Seymur Baycan: Onları heç vaxt bağışlamayacam!

Интервью

 
 
- Səncə, Anar heç olmasa, həyatından nəsə yaza bilərmi?
- Yox, heç həyatından da yaza bilməz! Onun həyatı başdan-başa ləkələrdən ibarətdir. özü haqqında yazmağ böyük cəsarət tələb edir. Məsələn bizdə nə qədər məmur yazıçılar var. Boş-boş əhvalatlar uydururlar. Halbuki öz həyatlarından yazsalar daha maraqlı olarlar. Nə etməli yaza bilməzlər.  Parlamentdə neçə yazıçı oturub. Biri götürüb parlamentin bir günün yazsa nə qədər maraqlı alınar. Yaza bilməzlər. Elçin Əfəndiyev gülməli nağıllar yazır. Götürüb oturduğu binada baş verənləri yazsa daha maraqlı alınar. Yaza bilməz. Çünki oturduğu bina haqqında yazmaq üçün onda cəsarət yoxdu. Yaxasından tutub tulllayarlar bayıra və nəticədə daha heç bir teatr onun və atasının mənasız əsərlərini yaxına buraxmaz. Lakey mirzələr onun haqqında sabunlu  məqalələr yazmaz. Onlar bunu çox gözəl bilirlər. Bilirlər ki, kresloları olmasa o yaltaq mirzələr heç vaxt onların yaradıcılığını tərifləməz.  
 
- Seymur Baycan, necə kor-koranə şəkildə səni daşlayırlar, elə sən də kor-koranə şəkildə başqalarını daşlayırsan.
- Daşladığım adamlarla məni daşlayan adamlar arasında böyük fərq var. Mən  azadlığın tərəfdarı olduğum üçün daşlayıram, məni daşlayanlar isə köləliyin tərəfdarıdırlar. Onlar mənim azadlığımı həzm edə bilmirlər.  
 
- Əkrəm Əylisli haqqında da eyni fikirdəsən?
- Bizim köhnə yazıçıların içində bir balaca özünü yazıçı kimi aparan Əkrəm Əylislidir. Heç olmasa, o, bir az da olsa, yazıçıya oxşayır. Qalanları məmurdur. Ancaq Əkrəm də yazıçı kimi bitibdir. Onun «Ətirşah Masan» əsərini oxudum və gördüm ki, tükənibdir. 
 
– Seymur, Anar və Elçin Əfəndiyev sənin dediyin kimi təkcə məmur olsaydılar, yəqin ki, sən onların haqqında belə sözlər deyə bilməzdin. Desən də, qorxundan qaçıb hardasa gizlənərdin.
– Bunların hamısı Sovetin şişirtdiyi insanlardır. Hamısının romanlarını yəhudilər düzəldib, indi yəhudilər yoxdu deyə qalıblar düzdə. Müstəqillik dövründə nə Anar, nə Elçin Əfəndiyev ortaya ciddi bir əsər qoymayıblar. Çünki Sovetin parnikində yetişiblər. İndi çıxardıb qoyublar çölə və onlar da artıq çöldə yaşamağı bacarmırlar. 
 
– Bəs Elçin Əfəndiyevdən nə istəyirsən?
– Elçin Əfəndiyev atasının mənasız əsərləri ilə teatrları işğal edib. Onun o biri qardaşı da 20 ildir İncəsənət Universitetini yaman günə qoyub. Elçinin, az qala, 80 yaşı olur, müsahibələrini, yazılarını oxuyursan, elə bil su idarəsinin müdiri danışır. Bir dənə də yazıçı yanaşması yoxdur. Bir dəfə gənclik sevgisindən açıq-aşkar danışmır, çünki uşaqdan, xalqdan, mentalitetdən qorxur. Sonra da  məcbur edir ki, onun nağıllarına inanım və qəbul edim.
 
– Seymur, bəs düşünmürsən ki, sənin danışdıqların da xırda bir müxalifət partiyası mətbuat katibinin köməkçisinin sözlərindən fərqlənmir?
– Bir söz var, deyir, filankəs öz pisliyindən qalmırsa, mən niyə öz yaxşılığımdan qalmalıyam? Niyə bu sözləri deməməliyəm?
 
– Eyni sözləri deməkdən yorulmursan?
- Yox, yorulmuram. Onları heç vaxt bağışlamayacam! Haqq-ədalət öz yerini tapmalıdır, yedikləri burunlarından gəlməlidir. Çünki çox pis hərəkətlər ediblər, onlar çox istedadları söndürüblər. Həmişə istəyiblər ki, hamı onlara yaltaqlansın, atalarını tərifləsin. Bu bütlərə inanan adamlar dəli olurlar ki, Seymur niyə Anara, Elçinə sitayiş etmir. Kimdir Anar, Elçin?. Boş və mənasız adamlar. İndi sən təsəvvür et ki, bu mənasız adamları ziyalı və yazıçı kimi qəbul edənlər onlara yaltaqlananlar onlara sitayiş edənler nə dərəcədə mənasız adamlardı. 
 
– Sənin həmişə şəxsiyyətin tənqid olunur. Heç nə vaxtsa yaradıcılığın təhlil olunub?
– Yox, olunmayıb. Bizdə azad tənqidçi yoxdur. Yazıçılar Birliyindən maaş alan adam  yaradıcılığımı necə obyektiv təhlil eləyə bilər? Başının üstündə Anar qorxusu var.  
 
– «Quqark» romanındakı nöqsanları özün görürsən?
– Təbii ki, o əsərimdə xeyli boşluqlar var. Sonra oxudum və gördüm. Ancaq məsələ burasındadır ki, əsərin nöqsanları tənqid olunmadı. Harada güclüydümsə, o yeri tənqid elədilər. Tutulan iradların böyük əksəriyyətində onlar öz savadsızlıqlarını göstərdilər. «Quqark»ı Elçin Əfəndiyev, Anar yazsaydı, tərif demək üçün növbəyə düzülərdilər.
 
– Bunlar sənin üçün maneədir ki?
– Yox, qətiyyən! Bunlar mənim üçün maneə olsaydı, çoxdan tükənmişdim.
 
– Seymur, əsərlərində ancaq özünü yazırsan, nə vaxt özündən canını qurtarmaq fikrin var?
– Həyat təəssüratlarım çoxdur. Həyata həddindən artıq tez başlamışam. Ailədə sərbəstlik veriblər. Atam dövrünə görə yaxşı usta olub, yaxşı yeyib-içən adam olub. Ümumiyyətlə, bizim nəsil istedadlıdır. Demirəm, milyoner olmuşuq, amma təminatlı ailə olmuşuq. Məni həmişə yaxşı geyindiriblər. Əynimə hansı kostyumu istəyirdimsə, xəsislik etməyib alıblar. 14 yaşımda evdən çıxıb gəlmişəm Bakı şəhərinə, artıq 22 yaşımda postsovetin bir xeyli şəhərlərini, Orta Asiyanı – Türkmənistanı, Qazaxıstanı, Qırğızıstanı gəzmişdim. Müharibə, mitinqlər,imperiyanın çöküşünü görmüşəm.  Xeyli tədbirlərdə iştirak etmişəm. Yəni yazmağa təəssüratlarım çoxdur, sözüm çoxdur, ürəyim doludur. Təssuratın çoxluğu həssas olmağımla bağlıdı. Deyildiyi kimi- qəlb kor olandan sonra gözlərin görməsində fayda yoxdu.   Özümü yazmaqdan yorulmuram.  Çünki özümlə bərabər həm də ölkənin tarixini yazıram. 
 
– Əsərlərinin demək olar ki, hamısı avtobioqrafikdir. Amma avtobioqrafik əsərləri ciddi ədəbiyyat hesab eləməyənlər də var.
– Bunun özü də insanların savadsızlığına dəlalət edir. Amerika yazıçısı Tomas Vulf deyib ki, mən «Quliverin səyahəti» əsərindən daha yaxşı bir avtobioqrafik əsər tanımıram, istənilən ciddi sənət əsəri avtobioqrafikdir. Özünü yazan yazıçılar çox olub, insanlar niyə bunu anlamırlar, qısqanclıqla qəbul edirlər, bilmirəm. Mən özümdən yazıram, oxunuram. Bir dəfə “Körpüsalanlar” romanında başqalarından yazmağa cəhd etdim. Alınmadi. Ona görə o romanın adını hallandırmıram. Özüm haqqında yazmaq  daha rahatdır. İndən belə də özüm haqqında yazacam.    
 
– Hərbi xidmətdə olmusan?
– Əlbəttə! 
 
– Çoxları sənin adını yeməklərlə yanaşı çəkir. Seymur romanında yeməkdən yazıb, məqaləsində yeməkdən yazıb, söhbətlərində də yeməkdən danışır. Niyə belədir?
– Yeməklər mənim yaradıcılığımın ortasından keçən qırmızı xətdir. Burda heç bir yenilik yoxdur. Ədəbiyyat aləmində yeməkdən detallarla yazan yazıçılar çox olub.  
 
– Sənin haqqında fikirlər var ki, Seymur özü üçün bir imic formalaşdırmağa çalışır və müəyyən mənada buna nail də olub. Seymurun çıxışlarının çoxu reklama hesablanıb.
– Mən piarı çox yaxşı bacarıram, nəyi harda yazmağı, hansı sözü harda deməyi də yaxşı bilirəm. Məsələn,  «Azadlıq» qəzetində Fazil Mustafa haqqında bir cümlə də yazmadım. Çünki orda Fazil haqqında nə yazsaydım, deyəcəkdilər ki, Əli Kərimlinin qəzetində yazır, orda da Fazil Mustafa haqqında yazının getməsi təbiidir. Dəli deyiləm ki? Fazil haqqında gedib başqa qəzetə yazaram.
 
– Doğurdan, belə şeylər səndə planlı şəkildə olur?
– Mən öz müstəqilliyimi qorumaqdan ötrü bir neçə yerdə yazmağa məcburam. Yəni «Reytinq»də sözüm varsa, burda deyirəm, «Meydan»da sözüm varsa, burda deyirəm, «Kulis.az»da sözüm varsa, burda deyirəm, «Publika.az»da sözüm varsa, burda deyirəm.
 
– Bəziləri də düşünür ki, Seymur bu mühitdə təsadüfi adamdır, onun istedadı yoxdur.
– Onlar bunu düşünməyə məcburdurlar. Çünki onlar yalnız istedadlarına arxayındılar. Mənsə zəhmət çəkirəm, hər gün qarşıma bir kitab qoyub oxuyuram. Əgər bu gün oxumadımsa, sabah əvəzini çıxıram, oxuyuram. Bu da öz nəticəsini göstərir. İstedada çox arxayın olmaq olmaz. Əziyyət çəkmək lazımdır. Bu mənada  özüm özümü yetişdirmiş, özüm özümü yaratmış adamam. Bizim ədəbi mühit tamadalarla, aşıqlarla zəngindir. Onların işi gücü lətifələr danışmaqdı. Onlar ən uzağı lətifələrlə yadda qala bilərlər.  Ona görə bir balaca prosesi ciddiləşdirmək istəyən, yeniliyə cəhd edən  adamlara  bu tamadalar nifrət edirlər. İndi savadlı, ədəbiyyata ciddi yanaşan müasir fikirli gənclər yetişməkdədi. Gərək   bu gənclər daha da aktiv olsunlar. Yazılar, hekayələr, romanlar  yazsınlar ki, ədəbi mühit tamadalardan, aqrar təfəkkürlü təlxəklərdən təmizlənsinlər.       
 
– Seymur, hərdən özün də darıxırsan, qalmaqala meyl edirsən, istəyirsən ki, gündəmi məşğul edəsən.
–  Bunun özü də bir istedad və təcrübə tələb edir. Mənə qalmaqal yaradırsan deyə irad tutan adamlar çox böyük məmnuniyyətlə istəyərlər ki, özləri də bunu bacarsınlar. Elə bilirsən ki, Azərbaycanda sensasiya yaratmaq istəyən adamlar yoxdur? Var. Sadəcə, eləyə bilmirlər. Savadları, istedadları, baqajları yoxdur. Yalandan saqqal saxlayırlar. Amma o saqqalın arxasında heç bir intellekt dayanmır.
 
– Məncə, ola bilməz ki, maraqlı görünmək xətrinə nəsə eləməmisən.  Düzdür?
– Missimanın bir sözü var. Deyir, mənim həyatda buraxdığım səhvlərin biri o oldu ki, həmişə maraqlı olmağa çalışırdım. Buna xeyli enerji sərf etdim. Əlbəttə ki, maraqlı olmağa çalışdığım vaxtlar olub. Amma artıq buna ehtiyacım yoxdur. Başa düşdüm ki, intellekt olmadan maraqlı olmağın sonu mütləq təlxəyə çevrilməklə nəticələnəcək. Təlxək olmaq istəmirəm. Onsuz da ədəbi mühitdə həddindən çox təlxək var.  
 
– Bəs nəyə ehtiyacın var?
– Pula ehtiyacım var. Özü də çox ciddi ehtiyacım var. Dostlarim yardim edirler, amma hər adamdan da pul almaq olmur. Çətin ölkədə yaşayırıq. Biri dini tənqid edəndə, o biri  milləti tənqid edəndə inciyir. Bir tanışım vardı, ayda beş yüz manat  yardım edirdi. Qərbdə islam şərqdə müsəlman yazısından incidi. Deyirəm konkret göstər görüm hansı cümləni səhv, qərəzli  yazmışam. Konkret bir cümlə göstərə bilmir. Məlum olur ki, güzgüdə heç bir günah yoxdu. Onlar isə sifətlərini düzəltmək əvəzinə vurub güzgünü sındırırlar. Bu onlar üçün asan yoldu. Sifəti düzəltmək çətindi, güzgünü sındırmaq isə asan. Yazarın işi problemləri göstərməkdi. Adamlar nə nəticə çıxarması onların öz işləridi. Nəticə çıxarcaqlarsa faydasını görəcəklər. Çıxarmaycaqlarsa bu gün necə başıqapazlı gündədirlərsə  elə də başıqapazlı və zəlil gündə qalacaqlar.  
 
– Ailən yox deyəsən ki, arvad-uşaq acından ölür. Tək adamsan. Xeyli də tanınırsan. Yazılarına görə pul da alırsan. Bəs eləmir? Başqa pul nəyə lazımdır ki?
– Subay adamın “rasxodu” daha çox olur. Özü də məndə tərsinədir. Görmüşük ki, yazıçı tanındıqca problemləri azalar. Tanındıqca problemlərim çoxaldı.
 
– Bu saat ürəyin nə qədər pul istəyir?
– Məsələn, çox istərdim ki, kimsə çıxardıb beş min manat pul qoysun stolun üstünə, desin ki, get bu qədər vaxtdan sonra beş yüz səhifəlik romanla gəl. Özü də qalın bir əsər yazmaq istəyirəm, mövzum da var, təkcə pul yoxdu. yazmaq üçün ən gözəl yer hoteldir. Yeməyin-içməyin qaydasında olmalıdır, axşam gedib dostlarla oturmalısan, onlara qonaqlıq verməlisən, arada masaja getməlisən, arada bazlığa getməlisən. Bunların hamısı olmalıdır.
 
– Evlənsən masaj, bazlıq və yemək-içmək problemlərin həll olacaq. Niyə bu asan yolu seçmirsən?
– Nə bilim, hərəsinin öz balaca dünyası var, adamın zəhləsini tökürlər. Havayı yerə enerji itirirsən.
 
– Seymur, haransa ağrımır ki? Yəni fiziki durumun normaldı?
- Bilmirəm. Həkimə yoxlatdırmamışam. Bircə onu deyə bilərəm ki, hələ yeniyetməlik dövrümdən arzu etmişəm ki, bir həkim sevgilim olsun.  Həmişə mümkun olan şeyləri arzu etmişəm. Heç vaxt sürrealist arzularım olmayıb. Çox sadə və əlçatan arzularım olub. Lakin  bu sadə və əlçatan arzularımın heç biri demək olar ki,  həyata keçmədi. Bu məni bərk əsəbləşdirir. Əvəzində isə daha geniş məkana qədəm basdım. Bələ deyek, mən həyatdan Zapı istəyirdim, həyat isə mənə Mersedes verdi. Halbuki Allaha and olsun mən doğurdan da Zapı istəyirdim. Bu gün də Mersedesi Zapıya  dəyişməyə hazıram. Nə edək bu bizim əlimizdə deyil. Həyatın belə axmaq zarafatları olur.  Adamlara çox vaxt öz sadə arzularını başa sala bilmirsən. Məsələn,  rayona gedəndə yerdə yatmağı sevirəm. Bir dəfə qonaq getmişdim. Dedim yerimi yerdən salın. Zibilə düşdüm. Biri getdi, biri gəldi. Ağsaqqal, qarasaqqal, ağbirçək, qarabirçək. Zəhləmi tökdülər,guya qonaqpərvərlik nümayiş etdirirdilər.  Bir dəstə adama başa sala bilmədim ki, ay millet, xoşum gəlir yerdə yatmaqdan. Başa düşün. Belə xoşdu. Belə rahatdı. O qədər zəhləmi tökdülər ki, durdum paltarımı geyinib çıxdım evdən. Bu dəfə də başqa bir həngamə başladı. Təzədən dala qaytarmaq üçün.  Bu qədər həngamədən sonra deyəsən doğurdan da inandılar ki, yerdə yatmaq mənə rahatdı. Amma nə olsun yediyim-içdiyim burnumdan gəlmişdi. Bütün ovqatım artıq pozulmuşdu. Məsələn,  dolu qadınlardan xoşum gəlir. Amma tərslikdən hər zaman qarşıma arıq qadınlar çıxır. Niyə bilmirəm. Bütün bunlar təsadüfdür?. Niyə bu təsadüflərin hamısı sadə arzularımın əleyhinə olmalıdı. Bu dünyanı idarə edən qüvvənin işi-gücü qurtarıb? Bəzən sənin çox həvəslə axtardığın insan başqasının sadəcə qarşısına çıxır. Sadə arzularım həyata keçmədi, əvəzində mürəkkəb bir həyata baş vurdum.    
  
– İçirsən?
– Əvvəl çox içirdim, dəhşətli içki məclisləri olurdu.Lap əvvəllər araq icirdim. Sonra viskiyə keçdim. Daha sonra tekilla içməyə başladim.  İndi çox içmirəm. Hərdən çaxır içirəm.
 
– Bəs səni ayaqda nə saxlayır?
– Məni ayaqda fikrimin yeniliyi saxlayır.
 
– Bu yenilikçilik bayrağını nə vaxt əldən verməyi düşünürsən?
– Hələ ki, əldən vermək fikrim yoxdu. Yaxın on ilə qədər öz əlimdə qalacaq. Yazmaq üçün kifayət qədər mövzularım da var.
 
– Həyatda yenilikçilik cəhdlərinə baxmayaraq, yazdığın romanlar bədii-estetik cəhətdən çox köhnədi, hələ də realizmdə qalmısan.
-  “İzm”lərdən başım çıxmır, nəzəriyyəni bilmirəm. Ancaq bədii əsərlər oxuyuram, haqlarında fikirlərimi də yazıram. Nəzəriyyə kitabları oxuya bilmirəm. Beynimə girmir. Səmimi deyirəm, ona görə də  bu suala əhatəli cavab verə bilmərəm. Təxminən səkkiz il əvvəl bir az fəlsəfə oxumaq qərarına gəldim. Gördüm heç nə başa düşmürəm. Bir-iki adamdan xahiş etdim ki, Hegelin nə istədiyini mənə başa salsınlar. Heç nə alınmadı. Qərara gəldim ki, ancaq bədii əsərlər oxuyacam, özü də heç bir yazıçının tirajı, titulu qarşısında qorxmuyacam. İnsan mütaliə məsələsində səmimi olmalıdı. Əgər əsər xoşuna gəlmədisə bunu açıq deməlidi. Məsələn,  Coysun Uillis romanını oxumamışam, heç oxumaq fikrim də yoxdu. Kafka, Coys, Folkner kimi yazıçılar mənlik deyil. Əgər bir əsər xoşuma gəlmirsə yalandan deyə bilmərəm ki, oxudum və həddsiz zövq aldım.    
 
– Seymur, xarici ölkələrdə niyə çap olunmursan?
– Gürcüstanda və Ermənistanda çap olunuram. Qafqazda kifayet qedər taniniram. Muxtelif saytlarda qezetlerde jurnallarda yazilarim derc olunur. Başqa ölkələrdə çap olunmağa gücüm çatmır. Çətindi. Bununla yazıçı yox, ayrı-ayrı jurnallar, təşkilatlar və dövlət məşğul olmalıdır. Amma təbii ki, xaricdə geniş çap olunmaq lazımdır. Xaricdə çap olunmasan, Azərbaycanda öz təsdiqini tapmaq bir az çətin məsələdir.
 
– Ali təhsilin var?
– Universiteti yarımçıq qoyub çıxmışam.
 
– Səhv eləmirəmsə, hərbi məktəbi də yarımçıq qoymusan.
– Hə, oranı da yarımçıq tərk etmişəm. Musiqi məktəbində oxudum, orda da axıra qədər qala bilmədim. Bunun səbəbi mənim azadlığımdır. Yekə-yekə kişilərin yaltaqlandığını əzilib-sıxılıb bir qarış olduğunu gördükdə onların əvəzinə xəcalət çəkmişəm. Belə adamlara baxanda düşünmüşəm ki, nə olursa olsun o adamlardan birinə çevrilmək lazım deyil.   Hər zaman işin ən ağır nəticəsini düşünərək azadlığıma sadiq qalmışam. Don Kixotun təbirincə desəm  özümü taleyimə tapşırmışam, qoy bu tale məni hara istəyir aparsın.  
 
– Əsgərliyi yarımçıq tərk etməmisən ki?
– Yox. Amma orda da xeyli problemlərim olub.
 
– Hər yeri yarımçıq tərk edirsən. Necə düşünürsən, ədəbiyyatı da yarımçıq tərk etsən, əsərlərin səni yaşada biləcək?
– Hər şey o qədər sürətlə dəyişir ki, gələcək haqqında danışmaqdan da qorxuram.
 
 – Seymur,  de görüm, ədəbiyyatımızı dünyaya çıxarmağın yolu nədir? Vallah, elə istəyirəm ki, dünyada bir Azərbaycan yazıçısına da istinad olsun.
– Bunun üçün bizim ölkədən kimsə böyük mənada qol vurmalıdır. Yəni xalq olaraq dünya səviyyəli bir qol vurmalıyıq ki, bizi tanısınlar. Bunu bir mədəniyyət adamı eləməlidir. Məsələn, bir yazıçımız dünyada yaxşı bir mükafat almalıdır.
 
– Səncə, Nobel mükafatına namizəd olmağımız ciddi bir addım deyil?
– Əkrəm Əylislini deyirsən?
 
– Əkrəmdən qabaq Kamal Abdulla Nobel mükafatına namizəd olub. Səncə, ədəbiyyatımız üçün ciddi bir hadisə deyil?
– Bilmirəm.
 
– Elə bil sənin gözünü qırıblar, danışmağa qorxursan. Axı ona-buna məsləhət verirsən ki, azad olun, rahat olun, cəsarətli olun, sözünüzü deməkdən çəkinməyin. Nə oldu?
– Məni də öldürdülər!
 
– Seymur, bədii əsərin müəllifini niyə unuda bilmirsən? Məsələn, bir yazıçının romanını oxuyanda o əsərin üstündən imzanı silib oxuya bilməzsən? Məncə, bu çox ciddi məsələdir.
– Onlara yazıçı kimi baxa bilmirəm.
 
– Necə yəni yazıçı kimi baxa bilmirəm? Görünür, sən də azad adam deyilsən, komplekslərin var.
– Belə hesab eləyirsənsə, olsun, bir söz demirəm.
 
– Sənə elə gəlmirmi ki, Seymur Baycanı bir yazıçı kimi daha çox tənqid elədiyi adamlar üzə çıxardı.
– Məsələn...
 
– Məsələn, tez-tez Anarı tənqid eləyib gündəmə gəlirsən.
– Başqaları da eləsin, gündəmə gəlsin. Gələ bilmirlər axı. Bacarmırlar.
 
– Heç olmasa, etiraf edirsən ki, səni bir yazıçı kimi üzə çıxaran daha çox Anara qarşı tənqidlərin oldu?
– Bu barədə nəsə deməyim, etiraf etməyim sənin üçün çox vacibdi?
 
– Maraqlıdır, ikinci dəfə dünyaya gəlsəydin, yenə Seymur Baycan olardın?
– Əslində, bu sual çox gözəl sualdır. Bunu müğənnilərə-zada verməklə gözdən salıblar. Səmimi deyirəm, bu sual məni çox düşündürür və buna cavab vermək doğrudan da, çətindi.
 
– Seymur, həyatda ciddi səhvlərin olub?
– Hə, çox ciddi səhvlərim olub.
 
– Birini deyə bilərsən?
– Desəm, şəxsi söhbətlər olacaq. 
 
– Seymur, bu həyatı özün seçdin, yoxsa taleyin işidi?
– Bu da çətin sualdı. Bilmirəm. Çox çətin suallar verirsən.
 
– Xoşuna gəlmir?
– Əksinə! Xoşum gəlir. Ona görə ki, sən ürəyindəki sözləri deyirsən. Belə olmaq lazımdır.
 
– Həyatında dəli kimi sevdiyin qadın olub?
– Yox, o səviyyədə olmayıb. Orta məktəbdə bir qıza vurulmuşdum, onun da axırı çox gülməli sonluqla qurtardı. Yəni qadınlarla bağlı həyatımda danışılası maraqlı bir şey yoxdu.
 
– Sənə tutulan iradların biri də budur ki, Seymurun qadın problemi var, ona görə də qadınlar haqqında belə yazılar yazır.
– Düzdü, belə deyənlər çoxdu. Yaxindan tanıyanlar bu ittihamin nə qədər gülünc olduğunu bilirlər.  Amma  həyatımda faciəvi qadın problemi olmayıb. Ötəri olub.
 
– Seymur, sənin üçün nə yazmaq əsasdır, yoxsa necə yazmaq?
– Aydındır ki, yazıçı üçün hər ikisi önəmlidir.
 
– Hekayələr kitabının adı “Həyatımın ən xoşbəxt günü”dür. Adamın inanmağı gəlmir ki, sənin xoşbəxt günün olsun.
– Niyə? Çox faciəvi görünürəm?
 
– Əlbəttə!
– Ola bilər. Bilirsən bəzən insanlar düşünürlər ki, hakimiyyətin saytları proseslərə təsir edə bilmir. Əlbəttə, təsir etsələr onlar üçün  daha yaxşı olar. Pul xərcləyirlər.Düzdü,bu xərclədikləri pul onlar üçün qəpik-quruşdu. Üstəlik bu pul gəlib jurnalistlərə çatana qədər vasitəçilər üstündən o qədər götürür ki, axırda demək olar ki, heç nə qalmır ortada. Bu saytlara pul xərcləyənlər  istəyirlər ki, nə yolla olur olsun saytları populyar olsun. Saytların redaktorları bu sifarişi yerinə yetirmək üçün hər bir yola əl atırlar. Təki oxucu toplasınlar.  Axırda biabırçı bir mənzərə yaranır. Bu gün bir çox saytlarda insanları beş yüz, yeddi yüz, min manata girov, əsir götürüblər. Facebook təbirincə desəm onları deaktiv ediblər. Əvvllər danışa-danışa susanlar vardı. İndi də yaza-yaza yazmayanlar ordusu yaranıb. Hərəsinin qabağına bir meşok kağız töküblər səhər gəlib, axşam gedirlər. Guya işlə məşğuldurlar. Yazı yazırlar. Əslində isə onları əsir götürüblər. Onlar da mesajı başa düşürlər və sevgidən zaddan yazılar yazıb, duyğu sömürüsü yapıb  öz əsir həyatlarını yaşayırlar.   Bir sözlə, Conatan Sviftin təbirincə desəm xiyardan  enerji almaq istəyirlər.  İndi 1937-ci il deyil ki, aparıb adamları orda burda güllələsinlər. İndi adamlara bir-iki manat pul verirsən özləri-özlərini öldürürlər. Özü də daha biabırçı formada.  Məni daha çox gənc yaltaqlar təəcübləndirir. Görünür hər şeydə,həyatın hər bir sahəsində  yaş həddi aşağı düşüb, əvvəllər futbolçunun əsl karyerası iyirmi  yeddi yaşda başlayırdı, indi iyirmi yeddi yaşlı futbolçu qoca sayılır. Deyəsən yaltaqlıqda da yaş həddi aşağı düşüb. Niyə bunlar anlamırlar ki, yaltaqlanmaq, əzilmək, girmək, sabunlanmaq  üçün hələ qarşıda çoxlu münbit şərait yarancaq. İndidən özlərini bu qədər xərcləməsinlər. Həyat hələ qabaqdadı.   
 
– Səncə, xoşbəxt olmaq üçün nə etmək lazımdır?
– Mənim anlamımda insan xoşbəxt olmaq üçün bayağı olmalıdır. Bayağı ola bilmirəm. Xoşbəxt ola biləcəyim həyatla  bütün ünsiyyətim qırılıb, daha ora qayıda bilmərəm. Yəni xoşbəxtliyi iki nəfərin birgə yaşayışı kimi təsəvvür etsək  bu xoşbəxtliyin qapısı mənim üçün bağlanıb. Qadınlar ağıllı görünmək istəyəndə darıxıram. Ümumiyyətlə açıq deyim ki, qadınlara nə qədər istəsəm də ciddi bir məxluq kimi baxa bilmirəm. Heç cürə alınmır. Nəsə ağıllı bir söz demək istəyəndə bu ürəyimi vurur. Durub bir qadina görə də yalan danışmaq da istəmirəm. Ayıbdi. Ondansa gedib iki yazı yazıb qonorarını alıb hardasa özümü boşaldaram. Onsuz da bizim ölkədə düz-əməlli seks yoxdu. Biz sekslə məşğul olmuruq, biz boşalırıq. Azpetrol, yaxşı yol!  Təxminən belə bir proses. Sən düşünürsən ki, adamdı hər şeyi görür. Başa düşür, vəziyyəti izah etməyə ehtiyac yoxdu. Amma bütün hallarda qadınların şama, şara, sürprizlərə, nə bilim boş və mənasız sözlərə ehtiyacı var. Bunları edə  bilmirəm. İşim-gücüm var, yerlə göylə əlləşirəm. Etməyəndə də olmur. Avaranın biri şar doldurur, üstüne ürək şəkli çəkir S + M yazır, boş və mənasız   sözləri deyir. Qadınlara bütün bunlar lazımdı. Ona görə də mənim kimilərin qoyub gedirlər avaraların yanına. Bundan əsla incimirəm. Reallıq belədi. Hər kəs öz səviyyəsini nümayiş etdirir. Hər şeyin həqiqisini sevirəm. Kim dəyər verirsə mənə Seymur kimi dəyər versin. Xoş sözlərlə,şarlarla, şamlarla, sürpirizlərlə kimisə yanımda tutub saxlamaq istəmirəm. Yeganə şansım təkcə xoşbəxt olmaqdır.
 
– Təksən?
– Demək olar ki, təkəm. Təkəm və rahatam. 
 
– Qan Turalıyla söhbətimiz necəydi?
– Çox yaxşı söhbət idi. Düzdü, sən söhbətə rinqə girirmiş kimi girirsən, amma Tural kifayət qədər soyuqqanlı cavablar vermişdi. 
 
–Darıxmağa qarşı hansı vasitələrdən istifadə edirsən?
– Lap dəhşətli darıxanda gedirəm Bayraq meydanının yanına. Dayanıram dənizin sahilində. Bir balıq dostum var. Yaxınlaşır sahilə. Girirəm balıq dostumun qarnına . Aparıb məni dənizdə gəzdirir. 
Kultura.az | Developed by Samir Yahyazade