post-title

Bertolt Brext: Həqiqəti yazmağın beş çətinliyi

Bertolt Brext bu məqaləni 1934-cü ildə Avropada faşizm və nasizm ideologiyalarının tüğyan etdiyi bir zamanda yazmışdır. Bununla dövrünün yazıçı və publisistlərinə üz tutmaqla, onları əsl həqiqətləri yazmağa, ideologiya tələsinə salınmış insanları xilas etməyə çağırırdı. Brextin çağırışları günümüzdə də öz aktuallığını saxalyır.

 
 
Dövrümüzdə yalan və cəhalətə qarşı mübarizə aparmağı, həqiqəti yazmağı qət etmiş hər kəs ən azı beş çətinliyin öhdəsindən gəlməlidir. Hər yerdə boğulan həqiqəti qələmə almaq üçün ilk növbədə cəsarət;  hər yerdə üstü basdırılmış həqiqəti üzə çıxarmaq üçün ağıl; həqiqəti silaha çevirə bilmək üçün bacarıq; bu silahı tətbiq edə biləcək adamları düzgün seçmək qabiliyyəti; və nəhayət, həqiqəti insanlar arasında yaymağa ustalıq tələb olunur. Həqiqəti yazmaq despotik ölkə sakinləri olan yazıçılar üçün çox təhlükəlidir, hərçənd doğma vətənindən qovulmuş və ya onu könüllü tərk etmiş, hətta burjuaziya azadlıqları olan ölkələrin yazarları üçün də hiss olunandır.    
  
1. Həqiqəti yazmağa gərək olan cəsarət
 
Aydındır ki, söhbət həqiqəti yazmaqdan gedirsə onun hər hansı şəkildə boğulması və ya təhrif edilməsi mövzu ola bilməz. Həqiqəti yazan adam istənilən növ yalanı rədd edir. O,  nə güclülər qarşısında baş əyir, nə də zəifləri aldadır. Güclülərə baş əyməmək əlbəttə çox çətindir, hərçənd zəifləri aldatmaq asan və sərfəlidir. Güclülərin gözündə düşmənə çevrilmək şəxsi rifahı birdəfəlik unutmaq deməkdir, çünki əllərinə düşən istənilən imkanda həqiqət carçısını hər şeydən məhrum edib əzməyə, hətta öldürməyə çalışacaqlar. Güclülərin maraqlarına qənim olan həqiqəti yazmaq nəinki maddi mükafat, əksinə, mərhumiyyətlər vəd etdiyindən, bir çoxları təzyiqlərə tab gətirməyib geri çəkilir, meydanda yalnız sarsılmaz dəyanət sahibləri qalır.  Şöhrəti güclülərin çətiri altında axtarmayanlar əksər hallarda onu həmişəlik itirməli olurlar. 
 
Əsarətin sərtləşdiyi zamanlarda güclülər adətən yüksək ideallardan dəm vurur, xalqın iradəsini zorlayanlar kəlmə başı xalqın iradəsindən danışırlar. Arxasında gücülülərin mənafeləri gizlənən çağırışlar cəmiyyəti başına götürdüyü zaman kütləni bürümüş eyforiya qarşısına çıxmaq, həyatın bəsit həqiqətlərini yada salmaq, qondarma ideyaları pərən-pərən etmək cəsarət istəyir. Sadə insanları hədəfə alan iyrənc təbliğat onları əsl həyatı, rifahı, firavanlığı unudub, zülmə xidmət edən cəfəng ideyalar uğrunda fədakarlıq etməyə səsləyəndə yeganə ümid yeri həqiqət carçıları olur. Onlar kütlələrin gözünə üfürülmüş külü təmizləməli, təbliğat uyuşdurucusunun təsirindən ayıltmalıdılar. Güclülərin radioları, qəzetləri cəhalət toxumu səpəndə, aydınlığa qarşı hiyləgər üsullarla mübarizə aparanda, dünyəvi təhsili mövhumatla əvəz etməyə, bəşəri dəyərləri gözdən salmağa çalışanda irəli çıxıb “dayanın!” demək çoxlarının cürəti çatan iş deyil. Amma bunu mütləq etmək lazımdır və yaxşı ki, az sayda olsa da, həqiqət carçıları vardır.
 
Mübarizədə məğlub duruma düşənlərin məğlubiyyətin gerçək səbəbləri barədə həqiqəti söyləməsi də cəsarət tələb edir. Təqib olunan insanlar çox vaxt öz səhvlərini görmək, dərk etmək qabiliyyətini itirirlər. Təqib onların gözündə Şərin təzahürü, təqibçilər isə Şərin daşıyıcıları kimi görünür. Özlərini fəzilətli sanır və yalnız buna görə təqib olunduqlarını düşünürlər. Amma onların Xeyir uğruna mübarizəsi iflasa uğrayıb, deməli, zəif, yararsız, tutarsız olmuşdur.  Hesab etmək olmaz ki, nəmlişlik yağışın təbii xassəsi olduğu kimi, zəiflik də Xeyirin üzvi xassəsidir. Belə yerdə mərdlik tələb olunur etiraf etməyə: “biz uduzduq, ona görə yox ki, Xeyir işi müdafiə edirdik, əsla, biz uduzduq ona görə ki, zəif idik”. 
 
Həqiqəti yazan adam şübhəsiz ki yalanla daim mübarizə aparmalıdır, amma  həqiqət qəliz, təmtəraqlı, mücərrəd olmamalıdır. Çünki bunlar yalanın xassələridir. Həqiqətin dili sadə və anlaşıqlıdır, çünki onun yalnız bir qapısı var – rasional düşüncə! Yalan isə instinktləri, hisləri, ehtirasları hədəfə alır, onları əsir götürməyə, yönəltməyə çalışır. Elə buna görə, yalan yalnız cəhalət üzərindən boylana, yalnız həqiqəti dəfn etməklə öz məqsədinə vara bilər. Deyəndə ki, “bu adam həqiqəti söyləyir”, nəzərdə tutulur ki,   buna qədər bir çoxlarının danışdıqları yalan və ya anlaşılmazlıq  idi, bax bu adam isə doğru danışır, yəni nəsə bir həqiqi, inkarolunmaz, praktik əhəmiyyəti olan şeydən danışır. Yalanı əsaslandırmaq üçün yüzlərlə qondarma dəlil irəli sürülə bilər, fəqət bircə aşkar empirik dəlil onu alt-üst etmək üçün kifayətdir.
 
Söz azadlığı nisbətən möhkəm bərqərar olmuş ölkələrdə dünyanın eybəcərliklərinə, qaba gücün hakimiyyətinə qarşı ümumi sözlərlə şikayətlənmək, sağlam düşücənin bir gün mütləq qalib gələcəyini bəyan etmək böyük cəsarət tələb etmir. Amma bir çoxları özünü elə aparır, sanki, bunlara qarşı top lülələri tuşlanmışdır, hərçənd tuşlanan sadəcə teatr durbinidir. Onlar üçün həqiqət gəlişi gözəl sözdən başqa bir şey deyildir. Rəqəmlərdə az qala dil açıb danışan, faktlarda haray salan həqiqətləri onlar niyəsə görə bilmirlər, çünki bunun üçün çalışmaq, araşdırmaq, özünə zəhmət vermək lazımdır. Amma bu, onları cəlb etmir. Zahirən bu adamlar həqiqət aşiqi kimi görünsələr də, əslində mühüm həqiqətlərdən çox uzaqdılar. Onlar bütün dünyaya qarşı tələblər irəli sürür, ədalət tələb edir, hərçənd ədalətin təmini üçün ümumi sözlərdən başqa heç nə etmirlər, əksinə, dünyanın ədalətisliyi fonunda yaranan qənimətlərdən onlara da yağlı tikələr çatır. Bəlkə, elə buna görə onların fəaliyyəti quru sözlərdən o yana keçmir?
      
2. Həqiqəti dərk etməyə gərək olan ağıl
 
Həqiqət hər yerdə boğulur, bu üzdən həqiqəti yazmaq çətindir. Adamların əksəriyyəti belə hesab edir ki, həqiqəti yazıb-yazmamaq bir tək insanın xarakterindən, yəni cəsarətli olub-olmamasından asılıdır. Bununla insanlar həqiqəti yazmağın ikinci müşkülünü – həqiqəti axtarıb tapmağın çətin olduğunu nəzərə almırlar. Həqiqəti axtarıb tapmaq o qədər də asan məsələ deyil.
 
Hər şeydən əvvəl, məhz hansı həqiqətlərdən danışmaq gərəkliyini aydınlaşdırmaq lazımdır.  Məsələn, dünyanın bir çox ölkələrində despotik qüvvələr hakimiyyətdə qalmaq, öz sərvətlərini artırmaq və qoruyub saxlamaq üçün hər cür haqsızlıq edirlər. Zamanı gəlincə bunun partlayışa səbəb olacağı, ölkənin aqibətini sual altına düşürəcəyi bir həqiqətdir və tarixən saysız dəfələrcə sübuta yetmişdir. Bu həqiqəti dərk etmək üçün tarixdən məlumatlı olmaq, despotik hakimiyyətlərin, qanlı imperiyaların niyə süqut etdiyini öyrənmək və günümüzlə müqayisə edib nəticələr çıxarmaq kifayətdir. Bir həqiqət daha var ki, bütün despotlar başqalarınını aqibətini öyrənib, onların süqutuna aparan səhvləri təkrar etməməyə çalışmaqla özlərini qoruya biləcəklərini zənn edirlər. Onlar unudurlar ki, yanlış yol həmişə yeni, əvvəllər görünməmiş idarəolunmaz vəziyyətlər vəd edir. Heç kim özünü bundan sığorta edə bilməz.
Başqa həqiqətlər də var, məsələn, “stul oturmaq üçündür”, “yağış yerə göydən yağır” və sair bu qəbildən. Bir çox yazıçılar bizə məhz belə həqiqətlərdən danışırlar. Onlar batan gəminin göyərtəsində divarlara naturadan rəsm çəkən rəssama bənzəyirlər. Belə yazıçılar üçün bizim burda bəhs etdiyimiz problemlər aktual deyil, güman elə  buna görə onların vicdanı çox sakit görünür.  Dünyanın ədalətsizliklərinə etinasız olan bu adamlar zülmə məruz qalanların harayını eşitməzdən gələrək sakitcə dayanıb öz rəsmlərini çəkməklə məşğuldular. Öz davranışlarının mənasızlığı onlarda “dərin pessimizm” doğurur ki, bu da onlara heç də mənfəətsiz başa gəlmir.  Bu pessimizmin özünü də doğuran həqiqət yalnız o adamlara əyandır ki, kənarda dayanıb həmin rəssamları və onların işini müşahidə edirlər. Müşahidə onu göstərir ki, onların götür-qoy etdiyi həqiqətlər stul və yağış həqiqətlərindən uzağa getmir: “yağış yerə göydən yağır, vəssalam, biz heç nə edə bilmərik”.
 
Digər bir kateqoriya yazıçılar var ki, onlar  mühüm həqiqətləri qələmə almaq istəyir və nə güclülərin qəzəbindən, nə də məhrumiyyətlərə düçar olmaqdan çəkinmir, bununla belə, mühüm həqiqətlərə vara bilmirlər, çünki bunun üçün zəruri biliklərə sahib deyillər. Bu adamlar köhnədən qalma bəlağətli şüarların, önyarğıların əsiridir, onların təsirindən heç cür çıxa bilmirlər. Dünyada baş verən proseslər belə adamlar üçün çox qəlizdir. Onlar lazımi faktları bilmir, hadisələr arasında səbəb əlaqələrini görmürlər. Bir tək mərdanə mühakimələrlə iş bitmir. Gərəkdir ki, biliklər əldə edib, şəraitə uyğun metodlardan istifadə edəsən. İrimiqyaslı dəyişikliklərin yaşandığı müasir dövrdə yazı qələmə alan hər kəs dialektikaya, məntiqə, iqtisadi reallıqlara, tarixə gərəyincə bələd olmalıdır. Əzmkarlıq göstərməklə lazımi bilikləri kitablardan və real həatdan əxz etmək mümkündür. Daha sadə üsullarla da bir çox həqiqətləri aşkar etmək nəsib olur. Bunlar adətən böyük həqiqətlərin “detallarıdır”, onları toplayıb, elmi metodlarla təhlil edərək proseslərə köklü aydınlıq gətirmək olar.  Axtarışların məhsuldar olması üçün metodlar düzgün seçilməlidir, bu, çox vacibdir. Əlbəttə, elə şeylər var ki, onlarla xüsusi metodlar tətbiq etmədən, hətta axtarmadan da qarşılaşırıq. Bəzi yazarlar məhz belə xoşbəxt təsadüflərə ümid bəsləyir, gündəlik xəbərləri nəzərdən keçirməklə hansısa həqiqətlərin mahiyyətinə vardıqlarını düşünürlər. Lakin nəzərə alınmalıdır ki, mətbuatda yer alan xəbər və məlumatlar yalanla dolu olur. Beləcə, xırda faktların dalınca düşən adamlar böyük həqiqətlərə yaxın düşə bilmir, buna görə də, öz publikasını konkret təzahürlərlə bağlı doğru məlumatlandırmaq, necə davranmalı olduqlarını bildirmək imkanında olmur. 
Ancaq məsələ tək bunula da bitmir. Həqiqəti aşkarlamaq istedadı və yazmaq cəsarəti olan adamlar daha üç çətinliyin öhdəsindən gəlməlidilər.
 
3. Həqiqəti döyüş silahına çevirmək bacarığı
 
Söhbət insan fəlakətlərinə yol açan təzahürlərdən gedirsə, yayılan fikirlərin praktik əhəmiyyəti olmalıdır. Praktik nəticələr hasil etməyən, yaxud yanlış nəticələr doğuran fikirlərə misal olaraq, geniş yayılmış bu mühakiməni göstərə bilərik ki, guya, bəzi ölkələrdə mövcud olan dözülməz rejimlər barbarlıqdan irəli gəlir. Bu qənaətə görə, faşizm barbarlıq dalğasıdır, sövq-təbii hadisədir.
 
Guya, faşizm kapitalizm və sosializmlə yanaşı mövcud olan (yaxud, onlardan üstün olduğuna iddia edən) üçüncü, fərqli bir sistemdir. Amma bunu yazanlar ya bilmədən, ya da qərəzli olaraq vacib bir həqiqəti gizlədirlər. Həqiqət budur ki, faşizm göydəndüşmə deyil, inhisarçı kapitalizmin sayəsində meydana gəlmişdir; mahiyyət etibarı ilə, köhnə ilə yeninin özünəməxsus sintezidir. Belə olan halda, faşizmi lənətləyən, lakin onu doğurmuş səbəbi inhisarçılıqda görməyənlərin yazdıqlarında praktik tətbiq üçün faydalı nə ola bilər? Bu adamların faşizmlə bağlı fikirləri ona bənzəyir ki, bəzi adamlar kimi, dana ətini iştahla yeyir, amma danaların kəsilməsinə qarşı barışmazdılar. Onlar əti çox xoşlayır, lakin qan görəndə diksinirlər. Qoy, qəssab onlara ət verməzdən əvvəl əllərinin qanını yaxşı-yaxşı yusun, bu, onları tamamilə qane edər. Onlar barbarlığı doğuran inhisarçı mülkiyyət münasibətlərinə qarşı deyillər, sadəcə, barbarlığa qarşıdılar. Onlar barbarlığı lənətləyirlər, halbuki özlərinin yaşadıları ölkələrdə də barbarlığa yol açan inhisarçılıq hökm sürür, yeganə fərq budur ki, hələlik onların qəssabı  əti tərəziyə qoymazdan əvvəl əllərinin qanını yuyur.
 
Barbar rejimlərinin gurultulu ifşaları ola bilsin müəyyən dövr ərzində hansısa fayda verir, fəqət o zamana qədər ki, bunu eşidənlər öz ölkələrində eynisinin baş verməyəcəyinə əmin olurlar. İndi bir sıra ölkələr hakim mülkiyyət mübasibətlərini nisbətən dinc üsullarla qoruyub saxlayır, despotik rejimli ölkələrdəki kimi açıq-aşkar zorakılığa yol vermirlər. Bu mənada demokratiya onları xilas edir, amma bir həddədək. Zavodlar, şaxtalar, torpaqlar üzərində inhisarçı mülkiyyət hüququ hər yerdə barbarlığa səbəb olur, hərçənd demokratik ölkələrdə bu, o qədər də nəzərə çarpmır. Barbarlıq özünün gerçək simasını o vaxt göstərir ki, inhisarçıları müdafiə etmək üçün birbaşa zorakılıqdan qeyri yol qalımır. Necə ki, bunu hal-hazırda bir çox ökələrin timsalında izləyirik. 
Bəzi ölkələrdə əhalinin mülki hüquq təminatlarını inhisarçılığa qurban vermək zərurəti yaşanmır, bu ölkələr elmin, incəsənətin, fəlsəfə, ədəbiyyat və digər zəruri sahələrin inkişafına zəmin yarada biliblər. Onlar digər ölkələrdən qaçıb gəlmiş, öz vətənini belə zərurətlərin olmadığına görə günahlandıran adamları xüsusi həvəslə dinləyirlər. Amma gerçəkdən narahat olduqları üçün deyil, bundan həmin ölkələrə qarşı istifadə etmək, faydalanmaq niyyəti ilə.  
Yazırlar ki, despotizm barbarlıqdan doğulur, onun kökünü kəsmək üçün əxlaqi təkmilləşmə vacibdir, buna isə yalnız aydınlanma [Enlightment] yolu ilə nail olmaq mümkündür. Bütün bunlar ümumi sözlərdir. Onlar özündə heç bir konkret hərəkət təlimatı əks etdirmir, mahiyyət etibarı ilə, havaya deyilmiş sözlərdir. Aydınlanmanın bir çox bəlalardan, xüsusən cəhalətdən qurtuluşun əsas yolu olması barədə yüz illərdir yazılır. Lakin, idarə olunan kütlələrin aydınlanmasına bütün mümkün vasitələrlə mane olan despotik, barbar rejimlərə qarşı necə mübarizə aparmalı, aydınlığı avam kütlələr içərisinə necə sızdırmalı, bax, bu barədə onların təsəvvürü sanki yoxdur, ya da bunu gerçəkdən arzu etmirlər.
 
Onların mühakimələri səbəb zəncirinin yalnız bir qisim həlqələrindən bəhs edir və bunu da, aparıcı qüvvələrin sövq-təbii, labüd barbar mahiyyəti ilə izah edirlər. Belə mühakimələr mühüm həqiqətlərin üzərinə duman kimi  çökərək, gerçəkdə olanları gizlədir. Amma diqqətli bir baxış kifyətdir ki, dumanlığın arxasında gizlənən insanları – fəlakətin əsl səbəkarlarını görə biləsən. Bizim dövrümüzdə insan talelərini həll edən yalnız yüksək mənsəb sahibi olan insanlardır. Barbarlığı törədən də onlardır. Əhalinin aydınlanmasının qarşısını almaqla, beyinlərə təhsil yerinə cəhalət yeritməklə onlar həm xalqı, həm də son nəticədə özlərini çıxılmaz vəziyyətə salırlar. İnsan olduğunu dərk edən, sözünü  çəkinmədən deyən insanları təqib etməklə onlar dünyəvi tərəqqinin qarşısında maneəyə çevrilirlər. Bu, çayın qarşısını bəndlə tamam kəsmək cəhdinə bənzəyir. Müəyyən zaman ərzində başarılı ola bilərlər. O zamana qədər ki, qarşısını kəsdikləri çay şişib dəryaya dönəcək, qurulmuş bəndləri özləri qarışıq süpürüb aparacaqdır. Çay gec-tez dənizə qovuşacaq, bənd qurmaqla prosesi sadəcə ləngidə bilərlər. Eynən, xalqların tərəqqisini də yalnız bir müddətə ləngitmək mümkündür. Bununla despotlar həm xalqı dünyəvi tərəqqidən geri salır, həm də öz gələcəyini sual altına qoyurlar. 
Bir təmayül daha var. Çox yazılarda biz mühüm həqiqətlərin deyil də, ikinci dərəcəli nəsnələrin təsvirinə şahid oluruq. Bunlar yuxarıda göstərilən yağış ya stul misalı kimi əməli işə yaramayan çərən-pərəndir. Misal üçün, Tokionu dağıdan güclü zəlzələdən sonra Amerikanın bir çox jurnalları şəhərin xarabalıqlarını əks etdirən forolar yerləşdirmişdi. Fotolardan birinin üzərində belə bir yazı vardı: “Polad davam gətirdi!” Məhz bu yazını oxuduqdan sonra həmin fotoda xarabalıqlar içində uçmamış bir neçə hündür bina nəzərə çarpır, hərçənd həmin qeyd olmadan izləyicilər fotolardakı bir-iki binanın uçmadığına xüsusi diqqət yetirməzdi. Məsələ də elə budur. Bir çox yazıçılar məhz belə işlərlə məşğuldur. Zəlzələnin səbəbləri, minlərlə insanın faciəsi poladın davamlılığına heyrət qarşısında arxa plana keçir, sanki bu faciədə ən maraqlı şey bəzi binalarda polad-beton sütunlarının zəlzələyə davam gətirməsi olmuşdur. Əlbəttə, zəlzələin təsviri ilə bağlı yazıların çoxluğuna rəğmən, gerçək əhəmiyyət daşıyan hansısa fərziyyələr deyil, torpağın yerdəyişməsini, yeraltı təkanların gücünü və yaranan temperaturu hesaba almaqla, zəlzələyə davamlı binalar tikən inşaatçı-mühəndislərin fikirləridir. Bəşəriyyətin eyni faciələrlə bir daha rastlaşmaması, yaxud rastlaşsa da, ordan daha az ziyanla çıxması baxımından, jurnal yazılarında poladın davamlılığı ilə bağlı ifadə olunan heyrət deyil,  gerçək elmi biliklər əhəmiyyət kəsb edir. Eyni ilə, faşizm, müharibələr, despotizm haqqında yazanlar da çalışmalıdır ki, onların fikirlərinin hansısa praktik əhəmiyyəti olsun. Onlar göstərməlidilər ki, bir cox fəlakətlər məhz istehsal vasitələrini inhisara almış qüvvələrin doyumsuz ambisiyaları ucbatından meydana gəlir, bundan həyatı bahasına ziyan çəkənlər isə yüz minlərlə sadə insanlar olur. 
 
Xüsusən, despotik barbar rejimləri barədə yazanlar keçmişdən qalma hazır və yanlış mühakimələrdən əl çəkməli, barbarlığa yol açan səbəbləri çözməyə çalışmalıdırlar ki, ortaya qoyulan fikirlər sayəsində bu cür qeyri-insani rejimlərə qarşı mübarizə aparmaq mümkün olsun. Adətən despotik rejimlər barədə bəhanə kimi gətirilən  “hər bir xalq öz hakimiyyətinə layiqdir” kimi mühakimələr despotik rejimlərə haqq qazandırmaqdan, mübariz insanları ruhdan salmaqdan başqa heç nəyə yaramır. Ona görə də, köhnə əyyamdan qalan, barbarların işinə yarayan bu cür fikirləri birdəfəlik silmək lazımdır. 
 
Ardı var...
 
Tərcümə: Ruslan Köçərli
 
Kultura.az
Yuxarı