Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı haqqında (Müsabiqədənkənar yazı)

Литература

 
Mən yarızarafat-yarıciddi bu sahə ilə 3-4 ildir maraqlanıram. Yalnız oxuduğum kitablar, tanıdığım yazarlar haqqında söhbətlərə qoşulub öz fikrimi söyləyəcək qədər rahatam. Sıxılmıram - belə bir lüksüm var. Ədəbiyyat bilavasitə mənim sahəm olmadığına görə üzərimdə onun yükünü hiss etmirəm.
 
Bu gün sizə oxuyub qavradığım kitab haqqında mülahizələrimi söyləmək istəyirəm - Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı haqqında.
 
Bu romanın adını 4-5 ay bundan öncəyə kimi heç eşitməmişdim. Yusif bəyin digər romanlarını isə uşaq vaxtı oxumuşam. Məndə "Studentlər"ə marağı Seymur Baycan oyatdı. Kitabın adı onun sadəcə olaraq tələbə həyatından yazılmış, romantik duyğular süslənmiş məişət mövzularından bəhs edən bir roman kimi duyğu buraxmışdı məndə. Ancaq Seymur bəylə ətraflı söhbətlərdən sonra təəssüratımda yanıldığımı anladım - bu kitabı oxumaq lazım idi.
 
Uzun sözün qısası, kitabı oxudum. Təəsüratımı bölüşürəm...
 
...belə bir mənzərə qarşısındayıq: çar Rusiyasında dərəbəylik, korrupsiya, məmur özbaşınalığı baş götürüb gedir. Tanış mənzərədir, deyilmi? Türk (burada azərbaycanlılar nəzərdə tutulur) gəncləri uzaq Ukraynada təhsil alırlar. Onların öz cəmiyyətləri var, ictimai-siyasi işlərdə fəallıq göstərirlər. Hərə bir ailədən gəlib, intellekt səviyyələri fərqlidir, mentalitetin demək olar ki, onların hamısı üzərində bir etkisi var. Ancaq gənclərdən biri, Rüstəmbəy, oturuşmuş gələnək və görənəklərin insanların şüurunda nə kimi dərin bir hökm sahibi olduğunun fərqindədir. Bunlar öz yerində, dini xurafatın yaratdığı cahillik, o zaman çox güclü olan ağsaqqal institutunun irəli düşüncə sahibi olmaq istəyən, gerçək gəlişmənin yollarını kol-kosdan təmizləmək istəyən gənclərin şüuruna vurduğu zərbə, ata-ana kultu - bütün bunlar kədərli, az qala pessimist bir mənzərə yaradır. Bu gənclər fərqli bir mədəniyyət məkanında öz ölkələrində olan acınacaqlı vəziyyəti daha çox dərk edirlər, bu vəziyyəti düzəltmək yolları arayırlar. Anca sən Azərbaycandan qıraqda olsan da, azərbaycanlılıqdan qıraqda ola bilməzsən - müxtəlif səbəblərdən bura axışan gənclər öz milli-mədəni irslərini də daşıyıb Kiyevə gətiriblər. Burada təkcə yalnız keyfiyyətli təhsil alıb gələcəkdə doğma vətəni üçün xeyirli işlər görmək istəyən gənclər toplaşmayıb: aralarında sağlam düşüncəli, rasional təfəkkürlü insanlar olsa da, tör-töküntüdən də yoxsun deyillər. Zəif iradəli, maddi rifah üçün əyri yollara düşən ikiüzlü degeneratlar, islamın hələ də yeganə çıxış olduğunu düşünən geriçi təfəkkür sahibləri, hələ də öz həyat fəlsəfəsini dəqiqləşdirə bilməyən zəif iradəli, könülsüz gənclər, fürsətcil tülkülər - bunlar həmin mənzərənin ayrı-ayrı detalları olmaqla bərabər eyni zamanda romanın süjet xəttinin ən fəal, işlək obrazlarıdır.
 
Romanın baş qəhrəmanı Rüstəmbəy səmimi bir insandır, öz üzərində işləyən bir cavandır. O, həm vətənində, həm də dünyada nələrin baş verdiyini anlamağa çalışır, ictimai-siyasi olayları öz çapısında analiz edir - bütün bunlardan nəticə çıxarmağa çalışır. Onun gözünün qarşısında iradəsiz gənclərin alçaldılması prosesi baş verir. Çətin, qarmaqarışıq  situasiyadan istifadə edərək Qulu adlı bir gənc tələbə öz şəxsi ambisiyalarını əlində bayraq tutaraq suyu bulandırmaq, sonra da həmin suda balıq tutmağa çalışır. Bəllidir ki, həyat kredosu yalnız varlanmaq, bununla da yüksək status qazanıb başqalarının başında oturmaq istəyində olan insanlar hər cür iyrənc, murdar yollara əl atmağa qabildirlər. Onlar bu məqsədlə öz dostlarını rahatlıqla şərləyib tutdura bilər, yoxsulun əlindən son qəpiyini alıb bununla hətta ona bir növ yaxşılıq edirmiş kimi bir iddiada da buluna bilərlər. Onlar öz məqsədləri uğrunda hətta öz arvadlarını da başqa, daha səlahiyyətli kişilərin yatağına göndərə bilərlər. Onlar hətta bundan sonra da məclislərdə qalxıb uzun-uzadı milli dəyərlər, namus, qeyrət haqqında nitq söyləyə bilərlər.
 
