post-title

Ədəbiyyatımızın və siyasətimizin Şeyx Nəsrullahları

Azərbaycanda bir xeyli şişirdilmiş adamlar var. Onlar heç vaxt bir-birlərinin ayaqlarını basdalamırlar. Çünki dava, yaradılmış və şişirdilmiş obrazın dağılmasına səbəb ola bilər. Tam tərsinə, onlar hər fürsətdə bir-birlərinin obrazlarının daha da şişməsinə şərait yaradırlar. Hər kəs əlində olan imkanla, əlinə düşən tribunadan istifadə edərək, obrazların daha da şişirdilməsinə çalışır.

 
 
 
Onlar hər yerdədirlər. Ədəbiyyatda, mətbuatda, siyasətdə...Hansı cəbhədə mövqe tutmaları onları bir qram da narahat etmədən, hər axşam restoranların kabinetlərində oturub, vururlar. Bir-birlərini tərifləyirlər. Bir- birlərinin sağlığına badə qaldarırlar. Qarşıya çıxacaq, onları narahat edəcək, obrazlarını dağıdacaq qüvvəyə qarşı tez birləşirlər. Bu qüvvəni nə yolla olursa-olsun susdurmağa , şirnikləşdirməyə, vaxtından əvvəl müdrikləşdirməyə çalışırlar. Müdrikləşmək isə onların anlamında bu yalançı bütlərə tapınmaqdır. Bu haqda “Gəncliyə səmimi nifrət” adlı yazımda yazmışam. Həvəsi olan buyurub, oxuya bilər.
 
Onların arasında dava yalnız sponsorlarının arasında dava düşəndə baş verir. Hətta bu halda belə, bacardıqları qədər davanı itkisiz yola verməyə çalışırlar. Qəzetdə dava gedir, axşam isə restoran kabinetlərində oturub, antrikot yeyirlər. Bədbəxt adamlar da bu şişirdilmiş bütlərə inanır. Onların hərəkətlərində ziddiyyət çoxdur, lakin heç kim bu ziddiyəti görmək istəmir. İsa peyğəmbər deyirdi ki, bir qulun iki ağası ola bilməz. Azərbaycanlıların sevimli ziyalıları sübut etdilər ki, bir qulun nəinki iki, hətta  bir neçə ağası ola bilər. Çünki azərbaycanlılar özündə bir ürəkdə müxtəlif qütb və istiqamətləri birləşdirməyi bacarır. Həm namaz qılır, həm Babəklə fəxr edir, həm də YAP  üzvüdür . Bütpərəstliklə təkallahlığı birləşdirir. Görünür, azərbaycanlılar sintezsiz yaşaya bilmirlər.
 
Kamil Vəli Nərimanoğlu Axundov haqqında uzun-uzadı məqalələr yazır. Həm də nəvəsinə Məhəmməd adı qoyur. Bu haqda da məqalə yazır. Nə qədər düşündüm, bu ziddiyətə bir cavab tapa bilmədim. Görünür, Kamil müəllim Axundovun ‘’Kəmalüddövlə məktubları’’ əsərini oxumayıb. Oxuyubsa da, əsəri başa düşməyib. Həm oxuyub, həm də başa düşübsə, ola bilsin, Kamil müəllim özün elə aparır ki, guya əsəri başa düşməyib. Çünki Axundovun ‘’Kəmalüddövlə məktublarını” oxuyan adam nəvəsinə Məhəmməd adı qoymamalıydı. Yox əgər nəvəsinə Məhəmməd adı qoyubsa, Axundovdan yazı yazmamılıdır.
 
Bizim xalqın sevimli ziyalıları tamam əks qütblərdən beləcə yararlanmağı, öz xeyrini götürməyi, hamının yanında özünə şirin yer tapmağı bacarır. Çünki xalq sual vərməyi bacarmır. Sual verilməyən ölkədə də nə istəsən, etmək olar. Rəsul Rzadan yazı yazırsan, hamıdan əvvəl Ramiz Rövşən cavab verir. Əslində, Əli Kərimli və İsa Qəmbər hakimiyyətin intelektual şudraların elə günə salmalıdırlar ki, biz Anarı, Elçini, İsa bəyin, Əli Kərimlinin əlindən zorla almalıyıq. Ki, yazıqdırlar, yıxdınız yerə bəsdir, başını kəsməyin. Təəssüflər olsun ki, hər şey tərsinə baş verir. Əli Kərimli “Yaşa prezidentim yaşa” şeirinin müəllifi Fikrət Qocanı alovlu sözlərlə təbrik edir. Sonra məlum olur ki, təbrik məktubunun mətnini Cəmil Həsənli yazıb. İsa Qəmbərin Anar  sevgisi bütün aləmə və cahana məlumdur. Bütün bunlar  bu adamların öz işləriylə necə qeyri-ciddi məşğul olduqlarının göstəricisidir.
 
Bu adamlara inananlara yazığım gəlir. Bəzən mənə deyirlər ki, ‘’daha bəs deyil’’? Yox, bəs deyil. Bu sualı verməklə insanlar öz kölə təfəkkürlərini nümayiş etdirirlər. Bu kölələr mənə “bəs deyil?” deyincə,  gedib Anara desinlər ki, ‘’Bəs deyil, 24 il bir kresloda oturmaq?’’. Mənə “bəs” deyənlər gedib, Əli Kərimlidən soruşsunlar: ‘’Niyə “Yaşa prezidentim yaşa”  şeirinin müəlifi Fikret Qocanı təbrik etmisən?’’ Mənə “bəsdir” deyənlər niyə öz liderlərinin yaxalarından yapışmırlar?  Sovetin şişirdilmiş ziyalilarına, kqb-nin  parnikdə yetişdirilən yazıçılarına heyranlıq edən, onları qoruyan müxalifət liderləri kimə lazımdır? Axı bu adamları sovet höküməti şişirdib bizim canımıza salıb. Məqsəd lazımi anda xalqın boynuna ip salıb, bu ipi lazımi əllərə verməkdir. Onda belə çıxır ki, İsa Qəmbər və Əli Kərimli bu ziyalıların su içdiyi krantdan su içirlər. Ya da sadəcə olaraq, o qədər zəif adamlardırlar ki, sovetin şişirdilmiş  yazıçılarının titullarından və tirajlarındadan qorxurlar.
 
Əli Kərimlini başa düşmək olar. Kənddən çıxıb. Fikrət Qocanı görəndə yəqin özündən asılı olmayaraq, həyacan-filan keçirir. Bəs İsa Qəmbər? O zaman iki versiya ortaya çıxır. Ya İsa Qəmbərin Zori Balayana sifarişlə cavab yazması versiyasına inanmalıyıq. Ya da İsa bəy oxuduqların başa düşməyib. Zatən oxuduqlarını başa düşən adamın fikir mənbəyi Pənah Hüseyn olmamalıdır. Əgər Pənah Hüseyn indi bu gündədirsə, görün 92-ci ildə necə olub. Sonra da deyirlər, ‘’cəbhə hakimiyyəti niyə devrildi?’’. Bir hökümətin  ki, baş naziri Pənah Hüseyn ola ... davamın yazmıram. Belə çıxır ki, İsa bəy hələ də Qobustan jurnalının təsiri altındadır. Qərəz ‘’Axırıncı aşırım’’ filmində deyildiyi kimi : ‘’Vəziyyət biz düşündüyümüzdən də ağırdır’’. 
 
Ötən il daha bir səviyyəsizliyin, qeyri-ciddiliyin, düşüklüyün şahidi olduq. Bu dəfə müxalifətin vahid namizədi Cəmil Həsənli öz səviyyəsini, daha doğrusu, səviyyəsizliyini  göstərmiş oldu. Cəmil müəllim Yazıçılar Birliyindən çıxmaq əvəzinə jurnalistin sualına ‘’Anar mənim üçün dəyərdir’’ cavabını verdi. Cəmil Həsənli tarixçidir. Tarixçi əli Azərbaycan ziyalılarının qanına batmış bir təşkilatın üzvü olmamalıdır. Əgər tarixçi Yazıçılar Birliyi kimi reputasiyası zədəli bir təşkilata üzv olursa, deməli, o tarixçi deyil. Yazıçılar Birliyi elə bir əcaib təşkilatdır ki,  bu təşkilatın yerləşdiyi binanın divarlarına həm sürgünə göndərilənlərin, həm də sürgünə göndərənlərin, donosbazların portretləri vurulub. Cəmil Həsənli ‘’Anar mənim üçün dəyərdir’’ deyəndə həm də öz köləliyini nümayiş etdirdi. Buradan açıqca yazıram. Cəmil Həsənli, siz köləsiniz. Sizin köləliyiniz adi köləlik deyil. Adi kölələr bilmirlər. Siz bilə- bilə edirsiniz. Ona görə sizin köləliyiniz daha idbardır. İyrənirəm sizdən. İyrənirəm. Başa düşürsünüz, iyrənirəm...
 
Kimdir Anar Rzayev, Elçin Əfəndiyev!?...Atalarının qucağında ədəbiyyata gəlmiş adamlar. Parnik yazıçıları. Heydər Əliyəv həmişə onları familyayla çağırırdı. Bilirdi ki, həm Anar, həm də Elçin familyayla çağırılanda cırnayırlar. Amma bizim sevimli yazıçılarımız ədəbiyyatın Şeyx Nəsrullahları sakitcə dururdular. Bir dəfə Heydər Əliyev Elçin Əfəndiyevə nə lazımdısa, dedi. Alçaltdı. Bütün millət buna Aztv-də baxdı. Gözəl kadrlar idi. Heyf o günlərdən.  Niyə Anar bu qədər sözü üstünə götürüb, öz kreslosundan əl çəkmir. Çünki bilir ki, divin canı şüşədə olduğu kimi onun da canı kreslodadır. Əgər bu kreslo əlindən alınsa  heç kim Anarın ‘’Ağ qoç və qara qoç’’ kimi səviyyəsiz romanının adını çəkməyəcək.  Heç kim Anar və onun dədəsi haqqında yazı yazmayacaq. Heç kim Rəsul Rzani xatırlamayacaq. Kimdir Rəsul Rza ? Donosbaz, istedadsız bir adam. Ömür boyu Səməd Vurğunun paxıllığını çəkmiş adam . Ömrünün sonuna qədər. Bu paxıllıq Rəsul Rzanın həyatın zəhərə döndərdi. Necə ki, oğlu hal-hazırda Əkrəm Əylislinin paxıllığını çəkməkdədir. Cunki Anar ozu icində bilir ki, Əkrəm həqiqətən yazıcıdır, o isə parnikdə yetishdirilmiş və iddiası yerə-göyə sığmayan ortabab bir qələm adamıdı. Bu tamadalara başa salmaq olmur ki, sen tamadasan. Xalq da inanmır ki, bu adamlar tamadadırlar. Anar əlindən gələn hər şeyi edir ki, öz istedadsızlığını sübut etsin, sadəcə xalq buna inanmaq istəmir.
 
Anarın atası  Rəsul Rza istedadsız bir adam idi. Bunu özü də bilirdi. Öz istedadsızlığını sərbəst şeirlə ört basdır eləmək istəyirdi. Ona görə Məmməd Rahim onun haqqında ‘’Novator eşşək’’ adlı şeir yazmışdı. Belə bir adamın adına mükafat var. Bu mükafatı almaq üçün nə qədər adam özünü Anar müəllimin qarşısında yaxşı aparmalıdır. Nədən ki, bu yol həm də təqaüdə, ev almağa, nəsə ad almağa aparan yoldur...
 
Kimdir İlyas Əfəndiyev!? Bezdarnı pyeslər müəllifi. Elçin Əfəndiyev bilir ki, əgər onu öz vəzifəsindən bayıra tullasalar, bir teatr da İlyas Əfendiyevin bezdarnı pyeslərini yaxına buraxmayacaq. Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməyib. Qocalar yenə də hakimiyyətdədir. Bu qocalar əllərindəki bütün imkanlardan istifadə edərək yeniliyin, inkişafın qarşısını almaqdadırlar. Bir adama təqaüd verirlər, yüz adam özün yaxşı aparır ki, bəlkə ona da nəsə verdilər. Bir adam ev alır, min adam özün yaxşı aparır ki, bəlkə ona da verdilər. Adamlar ona görə mənə qıcıq olurlar ki, onların yalancı bütlərinə inanmıram. Onlar dəli olurlar ki, niyə Seymur Anarı dahi hesab etmir. Kimdir Anar!? O, haranın dahisidir ki, mənim istedadlı və yaxud istedadsız olduğumu təsdiq etsin. Kölələrin dünyasına görə yalnız Anar təsdiq etdikdən sonra mən özümü yazıçı hesab edə bilərəm. Gedin o köləliklə, ona buna yaltaqlana-yaltaqlana qazandığınız pulla bir pors bozbaş alıb, yeyin. Yəni qısa və lokonik desək, gedin, hoppanın. Anar yazıçı düzəldə bilsəydi, yanındakılardan düzəldərdi. Çox xoşbəxtəm ki, o adamın əli mənə toxunmayıb. Çünki Anar o qədər kinli bir adamdır ki, onun əli toxunan yerdə qalan ləkəni heç bir kimyəvi məhlulla yumaq olmaz.  
 
İlahi, məni hər zaman qorudun. Gənc idim. Pula, təqaüdə aldana bilərdim. İlahi, məni qoruduğun üçün təşəkkür edirəm sənə. Əgər sabah məni zorla , qulağımdan tutub, o birliyə üzv etsələr, yenə də hər zaman bacardığım qədər öz dəyərlərimə sadiq qalacağam. Bizim qanımızı içməyə hazır olan donosbaz balalarına əməllə nifrət edə bilməsəm, də urəyimlə, gözlərimlə nifrət edəcəm.  Rəqibin nizəsi sinəmə sıxılsa da, müvəqqəti məğlubbiyətim, ümumiyyətlə məğlubiyyətim heç vaxt həqiqətimi sarsıda bilməz. Bu donosbaz balalarına zəhər kimi aci cümlələri oxutdurduğuma , az da olsa ədaləti bərpa etdiyimə , Krımda, Soçidə, Kislovodskda çəkdikləri kefləri burunlarından gətirdiklərimə görə özümü xoşbəxt hesab edirəm. Adamlar başa düşməsə də, onlar özləri nə yazdığımızı başa düşürlər və yəqin ki, hər dəfə belə yazıları oxuyanda 37-nin  həsrətini çəkirlər. Çünki onların ataları vaxtı ilə adamlardan donos yazmaqla özlərinə xeyli ad-san qazandıra bilmişdilər.  
 
Bu qocaları hamı dəstəkləyir. Xalq da ,hakimiyyət de, müxalifət də... Hamısı bir-birlərinin tayıdır. Bir krantdan axıblar. Biz hamımız azərbaycanlıyıq. Xalq da, müxalifət də inanır ki, Bəxtiyar Vahabzadə dissident olub. Kimdir Bəxtiyar Vahabzadə!? İstedadsız bir adam. Bizim milli və yerli  Cambul Cabayevimiz. İnanın ki, Cambul Cabayev daha səmimi idi. O vaxt Çeşmə qəzetində bir lətifə yazmışdılar. Azərbaycanda havanın dəyişməyini sinoptiklər, hakimiyyətin dəyişməyini isə Bəxtiyar Vahabzadə duyur. Bu adam hər bir hakimiyyətlə dil tapmağı bacarıb. Bir dəfə nəsə reallıq hissini itirib, bir şeir yazmışdı. Dosyesinden bir məktubu mətbuata ötürdülər, adam vəziyyəti başa düşdü. Başa düşdü ki, ona verilən rola özü də inanıb. Elə bilib ki, doğurdan da dissidentdir. Halbuki sovetin bütün mükafatların almışdı. Bəxtiyar Vahabzadə dəhşətli dərəcədə istedadsız adam idi. Bu yaxınlarda məqalələri keçdi əlimə. Bayağılıqdan, səviyyəsizlikdən ürəyim bulandı. Mətnə qarşı çox səbrliyəm. Özümü məcbur edərək oxudum ki, Bəxtiyar Vahabzadə istedadsızlığının sərhəddini müəyyən edim. Başa düşdüm ki, Bəxtiyar Vahabzadə istedadsızlığının, Bəxtiyar Vahabzadə  bayağılığının sərhəddi yoxdur. Görün, Azərbaycan xalqı nə gündədir ki, sovetin bütün mükafatlarını almış adama dissident deyir. Hələ üstəlik belə bayağı şairə fəlsəfi şair adı veriblər. Kul başına ay fəlsəfə!
 
Bəxtiyar Vahabzadə tamada idi. Sovet höküməti istəsəydi, istənilən tamadadan Bəxtiyar Vahabzadə düzəldə bilərdi. Necə ki, düzəltmişdi. Şirin Zərdablı Bəxtiyar Vahabzadədən daha məzmunlu və istedadlı adam idi. Bəxtiyar Vahabzadə haqqında Nərmin Kamalın ‘’Ağ və Qara Bəxtiyar Vahabzade’’ adlı məqaləsi var. Zəhmət çəkib oxuyun. Bir xalqın ki, dissident şairi Bəxtiyar Vahabzadə ola, bu xalqın lideri də Əbülfəz Elçibəy kimi qeyri-ciddi, bioqrafiyası şübhəli bir adam olmalı idi. Hansı ki, dövləti başlı-başına buraxaraq, fərarilik edərək siyasət meydanından doğulduğu kəndə qaçdı. Cəsarəti çatmadı intihar etməyə. Hələ bir sonra da utanmadan geriyə də qayıtdı. Bir adam da demədi ki, ‘’ay bey, a  qardaş, hara getmişdin’’? Prezident də, xalq hərakatının lideri də kəndinə qaçarmı? Utanmırıq, bu gün hələ bu adamın, nə bilim, sadəliyi, qəribəliyi- filanı haqqında nağıllar danışırıq.  Nemət Penahlı Əbülfəz Elçibəydən daha ciddi adam idi. Bu içi havayla doldurulmuş yalançı rezin bütləri, şişirdilmiş obrazları, ədəbiyyatimızın və siyasətimizin Şeyx Nəsrullahlarını, Anarları, Elçinləri, Bəxtiyarları, Rəsulları, İlyasları, Əbülfəzləri, İsaları, Əliləri birdəfəlik  basdırmaq lazımdır.
 
Bu Şeyx Nəsrullahların Zeynal Məmmədli kimi Şeyx Əhmədlərini də unutmaq lazım deyil. Ümumiyyətlə, kimliyindən, nə iş görməsindən, cinsindən, siyasi mövqeyindən, yaşından  asılı olmayaraq bu Şeyx Nəsrullahlara inanan, onlara dəstək verənlərin hamısını silib-süpürmək, onlara qarşı hədsiz dərəcədə amansız olmaq lazımdır. Nə qədər ki, biz bu Şeyx Nəsrullahları basdırmamışıq, bir xalq kimi azad ola bilməyəcəyik. Çünki ən həssas məqamlarda bu Şeyx Nəsrullahlar və onların ətrafındaki  Şeyx Əhmədlər xalqın başına kəndir salıb lazım olan, təyinata uyğun  əllərə verəcəklər. Gürcülər bir xalq kimi həm də ona görə azad oldular ki, öz Şeyx Nəsrullahlarını həqiqətən  basdırdılar. 
 
Seymur Baycan
Yuxarı