post-title

Yazıçı ilə yaşamağın cəhənnəm əzabı

“Onun bəxş etdiyi ruh yüksəkliyi, şəfqət və eyni zamanda da tənqidi münasibət olmasaydı, mən olduğum kimi yazıçı ola bilməzdim”.

 
İngilis ədəbi tənqidi Con Qolsuorsinin “Forsaytlar haqqında saqa” romanını XX əsr ingilis ədəbiyyatının ən görkəmli əsəri və öz dövrünün əsl ingilis romanı adlandırıb.   
 
Qolsuorsi isə Forsaytlar salnaməsini özünün əbədiyyət sahillərinə pasportu hesab edirdi. Ancaq bu, təkcə onun özünün deyil, həm arvadının, həm də sevgilisinin – Qolsuorsinin Adasının pasportu idi.
 
Yazıçı romanını Adaya həsr edib. “Onun bəxş etdiyi ruh yüksəkliyi, şəfqət və eyni zamanda da tənqidi münasibət olmasaydı, mən olduğum kimi yazıçı ola bilməzdim”, - deyə Qolsuorsi yazırdı. Ada öz həyatının tarixçəsini də ona “hədiyyə etmişdi”. Yazıçı dərin bildiyi və məhrəm olduğu bu həyatı bir çox əsərlərində, o cümlədən “Forsaytlar haqqında saqa” romanında da təsvir etmşdi.   
 
Con Qolsuorsi 14 avqust 1867-ci ildə anadan olub. O, ailə şəcərəsində IV Con Qolsuorsi idi. Atası incəsənəti, ədəbiyyatı sevir, Dikkensi, Tekkeryeni oxuyur, Turgenevə pərəstiş edirdi. O, fermer nəvəsi idi, hüquqşünas kimi təhsil almışdı, bir neçə sənaye şirkətinin direktoru idi. Bu şirkətlərdən bir neçəsi hətta okeanın o tayında yerləşirdi. Qolsuorsu yazıçılıq istedadını məhz atasından miras almışdı. O, doqquz yaşınadək evdə təhsil alır, sonra isə pansion və imtiyazlı Herrou kollecinin növbəsi çatır.   
 
Universiteti qurtaran Qolsuorsi qohumları ilə xaricə “böyük səyahətə” hazırlaşır. Lakin səfəri bir qədər təxirə salmalı olurlar: Con saysız-hesabsız əmisi oğlanlarından birinin – mayor Artur Qolsuorsinin toyunda iştirak etməli idi. Mayorun nişanlısı olduqca cazibədar gözəl, mahir müsiqiçi, lakin cehizsiz qız Ada Kuper idi.   
 
Qolsuorsinin Adası
 
Adanın Artur Qolsuorsi ilə ailə həyatı uğursuz alınır. Axı, Ada üçün usandırıcı həyatdan yaxa qurtarmaq yolu olan bir nikahdan başqa nə gözləmək olardı ki?    
Adanın uşaqlıq və gəncliyi Conunkuna heç bənzəmirdi. Ada arzuolunmayan və sevilməyən bir uşaq idi. Hətta anasının verdiyi ad belə uşağın onun üçün necə ağır bir yük olduğunu göstərir. Ana qızını Ada Nemezida adlandırır. Nemezida isə, məlum olduğu kimi, qədim yunan əfsanələrində cəza, intiqam ilahəsidir. “Qəddar Nemezida bütün həyatı boyu dəfələrlə Ada üzərindəki hüquqlarını bəyan etməyə çalışırdı”. Ada isə bacardığı qədər ona müqavimət göstərirdi...  
 
1866-cı ildə doktor Kuper Adanı qızlığa götürür. Ada qeyri-qanuni doğulduğunu gizlətmək üçün doğum tarixini 1864-cü il deyil, məhz qızlığa götürüldüyü 1866-cı ili göstərir. Doktor Kuper vəfat edərkən yazdığı vəsiyyətnamədə qəyyumlara Adanın təhsilinin qayğısına qalmağı tapşırır. O, musiqi və rəqslə məşğul olur, oxumağı və şəkil çəkməyi öyrənir...   
 
Təhsilini başa vurduqdan sonra Ada anası ilə adaxlı axtarışı ilə səyahətə çıxırlar. 4 il ərzində 74 şəhəri dolaşırlar... Talesiz Ada Artur Qolsuorsi ilə nikahı vəziyyətdən yaxşı çıxış yolu sanır. Ancaq yanılır...    
 
“Nə üçün yazmırsınız? Siz bunun üçün yaranmısınız” 
 
“Böyük səyahətdən” qayıdan Con Qolsuorsi Ada ilə daha yaxından tanış olur. Gözəl Adanın xoşbəxt olmadığını anlayanda isə qəlbi ona şəfqət hissi ilə dolur. 
 
Qolsuorsi gənc zəngin centlimen həyatı sürürdü: nahar verir, qonaqlıqlara, ova gedirdi... Ancaq belə həyat onu sıxırdı. Bu aralarda Con hüquq elmlərini öyrənir, lakin daima tutduğu yolun doğru olub-olmaması şübhəsi onu bir an da olsa tərk etmirdi. “Pul qazanmaq üçün dişləri ilə hər hansı bir peşədən yapışmaq – iyrənc bir sıxıntıdır... Elə istəyərdim ki, bir istedadım olsun, həqiqətən də hesab edirəm ki, yaşayış üçün pul qazanmaqdan ötrü ən gözəl yol – yazıçı olmaqdır”, - məktublarının birində yazırdı. Özünə inamsızlıq onu çox üzürdü. Bax elə bu vaxt Ada həmin o qəti, həmin o yeganə sözü deyir. Bunu eşitmək Qolsuorsiyə çox lazım idi.   
 
Münasibətlərinin dönüş nöqtəsi Parisdəki Şimal vağzalındakı görüşləri zamanı oldu. Ada gənc hüquqşünasdan soruşur: “Nə üçün yazmırsınız? Siz bunun üçün yaranmısınız”. Bu sözlər Qolsuorsinin gələcək taleyini müəyyənləşdirdi, Ada isə ədəbi olaraq həyatına daxil oldu: yazıçının katibi, sevgilisi və dostu.
 
Qolsuorsi ata ocağını tərk edir və tutduğu kiçik bir mənzilə yerləşir. Oğlunun seçimi, əlbəttə, atanı qüssələndirsə də, ona az da olsa, yaşayışına kifayət edəcək qədər vəsait ayırır. Ancaq Qolsuorsinin tələbləri də elə böyük deyildi: sadə şərait, şəxsi fayton. O vaxtın dəbi ilə nəfis və səliqəli geyinərdi. 
 
Adanın təbiətində istedadı şövqləndirmək və ilhamlandırmaq məharəti var idi. O özü, etiraf edək ki, çox nadir istedadı haqqında belə deyir: “Fikrimcə, mən bununçün – kiməsə xeyirxahlıq etmək üçün yaranmışam, bu mənim üçün çox vacibdir”.
  
Ada Conun böyük yazıçı olacağına dərhal inanır. Gəncin zəif ədəbi cəhdləri onu zərrə qədər də pərt etmirdi. O, Qolsuorsinin hələ ki bacarıqsız və sözçülüyə meyilli hekayələrinin ilk dinləyicisi olur və bu onları daha da yaxınlaşdırır. Ada indi onun ilham mənbəyinə çevrilir: bu qadın onda yaradıcılıq ehtitası oyatmağı bacarır.  
 
Yazıçı öz yoluna Ada ilə belə başlayır. 
 
10 il intizar 
 
Evlənəcəkləri günə hələ uzun on il var idi. On il gizlinlər və ayrılıqlarla keçən əzablı həyat. Onların məhəbbəti talelərini birləşdirməyin mümkünsüzlüyü düşüncəsi ilə acılar yaşayırdı. “Həyatda bundan daha faciəvi heç nə ola bilməz”, - “Saqalar” müəllifi çox sonralar belə deyəcək.     
 
1902-ci ildə Ada ərindən ayrı yaşayır, Qolsuorsinin evindən cəmi iki dəqiqəlik məsafədəki bir evə yerləşir. Ancaq onlar yalnız xaricdə birlikdə yaşaya bilirlər. Soy adlarının eyni olması işlərini bir qədər asanlaşdırır.   
 
Ada və Con bir çox ölkədə səyahətdə olurlar: İtaliya, Fransa... Səhər saatlarını işə sərf edirdilər: Con yazır, Ada isə onun yazdıqlarını çap edirdi. Günorta saatlarında şəhər ətrafında gəzir, Normandiyanıın kənd mehmanxanalarının şüşəbənd və ya taxta eyvanında uzun-uzadı oturur, qəhvə içir və balla bulku yeyirdilər. Xoşbəxt və qayğısız vaxtlar idi! Elə bu illərdə həyatlarına musiqi də daxil olur: Qolsuorsi yazır, Ada isə qonşu otaqda royalda çalırdı. Ömrünün son günlərinədək Con bu adətini - Adanın səsləndirdiyi musiqinin sədaları altında işləmək vərdişini tərk etmədi.
 
1904-cü ildə Qolsuorsinin atası vəfat edir. Bu itki Conu sarsıdır. Acısı o qədər böyük olur ki, iki həftə heç kimi, hətta Adanı belə görmək istəmir. Atasının sağlığında Con onu boşanma məsələləri və ayrılmış qadınla izdivacı ilə pərişan etmək istəmir. Ancaq “viktoriyaçı” vəfat etmişdi, indi artıq Con və Ada bütün şərtiliklərə meydan oxuya bilərdilər. Onlar bir neçə günlüyə kəndə gedir, sonra isə İttaliyaya yollanır və yarım il burada açıq-aşkar birlikdə yaşayırlar ki, mayor Qolsuorsi nəhayət boşanmanın qaçılmaz olduğunu anlasın. İtaliyadan qayıdanda isə öyrənirlər ki, boşanma prosesinin ən qızğın çağıdır.
 
Qolsuorsu bilirdi ki, kübar cəmiyyətinin qapıları onun üzünə bağlanıb. “Mən bütün işlərimdən geri çəkildim, klublardan çıxdım və s. Nəhayət, yazmaq üçün vaxtım və heç nə ilə yüklənməmiş əqlim olacaq”.
 
Onlar 23 sentyabr 1905-ci ildə evlənirlər – azadlığın ilk günü. Nəhayət ki, bütün çətinliklər arxada qalır və onları buludsuz xoşbəxtlik gözləyir... Lakin on illik gizlin həyat və əcnəbi ölkədə keçirdikləri 8 ay hələ qarşıda çox çətinliklərin olacağını ehtimal etməyə əsas verirdi. 
 
Ada ikinci evliliyinədək həyatında nə baş vermişdisə, hamısının üstündən xətt çəkdi. Gözlənilmədən gündəliyinin axırıncı səhifələrini cırıb atdı. Və həyatının hesabını yenidən – 1905-ci ildən başladı.     
 
Səbirsizliklə gözlənilən nikah xoşbəxtlik gətirmədi  
 
Ada Cona və onun işinə sədaqətli idi. Əlbəttə, bu, çox gözəl idi, lakin... Lakin hərdən onun ifrat qayğısı Qolsuorsini sıxırdı. O, Conu bir dəqiqəlik də olsa tək qoymurdu. Nə dünyagörüşü, nə də nəcibliyi və alicənablığı baxımından ərinin səviyyəsinə qalxa bilən Ada özü üçün əlçatmaz olan dairələrdə yazıçının da gəzib dolanmasını, könül rahatlığı tapmasını istəmirdi. Conun qətiyyən eqoist olmadığını və yaxın adamları üçün hər şeyə hazır olduğunu bilən narahat Ada ərinin bu keyfiyyətini mərhəmətsizcəsinə istismar edirdi.
 
Adanı çətinliklər və xoşagəlməz münasibətlərdən müdafiə etmək, narahatlıqlardan qorumaq, uşaq kimi qayğısına qalmaq, hər şeydə ona güzəştə getmək lazım idi. Hətta oynayarkən də ancaq onun qalib gələ biləcəyi oyunları seçirdilər. Adada  özünəinam hissini dəstəkləmək, onu Qolsuorsiyə rast gələnədək məhrum olduğu qayğı və sevgi ilə əhatə etmək lazım idi.  
 
Bununla yanaşı, Ada heç də zəif varlıq deyildi, soyuğun nəfəsi gələn kimi məhv olan cənub çiçəklərinə də bənzəmirdi. O, iztirab çəkən gözəlliyin rəmzi olan İren Forsayta da oxşamırdı. Ada – profildən Roma qadınlarını xatırladırdı, bəzən azacıq nəzərə çarpan təbəssüm qonmuş nazik zolaq şəkilində dodaqları, kraliçalara layiq vüqarlı duruşu, möhtəşəm yerişi var idi. Adanın çoxlu şəkilləri qalıb: at belində, pişiyi yedirərkən, ovçu paltarında – çəkmə və bricidə.   
 
Qohumlarından biri Adanı xatırlayaraq yazırdı ki, ondan daha əzələli qadın görməmişəm. Təəccüblü heç nə yoxdur. Səhhətindən tez-tez şikayətlənən və revmatizmdən əziyyət çəkən Ada çox gözəl idmançı idi: yaxşı at sürür, dəqiq atəş açır, yaxşı kriket (ağacla oynanılan top oyunu – tərc.) və əla bilyard oynayırdı.   
 
Adanın soyuqluq və ciddiliyi Qolsuorsini həddən artıq təmkinli etmişdi.  “Forsaytlar haqqında saqa”nın oxucularından biri Soms və İreni misal gətirərək belə qərara gəlir ki, yazıçı məhəbbətin duyğulu yönlərinə mənfi münasibət bəsləyir. Qolsuorsi buna belə cavab verir: “Mənə daha çox əks xüsusiyyətimə görə irad tutmaq olar, ancaq qarşılıqlı hislərin yaranmasını başqasının arzusunun əksinə olaraq təmin edilən duyğulardan fərqləndirmək lazımdır. Bu, eyni şey deyil. İllər ötdükcə, bəzi sınaqlardan keçdikcə biləcəksiniz ki, sevgi üçün yaranmış qadınların əksəriyyəti təbiətlərinin duyğulu nöqtələinə edilən belə qəsdlərə dözməyə başqalarından daha az qadirdilər, çünki onlar üçün mənəvi tənəzzülün güclü hissi məhz bununla əlaqədardır”. Bu sözlər, əlbəttə, Adaya aiddir.  
 
Adanın faciəsi onda idi ki, o, fikirləşmədən Condan özünü tamamilə fəda edənədək daha çox diqqət tələb edirdi. Ada elə sanırdı ki, öz sədaqəti ilə yazıçıya dəstək olur. Ancaq sən demə, yazıçı bütövlükdə nikah buxovlarında işgəncə çəkirmiş. 
 
Adanın ölümündən sonra qızıl mücrüsündən tapılan və ona həsr edilmiş iki əlyazma şeir Con və Ada Qilsuorsilərin məhəbbətinin yeganə şahidləridir. 
 
Ada və Con birlikdə yaşamış, birlikdə müvəffəqiyyət qazanmışdılar. Ada xoşbəxt idi: axı Con onun həyatının mənası idi. Lakin Qolsuorsi “xeyirxahlığın əsarətində” sıxılırdı. Yazıçı Adaya və ədəbiyyata olan sevgisini bir araya sığdıra bilmirdi: yazıçı kimi inkişaf etmək üçün o, tamamilə müstəqil olmalı idi, hətta sevimli Adasından da…
O, nəyi üsün tutdu, nəyi seçdi? Qolsuorsi yazırdı: “Seçdiyimiz yolların hamısından yeganə layiqlisi mərdlik və xeyirxahlıq yoludur”.      
 
Con Qolsuorsinin ikinci məhəbbəti 
 
Qolsuorsinin 44 yaşı olanda onun pyeslərindən birinin quruluşunda iştirak edən on doqquq yaşlı rəqqasə və xoreoqraf Marqaret Morris ilə rastlaşır. Rəqqasə yazıçını görən kimi vurulur. “Onu görmək – onu sevmək deməkdir, o, elə xeyirxah, elə nəzakətlidir ki, onun elə məftunedici təbəssümü var ki...”
 
Qolsuorsi aşiq olduğunu dərhal anlamır. Demək lazımdır ki, Qolsuorsi və Marqaret Morrisin məhəbbət macərası təsəvvür edə biləcəyimiz ən məsum romandır. Ancaq Ada üçünsə bu, dəhşətli faciə idi. Nemezida yenə onu haqlayır: Con - onun etibar etdiyi, onu qoruyacaq, cəmiyyətə tanıdacaq yeganə insan ondan üz döndərmək istəyirdi. Qolsuorsi üçün isə seçim yox idi: o, arvadının iztirablarına baxa bilmirdi.   
 
Qolsuorsi Marqaretə yazır: “Nə siz, nə də mən öz xoşbəxliyimizi başqasının iztirabları və ağrıları üzərində qura bilərik”. Onlar hələ ki, yalnız yazışırlar, lakin tezliklə buna da son qoyulur: “Aramızdakı hər cür münasibətə son qoyulmayanadək Ada yaxşı olmayacaq. Məni unudun və bağışlayın”. 
 
Uzun illər Qolsuorsinin ailəsində yaşamış qohumlarından birinin xatirələrində deyilir ki, müqəddəs etibara “xəyanətdən” sonra da Ada və Con arasında nikah qorunub saxlanılır, amma o duyğulu məhəbbət artıq yox idi. Bundan başqa, Qolsuorsi indi Adadan daha çox asılı vəziyyətə düşmüşdü, indi o, Adasız işləyə bilmirdi. 
 
1932-ci ildə Qolsuorsi Nobel mükafatına layiq görülür, ancaq onu son mənzilə aparacaq xəstəlik üzündən Stokholma gedə bilmir. Ada isə Conun öləcəyinə inana bilmir. Bəs onun qayğısına kim qalacaq (Yenə Nemezida işə qarışır)”.
 
Əzablı ölüm yazıçını yaxalayır, ancaq o, ağrılara mətanətlə dözürdü: “Mən çox yaxşı yaşamışam: Ada, var-dövlət, evlər, mükafatlar, səyahətlər, uğurlar...”  31 yanvar 1933-cu ildə Con Qolsuorsi çəkdiyi mənəvi və fikizi əzablardan qurtulur. Onun külü Beri-Hilla zirvəsindən “dörd bir tərəfə” səpələnir. Hələ Qolsuorsinin sağlığında xəstəliklərdən əziyyət çəkən Ada isə ərindən sonra xeyli yaşayır və 29 may 1956-cı ildə 91 yaşında vəfat edir.
 
Əminə Xatun
Axar.az
Yuxarı