Qısası, Qulu, yüz il bundan öncə yaşamış bir azərbaycanlının bugünkü təcəssümü olaraq ötən illər sürəsində insanımızın çox da dəyişmədiyini göstərəcək qədər real bir obrazdır. Rüstəmbəy romanda nə qədər önəmli bir funksiyanı daşıyırsa, Qulu da bir o qədər düşündürücü, önəmli obrazdır. Yusif bəy bu romanı yazmaqla öz zəmanəsini necə real canlandırıbsa, biz bu gün onun kitabını oxumaqla öz zəmanəmizi bir o qədər real gözümüzdə canlandıra bilərik. Yusif bəy bizim zəmanəmizi qələmə alıb - olaylar bir az fərqli məcrada baş versə də, situasiya demək olar ki, eynidir. Yüz il bundan öncə olduğu kimi bu gün də insanımızın maariflənməyi, dini xurafatdan azad olmağı, doqmalardan, ağsaqqal kultundan qurtulmağı söz konusudur. Çəmənzəminli Axundovun başladığı yolun bir növ davamçısıdır - o, bəzən üstüörtülü də olsa insanları dini fanatizm xofundan uzaqlaşdırmağa çalışır. 
 
"Studentlər" romanındakı qadın obrazları çox səmimi, çox anlaşıqlı təsvir olunub. Bir ukraynalı, rus, yaxud polyak qadınının, qadınlara məxsus olan bütün zəif cəhətlərinə baxmayaraq nə qədər azad ruhlu olması, bizim qadınların onlara bu cəhətdən nə qədər uduzması, müəllifin bunu ürək ağrısı ilə təsvir etməsi - romanda qaldırılan önəmli məsələlərdən biri də budur. Qadını azad olmayan cəmiyyətdə bütöv bir xalqın azadlığından danışmaq yersiz və gülüncdür. Yusif bəy bu problemi açıq şəkildə ortaya qoymuş durumdadır.
 
Əlbəttə, gənclik olan yerdə, çevrədə durum nə qədər mürəkkəb olurs-olsun sevgi duyğuları özünü bu və ya digər formada biruzə verməlidir. Rüstəmbəy çevrəsindəki qadınların ürəyini qırmaqla bir növ öz davasında çox ciddi olduğunu göstərən bir obrazdır, ancaq bu obrazın özündə də ölkəsinin milli-əxlaq meyarlarını, bəsit xalq mentalitetini, irrasional ağsaqqal nəsihətlərinə baş əymənin xatası var. Rüstəmbəy irəli düşüncəli, proqressiv bir gəncdir, ancaq yuxarıda sadaladıqlarım onun da ömür yolunda öz omuzlarında daşıdığı ballastdır. Ancaq biz buna görə onu qınaya bilmirik - o, öz zəmanəsinin yetirməsidir. O zəmanənin quralları bu günkündən çox olmasa da, yenə fərqlənir. Ancaq Yusif bəy Rüstəmbəyin obrazında gələcək, yəni indiki nəsillərə öz mesajını ötürə bilmişdir.
 
Məni bir sual düşündürür: axı nə üçün bu qədər qüvvətli, bütöv bir zəmanənin ruhunu açan, problemlərini qaldıran, çıxış yollarını göstərən ciddi bir roman indiyə qədər kölgədə qalıb? Niyə bu əsəri ictimailəşdirib tirajlamayıblar? Onun haqqında film çəkməyiblər, tamaşa hazırlamayıblar, ədəbi-bədii diskussiyalar keçirməyiblər. Niyə Anarın, Elçinin və digərlərinin məişət qoxulu, aqrar, mənasız, zəif obrazlarla dolu kitabları bu qədər tirajlanıb, Yusif bəyin onlardan qat-qat güclü əsəri isə kölgədə qalıb? Niyə yuxarıda adlarını çəkdiyim adamlar hər yerdə, toyda-yasda öz atalarından gen-bol danışsalar da, belə bir aydının adını bir dəfə də olsun çəkməyiblər? Cavab aydındır - onlar Yusif bəyin şəxsiyyətinin qabağında nə qədər cılız, cızma-qaralarının isə "Studentlər"in qabağında nə qədər zəif olduğunun fərqindəydilər, onlara belə güclü bir rəqib lazım deyildi.
 
Fərhad Yalquzaq
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade