
Komünistler, bir çift sözümvar size:
 
İster devlet başında olun, ister zindanda,
 
İster sıra neferi, ister parti katibi,
 
Lenin girebilmeli, her zaman, her mekanda
 
işinize, evinize, bütün ömrünüze
 
kendiişi, özevi, kendiömrüymüş gibi.
 
Səməd Vurğun isə yazırdı:
 
 
 
“Gəlin sizəsöhbət açım bu dövrandan, bu büsatdan,
 
Stalinin əllərilə qurduğumuz bu həyatdan”
 
 
 
İndiki nəsil bu misralarla tanış deyil.
 
Masamın üzərində Azərbaycan Sovet ədəbiyyatının dahi nümayəndəsi Səməd Vurğunun 1939-cu ildə, latın qrafikası ilə çap edilmiş “Azad ilham” kitabı var.
 
Hansı ki, təhriflərdən uzaq, Səməd Vurğunun öz ruhuna, sosializmin hədəflərinə bağlı əsərlərinin yer aldığı bir kitab.
 
Hansı ki, “Stalin”, “Rəhbərə salam”, “Azad ilham”, “Rəhbərin vətəni”, “Qlim Voroşilova”, “Qızıləsgər”, “Komsomol marşı” kimi şeirlərin, “26-lar” poemasının olduğu kitab.
 
Həmçinin bugün də dillər əzbəri olan “Azərbaycan” şeiri təhriflərdən uzaq, orijinal şəkildə:
 
 
 
“Dinlə məni, gözəl Vətən!
 
Bir söz gəlir ürəyimdən
 
Stalinin eşqilə sən
 
Güləcəksən hər bir zaman
 
Azərbaycan! Azərbaycan”
 
 
 
Stalin kimdir sualını vermək yersizdir, onun haqqında uzun-uzadı sensasion bilgilər axtarmaq lazım deyil. Bu şeir yazılanda hələ 1937-ci il hadisələri baş verməmişdi. “Rəhbərə salam” şeiri də repressiyadan daha öncə yazılmışdı. Amma bunların heç biri önəmli deyil.
 
Həqiqət daha sadədir. Stalin kimi dönəmin xarizmatik liderinə, hansı ki gələcəkdə faşizm üzərində möhtəşəm qələbə çalacaq bir dövlət başçısına şeir yazmaq əsla qəbahət deyil. Qəbahət Sovet ədəbiyyatının parlaq nümayəndəsinin şeirlərini təhrif etmək, onu gerçək sevgi ilə tərənnüm etdiyi bir liderdən ayırmaqdır.
 
Nazim Hikmət onu yaradan Stalinə, Leninə öygülər həsr etdiyi kimi və bu gün sosial şəbəkələrdə solçular tərəfindən o şeirlər dəfələrlə paylaşıldığı halda, bizdə kimlərsə, öz təxəyyüllərində Səməd Vurğunu “təmizləməyə” çalışırlar. Halbuki, bütün canı ilə bağlı olduğu bir ideologiyadan şairi ayırmaq, onun şeirlərini təhrif etmək həmin senzorun bəsitliyini göstərir. Bəlkə də elə Səməd Vurğun “Stalin” şeirinin ilk bəndini gələcəkdə onun əsərlərini təhrif etməyə çalışan naməlum senzorlara qarşı yazıb:
 
 
 
“Mən çocuq deyiləm, xeyli yaşım var”
 
“Bilirəm söz nədir, məhəbbət nədir”.
 
 
 
Və son bənddə bütün dünya cahangirlərini sadalayan, onların qanlı əməllərini göstərən şair həqiqi lideri göstərir:
 
 
 
“Stalin! Tanıyır, yaxın da, yad da...
 
Hər sözü sönməyən canlı sənətdir!..
 
Məhəbbət yaşayır bu böyük adda,
 
Bu adı yaşadan bu məhəbbətdir!...
 
 
 
AXC dönəmində Səməd Vurğun cəmi 12-14 yaşında uşaq idi. Özünü anlayanda artıq Azərbaycanda sovet quruluşu idi, üstəlik ideologiyanın hakim olduğu, propaqandaların yüksək səviyyədə təşkil olunduğu bir vaxtda, fəhlə-kəndli sinfinin ən ali insanlar olduğu elan olunan bir vaxtda, bütün bunların təminatçısı olan bir liderə şeir yazmaq dönəm üçün heç də ayıb deyildi. İddia olunur ki, şair bu şeirləri ya basqı altında, ya da şan-şöhrət, irəli getmək məqsədilə yazıb. İrəli getmək məqsədilə yazılması ehtimalları təbii ki var. Dönəmin qəzetlərinə nəzər salsaq, yeni nəsil şairlərin əvvəlki nəsli kommunizmə inanmamaqda, bağlı olmamaqda suçlayırdılar. Amma işin digər tərəfində məhz mövcud rejimi sevmək, ona sadiq olmaq dayanırdı. Məhz bu sevgi idi ki, şair çadrasız, boyasız türk qızlarından, 26-ların heykəllərindən rəhbərə salam göndərirdi. Şair inanırdı və təbliğ edirdi ki, Bakı ilə Moskva bir cüt oğul kimidir:
 
 
 
“Ulduzlar dağılıb yerə saçılsın
 
Kremlin qapıları Şərqə açılsın
 
Bizimdir bu həyat, bu yer bu hava
 
Bax, bu qızıl Bakı, qızıl Moskva!
 
Bir cüt oğul kimi gedir yanaşı
 
Gedir karvanımız günəşə qarşı”
 
 
 
Şair inanırdı ki, ölkədəki əmin-amanlıq qızıl ordu hesabına qurulub. “Qlim Voroşilova” həsr etdiyi şeirindəki misralara diqqət edək:
 
 
 
“Körpələr beşikdə rahat uyuyur
 
“Rus gəlir, qaç” deyən analar yoxdur...
 
 
 
Və ya “On iki dekabr” şeirindəki bu çağırışa baxaq:
 
 
 
“Azad ömrə, azad qəlbə, azad saza səs verək!
 
Stalinin gözlərində gülən yaza səs verək!”
 
 
 
Və ya “Günəşin keşiyində” adlı şeirində yazdığı kimi:
 
 
 
“Əzizim Stalin! Ey ulu rəhbər!
 
Canım da, şeirim də qurbandır sana!
 
Alışır od kimi, gözümdə hünər,-
 
Dəftərim, qələmim qalsın bir yana;
 
Silah ver! Sevinclə alım əlindən
 
Çəkim günəşimin keşiyini mən!”
 
 
 
Stalinə günəş deyərək, onun keşiyini çəkmək istəyən, onun yolunda qələmi yerə atıb silah istəyən bir şairin əsərlərini bu gün kimlərsə təhrif etmək istəyir.
 
Nəyə görə? Səhvmi yazıb? Yazmayıbmı? Nə? Stalin o adam idi ki, Rəsulzadənin həyatını xilas elədi.
 
Səməd Vurğun bütün qanı ilə, canı ilə kommunist idi və Azərbaycan Sovet ədəbiyyatının bu dahi nümayəndəsini biz öz doğma məkanı çərçivəsində araşdırmalı, ədəbiyyat tariximizdəki yerini olduğu kimi göstərməliyik. Və kimin sevib-sevməməsindən asılı olmayaraq “26-lar” poeması dönəmin ən uğurlu əsərlərindəndir.
 
Bayaq yazdığımız kimi, 26-ların cəsədləri Bakıya gətirildikdən sonra, təmtəraqlı şəkildə dəfn olunur, onların qatilləri bir-bir öldürülür və vətəni eser-menşeviklərə, daşnaklara satanlar ifşa olunur. Rəsmi təbliğat belə idi və bütün bunların fonunda “26-lar” poeması yaranacaqdı. Necə ki, S. Vurğun poemanın girişində eserlərin və daşnakların ingilisləri köməyə çağırmasını yazır, həmçinin Müsavat hökumətinin də Türkiyədən dəstək gözləməsini qınayır:
 
 
 
“İndi xəbər verim, oxucuma mən
 
O “millət rəhbəri” Rəsulzadədən.
 
Toplamış məscidə müsəlmanları
 
Yağlı vədələrə tutmuş onları
 
Deyir: “Türkiyəni çağıraq gərək,
 
Bizə kömək olsun qılınc çəkərək,
 
Parlasın ədalət, səhni-hürriyyət,
 
Ucalsın göylərə şərəfi-millət”
 
Şarlatan!
Afərin!
“Rəhbər”ə bir bax
Vətəni yadlara bunlar satacaq!
Bir dayan!
Nə dedin?
O bir xaindir
Sözünün pərdəsi, millətdir, dindir!
 
Burası həqiqətdir ki, S. Vurğunun misralarla təmsil elədiyi tarix gerçəkdir. Yəni eser-menşeviklər, daşnaqlar ingilislərin, Müsavat isə türklərin Bakıya gəlməsini istəyirdi. Necə ki, hər ikisi olmuşdu.
 
Və ən əsası yazılanlara görə, Rəsulzadə bu poemanı oxuyarkən bunları deyir:
 
“Əgər, o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq”.
 
Dilqəm Əhməd
 
1937.az
 
Kultura.az | Developed by Samir Yahyazade