Heminqueydə “Nə var, nə yox” haqqında

Публицистика

 
Heminquey barədə  həmişə təzadlı fikirlər eşitmişəm. Onu primitivlikdə qınayırlar:  populizmə qaçır, çox oxunur, kütləvidir,  İntellektdən heç nə yoxdur... 
İntellektuallar əsasən Kafkanı və Folkneri oxuyarlar. Bəlkə də soruşsan Folknerdə səni çəlb edən nədir, heç bir tutarlı cavabı olmayacq. 
 
Ortada  iki qütbə bölünən oxucu var, Folknerçilər və bir də Heminqueyçilər, yəni intellektuallar və qeyriləri. Bu iki zirvəni Dostoyevski  və Tolstoyla müqayisə etmək olar. 
 
Uşaq vaxtı “Qoca və dəniz” əsərini oxumuşdum. Dənizçının dodalarının çat verməsi, şirin suya olan ehtiyacı inanılmaz izlər buraxmışdı məndə. 
İndi də boz səhralardan keçəndə, dənizin şor suyunu dadanda həmişə bu əsəri xatırlayıram. 
 
“Kilimancaro qarları”nda Heminquey  tam başqa bir yazıçıdır. Reallıqla irreallıq arasında son dərəcə incə keçidlər edir, yuxu və həyat, arzu və reallıqlar-çırpınan iki qanad kimidir. 
 
Heminquey burada tam fəqlidir. O düşüncə axınını qələmin ucuna yönəldə bilim. Düşüncələr, arzular, xəyallar sel kimi axır. Yazıçının ustalığına valeh olursan. 
  
“Klassiklər” seriyasından onun daha bir kitabını nəşr etdik “Ya var, ya yox (To Have and Have not). Yenə dəniz, yenə balıqçılar, şəhər həyatı, kasıblıq, həyat uğrunda mübarızə, qaçaqmalçılar, kişilərin qazanclarına möhtac olan Amerika ailəsi. 
 
İnsan alverçisi, əslən çinli olan mister Sinq təcrübəli dənizçi Harrinin qayığını kirayə götürür. Artıqlaması ilə pulunu ödəyir. Harri 12 nəfər çinlini aparmalı amma geri qaytarmamalıdır. Yəni hardasa dənizə batırmalıdır. Başqa, daha yaxşı həyata can atan çinlilər fırıldaqçı Sinqə küllü miqdarda pul ödəyirlər ki, təki başqa yerə gedə bilsinlər. Amma onları qarşıda nələr gözləyir, kimsə xəbərsidir. Yüzlərlə belə insanlar gedib və geri dönməyiblər. Hamıya elə gəlir ki, əgər geri dönməyiblərsə demək yaxşı bir həyata düşüblər. Daha xəbərləri yoxdur ki, onlar sadəcə dənizin dibinə gömülüblər. 
 
Harri sələfləri kimi etmir, yəni 12 nəfəri öldürməkdənsə bir nəfəri, elə o qayığı kira edən Sinqi öldürür. 
 
Bu əsərdən qısa bir epizoddur. Ən yaxşı obrazlardan biri də arvadını təngə gətirmiş yazıçıdır. Əlbəttə, bu elə Heminqueyin özüdür. 
 
Bütün əsərlərində mütləq ya bir yazıçı var, ya da bir yaradıcı adam . Və mütləq onun yanında bir varlı, kübar bir xanım var və mütləq o xanımın gözü ətrafda daim kimisə axtarır. Heminiqueyin əsərlərində olan yazıçıların hamısnın arvadları xəyanətə meyillidirlər. Yazıçılar isə daim obraz axtarışında, müşahidə məqamları seçməkdədir. 
 
Həmişə sonda o tənhadır.  Hamı tərəfindən atılmış halda ya xəyallarının dalınca uçur, ya da kimlərsə onu kefli, səndəlləyə-səndəlləyə gedən görür. 
 
Məncə bu əsəri hər bir kişi oxumalıdır. İnsanları tanımaq, yaşamaq uğrundan mübarizə aparmaq  baxımından xeyli öyrənməli məqamlar var.
 
“Ya var, ya yox”  məgrurluq, cəsurluq, qorxmazlıq haqqında bir kitabdır. 
 
Mütləq sonda bir mühüm məsələni qeyd edim. “Kilimancaro Qarları” və “Ya var, ya yox”u Mahir Qarayev tərcümə edib. Mahir Qarayevi əvvəllər də tanıyırdım. Rəsmi münasibətimiz olub. Hər iki əsərdən sonra ona tam başqa cür baxıram. İndi, Mahir çox əziz və çox vicdanlı, rəğbətlə yanaşdığım biridir. Oxuduqca onun əziyyətini hiss edirsən.  Axtarışları, yeni söz tapanda sevinci mətnin içindən aydın görsənir.   Hər iki əsərin Mahir usta qələmindən çevrisi dərhal bilinir.   
 
P.S. Əgər evinizə iki çörək alırsınızsa birini almayın, pulunu kitaba verin. Uşaqlıarınızı kitabla sevindirməyi bacarın. Yeni kitab görəndə sevinən uşaq sadəcə xoşbəxtlikdir. 
 
Baxın milyonları olan insanlar var, amma yenə pulları azlıq edir. Yenə qazanmaq istəyirlər. Demək ac olan düşüncədir, qarın deyil. 
Biz insanlarımızın düşüncəsini qidalandırmalıyıq. O qida isə yalnız kitabla mümkündür. 
 
Şahbaz Xuduoğlu
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade