post-title

Yapon möcüzəsi?

Yaponiya heç də yad planetdən gələnlərin əli ilə yaradılmayıb və yaponların uğurlarında sirli-sehrli səbəblər yoxdur. Yaponiyanın inkişafının təməlində rasional izah edilə bilən səbəblər yatır.

 
 
Yaponiya haqqında düşüncələrimiz
 
Etiraf edim ki, mən uzun müddət yaponları dünya sakini saymamışam. Onların müdhiş uğurlarının arxasında sirli-sehirli səbəblər axtardığım çox olub. Maraqlısı budur ki, sonradan ətrafımda bir çox insanların da mənimlə eyni hissləri və düşüncələri bölüşdüyünü gördüm, amma önəmli məqam budur ki, içi mən qarışıq, bu insanların heç biri Yaponiyanın bu möcüzələrinin arxasındakı rasional, məntiqi əsasları tapmaq üçün əziyyət çəkib heç bir araşdırma etməmiş və heç bir şey oxumamışdı.  Savadsız insanlar kimi, asan yola əl ataraq işi möcüzəyə bağlayırdıq. 
 
Yaponiya haqqında cəmiyyətdə formalamış ikinci sterotiplərdən biri də onların öz mədəniyyətlərini, adət-ənənələrini, dəyərlər sistemini, hətta idarəçilik sistemini saxlayaraq, inkişaf etdiyinin qəbul edilməsidir. Bu düşüncənin daşıyıcıları əsasən ölkədə qərb idarəçilik sisteminin, dəyərlərinin formalaşmasına kəskin qarşı çıxan konservativ kəsimdir. Onlar Yaponiyanı nümunə gətirərək, Azərbaycanın da eyni yolu gedə biləcəyini iddia edirlər. Bu məsələdə maraqlı olan budur ki, bu insanların heç birinin Yaponiyanın hansı yoldan getdiyindən xəbərləri yoxdur.
 
Yaponiya haqqında üçüncü yanlış məlumat bu ölkənin tamamilə ABŞ tərəfindən yaradıldığına inama dayanır. Bu fikrin formalaşmasında İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Yaponiyaya etdiyi yardımlar əsas götürülüb. Lakin nədənsə, biz Yapniyanın İkinci Dünya Müharibəsinə qədər artıq supergüc dövlət olduğunu unuduruq. 
 
Bu üç fikir arasında ziddiyətlərin açıq-aşkarlığı sizləri çaşdırmasın. Məsələ burasındadır ki, fərdlərin həyata baxışlarında da bir-birinə zidd, amma paralel olaraq daşıdıqları və yaşatdıqları fikirlər olur. Xüsusən, şəxs azərbaycanlıdırsa, onun düşüncəsində bir-birinə daban-dabana zidd olan düşüncələrin hamısının həqiqət kimi qəbul edilməsinə təəcüblənmək lazım deyil. 
 
Məhz yuxarıda göstərdiyim və hazırda cəmiyyətimizdə Yaponiya haqqında formalaşmış və hətta daşlaşmış düşüncənin yanlış olduğunu göstərmək üçün Yaponiyanın inkişaf yolu haqqında qısa tarixi bilgi verməyi zəruri bildim.  
 
 
Yaponiyada nə baş verdi?
 
Bir çox tarixçilər tərəfindən bölüşülən ortaq fikir budur ki,  Yaponiyanın tarixində dönüş ili 1854-cü ildə ABŞ hərbi donanmasının komandanı Mattwe C. Perry-nin rəhbərliyi ilə Yaponiya sahillərinə yön alan 10 hərbi gəmi ilə başlayıb. Bu hadisə nəticəsində ABŞ hərbi gücü ilə Yaponiyanı qorxudaraq onun sərhədlərinin açılmasına və dünya ticarətinə qoşulmasına məcbur edib. Daha sonra, ABŞ Yaponiyada ilk konsulluğunu açaraq, bir çox sərfəli ticarət sazişləri bağlaya bilib. Bu tarixdən başlayaraq Yaponiyanın 250 illik dünyadan təcrid olmaq siyasətinə son qoyulub.  
 
Həmin hadisədən 4 il sonra yəni 1858-ci ildə Hollandiya və Britaniya Krallığı da Yaponiya ilə oxşar saziş bağlayıb. Yaponlar bu müqavilələri “bərabər olmayan”, “alçaldıcı” hesab edirdilər. Əslində onların bu müqavilələri (Bu müqavilələr nəticəsində Yaponiyanın xarici ticarəti üzərində nəzarət tamamilə xarici dövlətlərin əlinə keçmişdi) bağlamamaq, onlardan imtina etmək şansları da yox idi, çünki onun sərhədlərinə yan alan dövlətlərin hərbi üstünlüyü Yapniyadan qat-qat çox idi (o zamanlar ölkəni idarə edən samuraylar şüurlu sürətdə odlu silahın bütün növlərindən imtina etmişdi). Yaponların bu sazilşləri heç bir etirazsız icra etməsi üçün 1864-cü ildə Britaniya, Fransa, Hollandiya və ABŞ hərbi gəmiləri Kogoshima və Shimoneki portlarını bombardımana tutdular. Bütün bu uğursuzluqlar 1868-ci ildə hakimiyətdə olan Tokugawa shogun (“böyük general”) devrilməsi ilə nəticələndi. 1600-cü ildən ölkəni idarə edən Tokugawa ailəsinin dövründə, Yaponiya hələ də dünyadan təcrid olunmuş, feodal idarəçilik qaydaları ilə idarə olunurdu. Ölkə yüzlərlə yarı müstəqil feodal lordlar arasında bölünmüş, texnoloji inkişafı zəif, aqrar ölkə idi. Tokugawanın devrilməsindən sonra hakimiyətə gələn yeni qrup, 16 yaşlı Mutshitonu imperator elan etdi. Ölkədə elə nə baş verdisə, məhz Mutshitonun hakimiyyəti dövründə baş verdi. Meiji (“aydınlanmış idarəçilik”) adlanan bu dövrdə ölkənin siyasi, iqtisadi və sosial institutları ciddi islahatlarla məruz qaldı. Bu islahatlara Meiji Bərpası adını verdilər. Meiji Bərpasını həyata keçirən qrup, aşağıdakı 8 bəndən ibarət planı icra etməyi qarşılarına məqsəd qoymuşdular: (əslində bu plan Tokugawa ailəsinə devrilməmişdən qabaq  təqdim olunmuşdu): 
 
- Aşağı və Yuxarı palatadan ibarət Qanunvericilik hakimiyyəti yaradılmalı və dövlətin bütün addımları ümumi razılıq əsasında atılmalı idi; 
 
- Köhnə qanun və qaydalar kənara atılmalı və yeni, müasir dövrlə ayaqlaşan qanunvericilik bazası formalaşdırılmalı idi;
 
- Xarici siyasət, ümumi razılıq əsasında hazırlanmış qaydalar əsasında həyata keçirilməli idi;
 
- Ənənəvi idarəçilik institutları ləğv edilməli, cəmiyyətin bütün təbəqələrindən olan bacarıqlı insanlar məsləhətçi kimi işlərə cəlb edilməli idi;
 
- ...
 
Məsələ burasındadır ki, Meiji Bərpasını həyata keçirən qrup anlamışdı ki, Yaponiyanın dünyadan təcrid siyasəti, feodal idarəçiliyi, iqtisadi gerilik ölkəni məhvə aparacaq. Məhv olmaq təhlükəsini aradan qaldırmaq və Qərblə ayaqlaşmaq üçün Qərb dəyərlərini və idarəçilik sistemini öz ölkələrində tətbiq etməyin zəruriliyini anladılar. Çünki o dövrün (indinin özündə də) əsas güclü dövlətləri məhz Qərb dövlətləri idi. Onlar isə məhz sahib olduqları institutlar və dəyərlər hesabına belə gücə yiyələnmişdilər. Bunun üçün Yapon hökuməti tərəfindən atılan addımların sırasında aşağıdakılar var idi:
 
- Kütləvi şəkildə yapon gənclərini və ziyalı kəsimini Qərbin universitetlərində elm öyrənməyə göndərdilər;
 
- Qərbə kütləvi turist səfərləri təşkil edir və bu səfərləri dəstəkləyirdilər;
 
- Böyük maliyə bahasına bir çox sahələr üzrə xarici ekspertlər və professionallar ölkəyə gətirildi;
 
- Qərbdə çıxan, demək olar, bütün sahələr üzrə olan kitablar yapon dilinə tərcümə edildi;
 
- 1873-cü ildə ilk dəfə mili təhsil sistemi tətbiq edilməyə başlanıldı;
 
- 1870 və 1890-cı illər arası alman və fransız hüquq sistemi əsasında müasir hüquq sistemi yaradıldı;
 
- Almaniyanın 1871-ci il Konstitusiyası əsasında öz Konstitusiyasını hazırladılar. 1890-cı ildə qəbul edilən bu Konstitusiya Asiya qitəsində ilk dəfə seçki əsaslı parlamenti, müstəqil məhkəmə hakmiyyəti və  konistitusiyalı monarxiyaya sahib dövlətin əsasını qoydu.  
 
Bundan başqa, yüksək texnoloji əsaslı kommunikasiya və nəqliyyat sistemi, son texnologiyalara əsaslanaraq sürətlə inkişaf edən sənayə qurulmuş və feodal sinifinin qadağalarından kənar ali savadlı insanlar yetişmişdi.  
 
Maraqlı faktlardan biri budur ki, 1872-ci ildə, Meiji dövründə, ölkənin bütün yüksək ranqlı məmurları ABŞ və Avropanın bir çox ölkələrinə səfərə çıxır. Bu səfərin əsas məqsədi isə Qərb idarəçilik modelinin öyrənilməsi ilə bağlı olur. Bu səfər sırasında cəmiyyətin konservativ kəsimi  (samuraylar) Koreyanın işğal edilməsinin zəruriliyini irəli sürür və tələb edir. Tez bir zamanda Avropa və ABŞ-dan ölkəyə qayıdan ölkənin yeni liderləri Yaponiyanın ən önəmli  məqsədinin ölkənin modernləşməsi olduğunu, bütün gücün və enerjinin bu istiqamətdə sərf edilməli olduğunu cəmiyyətə qəbul etdirirlər. Mövzudan uzaqlaşmadan onu qısaca qeyd edim ki, biz bunu Dağlıq Qarabağ məsələsində Azərbaycan dövlətinin apardığı siyasət konteksində də müqayisə edə bilərik. Bu məsələdə yanaşmada açıq-aşkar yanlışlıqlar var. Biz enerjimizi yanlış yöndə xərcləyirik. Məsələ burasındadır ki, Yaponiya daxili islahatlarından sonra Birinci Dünya Müharibəsində nəinki Koreyanı, hətta Çinin bir çox ərazilərini də tutacaqdı. Təbii ki, mən Azərbaycanın güclənərək Ermənistanı işğal etməsini nəzərdə tutmuram, söhbət Dağlıq Qarabağ və ətraf rayonların qaytarılmasından gedir. 
 
Mövzunun davamı olaraq bildirim ki, Yaponiya Qərbin idarəçilik sistemi, sənaye və hərbi, eləcə də gəmiqayırma texnologiyalarını ciddi şəkildə öyrəndi.  Nəticədə, Yaponiya ilk olaraq öz quru qoşun sistemini ilk olaraq Fransız, daha sonra isə Prussiya modeli üzərində qurdu. Donanma isə dövrünün ən güclü donanmasına sahib Britaniya modeli üzərində formalaşdırıldı. Hərbi islahatların qarşısında duran ən ciddi əngəl samuraylar (samuraylar əsas döyüşcü sinif idi və onlarda bu varislik yolu ilə ötürülürdü) sinfi idi ki, 1873-cü ildə onlar qərb modeli çağırış sisteminə əsaslanan daimi ordu tərəfindən əvəz olundu. Samurayların bütün bu islahatlara etiraz olaraq başladıqları üsyan elə məhz həmin modern qoşun tərəfindən 1877-ci ildə darmadağın edildi. Nəticədə samuraylar qılıncı biznesə və müxtəlif ixtisaslara dəyişməyə məcbur oldular. 
 
Ölkənin siyasi, iqtisadi, sosial inistitutlarının Qərb modeli əsasında qurulması və xüsusən sənayeləşmə birbaşa olaraq Yaponiyanın ənənəvi dəyərlərini, yəni adət-ənənələrini, kökündən laxladaraq, materializmin və individualizmin daha geniş yayılmasına səbəb oldu. Yəni  bu islahatlar yalnız hərb və idarəçiliklə məhdudlaşmadı. Bu özünü geyimdə, mətbəxdə, bir sözlə yaşam tərzində də göstərməyə başladı. Qərb tərzli ilk geyimi hərbiçilər Yaponiyaya gətirdikdən sonra bu geyim tərzi xalq arasında geniş yayıldı. Yapon İmperatoru özünün istər sivil, istərsə də hərbi geyimi, saqqalı, medalları ilə tamamilə Qərb krallarına oxşadırdı. 
 
Qərbdə Sənaye İnqilabı, orqanik bir proses kimi addım-addım baş verirdirsə (Sənaye inqilabı 17-ci əsr elmi inkişafla sıx bağlı idi) Yaponiya bu prosesə sonradan qoşulmuş və o dövrün Yaponiyasına yad olan dəyərləri və idarəçilik sistemini qısa bir müddət ərzində öz həyatlarına və idarəçiliklərinə uyğunlaşdıra bilmişdi. Maraqlıdır ki, yaponlar arasında dəyişiklik istəyi yalnız urbanlaşmış əhali ilə məhdudlaşmırdı, yapon kəndliləri də bu prosesdə fəal iştirak etmişdi.  
 
Məni bu uğurda heyrətə düşürən o idi ki, 19-cu əsrin ortalarına kimi tamamilə orta əsr feodal dövləti cəmi bir nəsil sonra dünyanın supergüc dövlətlərindən biri olmuşdu. Hətta bu qısa tarixi bilgi də bəs edir ki, Yapon möcüzəsinin arxasında nələrin yatdığını təsəvvür edə biləsən. 
 
Təbiidir ki, Yaponların məhz qərb idarəçilik sistemini və dəyərlərini qəbul etdiyi üçün indiki inkişafa çatdıqlarını, yaponların bir xalq olaraq heç bir keyfiyyətə sahib olmadığını, uğuru yaxşı imitasiya etdiklərini demək isətmirəm. Demək istədiyim odur ki: Yaponlar bir şeyi çox yaxşı dərk etmişdi,  “əgər Qərbi məğlub etmək istəyirsənsə və ya ona məğlub olmaq istəmirsənsə, o zaman özün onlardan biri olmalısan”.  
 
Təsadüfi deyil ki, yaponlar öz islahatlarının uğurla nəticələnməsinin tərifini belə verirdilər: “Qərb istedadı və yapon ruhununun qovuşması”. 
 
 
Nəticə 
 
Birinci, məlum olur ki, Yaponiya heç də yad planetdən gələnlərin əli ilə yaradılmayıb və yaponların uğurlarında sirli-sehrli səbəblər yoxdur. Yaponiyanın inkişafının təməlində rasional izah edilə bilən səbəblər yatır. 
 
İkinci, Yaponiya heç də öz adət-ənənlərini (bu adətlər feodal idarəçiliyin nəticəsi kimi yaranmışdı) saxlayaraq, qoruyaraq inkişaf etməyib. Buna ən bariz misal, Meji Bərpası siyasətini aparan adamların (Okubo Toshimichi, Shimazu Hisamitsu) elə samurayların özü olması idi. O samuraylar ki, Koroğlu kimi qılıncı odlu silaha dəyişməyə qarşı çıxmışdılar və odlu silahı samuraylara yaraşdırmırdılar. Həmin bu proqressiv, kiçik qrup olan samuraylar, “dağıdıcı yaradıcılıq” rolunu üzərlərinə götürərək, öz kastalarının bütün hüquqlarını onların əllərindən alaraq, cəmiyyətdə ayrı-seçkiliyə əsas yaradan dəyərləri tamamilə məhv etdilər. Samuraylar yeni və dünya ilə ayaqlaşacaq, daha proqressiv dəyərləri (o zamanda və elə indidə də) yəni Avropa əsaslı dəyərləri qəbul etdilər. Yaponlar bu dəyərlərə kompleks yanaşaraq aralarında fərq qoymurdular (geyimdən tutmuş, yaşayış qaydaları və idarəçiliyə kimi), onlar bu dəyərlərin bir-birinin determinantı (müəyyən edicisi) rolu oynadıqlarını çox yaxşı bilirdilər. Yaponiyada Qərbdə çıxan bütün növ ədəbiyyatı tərcümə olunmasının əsasında məhz bu yanaşma dururdu. Hazırki statistikaya görə, orta statik yapon il ərzində 25 kitab oxuyur. Azərbaycanlının heç intellektual sayılan kəsimi belə bu qədər kitab oxumur. 
 
Üçüncü, artıq yazıdanda məlum olduğu kimi, Yaponiyanı ABŞ-ın yaratmadığı aydın olur.  ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Yaponiyanı dirçəltmək istəməsinin ən əsas səbəbi onun SSRİ ilə mübarizəsində SSRİ-ni üzük qaşı kimi dövrəyə almaq, güclü kapitalist mütəffiqlərə sahib olmaq siyasəti dururdu, necə ki, eyni yanaşmanı  Qərbi Almaniyanın və ümumilikdə Avropanın dirçəldilməsi ilə həyata keçirirdi. Çünki ABŞ bu ölkələr olmadan SSRİ-yə məğub ola bilərdi.  
 
Emin Aslan
 
Kultura.az
Yuxarı