Günel Mövlud cəfəngiyatını dağıtmaq

Публицистика

 
 
İlk baxışdan elə görünür ki, söhbət Azərbaycandan gedir, deyilmi? Ancaq yox, Günel Mövlud bunu Avropa haqda yazır. Bu yaxınlarda Günelin “Avropa haqda mifləri dağıtmaq” ( http://www.azadliq.org/content/article/25330066.html ) adlı bir yazısını oxudum və səmimi deməliyəm ki, mənim fikrimcə, bu yazı özündə başdan ayağa cəfəngiyatdan başqa heç nəyi əks etdirmir. Bu səbəbdən mən də bu yazını “Günel Mövlud cəfəngiyatını dağıtmaq” kimi adlandırdım. Bəli-bəli, fikrimcə Günel, başdan ayağa cəfəngiyat yazıb. Düzdür, müəyyən hissələrdə müəllifin sözündə həqiqət var, ancaq müəllif qanunvericiliyi araşdırmadan bunu elə çatdırmağa çalışıb ki sanki almanlar səfeh və bekar insanlardır, elə qaydaları da özləri kimi səfeh və mənasızdır. Keçək bir başa yazıya, nəticəni isə sonda qeyd edəcəyəm. Yazını növbəti qaydada yazacağam. Günel Mövluddan sitat gətirib onun fikirlərinə öz təcrübəmdən və əsaslı mənbələrə istinad edərək cavab yazmağa çalışacağam. Beləliklə:
 
1) “Əgər Avropaya iş vizası ilə gəlmisinizsə, vizanız altı aydan az vaxtı nəzərdə tutubsa, siz Almaniyada bank hesabı aça bilməzsiniz.”
 
Məsələ burasındadır ki, əgər siz Almaniyaya hər hansı bir viza ilə gəlirsizsə, məsələn, turist kimi, o zaman sizin hesabınızda artıq sizi təmin edəcək məbləğ olmalıdır, bu səbəbdən almanlar sizə yeni bank hesabı açmağı gərəkli bilmirlər. Digər tərəfdən əgər siz iş vizası ilə gəlib işə qəbul olunursuzsa, o zaman sizi işlə təmin edən şirkət sizin aylıq əmək haqqınızı ödəməkçün mütləq sizə bank hesabı açmalı olur. Çünki son dərəcə nadir hallarda Almaniyada əmək haqqı bir başa əldən-ələ verilir. Qalan 99,9% hallarda sizin bank hesabınız mütləq olmalıdır. 
 
2) Əgər sizin məhz Almaniya banklarında hesabınız yoxdursa, heç bir ev sahibi sizə ev verməyəcək. Yaşamaq üçün sizə lazım olan evi tutmaq üçün sizdən yarım çamadan sənəd istəyəcəklər, o sənədlərin hamısı qaydasında olsa, amma hesabınız alman bank hesabı olmasa, sadəcə üzünüzə gülüb, sizi yola salacaqlar. 
 
Şəxsən mənim təcrübəmdə belə bir şey olmayıb. Tələbə olaraq Almaniyaya gəldikdən sonra 3 həftə ev axtarışı öz nəticəsini verib. Heç kim də məndən mütləq “icbari” olaraq bank hesabımı tələb etməyib. Ancaq bu mümkündür ki, Günel belə bir təcrübəni özündə yaşayıb. Çünki əgər doğrudan da siz heç yerdə işləmirsizsə və ya sizin işlədiyiniz şirkət (olduqca qeyri-realdır) sizə aylıq əmək haqqını yatırmaqçün sizə bank hesabı açmırsa, siz bunu onlardan hüquqi qaydada tələb edə bilərsiz. Daha sonra isə həmin sənədi ev yiyəsinə təqdim edə bilərsiz. Məsələyə Günelin şikayət tərəfindən yox, gəlin ev yiyəsi tərəfindən baxaq. Siz bir almansız və hansısa bir qadın, bir neçə aylıq vizası olan, 3-cü ölkədən olan, bank hesabı olmadan sizdən ona ev verməyi tələb edir. Siz buna razılaşardınızmı? Mən əlbəttə ki, yox və bu səbəbdən almanların niyə bu qədər sənəd tələb etdiyini başa düşmək olar. Sadəcə biz bu cür qaydalara öyrəşmədiyimizdən gəlib sonra şikayətlərimizi orda-burda yazırıq. 
 
3) Böyük marketlərdəki, dükanlardakı kassalarda ödənişi öz kartınızla etmək istəsəniz, yenə məyus olacaqsınız. Almaniyada fəaliyyət göstərən banklardan başqa heç bir bankın kartı ilə ödəniş etməyiniz mümkün deyil.
 
