Köhnə nəslin nağılları

Публицистика

 
Və qulaqlarımızı bu suallarla elə doldururdular ki, həmişə şüuraltımızda Sovet dövrünün tələbələrinin inanılmaz intellektual, dünyagörüşlü, əllərindən kitab düşürməyən tiplər olduqlarına inandırılmışıq. Orta məktəblərdə, universitetlərdə, gündəlik həyatımızda sovet dövr təhsilliləri ilə ünsiyyətdə olan istənilən mühitdə mədəni aktivliyimiz tənqid edilir. Kitablarla, teatrla, xüsusuilə də Azərbaycan teatr və filmləriylə zəif bağlarımız deyəsən onları yaman narahat edir, amma bir tərəfdən də bunlar narahatçılıqdan çox, yaxşı bir bəhanəyə bənzəyir.  Əllərində bunu bayraq edib hər dəfə üzümüzə vururlar. Bunlar planlı şəkildə edilməsə də, sadəcə öz eqolarını rahatlatmaq xatirinə danışılan uydurmalar olsa da, zamanla gördük ki, bunlar ciddi-ciddi bizi psixoloji olaraq əzir və özünə inanmayan, aciz hiss edən gənc kütlə formalaşır. Bununla mübarizə aparmağın ən optimal yolu isə bu danışılanların etimologiyasını və nəticəsini araşdırmaqdır. 
 
Bir balaca düşünəndə isə görürsən ki, sən demə bütün bu danışılanlar pafosdan başqa bir şey deyilmiş. Deməli, əvvəla bu insanların “biz çox oxuyurduq” iddiaları tamamilə dövrün təhsil sistemi və sosial mühitin vadar etdiyi və yaratdığı mənzərə idi. Məktəblərdə belə bir məcburi mühit yaradılmışdı, oxumaq dəbdə idi, bədii ədəbiyyat oxumaq əla və əyləncəlı məşğuliyyət idi və ən əsası “havalı” idi. Bu insanlar özləri oxumurdular, onları sistem oxutdururdu. Mühit belə qurulmuşdu. Bu səbəbdən bədii ədəbiyyat oxuma ənənəsi formalaşmışdı. Bu, gənclərin fərdi məşğuliyyəti deyil, kütləvi ənənə idi. İradi seçimlər deyil, spontan davranışlar idi. Kütləvi ənənə ilə fəxr etmək olmaz. Müqayisə edək, bugünün gənclərində də facebookda status yazma ənənəsi var, R&B-ə qulaq asılır, müntəzəm film izləmə ənənəsi var, bunlarla oturub fəxr etmək nə qədər məntiqlidir? 
 
Bir başqa məsələ, bu insanlar nə oxuyurdular? Mən deyim, zərərsiz ədəbiyyat. Sosialist diktaturanın senzura süzgəcindən keçirilmiş ən xırda ədəbiyyatlar oxutdururdu. Bir dənə insan tanıyırsızmı, Dino Busatti oxusun və ya Corc Oruel? Yox. Eyni şey Azərbaycan ədəbiyyatı üçün də keçərlidir. Səməd Vurğun oxuyanların repressiya qurbanları heç yadlarına düşürdümü? Burda ədəbiyyat tapmaq probleminin olduğunun fərqindəyəm, lakin əslində mənim onlardan tələbim anarxist və ya inqilabi ədəbiyyat oxumaqları deyil, bu ümumiyyətlə məni maraqlandırmır da. Mənim arqumentim, əslində oxuduqları ədəbiyyatın nə qədər təsirsiz və seçilmiş olduğunu görmələridir. Bu qədər fəxrli danışıqlar zamanı əslində ədəbiyyatın passiv nümunələrini oxuduqlarını, dərinlərə isə heç vaxt enmədiklərini bilsinlər. 
 
Qeyd etməliyəm ki, oxunulan kitabların sayı həddən artıq çox ola bilər, hamısı yüksək oxuma sürəti ilə qısa müddətdə neçə-neçə qalın romanları bitimiş ola bilərlər, amma inanın, əksəriyyətinin işlətdiyi cümlə var: “Oxumuşam, amma yadımda deyil”. İnanın, oxunulanların heç biri  təhlil edilmədən, dərk edilmədən oxunulub. Güman ki, səbəbi könülsüz  oxumaq olmasıdır. Hamısı zəmanə ilə ayaqlaşmaq xatrinə bitirilən kitabların sayını artırmaq məqsədi güdüb. Ona görə indi bu qədər passiv bir cəmiyyətin içindəyik. Çoxlu kitab bitiriblər, amma heç birini xatırlamırlar.
 
Başqa bir məsələ, bu insanların dərsdən kənar fəaliyyət olaraq həmişə nümunə gətirdikləri faktor məhz ədəbiyyat faktorudur. Bu insanlardan soruşmaq lazımdır, bu qədər aktiv gənclik ikən, niyə heç vaxt bu enerjilərindən bir azını da idmana ayırmayıblar? Avropada 50 cür cərəyanın bir-biri ilə yarışdığı vaxtda niyə bizimkilərin incəsənət aləmi ilə uzaqdan-yaxından əlaqələri olmayıb? Niyə dünya tarixini heç vaxt könüllü oxumayıblar? Fəlsəfədən niyə xəbərləri yoxdur? Allahın marksizminin belə iqtisadi mahiyyətini bilmirlər.
 
Və gəldik qızıl nöqtəyə. 20-30 il keçdi, quruluş dağıldı, SSRİ tələbələrinin dayanmadan bədii ədəbiyyat oxuyub intellekt artıran vaxtları ötüb keçdi. Amma prinsibcə bünövrəsi belə qoyulmuş gəncliyin yetkin yaşları da oxumaqla keçməli idi. Amma əks effekt oldu, bu insanlar kitabları elə bükdülər, elə bükdülər ki, elə bil bir də açmayacaqlarına gizli and içiblər. Kütləvi oxumaq ənənəsi SSRİ-dən də əvvəl dağıldı. O gün bu gündür ki, bərpa edilməyib.
 
Düzdür, 3-5 Azərbaycan tamaşasına və 5-10 Azərbaycan filminə baxıblar, hə, çünki Aztv-dən başqa  baxacaqları telekanal yox idi. Hamısı məcburiyyətdən. Tamaşalara da televizor vasitəsilə baxıblar, teatra getmək ənənəsi çox seyrək olub o vaxt da. Bu gün  isə telekanal çeşidləri  var, amma onlar öz kanallarını deyil, türk kanallarını seçirlər. Bu gün bu insanlar türk seriallarına baxmaqla məşğuldur. Hətta Azərbaycan xalqı məhz bu işlə məşğuldur. Onlar üçün dərsdən və işdən əlavə məşğuliyyət məhz türk istehsalı seriallardır. O qədər türkcəyə qulaqlar öyrəşib ki, yeni Azərbaycan seriallarına baxanda ssenari dili bizə yad gəlir, gülünc gəlir. Seriallarımız hələlik keyfiyyətsiz ola bilər, amma günahın yarısı da öz səhnə dilini unutmuş xalqdadır. Uşaqlar oyun zamanı türk dilində danışırlar və heç kim bundan narahat deyil. Heç bir ailə uşaqlarının yanında kitab oxumur, övladlarını əllərindən tutub teatra, klassik musiqi konsertlərinə aparmırlar. Noldu Azərbaycan tamaşalarının vurğunu olan bu insanlara? İndi niyə baxmırlar? 
 
Bizdən bir əvvəlki nəslə bu qədər hücum etmək sərt görünə bilər, amma inanın illərdir o qədər tənqid edilirik ki, düşünürəm gənclərimizin əlində arqumentlərin olması işimizi yüngülləşdirəcək. Amma vurğulamaq istədiyim bir məsələ daha var. Ədəbiyyat bizim maraq dairəmizdə deyil. Pöhrələnməyə başlayır amma tənqid etdiyim insanların çox gerisindəyik.  Əgər sərhədlərimiz daxilindəki bütün orta məktəb və universitet sıralarını dolduran gəncləri nəzərə alsaq, çox uğursuz və passiv gənclərik. Hər şey əlimizin altındadır, amma heç nəyə düzgün vaxt ayıra bilmirik. Təhsil ocaqlarımızın 90%-i işləmir. Bütün bunların günahının 90%-i də elə sistemdədir, amma yerdə qalan 10%-i  təşkil edən bizlər də heç nəyə cəhd göstərmirik. Bu qədər tüfeyli həyat tərzi keçirən gənclərdənsə, kaş biz də faydasız və spontan bədii ədəbiyyatla məşğul olardıq. İntellektual gənclərimiz çoxdur, hətta SSRİ-nin intellektuallarından çox daha savadlı gənclərimiz var, amma say olaraq çox azdırlar. 
 
Beləliklə, bu yazı ilə SSRİ-ni tənqid etmək niyyətində deyiləm. Həmçinin paralel olaraq öz gəncliyimizi də müdafiə etmək məqsədi daşımıram. Sadəcə olaraq, haqsız olaraq çox yarğılanırıq və artıq buna yavaş-yavaş son verməliyik. 
 
Günel Mehdiqızı
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade