post-title

Yeddi samuray

"Yeddi samuray" filminə kinoteatrda atamla baxmışam. Adamlar filmi həm komediya, həm də davalı film kimi başa düşmüşdülər. Kino qurtaranda adamlar kinoteatrdan bayıra çıxanda məktəb yoldaşımı gördüm. O da dedi: "Ən gülməlisi dəli samuray idi".

 
 
Onunla tam razı idim. Elə mənim özümü də daha çox dəli samuray güldürmüşdü. O dəli samuray ki, kəndlilərə döyüşməyi, silahdan istifadə etməyi, quldurlardan özünü qorumağı öyrədir. O dəli samuray ki, kəndliləri digər samuraylardan daha yaxşı tanıyırdı. Bu kəndlilər vuruşmağı necə lazımdır bacaran, qəddar, amansız quldurların qarşısına çıxmalı idilər. Kənardan kəndlilərin uşaqları bu mənzərəyə, yəni dəli samurayın kəndlilərə təlim keçməsinə baxır və bərkdən gülüşürlər. Onları gözləyən faciədən, dəhşətlərdən xəbərləri olmadan. Bilmirlər ki, əgər quldurlar gəlsələr, onları qılıncla doğrayacaqlar, qadınları zorlayacaqlar, bütün var-dövlətlərini əllərindən alacaqlar. 
Atam "Yeddi samuray" filminin çox ciddi bir film olduğunu bilmədən bu dünyadan köçdü. O, öləndə heç bu haqqda düşünməmişdi də. Nəyinə lazım idi bilsin ki, "Yeddi samuray" komediyadı, yoxsa faciə? Yəqin ki, film də artıq yadından çıxmışdı. 
 
Bu haqda çox fikirləşmişəm: hansı yaxşıdır, kim daha xoşbəxtdir - "Yeddi samuray" filmini komediya kimi qəbul edib, bu dünyadan köçmək, yoxsa sonradan "Yeddi samuray" filminin çox dəhşətli film olduğunu anlamaq. Necə ki, minlərlə, onminlərlə, yüz minlərlə insan Çexov, Tolstoy, Viktor Hüqo, Sveyq, Balzak, Dostoyevski kimi yazıçıların varlığından xəbər tutmadan, əsərlərini oxumadan yeyirlər, içirlər, evlənirlər, övlad, nəvə-nəticə sahibi olurlar və sonra da bu dünyadan köçürlər. Belə olduğu halda Volterin sualı qarşısında qalırıq - hansı yaxşıdır, bilib bədbəxt olmaq, yoxsa bilməyib xoşbəxt olmaq? 
 
Əlbəttə, bu sual adamı tez-tez yaxalayır. Ən kiçik məişət problemlərinin qarşısında aciz qalarkən, maddi problemlər insan şəxsiyyətini alçaldarkən, Herman Hessenin "biz meşşan həyatına nifrət edərək meşşanların evində kirayədə yaşamağa məhkumuq",- sözlərinin həqiqi ağırlığını bütün hüceyrələrimlə hiss edərkən avam, gönüqalın, Çexovdan, Tolstoydan, Hüqodan xəbərsiz xoşbəxt yaşayan adamlara paxıllığım tutub. Onlardan biri olmaq istəmişəm. Lakin özüm-özümlə baş-başa qalanda demişəm, yox. Əgər bir daha seçim etmək imkanım olsaydı, bilməyib xoşbəxt olmaqdansa, yenə də bilib bədbəxt olmağı seçərdim. 
 
Tanıdığım qız bir nəfəri sevib öz həyatını darmadağın etmişdi. Həmişə deyərdi: "Bir qram da peşman deyiləm. Yenə dünyaya gəlsəm, "uf" demədən yenə onu sevərdim". 
 
O qıza baxanda Don Kixotun Sançoya dediyi sözləri xatırlayırdım: "Bu dünyada hərə öz yolu ilə gedir və heç kim getdiyi yola görə başqalarına minnət qoymalı deyil".
 
Əsl sevgi də elə budur. Qarşılıqsız. Təmənna güdmədən. Təmənnalı münasibət heç vaxt səmimi ola bilməz. 
Atam kimi "Yeddi samuray"ın komediya olduğunu qəbul edərək, "Yeddi samuray"ın çox ciddi bir film olduğunu bilmədən bu dünyadan köçmək istəməzdim. Zatən çox asanlıqla belə ola bilərdi. Çox asanlıqla atamın həyatını təkrar edə bilərdim. Ənənənin olmadığı bir ölkədə kiminsə az-çox fərqlənməsi sırf təsadüflərin nəticəsidir. Belə düşünürəm, qoy, başqaları bu təsadüfə tale adı qoysunlar. 
 
Son vaxtlar dəli samurayı tez-tez xatırlayıram. Nə qədər eqoistcəsinə səslənsə də (zatən çox eqoist və şöhrətpərəst adam olduğumu gizlətmirəm. Açıq deyirəm, çox eqoist və şöhrətpərəst adamam) dəli samuraya bənzədiyimi görürəm. Dəli samurayın gördüyü işi təkrarlamaqdayam. Ömründə bir dəfə silah tutmamış kəndlilərə döyüşməyi öyrətməliyik ki, qəddar və amansız quldurlardan kəndi qoruyaq. İlahi, kimlərlə kimin qarşısına çıxmalıyıq? Neçə cəbhədə döyüş aparmalısan? 
 
Siyasi hakimiyyət bir tərəfdən, mentalitet bir tərəfdən, cəhalət bir tərəfdən, maddi çətinlik bir tərəfdən, çaqqal və paxıllar ordusu da digər tərəfdən. Üstəlik, onları gözləyən faciədən xəbərsiz uşaqmuşaqlar bu prosesə kənardan baxıb gülüşürlər. Sonda məlum olacaq ki, bu kəndlilərin evində doğrudan da yeməyə və içməyə hər şey varmış. Sən havayı yerə onlara acıyırsan. Sən ölüb gedəcəksən, onlar isə heç nə olamış kimi öz düyülərini əkəcəklər, öz həyatlarına davam edəcəklər. Həmişə belə olub. Davada sağlam adamlar məhv olur, miskinlər isə öz həşarat həyatlarına davam edirlər. Çünki həşaratlar ölmürlər. Ölmək nədi, sürətlə artırlar. Yumurtalarını hara gəldi qoyurlar. Murdarlıq, anti-sanitariya nə qədər artırsa, həşaratların çoxalması üçün daha münbit şərait yaranır.
 
***
 
 
Daha bir ağrılı problem var. Vəlvələdən, ya zəlzələdən indi beş-altı savadlı, dil bilən, normal düşünməyi bacaran adamlar yetişib. Bu adamlar nə ilə məşğuldurlar? Heç nə ilə. Avaralıq edirlər. Yalnız yazıları oxuyub mız qoyurlar. Filan yazı yaxşı idi, amma daha əhatəli yazmaq olardı. Fikirləri maraqlıdı, amma daha dərin yazmaq olardı. 
 
Həkim susur, müəllim susur, iqtisadçı susur, din xadimi susur, sosioloq susur, psixoloq susur və ümumən digər "OLOQLAR" susurlar. Sonra da dərin, əhatəli yazı oxumaq istəyirlər. Qardaşlar, bacılar, siz əlinizi ağdan qaraya vurmursunuz, işləmirsiniz, ətrafdakı adamları başa salmırsınız, yazmırsınız, tərcümə etmirsiniz, sonra da az-çox işləyən adamları da ruhdan salmağa çalışırsınız. Hərəniz bir ofisə başınızı soxub dahi-dahi fikirlər səsləndirirsiniz. Həkim susanda, müəllim susanda, iqtisadçı susanda, hüquqşünas susanda, yazmayanda, tərcümə etməyəndə Şahvələd sizin hamınızın əvəzinə yazmağa məcbur olur. Şahvələd sizin hamınızın yerinə yaza bilməz, hamınızın əvəzinə həkim, müəllim, hüquqşünas, iqtisadçı, sosiloloq, psixoloq ola bilməz. 
 
Bir müdrik qadın var idi. Uşaqlara həmişə deyirdi ki, on adamın tökdüyünü bir adam yığışdıra bilməz. Bir gün yığışdırar, iki gün yığışdırar, üç gün yığışdırar, bir il yığışdırar, daha beş il, on il, iyirmi il yox. 
 
Öz tənbəlliyinizə, öz qorxaqlığınıza, öz merkantilliyinizə haqq qazandırmaq üçün yalandan ortaya səviyyə söhbəti atmayın. Mənim yazım sizi qane etmirsə, siz yazın, biz oxuyaq. Axı yazmırsınız. Sosial şəbəkələrdə təlxəklik edirsiniz. Avaralanırsınız. Sonra da deyirsiniz, millət niyə bu gündədir, müsəlmanlar niyə başıqapazlıdır? Gəlin etiraf edək ki, bir çox məsələlərdə özümüz də günahkarıq. 
 
Deyirlər, Rusiyada azərbaycanlılara qarşı münasibət pisdir. Bəli pisdi, amma özümüz də günahkarıq. Ev kirayə götürüb hamam vannasında kabab bişirəndə, geyinməyi bacarmayanda, kitab, qəzet oxumayıb ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak etməyəndə, şit müğənniləri toya-nişana aparıb başına pulu yağış kimi tökəndə, 20 il Rusiyada yaşayıb rus dilini öyrənməyəndə, əlbəttə ki, münasibət pis olacaq. 17 il Peterburqda yaşayan adamlar var, bir dəfə də olsun Ermitaja getməyiblər. Bütün dünyadan insanlar Peterburqa gəlib Ermitaja gedirlər, bizimkilər isə 17 il Peterburqda yaşayıb bir dəfə də olsun Ermitaja ayaq basmırlar. Getmələri cəhənnəm, bir dəfə gedib Ermitajın qabağında şəkil çəkdirmirlər. Heç olmasa uşaqlarına göstərsinlər ki, mən orda olmuşam. Getdikləri şəhərdə yalnız restoran, mağaza axtarırlar. Bir anlıq düşünmürlər ki, bu şəhərdə filankəsin ev muzeyi, tarix muzeyi, teatr, sərgi və kitabxana da var. 
 
Deyirik gürcülərin bizə münasibəti pisdi. Bəyəm bu münasibətin yaranmasında bizim günahımız yoxdur? Gürcünün səfirinin, nazirinin, şairinin, yazıçısının, kəndlisinin, fəhləsinin, rəssamının, rejissorunun evində olmuşam. Hər biri qonağı çox rahatlıqla qarşılayıb. 
 
Bir qonaqlıqda idim. Orda səfirlər, təşkilat rəhbərləri, bir çox avropalı qonaqlar, rejissorlar, sənət adamları iştirak edirdilər. Yedilər, içdilər, söhbət etdilər, bir-birlərinə hədiyyə verdilər. Öz-özümə düşündüm, görəsən, bizdə kim bu səviyyədə qonaq qəbul edə bilər? Çaşmadan, panikaya düşmədən, israfçılıq etmədən, qonaqlar arasında fərq qoymadan. 
 
Əlbəttə, gürcülərin də çoxlu problemləri var. Bütün hallarda qafqazlıdırlar. Qafqaz mentaliteti onları da əzir, gülünc vəziyyətə salır, amma bununla belə, qonaq-qara qarşısına çıxarmağa on-on beş adamları tapılır. Bu beş-on adam gürcülərin abrını qoruyur. Sən bir şəhərdə yaşayıb şəhərin, ölkənin mədəni-siyasi-ictimai həyatında iştirak etməyəndə əlbəttə ki, sənə qarşı münasibət pis olacaq. 
 
Deyirik, avropalıların bizə münasibəti pisdir. Bəyəm bu münasibətin yaranmasında bizim günahımız yoxdur? Cəmiyyətə inteqrasiya edə bilməyənlər, çalışmayanlar, zəhmət çəkməyənlər, yaşadıqları cəmiyyətdə zorla mənfi yönlər axtarırlar. Əlbəttə, hər bir cəmiyyətin mənfi tərəfləri var, amma müsbət tə-rəflərindən nə qədər yararlanırıq? Avropa cəmiyyətinə inteqrasiya edə bilməyənlər özləri-özlərini könüllü olaraq ekzotik varlığa çevirirlər. Dolma, muğam, xalça, plov söhbəti etməyə başlayırlar. Nə qədər adam tanıyıram, burda normal adam idilər, getdilər Avropaya, özlərini ekzotikaya çevirdilər. 
 
Deyirik ki, müsəlmanlara qarşı münasibət pisdir. Əlbəttə ki, sən bir ilə altı səhifə kitab oxuyanda (bunun özünə də inanmaq çətindi) belə acınacaqlı duruma düşəcəksən. Dindən, əxlaqdan, Məhəmməd peyğəmbərin elmə, savada verdiyi böyük qiymətdən, dəyərdən ağızdolusu danışanlar din və millət adına bir qəpiklərindən keçmək istəmirlər. Dindən danışıb öz qardaşını istismar edir. Min yerə pul xərcləyir, amma bir şagirdin məktəb ləvazimatını almaq, beş tələbəyə təqaüd vermək istəmir. Sonra da oturub masonlardan danışır. Bəyəm sən kitab alıb oxudun, mason tutub kitabın vərəqlərini cırdı? Bəyəm kimsə Tiflisdə, Voronejdə, tutaq ki, Berlində teatra getdi, həmin adama dedilər ki, yox qardaş, bu binaya girmək sənə olmaz? Harda belə hadisə olub? Eşitməmişəm. Bəlkə kiminsə başına gəlib? 
Gəlin, öz savadsızlığımıza, öz mədəniyyətsizliyimizə, öz kobudluğumuza, öz tənbəlliyimizə, israfçılığımıza başqa adlar qoymayaq. Özümüz günahkar olduğumuz məsələlərdə başqalarını günahkar saymayaq. 
 
Rusiyada və digər yerlərdə nə qədər iş adamları var? Bu adamlar ən mənasız əyləncələrə minlər, on minlər, yüz minlər, milyonlar xərcləyirlər. Amma öz doğma kəndində bir uşaq bağçası, bir məktəb tikdirmir. Əlbəttə, məktəbi, bağçanı dövlət tikməlidir, amma sən də tikməlisən. Sonra da başlayırlar başqa xalqların bir-birlərinə dəstəyindən, bir-birlərinə arxa durmağından, bir-birlərinə kömək etməyindən heyranlıqla danışmağa. Bəs yaxşı, sən özün nə etdin? Nə iş gördün? Kimə əl tutdun? Millətin inkişafı, tərəqqisi üçün nə qədər pul xərclədin? Ümumiyyətlə xərclədinmi? 
Peterburqda bir restoranda idim. Bizimkilər rus qızlarının başına pulu yağış kimi tökürdülər. Dostum bir nəfəri göstərib and içdi ki, həmin adamın anası kənddə acından ölür. Ayda anasına beş-üç manat göndərmir, burda rus qızlarının başına pul tökür. İndi sabah o arvad ölsə, gedib yasında necə lazımdı ehsan verəcək. Masanın üstünə banan, ananas, min cür nemət düzəcək. 
 
Bəyəm belə deyil? Belədir. Niyə yalandan deyək ki, belə deyil. Axı, hər birimiz bu və ya digər formada belə hadisələrin şahidiyik, hətta iştirakçısıyıq. 
 
Hamıdan çox və hər şeydən əvvəl ölkədə dəyişiklik etmək istəyən, amma əlini ağdan-qaraya vurmaq istəməyən adamlara qarşı qəzəbliyəm. Allaha şükür, dil bilirsiniz. Niyə tərcümələr etmirsiniz? Vaxtınız yoxdur? Yalandır. Gözünüzün içinə kimi yalan deyirsiniz. Vaxt yoxdursa, bəs sosial şəbəkələrdə saatlarla mənasız söhbətlərə necə vaxt tapırsınız? 
 
Bu dünyada ən böyük günahlardan biri bildiyini başqasına ötürməmək, bildiyini paylaşmamaqdır. Öyrəndin, indi də başqasını öyrət. Oxudun, indi də başqasını oxut. Yazı yaz. Tərcümə et. Pul qazandın, lap yaxşı. Qazandığın puldan başqasının təhsil almasına, oxumasına, inkişaf etməsinə cüzi məbləğ ayır. 
 
Gəlin açıq danışaq. Davranışı xoşumuza gəlməyən, həyat fəlsəfəsi, danışığı bizdə qıcıq oyadan ən yaxın adamımıza, ən yaxın qohumumuza belə dözə bilmirik. Evimizə qonaq gəlibsə, min bir variant fırladıb başımızdan edirik. Belə deyil? Belədir. Bəs yaxşı, biz ən yaxın qohumumuzun, ən yaxın adamımızın davranışına, danışığına dözə bilmiriksə, mədəni insanlar, mədəni xalqlar niyə bizim mədəniyyətsizliyimizə, kobud davranışlarımıza, tərbiyəsizliyimizə, savadsızlığımıza dözməlidirlər? Niyə? Niyə? Niyə?
 
Seymur Baycan
 
Reytinq qəzeti
Yuxarı