“Şəfqət erası”

Публицистика

 
 
Cavab isə məlumdur: Olarmış və olar. Hətta yeni osventsimlər, yeni “Karnaval gecələri” (1965-ci ildə İndoneziyada 2 ay ərzində 1 milyon kommunistin qətli), 1973-cü ilin Santyaqo stadionu da yaratmaq, bütün bunlarda ya iştirakçı, ya da, sadəcə, seyrçi, “ən mütərəqqi halda” isə xronikaçı olmaq mümkünmüş. Olarmış ki, Ruanda genosidinin kadrlarına əlində buterbrod tutaraq baxasan. Və qatillərin hər dürlü vəhşiliklərini, sadəcə, adiləşmiş statistika kimi qəbul edəsən. 
Adorno ilə eyni vaxtda Alber Kamyu öz “Enmə”sində yazırdı: “Məhşər gününü gözləməyin. O, hər gün baş verir”. Madam ki, hər gün axır qiyamətdir, deməli, söhbət qeyri-adilikdən yox, gündəlik bozluqdan gedir. Nə ki mütəmadidir, o, artıq adidir. 
 
Adorno öz sualını “nisbətən qeyri-mədəni” adlandırmışdı. Onun “Osventsimdən sonra şeir yazmaq olarmı?” sualına cavabı da “Xəstəliyin üzdüyü adamın da deyinmək və donquldanmaq hüququ var. Odur ki, Osventsimdən sonra poeziya mümkün deyil fikri səhvdir” kimidir. Sadəcə, bu, hansı poeziyadır, o, nələri vəsf edəcək? – sual bundadır.  
 
Ölümdən təsadüfən qaça bilmiş adamlar soyuq və biganə olmalıdır – burjua subyektivizminin əsas prinsipi. Belə olmasa, Osventsim də mümkün olmazdı. “Kim ki, sağ qalıb, onlar əməllərinə görə arzu ilə mükafatlandırılıb – guya ki, onlar yaşamırlar, 1944-cü ilin qaz kamerasında məhv olublar və onların bütün mövcudluğu da son nəticə etibarilə ximeradır, 20 il əvvəl qətlə yetirilmiş insanın dəlilik arzularının emanasiyasıdır”, – Adorno əlavə edirdi. 
 
Və o kəslər ki, bu ximera ilə razılaşmırlar, onlar həmişə yad olaraq qalacaqlar. Yazıçı Primo Levi ölüm düşərgəsindən sağ qurtulanlardandı, 25 il keçdi və intihar etdi: özünü sağ qaldığına görə bağışlamaq, ximeralarla yaşamaq istəmədi. Yaxud rejissor Liliana Kavaninin məşhur “Gecə portyesi” filmində (nasist cəlladla məhbus qızın müharibədən sonrakı sevgisi) sağ qalanlar öz əzabları ilə baş-başadır, onların keçmişi, dərdləri heç kəsə maraqlı deyil, ətrafda hamı “obıvatel” həyatın dadını çıxarmağa çalışır və ölüm kamerasından sağ qurtarmış hansısa birinin öz şəxsi fəlakəti ilə bu harmoniyanı pozması arzuolunmazdır. 
 
Və bəzən elə təəssürat yaranır ki, ədəbiyyat da, kino da, incəsənət də insan əzabı, kütləvi istismar, siyasi biabırçılıqlar mövzusuna heç də bəşəriyyəti yeni fəlakətlərdən siğortalamaq, Yulius Fuçiksayağı “İnsanlar, ayıq olun!” qışqırmaq üçün yox, ekzotika, vuayerizm, maksimum isə, sadəcə, passiv mərhəmət hissi oyatmaq üçün baş vurur. Nə profilaktika, nə də müalicə maraq dairəsindədir. Əvvəl-axır, insan qanını ekranlara yaxmaq həm də pul qazancı deməkdir –insanlara öz həmnövlərinin əzabını seyr etmək həmişə cəlbedicidir (bu, əlbəttə, başqa söhbətin mövzusudur). 
 
***
 
Bəs necə olmalıdır? “İnsan insana canavardır” söyləmiş Tomas Hobbsu yalançı çıxarmaq, Vayner qardaşlarının “Şəfqət erası” adlandırdıqları, “SSRİ-nin son komunisti” İvan Yefremovun elmi fantastikasındakı cəmiyyət modelinin heç də xəyal olmadığını təlqin etmək gücündə olmayan ədəbiyyatın və kinonun hansı sosial funksiyasından danışmaq olar? Əgər yaradıcılıq məhsulu dirənişə yox, yaraları birtəhər sarımağa xidmət edirsə, bu, artıq sözün, filmin, obrazın gücsüzlüyüdür, güman ki. 
 
Kamyu Məhşərdən danışan vaxt Əlcəzairdə Fransa hökumətinin genosidi hər gün davam edirdi. Yazıçı, jurnalist, kommunist Anri Alleq (1921-2013) həbsə atılan yüz minlərdən biriydi. Bağlanmış “Aljir republikyen” qəzetinin redaktoru il yarım müddətində gizli fəaliyyət göstərir, 1957-ci ilin iyununda isə dostu, riyaziyyatçı professor Moris Odenlə bir gündə ələ keçir. Oden öldürülür, ancaq rəsmən onun türmədən qaçıb yoxa çıxması versiyası söylənilir (Odenin qızı, tanınmış Fransa riyaziyyatçısı Mişel Oden 2009-cu ildə Fəxri Legion ordenindən imtina edib. Səbəb: Sarkozinin onun atasının müəmmalı ölümünü araşdırmaqdan imtina etməsi). Alleq isə 2 ay ərzində gündəlik işgəncələrə məruz qalır (əsasən də, elektrik cərəyanı ilə). Ancaq heç kəsi ələ vermir. Məhbəsdə tualet kağızına yazdığı qeydlərini vəkili vasitəsilə azadlığa ötürür. 
 
1957-ci ilin sonunda Fransada onun “İstintaq” kitabı çap olunur. Damarlarda qanı donduran bu insan dramı Əlcəzair türmələrindəki işgəncələr, edamlar, siyasi aktiv qadınların zorlanması, insanların oğurlanması haqdadır. Fransa hökuməti kitabı qadağan edir, ancaq Hollandiyada nəşr olunaraq Fransaya gizli yolla gətirilən əsər ilk aylar ərzində nə qədər satılsa yaxşıdır? – 200 min tiraj. “İstintaq” digər dillərə də tərcümə edilir, o cümlədən, SSRİ-də 1959-cu ildə çap olunur. 
 
Paris hakimiyyəti üçün təhlükəli olan əsər Sartr, Simona de Bovuar, Merlo-Ponti kimi intellektualların etiraz kampaniyası başlatmasına səbəb olur. Bəs nəticə? 10 illik həbsə məhkum edilən Alleq 3 il sonra cəzasını çəkmək üçün Fransaya köçürülür. Burada – Renn hospitalından onu Fransa kommunistləri qaçırırlar. Ömrünün sonuna qədər – düz 55 il Alleq adlarını sadaladığı cəlladlarının cəzalandırılması uğrunda mübarizə aparır. Cəlladların adları məlumdur, ancaq onların heç biri məsuliyyətə cəlb olunmur, axı “qəhrəman”dırlar. 23 yaşlı inqilabçı qadın Annik Kasteli zorlamış hərbçiyə isə 2 il şərti cəza verilir, vəssalam. 
 
Fransa ictimaiyyətini bir-birinə vuran səbəb isə çox aydın idi: Əlcəzairdə avropalıya qarşı işgəncələr tətbiq olunmuşdu. Avropalı Alleqdən fərqli olaraq, ərəblərin taleyi elə də maraqlı deyildi. 
 
1977-ci ildə rejissor Loran Haynemann həmin əsər əsasında “İşgəncə ilə istintaq” bədii filmini çəkir. Film epizodik olaraq Əlcəzairdəki vəhşilikləri yenidən aktuallaşdırır, sonra isə hər şey öz sakit axarına qayıdır. Anri Alleqin qələmə aldığı həqiqətlər olsa-olsa, qurbanlıqlarla passiv həmrəylik, əzabkeşlərə mərhəmət hissi doğurur və bundan o yana getmir. Əgər Məhşər günü hər gündürsə, burada təəccüblü bir şey də olmamalıdır. 
 
*** 
 
Bu o deməkdirmi ki, ədəbiyyat da, kino da bəşəri problemləri sadalamaqdan başqa heç nəyə qadir deyil, yaradıcılıq məhsulları bir müddət diqqət mərkəzində qalacaq, müzakirə və mübahisələr doğuracaq, sonra da adiləşərək unudulacaq, nəticə etibarilə isə heç nə dəyişməyəcək?!  Anri Alleqin əzab çəkdiyi Əl-Biar məhbəsi də ABŞ-ın Quantanamosu, “uçan türmələr”i, İraqdakı Əbu-Qreyb məhbəsi ilə əvəzlənəcək – eyni qeyri-insani işgəncələr, 10-13 ildir ittihamsız saxlanılan hüquqsuz məhbuslar və s. Yəni Alleqin yazmağı heç nəyi dəyişmədi. 
 
Üstəlik, o dövrdən fərqli olaraq, bizim illərimizdə Əbu-Qreyb, yaxud Quantanamo vəhşətlərini qələmə alan əsərlərin yüz minlərlə tirajla satılmaq şansı yoxdur. 2006-cı ildə Maykl Uinterbottom gerçək hadisələri əks etdirən “Quantanamoya aparan yol” filmini çəkdi – çoxmu adam ona baxıb, passiv həmrəylik hissindən o yana hansı effektə nail olunub? Yalnız həmin ilin Berlin kinofestivalının qalibi olmasından əlavə, film heç bir mükafat da almayıb. 
 
Və yenidən əsas suala qayıdıram: Doğrudanmı, ədəbiyyat da, kino da, musiqi də artıq heç nəyi yaxşılığa doğru dəyişməyə qadir deyil? Mənim cavabım – Qadirdir. Baxır, hansı kino, hansı ədəbiyyat... 
 
Minlərlə gənci dirənişə çağıran “Ovod” ki real faktdır. Bəs indi nə dəyişib? 
 
Dəyişən odur ki, son onilliklərdə (böyük ehtimalla, 1980-cı illərdən) diktaturalara qarşı əldə silah döyüşənlərə, Azadlıq uğrunda mübarizə aparanlara münasibətdə aksent insan haqları fəlsəfəsi ilə əvəzlənib. Yəni, mübarizənin müdafiəsi yox, qurbanlıqların müdafiəsi fəlsəfəsi əsas götürülür. Ədəbiyyatda da, kinoda da müəllif və rejissor oxucuya və seyrçiyə münaqişədə hansısa konkret tərəfin mövqeyində dayanmağı, özlərini qəhrəmanlarla identikləşdirməyi təlqin edən sənət nümunələrini yox, vur-tut qurbanlıqlar haqda əsərləri təklif edirlər. Sonunda isə baş verənlər humanistik yox, humanitar fəlakət kimi qavranılır. 
 
Bəlkə də, bu meyil Kosta-Qavrasın “İtkin düşən” filmindən başlayıb (Söhbət Pinoçet Çilisində oğurlanan və öldürülən amerikalı Çarlz Hormandan gedir). Yaxud yenə də Kosta-Qavrasın “Mühasirə vəziyyəti” filmindən bəhs etmək olar (Orada isə Uruqvay partizanlarına qarşı “ölüm eskadronları”nın vəhşilikləri analiz olunur). 
 
Yəni bizlərə nə təqdim olunur? O ki, bir qrup “pis oğlan” etiraz edən bir qrup mübarizə divan tutur, bütün problemlər bu “pis oğlanlar”ın şəxsi keyfiyyətindədir, əgər onlar BMT-nin İnsan haqları bəyannaməsi ilə tanış olsaydılar, bu vəhşiliklər də baş verməzdi. Halbuki, Q.Lenqqutun sənədli “Gizli terror” kitabında (yeri gəlmişkən, Noam Xomskinin sevimli kitablarından biri) bunun tam tərsi təsvir olunur: Orada Braziliya “montenerolar”ını işgəncəyə məruz qoymazdan əvvəl məhz ABŞ-da yetişdirilmiş polislər “İndi də İnsan haqları bəyannaməsi seansına başlayaraq” deyirlər.
 
Beləliklə, ədəbiyyatda da, kinoda da qarşıdurmanın əsas, dərin və əsl motivləri gizli qalır. Göstərilmir ki, söhbət bir ovuc “pis oğlan”ın özfəaliyyətindən, yaxud maarifçiliyi axsayan hərbi rejimlərin başında dayananların korafəhimliyindən getmir. Baş verənlər heç də bir qrup hərbçi ilə azsaylı Sol ekstremistlərin münaqişəsi deyil. Söhbət, total müharibədən gedir və heç bir “İnsan haqlarının pozulmasının qarşısını almaq” yarlığı bu rəzalətlərə son qoymayacaq. 
 
Və biz bu aldanışı, hətta Argentina zindanlarında əzabların nə demək olduğunu öz misalında yaşamış rejissor Marko Beçisin “Çirkli müharibə”ni ifşa edən çox güclü “Olimpio qarajı” filmində də görürük,  Benhamin Avilonun “Gizli uşaqlıq” filmində də, yaxud Andres Vudun Çilidə hərbi çevrilişdən bəhs edən “Pedro Maçuka”sında da. 
 
Aldanış da bundadır: guya ki pis müstəntiqi yaxşısı ilə əvəzlə, polislərə insan haqları kursu keç, hakimiyyətlərə barmaq silkələ, mətbuatda bu barədə yaz, kitablar həsr et, filmlər çək və Videla da, Pinoçet də, Suxarto da, digər çoxsaylı amansız cəlladlar da yeni osventsimlərə son qoyacaqlar. Bu əfəl doktrina son onillərdə xüsusilə dəbdədir, çoxsaylı fondlar, dərnəklər, qeyri-hökumət təşkilatları onun transformatoru rolunda çıxış edirlər. Və onların məntiqinə görə, diktaturalarda “daxili müharibələr”, hökumətlərin öz xalqlarına qarşı savaşları təbliğatla, ağıl öyrətməklə, savadlandırmaqla aradan qalxacaq, Sistem isə qalsa da olar.
 
*** 
 
20-ci əsrin ilk yarısının ədəbiyyatından və incəsənətindən bugünkünü fərqləndirən də elə budur. Ancaq ümid yeri var, çünki bu nəticə ilə razılaşmayanlar həmişə olub və olacaq da. Tipik misal – Rodolfo Uolş (1927-1977). 
 
Əfsanəvi jurnalist, tanınmış Argentina yazıçısı, Sol intellektual Rodolfo Uolş diktaturalarda məqsədyönlü terror və işgəncələrin kökündə dayanan motivləri ilk açıqlayanlardan biri idi. Məhz o, Latın Amerikasında (və ardınca sonralar dünyanın hər yanında) qurulan yeni tip diktaturaların öz xalqına qarşı tətbiq etdiyi terror şokunun, əslində, iqtisadi şoku (“terapiyasız şok”) asanlaşdırmaq məqsədi daşıdığına diqqət çəkir. Yəni insanları qorxutmaq, mübarizləri məhv etmək və neoliberal iqtisadi modeli yaymaq üçün bütün potensial narazıları aradan götürməklə neytrallarda ümidsizlik və məğlubluq sindromu yaratmaq. Bir yazıçı üçün bu gizlədilmiş səbəbi aşkarlaya bilmək böyük fəhm və analiz qabiliyyəti tələb edirdi. Yəni Uolş deyirdi: Elə bilməyin ki, diktatura yalnız aktiv dirənişçiləri məhv etməklə kifayətlənəcək, xeyr. Onun düşməni olmaq üçün neytral olmaq, yaxud silahla döyüşmək arasında fərq yoxdur. Onun məqsədi neoliberal iqtisadi modeli bərqərar etməkdir (təsadüfi deyil, Latın Amerikası diktaturalarında “Çikaqo oğlanları” iqtisadi siyasətə məsul idilər), bu ağrılı, xalqı yoxsulluq və dilənçiliyə məcbur edən, bir qrup işbazı və transmilli korporasiyaları zənginləşdirən qeyri-insani modeli yeritmək üçün isə bütün narazılar susdurulmalıdır. 
 
Uolş siyasi terrorun yaratdığı şokun iqtisadi şokdan yaranacaq dirənişi sıfıra endirmək üçün tətbiq olunduğunu yazır. Və Videla hakimiyyətinin 1-ci ildönümündə  – 1977-ci ilin 24 martında “Yazıçının hərbi xuntaya açıq məktubu”nu qələmə alır.  Uolş “Açıq məktub”da yazır: “Hökumətin iqtisadi siyasəti nəinki terror və işgəncələrin əsl səbəbini tapmağa kömək edir, həm də milyonlarla insanı məqsədyönlü şəkildə dilənçiliyə sürükləyən ən böyük vəhşilikdir”. 
 
Məktubu 10 nüsxə edərək səhərisi gün paytaxt Buenos-Ayresə gəlir, təsadüfi ünvanların poçt qutularına salır (onu oxuyanlar başqalarına ötürməliydilər), elə həmin gün də xuntanın özünə “1 nömrəli düşmən” elan etdiyi yazıçı qurulmuş tələyə düşür. 
 
O təkrarlamağı sevirdi: “Danışmaq – cinayət deyil, cinayət odur ki, özünü həbs etməyə imkan verəsən”. Silahlı müqavimət göstərir və onu diri tutmaq əmrini verən generalların arzularını gözündə qoyur. Cəsədi yandırılır, külü çaya atılır. Yazdıqları isə qalır. 
 
Rodolfo Uolşun mətnləri tamamilə başqa ədəbiyyatdır. O ədəbiyyat ki, rəzaləti situasion sapıntı yox, Sistemin atributu sayır. Ona görə də insan haqlarını qorumaq üçün direktivlərə, məktəblərə, beynəlxalq dəllalların hesabatlarına yox, bu gün və burada Sistemə qarşı fundamental dirənişə çağırır... 
 
*** 
 
Hazırda isə vəziyyət bu cürdür: Mədəniyyət və incəsənət nümayəndələri Osventsimdə insan hüquqlarını qorumağı Hitlerdən xahiş edən siyasətçilərə bənzəyirlər...
 
Məmməd Süleymanov
 
1937.az
Kultura.az | Developed by Samir Yahyazade