post-title

Günel

Güneli çox yaxşı tanıyıram. Onu ilk dəfə gördüyüm gün yaxşı yadımdadı. Sahil bağında bir nəfərlə dayanmışdım. Söhbət edirdik. Son dərəcə arıq, kasıb geyinmiş bir qiz yaxınlaşıb söhbət etdiyim adamla salamlaşdı, bir-iki yerli və yersiz zarafat edib aralaşdı. Həmsöhbətim dedi ki, bu Güneldi, şeir yazır.

 
Güneli müxtəlif vəziyyətlərdə, müxtəlif məkanlarda görmüşəm. Kəndlər, evlər, otellər, restoranlar, kafelər, rayonlar gəzmişik. Tədbirlərdə, toylarda, məclislərdə iştirak etmişik. Dərələr, meşələr, dağlar, qatar, avtobus, piyada... Günel demək mənim gəncliyim deməkdi. Bəzən Aqşinin evində günlərlə oturub yeyib-içirdik. Gah Günel bişirirdi, gah da Aqşin. Gənc idik, kasıb idik, təzə-təzə bir birimizi tanımışdıq. Amma qısa vaxtda dəhşətli dərəcədə bir-birimizə bağlanmışdıq. Yavaş-yavaş özümüzü təsdiq edirdik. Bir-birimizi dəstəkləməyimiz çox adamlarda qıcıq yaradırdı, çünki bu münasibət bu ölkədəki bəlkə də yeganə təmənnasız ,təmiz münasibət idi.
 
Bu dostluğu pozmaq üçün nələr demədilər, nələr etmədilər. Dostluq etməyi bacarmayanlar dostuq edənləri başa düşmürlər. Öz mənəvi yoxsulluqlarını anlayaraq başqalarının münasibətinə qara yaxırlar. Çünki dostluq etmək hər adamın bacaracağı iş deyil. Həyatdı, biri qabağa gedir, biri dala qalır. Yalnız mənəvi cəhətdən şikəst adamların dostu olmur. Dostu olmayan adamlara yazığım gəlir, bu onların eybəcərliyinin göstəricisidi. Deməzdim ki, Günellə hər zaman yüksək səviyyədə münasibətimiz olub, yox. Danışmadığımız, küsülü olduğumuz vaxtlar da olub, lakin hər zaman ötən günlər moment kleyi kimi bizi bir-birimizə yapışdırıb. Axı onları necə unutmaq olar?!
 
Yadımdadı, Aqşinin kitabının uğur qazanmasına necə sevinirdik. Aqşin doğurdan da böyük uğura imza atmışdı. Bir gənc şair o vaxt ilk kitabıyla nə qədər uğur qazana bilərdisə, Aqşin on dəfə artıq nəticəyə nail olmuşdu. Özü də o çətin vaxtlarda. O bizim dəstədən özünü təsdiq etmiş ilk adam idi. Artıq mətbuatda özümüzə yer etməyə başlamışdıq, bizə ehtiyac vardı. Bizdən zəhlələri gedənlər belə bizim yazılarımıza ehtiyac duyurdular, çünki oxunurduq. Bir-birimizi dəstəkləməyimiz adamlarda hədsiz paxıllıq doğururdu. Uşaqların mətbuatda tanınması üçün əziyyət çəkən adamlardan biri də Zahir Əzəmət oldu. Zahir bir neçə qəzetdə ədəbiyyat səhifəsi hazırlayırdı və hər fürsətdə uşaqları təbliğ edirdi.
 
Günelin Ekspress qəzetində dərc olunan şeirləri yadımdadı. O şeirləri oxuyan kimi dedim orası-burası yoxdu. Günel şairədi. Günelin bir şairə kimi tanınmasında Ekspress qəzetində dərc olunmuş şeirləri böyük rol oynadı. Günel bir şairə, bir yazar kimi gözümün qarşısında böyüyüb. Onun nə qədər istedadlı olduğunu, zəif və güclü tərəflərini yaxşı bilirəm. Günel də məni kifayət qədər yaxşı tanıyır, bilir ki yazı, ədəbiyyat söhbətində hardasa nəsə demək, maraqlı olmağa cəhd etmək olar, amma mənlə danışanda səmimi olmalıdı. Onunla ədəbiyyat haqqında çox danışmışam. Xüsusən Tiflisdə qalanda elə olurdu ki, ya evdə ya da küçədə gəzərkən, ya da kafedə saatlarla ədəbiyyat haqqında söhbət etmişik.  Sözün doğrusu buna ordakı mühit də şərait yaradırdı, hər zaman maraqlı gürcülərin əhatəsində idik. Günelin baqajına yaxşı bələdəm. Qələminin zəif və güclü tərəfini görürəm. Qərəz, yazının ilk cümləsini təkrar edirəm - Güneli yaxşı tanıyıram.
 
 
Günel mənim üçün kimdi, nəçidi, ümumiyyətlə onun cəmiyyətdəki yeri hardadı, nə oxuyub, necə oxuyub, nə qədər oxuyub, nə edib, nə etməyib, necə yaşayıb, harda yaşayıb, bu kimi xeyli sualları qoyuram kənara... Fakt odur ki, bu qıza bir xeyli adamın paxıllıq etdiyi göz qarşısındadı. O qədər özlərini buraxıblar ki, sadəcə onların cılızlığından iyrənirsən. Ələkbər demişkən - Azərbaycanlıların paxıllığı qədər irrasional paxıllıq təsəvvür etmək mümkünsüzdür. Yalnız azərbaycanlı bənna azərbaycanlı həkimə, azərbaycanlı qəssab azərbaycanlı dülgərə, azərbaycanlı tibb bacısı azərbaycanlı mühəndisə, azərbaycanlı kompüter ustası azərbaycanlı pilota və azərbaycanlı HƏR KƏS uğurlu, oxunan, cibində beş-üç manat pulu olan yazıçıya nifrət edə bilər.
 
Dəxlisiz peşə sahiblərinin bir-birinə nifrətinə, qısqanclığına, paxıllığına yalnız bizdə rast gəlmək mümkündür. İllah ki, yazıçıya nifrət, yazıçıya paxıllıq bunların mayasında, genetikasındadır. Az-çox oxunan, tanınan, orijinallığı ilə fərqlənən, yeni bir söz deyən, sürüdən seçilən, vətəndaş mövqeyi olan yazıçı görəndə elə bil dünya başlarına çökür. Dəli olurlar. Kin püskürürlər. Nifrin qusurlar. Sanki xarici müğənnilərin ayaqları altına sərvəti biz səririk, avropalılara kürünü biz yedirdirik, camaatın başına evlərini biz uçurduruq, nefti biz əmirik.
 
Paxıllıq ürəyimi bulandırır. Özünə arxayın olmayan adamlar paxıl olurlar. Baxırsan ki, yekə kişidi, üç-dörd evi var, beş yerdə vəzifə tutub, bütün şəraiti qaydasındadı, yarıac, yarıtox yaşayan bir cavan yazarın paxıllığın çəkir, nədi-nədi o gənc yazarın yazısını beş-altı adam oxuyur. Bütün işin-gücün atıb o gənc yazarı gözdən salmağa başlayır. Hamıya sübut etmək istəyir ki, onun yazısının oxunmasının nəsə başqa səbəbi var. Özü üçün guya başqa  gənc yazar yetişdirmək istəyir, istəyir göstərsin ki, onun  yetişdirdiyi yazar filankəsdən, tutaq ki Seymur Baycandan daha yaxşı yazır, qonaqlıqlar verir, ona hər cür dəstək göstərir, bütün bu əməllərin arxasında da paxıllıq dayanır. Lakin o yekə kişi, beş-altı yerdə vəzifə tutan adam daima biabırçılığa uğrayır.
 
Günel bəzən özünə qarşı olan paxıllığın səbəbini başa düşmür. Onu yaxşı başa düşürəm, tanış hisslərdi. Mən də bir vaxtlar adamların bu cür münasibətini başa düşmürdüm. Hər şey göz qarşısında idi. Hansısa məclisdə rastlaşırdıq, sakit otururdum onlar isə başlayırdılar sübut etməyə ki, mənim yazdığlarım ədəbiyyat deyil, ədəbiyyat başqa şeydi zad... Çünki onların bütlərini vecimə almırdım. Niyə kimsə təsdiq etməlidir ki, Seymurun yazdıqları ədəbiyyatdı, yoxsa ədəbiyyat deyil. Onlar mənim üçün ölü insanlardı, ölülərin isə istedadımın olmasını təsdiq etməyinə ehtiyacım yoxdu. Özümü tanıyıram, əlimdən nə gəlibsə başqalarına yardım etmişəm, kitab vermişəm, mənbə göstərmişəm, bildiklərimi paylaşmışam. Ona görə də yekə-yekə kişilərin cılızlığını başa düşə bilmirdim. Bir dəfə  Şahvələd bəydən soruşdum, bu adamlar məndən nə istəyir, yüz dəfə məndən yaxşı yaşayırlar. Bəy dedi ki, onlar sənin azadlığını həzm edə bilmirlər. 
 
Günelə qarşı olan nifrətin əsas səbəblərindən biri də Günelin azadlığıdı. Bir çoxları düşünür ki, mən də onun kimi ola bilərdim, özündə bu gücü görür, lakin həm də anlayır ki, (bəlkə də anlamır) Günelin keçdiyi yolu keçə bilməzdi. Deməzdim ki, onun bütün hərəkətləri şəxsən mənə xoş olub, əsla. Lakin Günelin keçdiyi yol göz qarşısındadı, bunu inkar etmək mümkün deyil. Bir çoxları özlərinə təsəlli vermək üçün düşünürlər ki, Günel öz yerində deyil, yəni bu qədər tanınmağa layiq deyil. Tutaq ki, Günel öz yerində deyil. Məni bir sual düşündürür, bəs kim öz yerindədi?! Nazirlər öz yerindədi, yoxsa komitə sədrləri?! Kim öz yerindədi? Yoxsa polis rəisləri, prokurorlar, icra başçıları öz yerindədi? Bəlkə rektorlar öz yerindədi? Ölkədə bir nəfər də olsun rəsmi olaraq milyoner yoxdu, bir nəfər deyə bilməz ki, mən filan işi görüb milyon dollar pul qazandım. Amma ölkədə milyonları fırladan yüzlərlə adam var. Bu onu göstərir ki, heç kim öz yerində deyil.
 
Günelin yerində olmamasının zərəri o ola bilər ki, siz beş-on dəqiqə o qiymətsiz vaxtınızdan (qiymətsiz ona görə yazıram ki, azərbaycanlıların vaxtı necə acımasız xərclədikləri göz qaşısındadı) Günelin yazısını oxumağa ayırasınız. Guya güclü yazı gözlədiyiniz halda zəif yazı oxuduğunuz üçün qəzəblənirsiniz. Amma bir nazirin, tutaq ki, səhiyyə nazirinin yerində olmaması minlərlə, on minlərlə insanın həyatının məhv olması deməkdi. Küçəylə gedərkən yanımdan bahalı-bahalı maşınlar ötür, baxırsan yüz minlik, yüz əlli minlik maşınlardı, salonlardan gələn musiqini eşidəndə öz-özünə düşünürsən, ilahi, gör ölkədə pul kimlərin əlindədi. Pul o adamların əlindədir ki, onlar ölkəni Üzeyir Hacıbəyov səviyyəsindən Üzeyir Mehdizadə səviyyəsinə endirdilər. Bu ölkənin mədəni səviyyəsinin göstəricisidi. Nəyin paxıllığını çəkirsiniz? Yarı ac, yarı tox yaşamağımızın? Bu ölkədə hamıya arxa duran var. Biri İrandan alır, biri Turandan, biri ərəb ölkələrindən, yüz minlər sağa-sola axır. Biz isə ən zəruri kitabları nəşr etməyə pul tapmırıq. Lütfən, xahiş olunur öz nifrətinizi lazımi yerlərə yönəldin, öz nifrətinizdən  təyinatına uyğun istifadə edin. Yox əgər buna cəsarətiniz çatmırsa heç olmasa sakit dayanmağı öz hisslərinizi gizlətməyi öyrənin…
 
Seymur Baycan
Kultura.az
Yuxarı