post-title

Rasim Qaraca, “On bir Gecə” və Formalaşmamış Cinsi Mədəniyyətimiz

“Larisayla tanış olandan sonra başa düşdüm ki, sevginin hisslərlə bağlılığı çox azdır, bu daha çox praktik hadisədir. Qarşılıqlı bir-birini sığallamaq, oxşamaq, öpmək və yalamaqdır. Sevgi həsrət, göz yaşı və ürək döyüntüsündən daha çox, düzgün seçilmiş kremdir...”

 

Rasim Qaracanın yaratdığı bütün qəhrəmanlara bir-bir baxdım, “normal” sevgi və cinsi münasibətləri olan bir cütlük, bir qəhrəman axtardım, amma tapammadım. “Yazarın əsərdəki mesajı budur!” deyə iddialı bir ifadə işlətmək istəmərəm amma “On Bir Gecə” kitabını gəncliklərini, sevgini və cinsi həyatlarını bir fərd olaraq yaşaya bilməyən insanların “eşq hekayələri” kimi oxudum, cinsi mədəniyyətin formalaşmadığı bir cəmiyyətin hekayəsi...

 
Ümumiləşdirsək
 
Kitab əlil arabasına məhkum olmuş Qarabağ müharibəsi iştirakçısının öz döyüş dostları haqqında xatirələrindən, daha dəqiq desək onların öz dilindən söylənilən həyat hekayələrindən ibarətdir. Belə ki, kitab müharibə zamanı erməni mühasirəsinə düşən və ölümün o qədər uzaqda olmadığını anlayan 10 əsgər arasında yaranmış ümidsizliyi və qorxunu yox etmək üçün takım komandirinin ortaya atdığı təklif ilə başlayır: “hər kəs ilk sevgisindən və qadınla ilk əlaqəsindən danışacaq”. Bu on əsgərin on hekayəsinə əlavə olaraq, yazar sonda kitaba üç məqalə də əlavə edir -  “Sevgilim ‘Yox’ olub”, “Könülsüzlər” essesi və “Şair Mazan Şələqulaq” yumoru.
 
 
“On bir Gecə” və qəhrəmanların cinsi portretləri
 
Yazar kitabı “Qarabağ Dekameronu” deyə adlandırır (“Dekameron” əsəri – Giovanni Boccaccio tərəfindən 1351-ci ildə tamamlanmış və bir qrup gəncin xoşbəxtlik, qadın-kişi münasibətləri, sevgi və s kimi müxtəlif mövzularda danışdıqları yüz hekayədən ibarətdir / sözün yunanca hərfi mənası: “deka” – on; hemera – gün, yəni “on günlük hadisə” mənasını verir) və müharibə dövrü gənc oğlanların düşüncə tərzini, müxtəlif xüsusiyyətlərini oxucunun gözü önünə qoyur. Amma əsərdəki ən maraqlı cizgilərdən biri dövrün gənc oğlanlarının sevgi, qadın və sekslə əlaqəli düşüncələri, ən əsası, cinsi davranışları haqqdadır. Bu mənada əsər sosial-psixoloji portret çıxarmaq və cəmiyyətin cinsi mədəniyyətini anlamaq üçün kifayət qədər yararlıdır. Gəlin, bu hekəyələrə bir-bir baxaq və cinsi mədəniyyətimizin necə olduğunu müəyyənləşdirməyə çalışaq.
 
On Hekayə: 
 
İlk hekayə Çingizin özündən on yaş böyük, sarışın, bəyaz tənli Nəzakətlə olan münasibətindən bəhs edir. Qəhrəmanın bu münasibətə qarşı fikri belədir: “mənim düşüncəmə görə sevgililər bulvarda əl-ələ tutub gəzməli, öpüşməliydilər. Ərdə olmuş, boşanmış, yad kişilərlə qol boyun olan qadından mənə nə sevgili olacaqdı?”. Göründüyü kimi buna qəti “sevgi münasibəti” demək olmaz, çünki qəhrəmanın özü bu hadisəyə normal baxmır, onun üçün bu sadəcə seks üzərində qurulmuş, sevgi ilə əlaqəsi olmayan (yəqin ki, qadının başına gələn hadisələrə görə) bir münasibətdir və bir gün bitəcək (bitməlidir).
 
İkinci hekayə Samirin öz “fantastik xəyallarının” dalıyca - “şüşə kimi olan, bu tərəfindən baxanda o tərəfi görünən” ukrayna qızlarının eşqi ilə Ukraynaya getməsi və orada təsadüf nəticəsində Lyuba tərəfindən “begamont kimi ovlanıb” yatağa düşməsindən və həyatında ilk seks təcrübəsinin “səfeh şəkildə” sona çatmasından bəhs edir. Hekayədə sevgi münasibətindən danışmaq yersizdir.
 
Bundan sonra, üçüncü, Kamilin hekayəsini oxumağa başladıqda çox sevinmişdim. Nəhayət, təsadüf nəticəsində tanış olan iki cütlük, plyaja getmələri və orada ehtiraslarının təsiri altında yarımçıq da olsa ilk seks təcrübəsini yaşamalarından danışılır. Normal bir sevgi hekayəsi çıxa bilərmi deyə düşünürdüm ki, qızların valideynlərinin oğlan tərəfə “namusa toxunduqları” üçün evlilik tələb etməsi hər şey məhv etdi. Bu da azmış kimi, hekayənin sonunda “valideynlər və qızları”nın pul qopartmaq üçün oyun qurduqları məlum oldu. Dördüncü, Rövşənin hekayəti də iki gəncin bir-birindən xoşlanması, gizli öpüşmə ilə başlayır. Amma qəhrəmanın “böyrünə dəyən yumruq” məni də xəyaldan ayırdı. Hekayə dörd-beş nəfərin oğlanı təkləməsi, təhdidlər və oğlanın “çox asanlıqla” qızı və o ilk öpüşü bir andaca unutması ilə bitir. Bir sözlə sevgiyə imkan vermirlər.
 
Beşinci, Fəxrinin hekayətini isə ümumən nə seks, nə sevgi hekayəsi adlandırmaq olmaz. Daha çox seksdən və sevgidən məhrum, hisslərini basdırmış bir gəncin psixoloji gərginliyi və ya “cinsi narahatçılığı” (bəlkə də xəstəlik) kimi də qiymətləndirmək olar. Bu hissəni oxucular özləri dəyərləndirsin: “Belimdən bərk tut dedim. Yavaşca tutdu. Ancaq at sürətini artırdıqca məcbur qalıb var gücü ilə sarıldı. Bu da mənim həyatımda qadınla ilk təmasım oldu. Qeyri-adi bir hiss idi. Qalın kürkün üstündə döşlərinin yumşaqlığını açıq-aşkar hiss edirdim. Bu əsl xoşbəxtlik idi. Qəsdən atın sürətini artırdım, daha möhkəm sarılsın deyə. Qışqırır, yavaş sür deyirdi...”
 
Altıncı, İlqarın hekayəti isə sevgi hekayəsindən daha çox bir dramdır. Hekayə 5-ci sinif şagirdinin qonşunun xanımı evdə tək qalmasın deyə hər gecə onlara gedişi və qadınla eyni yataqda yatması ilə başlayır. Zamanla oğlanın böyüməsi, bir-birinə qarşı cinsi hisslərin qabarması (cinsi münasibət olmadan), ərin onları eyni yataqda görməsi və məsələni xəyanət hesab edib qadını qətl etməsi ilə hekayə bitir.
 
Yeddinci, Sərdarın hekayəti iki gəncin bir-biri ilə tanışlığı, daha sonra sevgi və ardından seks münasibətlərinin başlaması ilə davam edir. Normal bir münasibət deyə dəyərləndirilə bilərdi ki, sonda (yəqin ki də əvvəlcədən planlanmış şəkildə) münasibət oğlanın bu fikirlərilə son buldu: “Ondan uzaqlaşmağın zamanı gəlmişdi. Məndən əvvəl kiminləsə görüşməsi haqda böyük şübhələrim vardı. Ustalıqla öpüşürdü, minet götürməyin nə olduğunu bilirdi, hansı preservativin yaxşı olduğundan başı çıxırdı, sevişərkən də o qədər təcrübəsiz görünmürdü...”
 
Səkkizinci, Ramizin hekayəsi isə, iki gəncin bir-bir ilə təsadüfi tanışlığı, sevgisi, daha sonra valideynin narazılığı və oğlanın qızı qaçırtması və evlənməsi ailələrdən kənar tək yaşamaqları və təsadüfən qızın ölümü haqdadır. Evlənmədən sevgi və seks münasibətlərini yaşaya bilməyən, ümumiyyətlə, bunu düşünə bilməyən və evliliklə münasibəti rəsmiləşdirmə ehtiyacı duyan iki gəncin eşq hekayəsi və ya dramıdır.
 
Doqqunzuncu hekayə məktəb yoldaşlarının məktəb sevgilisini qaçırdıb qəhrəmanın evinə gətirmələri və ağır iqtisadi çətinliklərdə, itəksiz qurulan bir münasibət haqdadır. Qaçırılan qız geri qayıtmaz məntiqi ilə düşünmək və oğlanın qızı istəməməsi və bezdirməsi hekayənin sonunda qızın intiharı ilə bitir. Növbəti bir eşq dramı. Sonuncu hekayə isə, müharibədə bir rus qızının əsir götürülməsi və bir əsgərlə eyni otaqda və yataqda yatması haqdadır və bu gənc bu hadisəni qadınla ilk münasibət deyə dostlarına danışır.
 
Nəticə olaraq...
 
Rasim Qaracanın “On Bir Gecə” əsəri bir çox tənqidləri – qadın hüquqları, geri düşüncəlilik, ictimai təzyiq, iqtisadi çətinliklər, müharibənin yaratdığı çətinliklər və s. – özündə cəmləsə də əsər cəmiyyətin cinsi mədəniyyətini anlamaqda çox yararlıdır. Belə ki, bütün əsərdə normal bir cinsi münasibət və cinsi yetkinliyə çatmış bir çütlük, bir gənc tapmaq olmadı. Yəqin ki, yazar gördüklərindən yazıb və ya görmədiklərindən yaza bilməyib. Və eşq hekayələri adlı bir kitabı dram əsəriymiş kimi oxumaq, bu mədəniyyətin sevgiyə baxışı və ona yaratdığı şərtlər budur yəqin, faciə.
 
Cəmiyyətdə cinsi mədəniyyətin hələ formalaşa bilməməsi, cinsi münasibətə qarşı fobia, qadına qarşı fobia, gənclərin psixoloji mənada cinsi yetişkənlik mərhələsinə çata bilməməsi halları bu cəmiyyətin 90-cı illərin portretidir. İndi nəsə müsbətə doğru dəyişibmi? İctimai nəqliyyatda on dəqiqə qalmaq bu suala rahatlıqla yox cavabı verməyə bəs edir.
 
Kitabda sadəcə bir hekayədə iki gəncin bakirəlik məsələsini aşaraq və evlilikdən kənar sevgi və seks münasibəti yaratma halı ilə qarşılaşırıq. Amma oğlan tərəfi səmimi deyil. Bəs qız tərəfi? Daha doğrusu belə bir mədəniyyətin içində qız səmimi ola bilərmi? Keçmiş münasibətlərindən normalmış kimi danışa bilərmi? Ümumiyyətlə özü bunun normal olduğuna inanırmı? Cinsi həyatını normal yaşaya bilən bir qadına bütün cəmiyyət “pozğun” gözü ilə baxdıqda, və hətta onunla “pozğun” kimi davrandıqda, əgər bu qadının özgüvəni və savadı kifayət qədər yoxdursa (bəzən bunlar da bəs etmir) onun özü də bu yalana bir gün inanacaq və “pozğun” kimi davranmağa başlayacaq (bu mədəniyyətin “pozğun” sözünə yüklədiyi mənalar və davranış qəlibləri ilə).
 
Sonda, cinsi mədəniyyətimizi bu səhnə bir cümlə ilə çox yaxşı ifadə edir: “Hər dəfə qəsəbənin avtobus dayanacağında marşurut taksi sürücüləri cavan oğlanlar onu görəndə siqnal verirdilər, qızıl dişlərini parıldadıb gülürdülər...”
 
Xəyyam Namazov
xeyyamnamazov.com
Yuxarı