"Ölü evdən qeydlər"

Сеймур БАЙДЖАН

Beləliklə, xeyli faydalı əsərlərlə tanış oldum. Seçim də azad idi. Bəxtim gətirdi. Həm universitetə gedib gəlirdim, həm də ədəbiyyat oxuyurdum. 
 
"Ölü evdən qeydlər" əsəri elə ilk oxunuşda məni sarsıtdı. O vaxtlar oxucu kimi səviyyəm xeyli aşağı olsa da, həssalığım sayəsində əsər mənə təsir göstərdi. Sonralar "Ölü evdən qeydlər" əsəri Dostoyevskinin digər əsərlərini daha yaxşı anlamaq üçün mənə xeyli kömək etdi. Təəssüf ki, əsər nədənsə Azərbaycan dilinə tərcümə olunmamışdı və ölkəmizdə Dostoyevskinin bu əsəri ilə tanış olan adamların sayı az idi. Ola bilsin, bu səbəbdəndir ki, bir çox insanlar Dostoyevskini oxuyub yalnış nəticələr çıxarırdılar. 
 
Mənim ədəbiyyat aləmimdə "Ölü evdən qeydlər" o əsərlərdəndir ki, o əsər haqqında yazmaq çətindi. Çətindir deməklə vəziyyəti daha dolğun ifadə etmiş olmuruq. "Yazmaq olmur" sözü vəziyyəti özündə daha real ehtiva edir. 
 
"Ölü evdən qeydlər" o əsərlərdəndir ki, sən bu əsər haqqında yalnız öz tövsiyyəni oxucuya çatdıra bilərsən. Bəli, bu əsər diqqətlə oxunsa, yaxşı olar. Ya da əsərlə ilk dəfə nə vaxt, harda, necə, kimin vasitəsi ilə tanış olduğun haqqında əhvalat yaza bilərsən. 
 
"Ölü evdən qeydlər" əsərini ovqatımdan, maddi vəziyyətimdən, harda olmağımdan asılı olmayaraq, daima xatırlamışam. Hər zaman "Ölü evdən qeydlər" əsəri necəsə, hər dəfə bir fərqli formada cürbəcür tərəflərdən özünü mənə xatırladıb. Hətta heç uyğun gəlməyən, ilk baxışdan adiyyəti olmayan məqamlarda belə, bu əsər haqqında düşünmüşəm. 
 
"Ölü evdən qeydlər" daima xatırladığım, amma haqqında çox az danışdığım əsərlərdən biridi. Nə vaxt bu əsər haqqında düşünmüşəmsə, bir istəyim də istər-istəməz, içimdə təzədən baş qaldırıb. İstərdim ki, bu əsəri polislər, prokurorluq işçiləri, gömrük işçiləri,  ümumiyyətlə, hüquq-mühafizə orqanlarının əməkdaşları, həbsxana rəisləri, həbsxana nəzarətçiləri, eləcə də həbsxanda yatanlar oxusunlar. İmkanım olsaydı, bu əsəri kütləvi tirajla nəşr edib bütün həbsxanalara yayardım. Bəlkə bu əsərin sayəsində adamlar bir-birilərini tanıyar. Bəlkə bu əsər adamlara başqalarının ağrılarını, iztirablarını hiss etməyi, bir-birinə hörmət bəsləməyi öyrədə bilər. 
 
Qanun nəşiriyyatı "Ölü evdən qeydlər" əsərini Azərbaycan dilində nəşr edib. Kitabı vitrində görəndə tərcümənin keyfiyyətinə baxmaq üçün kitabı aldım. "Ölü evdən qeydlər" əsərinin Azərbaycan dilinə çevrilməsi bu əsəri bir daha oxumağıma səbəb oldu. Çox çətinliklə oxudum. İki günə bitirdiyim bu əsər az qala hər səhifəsində düşünməyə, olub keçənləri xatırlamağa, baş verənlərə bir başqa tərəfdən bax-mağa vadar edirdi. Başa düşüdüm ki, bu əsərdəki iztirabın sərhədi, bu əsərdəki ağrının hüdudu yoxdu. 
 
Çaplin deyirdi ki, hər bir kəs məni öz səviyyəsi qədərində başa düşür. Yəni, Çaplinin filmlərində mesajlar sonsuzdur. Sən inkişaf etdikcə, tutduğun bu mesajların sayı da artacaq. (bax. Gülmək və ağlamaq dillemması qarşısında
 
Eyni fikri bir başqa formada "Ölü evdən qeydlər" əsəri haqqında da demək olar. Sənin ağrıların və həssaslığın nə qədər artacaqsa, bir o qədər də əsərdəki ağrıları hiss edə biləcəksən. Oxucu ilə müəllif arasında hər zaman uçurum var və bu uçurumun adı ruhi vəziyyətdi. Elə əsərlər var ki, onları yazan zaman müəllifin enerjisini (dəxli yoxdu necədi) oxucuya xəyali bir naqillə ötürə bilsək, bu enerji oxucunu ya daşa döndərər, ya kül edər, ya da əridər. 
 
Ölülər evindəki ağrılar sonsuzdur. Əsəri oxuyub bitirəndə azadlığın necə böyük nemət olduğunu bir daha hiss etdim. Evdə otura bilmədim. Əsərin göstərdiyi təsir nəticəsində geniş həvəslə açıq havada gəzmək, ətrafa doya-doya baxmaq, doyunca yemək, oturub doyunca çay içmək istədim. Neçə gündü təmiz havada gəzmək həvəsim ölmür. 
 
"Ölü evdən qeydlər" əsərinin təsiri ilə neçə gündür insanlara, küçələrə, dənizə tamam başqa gözlə baxıram. Havanı ciyərlərimə elə ürəklə çəkirəm ki, sanki dünənə qədər udduğum hava yox, mühərrik tüstüsü imiş. 
 
Yazın gəlişini bütün hüceyrələrimlə hiss edirəm. Bununla belə, azadlığı olmayan günəş şüasına, təmiz havaya, açıq havada gəzməyə həsrət qalmış adamlar haqqında da düşünürəm...
 
Seymur Baycan
Reytinq qəzeti
Kultura.az | Developed by Samir Yahyazade