Timsahın göz yaşları

Публицистика

 
 
Küçələrdə uşaqları, gəncləri, qocaları, qadınları vəhşicəsinə döyürlər. Başa düşmürsən, bu qədər aqressiyanın, zalımlığın arxasında nə dayanır? Bir vaxtlar sıravi azərbaycanlılar türklərin həmrəyliyindən, xalq sevgisindən ağızdolusu danışardılar, nümunə göstərərdilər. İndi bəlli olur ki, bu, yalan söhbət imiş, Türkiyə cəmiyyətində dəhşətli, aqressiv bir qütbləşmə var... 
 
Bu gün Taksimdə aksiyalara cəhd zamanı ABŞ-ın CNN kanalının meydandan canlı yayım aparan müxbirini və operatorunu polis dünyanın gözü qarşısında həbs elədi...
 
Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bu gün (31 may) hansısa mitinqdəki çıxışında "Gezi hadisələri"ndə iştirak edənləri bir ucdan təhqir edir, aşağılayır və elə belə də deyirdi: Yenə kim meydana çıxsa, A-dan Z-yə nə lazımdırsa, polis onu edəcək... 
 
Ərdoğan hakimiyyətə necə gəlmişdi məlumdur: dindar, mömin, xalqını sevən, millətpərəst, demokratik bir insan obrazında. Tez-tez şeir deyir, göz yaşı tökürdü. Vaxt keçdikcə, rəqiblərini əzdi, hakimiyyətini möhkəmləndirdi və əsl kimliyi ortaya çıxdı. Bəlli oldu ki, o, əzazil avtoritardan başqa bir kimsə deyil. Həbslər, həbslər, həbslər, zorakılıq, insanların şəxsi həyatına kobud müdaxilə, dözümsüzlük, incəsənətə düşmənçilik və s. Bu yaxınlarda ona qarşı çıxan bir nümayişçini özü şəxsən öz əlləriylə yumruqladı. Keçən il "Gezi hadisələri" zamanı evdən çörək almağa çıxan 14 yaşlı uşağı polis vurub öldürmüşdü. Ərdoğan dedi ki, qəhrəman polisimiz dastan yazdı, ölən uşağı terrorist, anasını da fahişə elan elədi...
 
Və bütün bunlara rəğmən Ərdoğan seçkilərdə böyük səs çoxluğuyla qalib gəlir. Çünki bu adamın arxasında təhsilsiz, mühafizəkar, dindar bir təbəqə dayanıb. Çox təəssüf ki, bu insanlar Türkiyədə əksəriyyəti təşkil edirlər, hər dəfə Ərdoğanı seçirlər. Ərdoğan indi prezident olmaq istəyir, bir neçə aydan sonra seçkidir, çox güman prezident olacaq... 
 
Türkiyənin başı sağolsun, belə yaşamaq hər halda çox çətin bir şey olmalıdır. İnsanlar ağacların kəsilməsinə, ölümlərə, zorakılığa, avtoritarlığa, şəxsi həyata müdaxiləyə son qoyulması üçün dinc yürüş keçirirlər. Polis onları incidir, döyür, söyür, işgəncə verir, bibər qazında boğur. Və onların səs çoxluğuyla seçilən baş naziri mitinqlərdə, televiziyalarda heç susmadan onları alçaldır, təhqir edir, gülə-gülə acıq verir, gülə-gülə. 
 
Bu kabusun tez bitməsinə ümid etməkdən başqa çarə qalmır. Bununla belə, çox vacib bir şey bir daha aydın oldu, təsəlli kimi bu çox vacib nüansdır, ağlı başında olan adamlar bu təcrübəni unutmayacaqlar. Bəlli oldu ki, dini, dindarı məscidə təhkim eləməkdən başqa variant yoxdur, necə ki, Avropada dini, keşişi kilsəyə həbs edəndən sonra, insanlar normal həyat yaşamağa başladılar, rifaha, şəffaflığa, demokratiyaya nail oldular. Və bir daha aydın oldu ki, ən böyük cinayətlər həmişə dinin adına törədilib, bu aksiom bir daha isbatlandı. İndi də Türkiyədə ən böyük cinayətlər din adına törədilir və bu gedişlə hələ çox törədiləcək. 
 
Gezidə ölənlərin ruhu şad olsun, ümid edək bir gün haqq yerini tapacaq, cinayətkarlar layiqli cəzasını alacaq, ən kiçiyindən ən böyüyünə qədər...
 
Cavid Ramazanlı
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade