Zibil qutuları

Публицистика

 
 
Aqşin Yeniseyə fikir verməmək də olar, o, qandı-qanmadı, hər şey barəsində yorulub-usanmadan danışmağa, yazmağa, özünü biabır eləməyə öyrəşib. Amma hər şeyin də bir sərhədi var axı. İnsan savadsız, diletant ola bilər, nə də olsa, bisavadların da öz fikrini azad şəkildə ifadə etmək azadlığına sahib olduğu dövrdə yaşayırıq. Bəs özünə şair, yazıçı deyən, kitablar yazan adamın böyük bir faciənin qurbanları olan yazıq, talesiz insanları “neqr” adlandırması hansı məntiqə sığır? Bu, hansı növ beynin məhsuludur?..
 
Yazının davamından aydın olur ki, Aqşin Yenisey uğursuz zarafatıyla Soma qurbanlarını “neqr” adlandırdığı köşəsində özünün sosializm barəsindəki çeynənmiş, primitiv konspirologiyasını oxucuya sırımağa, öz aləmində solçuluğu “yıxıb-sürüməyə” çalışır: 
 
“Sirr deyil ki, türk xalqı heç vaxt kommunizmi qəbul etməyib, necə ki, Avropa ölkələri də bu ideyanı özlərinə yaxın buraxmadılar, hətta pul xərcləyib eksperiment kimi Rusiyada inqilab yoluyla həyata keçirsələr də, sonradan qorxuya düşüb sovetizmi məhv etmək üçün Hitleri Stalinin üstünə cumxurdular”.
 
Çoxlarının Azərbaycanın müasir dövrünün ən ciddi şairlərindən biri, bəlkə də birincisi saydığı, yazıçı, redaktor, müxtəlif kitablar müəllifi Aqşin Yenisey sosializm barədəki yazısını bu cümlələrlə bitirir: 
 
“Ümumiyyətlə, dünyada bir çox ideyalar var ki, onlar tarixin kömür mədənlərində çoxdan karbonmonoksid qazından zəhərlənib boğulublar. Məsələn, vaxtilə kilsə “Cənnət qəbzləri” satırdı və xristianları inandırmışdılar ki, kim bu qəbzi alsa, ölən kimi cənnətdə “avroremont novastroykada” yaşayacaq. Yaxud dərvişlik. Və sual: dünyada elə bir insan varmı özünə kasıblıq, ev-eşiksizlik, işsizlik arzulasın? Solçuluq sağçılığın xiffətini çəkən kinli bir ideologiyadır.”
 
Vəssalam, bu da oldu köşə yazısı.
 
Bir yazı çap olunana qədər xeyli mərhələdən keçir; müəllif yazdığı mövzu barəsində məlumatlı olub-olmadığına əmin olmalı, yazdığı mövzunun həssaslığını anlamağa çalışmalı, qonorar xətrinə yazdığı cızma-qaraya kənardan reaksiyanın necə olacağını götür-qoy etməli, özü-özünə hesabat verməlidir. Tutalım ki, müəllif bunların heç birini vecinə almır, bəs saytın redaktorları hara baxır, kim yoxlayır belə yazını? Həvəskar bir sayt olsa, keçmək olar. Bu yazının yayımlandığı sayt isə həvəskar sayt deyil, redaktorları, işçi heyəti, xeyli sayda köşə yazarı, büdcəsi olan iddialı media orqanıdı... 
 
“Solçuluq – tarixin qütb nöqtəsi” yazısına sonuncu dəfə baxanda, yazı minə yaxın oxunmuşdu, “Facebook”da 443, “Twitter”də isə 20 dəfə paylaşılmışdı. Demək, belə yazıları kifayət qədər oxuyan və bəyənən insan var. Necə deyərlər: “Şiroko şaqayet Azerbaycan”. 
 
Sonda yazımın sərlövhəsinin niyə “Zibil qutuları” olmasına aydınlıq gətirim. Son bir neçə ildə ölkədə yüzlərlə sayt peyda olub. Məqsədi, məramı bəlli olmayan bu “sayt”lar elə zibil qutuları kimi bir şeydir. Şok, sensasiya, qalmaqal, provakasiya, pafos, pafos, pafos bu saytların əsas inqrediyentləridir. Həmçinin, bu saytlarda ömründə 3 kitabı axıra qədər oxumayan adamlar köşə yazıları yazaraq xalqa müxtəlif məsələlər barədə dərs keçirlər. Bu məqsədyönlü şəkildə təşkil olunmuş bir şeyə bənzəyir: çox sayt, çox xəbər, çox yazı, çox pafos, çox provakasiya, çox primitivlik. Seçim imkanı daralır. Bu “həsənsoxdu dəyirmanı”nda yaxşı oxucu kimi formalaşmaq çətin və müşkül məsələyə çevrilir... 
 
Özünüzü zibil qutularına düşməkdən qoruyun...
 
Cavid Ramazanlı
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade