post-title

Rotterdamlı Erazmın qələbəsi və faciəsi

Ən sevimli yazıçım olan Sveyqin bu əsərini bir günə oxuyub bitirdim. Sveyqin cümlələri çox uzun olsa da, ilk baxişdan agır görünsə də rahat oxunur, dili axıcıdır, oxucunu yormur. Uzun-uzadı cümlələr yazan bəzi müəlliflərdən fərqli olaraq onun cümlələrinin əvvəli ilə sonu bir-birini tamamlayır.

 
O, bəhs etdiyi bir məsələnin üzərində uzun-uzadı gəzişir, fikrini geniş izah edir. Amma bunu hər dəfə fərqli sözlərlə, fərqli cümlələrlə elə gözəl formada edir ki, sanki əvvəlki cümlədəki fikirdən fərqli bir şey dediyini zənn edirsən.Yazıçının bu qədər zəngin söz ehtiyatına malik olması və onlardan məharətlə istifadə edə bilməsi insanı valeh edir. İlk baxişdan sadə oxucuya Sveyq qəliz yazan yazıçı kimi görünə bilər. Onun yazılarında dialoqlar, sadə cümlələr yoxdur. Amma bu dahini bir dəfə oxuyan, sehrinə düşən oxucu ondan əl çəkə bilmir. 
 
Onu insan xarakterlərinin ustadı adlandırırlar. Onun qəhrəmanlarını biz hərtərəfli görürük. Onların daxili aləmi, hərəkətlərinin səbəblərini, nə düşündüklərini, nəyə əsasən qərarlar qəbul etdiyini, müsbət və mənfi cəhətlərini, bir sözlə bütövlükdə xarakterini biz açıq-aydın görə bilirik. Necə ki, mən bunu Rotterdamlı Erazmda gördüm. 
 
Orta əsrlərin ”ilk yazıçısı, özünü mədəni qitənin vətəndaşı hesab edən ilk avropalı, avropa insanı arasında ilk sülh mübarizəçisi, insanpərvər ideyaların ilk açıq müdafiəçisi və tərəfdarı olan mütəfəkkir” Erazmın qələbəsi məhz bunlar idi. Həm də azadlıgını nəyin bahasına olursa olsun əldən verməməyi, cəhalətə, fanatizmə, zülmə, müharibələrə nifrəti, xalqlar və dillər arasında heç bir fərq qoymadan bütün insanlıgı sevməsi onun əldə etdikləri ugurlar idi. 
 
Faciəsi isə cəsarətinin olmamasında idi. Çox sevdiyi ideallar ugrunda belə, ən həlledici məqamlarda ondan tələb olunan azacıq cəsarəti göstərə bilməməsi onun şəxsi faciəsi kimi tarixdə iz qoymuşdur. Bu əslində onun şəxsi faciəsi deyil, bəşəriyyətin dönüş nöqtəsində tarixin, insanlıgın faciəsidir.
 
O, ”həyatının dəyərini Platon şkalası ilə ölçərdi. Platonun xeyirxah insan ilkin olaraq ədalətli və güzəştə gedən olmasını lazım bilmiş, yalnız bundan sonra cəsarətini qiymətləndirmişdir. Erazmın cəsarəti ən cox onda görünür ki, o cəsarətsizliyini qəbul etmək kimi bir dürüstlüyə sahib idi (bu eyni zamanda bütün dövrlərdə ən nadir rast gəlinən dürüstlükdür)”. 
 
Erazm Avropada bütün xalqların dinc, mehriban, humanist şəkildə vahid ailə kimi yaşamasını arzulayırdı. O bunun üçün maariflənməni əsas şərt hesab edirdi, hər cür milli, dini, irqi ayrı-seçkiliyin əleyhinə çıxır, fanatizmdən qurtulmagı təblig edirdi. Onun bu ideyaları Sveyqə qeyri-mümkün görünür. Sveyqin yaşadıgı dövrü nəzərə alsaq bunun məntiqli oldugunu görərik. Amma indi Erazmın arzuları həyata keçir, Avropa Birliyi, humanist avropa ailəsi, insani dəyərlər, əxlaqın və mənəviyyatın yüksəlməsi məhz Erazm əzminin cücərtiləridir. 
 
“Erazm üçün insanlıgın cəlbedici olan tərəfləri ancaq yüksək dəyərlərə xidmət edən qurucu və yaradıcı tərəfləri idi. Onun insan haqqında dediyi insanın ən sadə və əbədi məqsədi-insansevərlik, mənəviyyat və bilik ola bilər”  kəlamını Vilhem Reyx ”Dinlə kiçik adam” kitabında “sevgi, əmək və bilik” şəklində ifadə etmişdir.
 
Erazmın ideyaları hələ də tam şəkildə dünyada qəbul olunmasa belə, qalib gələ bilməsə də Sveyqin də qeyd etdiyi kimi bunlar tarixdə, insanlarda öz izini qoyur.  “...Şüurların alt qatında öz yerini alır, gələcək nəsillər üzərində belə öz təsirini saxlayır. Bu ideyalar daim geri qayıdır. Məhz buna görə də demək ollar ki, mənəvi sferada Erazm idealı Avropa tolerantlıgının ilk təcrübəsi oldu, o hec vaxt düşüncə aləmində nə agalıq etdi, nə siyasi təsir gücü oldu, ancaq bütün bunlar onu dəyərdən sala bilmədi.”
 
Sveyqin “ustadım” deyə adlandırdıgı Rotterdamli Erazmı bizə tanıtdıran Alatoran yayınları, tərcüməçilər Zaur Səttarlı və Namiq Hüseynlidir. Sonda bu dəyərlı əsəri oxumağı tövsiyə etməklə bərabər onu da bildirim ki, kultura.az saytında bu əsərlə baglı Cavid Ramazanovun “Azad bir insan haqqında” yazısı da yayımlanmışdır.
 
Məhəmməd Nuray
Kultura.az
Yuxarı