Elədir, səhv etmirəmsə ALDI və LIDL master və ya visa cardlarını qəbul etmir və bununçün onların öz səbəbləri var. Bu həm şirkətlərin digər bank institutları ilə müqaviləsindən də irəli gələ bilər. 
 
Fikirləri ilə tam razılaşdığım və təcrübəmdə yaşadığım Sevinc xanımın fikirlərini sizinlə bölüşmək istəyirəm. 
 
"Öz kartınızla isə siz ancaq bankomatdan pul çıxarıb, nağd ödəniş edə bilərsiniz"  - çox yanlış fikirdi.
 
 Supermarketləri çıxmaq şərtilə (onların bəziləri yalnız eurocard, girocard və s kimi alman kartları qəbul edir) istənilən dükanda, restoranda, hətta, Almaniyanın ucqar kəndlərində MasterCard, Viza kimi plastik kartlarla rahat ödəniş etmək olur. 
 
 
4) Əgər iş vizanız yarımillikdən çoxdursa, burada bank hesabı aça bilərsiniz. Amma bu da az qala bir neçə ay aparacaq. Çünki hər yerdə olduğu kimi, banklarda da bürokratiya, lazımsız, mənasız sənədlərin tələbi, araşdırmalar, ləngitmələr və ən əsası məmur süründürməçiliyi baş alıb gedir.
 
Mən burada yaşadığım 2 il müddətində heç bir süründürməçiliyə rast gəlməmişəm. Bəlkə bizim Günel ilə dəyərlərimiz fərqlidir və yerindəcə “səncanı gələ bunu qoy cibinə mənə orda bir hesab aç”, “qardaş gəl bunu birtəhər razılaşıb həll edək” demək əvəzinə, mənimçün hər hansı bir sənədləri gedib toplamaq heç vaxt süründürməçilik olmayıb. Günelin burada azərbaycanlı mentalitenini anlamaq olar. 
 
5) Süründürməçilik, bürokratiya, məmur özbaşınalığı Almaniyanın hər addımında, hər yerindədir. Bir məmurun «yox» cavabı verdiyi işə, başqa məmur ovqatından asılı olaraq «hə» cavabı verə bilər.
 
Olduqca məsuliyyətsiz bir cümlədir. Günel heç bir real misal göstərmədən, bəlkə də heç Alman qanunvericiliyini araşdırmadan sadəcə ittiham edir ki “məmur özbaşınalığı” baş alıb gedir. Heç bir sübutları, real misalları, istinadları özündə əks etdirməyən aciz və gülməli bir irad. Mən bunu ona görə deyirəm ki, mən bunu doğrudan da bu illər ərzində yaşamamışam. Ancaq yenə də, bəlkə bizim Günel ilə bürokratik dəyərlərə yanaşmağımız fərqlidir. Bununçün Günelə məşhur siyasi-iqtisadçı Patrick A. Messerlinin The Political Economy of Protectionism: The Bureaucratic Case məqaləsini oxumağı tövsiyyə edirəm.
 
6) Daha bir mif isə Avropada səhiyyənin pulsuz olmağıdır. Əlbəttə, hamının tibbi sığortası var, işləmək üçün gələnlər də tibbi sığorta ilə təmin edilir, amma qəfildən xəstələnsəniz, məlum olacaq ki, siz həmin anda həkimə müraciət edə bilməzsiniz.
 
Bu həyatımda gördüyüm ən böyük cəfəngiyatdır. Almaniya ABŞ deyil ki, burada sizdən ilk öncə pulunuzun olub olmadığını tələb etsinlər. Burada sizdən ilk olaraq sığortanızı tələb edəcəklər. Olmadığı halda sizə mütləq yardım göstərəcəklər və sizin sənədlərinizə baxıb həmin hesabı sizin uyğun ünvanınıza göndərəcəklər. Sığortanız mövcud olduğu halda siz həmin hesabı sığorta şirkətinə ünvanlayacaqsız, olmadığı halda isə təbii ki özünüz ödəməli olacaqsız. Ancaq sizə heç kimin yardım göstərməyəcəyi isə son dərəcə böyük cəfəngiyatdır. 
 
7) Görüşü bir neçə gün əvvəlcədən almalı, növbədə saatlarla gözləməlisiniz. Sonra da qəfildən məlum ola bilər ki,  ən asan tibbi xidmət, diş çəkdirmək və ya dişi mülaicə etdirmək isə, ümumiyyətlə tibbi sığortaya daxil deyil.
 
Bəli. Almanlar növbədə gözləyə bilir. Hətta Günelə bu nə qədər vəhşi və qeyri-normal görünsə də, həkimlə görüşü bir neçə gün əvvəlcədən almalı olursuz. Bəzən isə bir neçə ay öncədən. Təəssüf edirəm ki, Günel bunu normal saymır. 
Digər bir məsələ odur ki, əgər sizin vəziyyətiniz ciddidirsə, sizi təmamilə növbəsiz keçirəcəklər. Mən azərbaycanlı gənc bunu şəxsən yaşamışam. Diş məsələsinə gəldikdə isə onu qeyd edə bilərəm ki, sığortanız sizi dişinizçün ilk tibbi yardımla təmin edir. Ondan sonrasına görə isə, yəni filan materialların istifadəsinə görə siz əlavə pul ödəməlisiz. Ancaq sizin sığortanızdan asılı olaraq bu dəyişə bilər. Diş həkimi buna aid olunan yeganə sahədir. Ümumiyyətlə, mən birinci dəfə bir insana rast gəlirəm ki, öz şəxsi peşəsi olmadan hər hansı bir tibb sahəsini “ən asan tibbi xidmət” kimi adlandırır. Üstəlik də belə məsələlər "qəfildən" məlum” olmur. Ən azından sığorta müqaviləsində bütün xidmət və müalicə növləri göstərilir.
 
 
8) Sığortasız, burada «VIP xəstə» deyilən statusla, yəni eləcənə durub, qəfil özəl klinikaya getsəniz, ən adi müayinə 300 avro tutacaq
 
 
Elədir ki, var. Almaniyada öz hesabına müalicə almaq çox bahadır və buna görə hamının tibbi siğortası var. İnsanların 85%-i dövlət, qalanı isə özəl sığortaya sahibdirlər. Digər tərəfdən, 18 yaşına çatmamış gənclərçün hər şey təmamilə pulsuzdur. Tibbi medikamentlərdən tutmuş, istənilən tibbi yardıma qədər. Bunun əvəzi hamısı digərlərinin ödədiyi vergilərdən xaric olunur. Bu Alman qanunvericiliyi tərəfindən belə qəbul olunub. Bundan əlavə, hansı özəl, ən bahalı, qlamur klinikaya getməyinizdən asılı olmayaraq, sizin sığortanız sizin xərclərinizi ödəyəcək. Səbəb isə növbətidir. Almaniyada bütün sığorta ödənişləri bir dövlət fonduna yığılır və bundan sonra klinikalara onların müştərilərinin sayından asılı olaraq paylanılır. Bu səbəbdən hər hansı bir klinikanın sizi qəbul etməməsində heç bir məntiq yoxdur. Mən aylıq 80 avro tələbə sığortası ödəməklə artıq bir neçə min avroluq testləri keçmişəm və bütün bunları mənim sığorta şirkətim qeyd-şərtsiz ödəyib. 
 
9) Dərdinizin dərmanını sizə tanış həkiminiz pulsuz desə belə, o dərmanı aptekdən ala bilməyəcəksiniz, çünki Almaniyada çox nadir dərmanlar var ki, onları həkim resepti olmadan əldə edə biləsiniz.
 
İndi qayıdıb 9-cu şikayəti bir də oxuyaq. İndi isə bir də. Mən belə düşüncələrdən dəhşətə gəlirəm. Bəlkə də bu Günelə vəhşi görünə bilər, ancaq doğrudan da sizə hər hansı bir ciddi dərmanı reseptsiz ala bilməzsiz. Salam, Günel. Bura Azərbaycan deyil. Mən əminəm ki, siz bir alman həkiminə zəng edib desəz ki, mənim mədəm ağrayır bir ağrıkəsici de, gedim alım. O sizə təcili olaraq onun yanına gəlməyi tələb edəcək. Bəlkə sizdə daxili qanaxmadır? O, sizə heç vaxt telefonla dərman yazmaz. Dərmanı sizə telefonla ancaq azərbaycanlı həkim deyə bilər. Heç bir alman həkim sizi müayinə etmədən sizə dərman yazmayacaq. Bununçün o sizi 100 dəfə müayinə edib, yekun qərarı verib müalicə yazmalıdır. Bu onun mənəvi olaraq həkimlik borcudur. Həm də bir başqa hadisə olsa və həkimin telefonla qoyduğu diaqnoz səhv çıxarsa, buna görə onu həbs edib onun həkimlik lisenziyasını əlindən alacaqlar. Digər bazis dərmanlarçün isə resept tələb olunmur. 
 
10)  O qədər də şişirdilmiş rəqəm deyil. Doğrudan da, burada minimum əmək haqqı 1500 avro civarındadır. Amma bu pulun 20 faizi vergiyə çıxılır. İşçi əlində qalan 1200 avronun ayda minimum 350 avrosunu kirayə pulu ödəyir.
 
Vergi sisteminin mükəmməl işləməsi üçün ora ödənişlər olunmalıdır. Dövlətin gəlirləri yenidən və təkrar bölgüsü üçün hər bir insan vergi ödəməlidir. Gəlirlər isə bundeslanddan asılı olaraq dəyişir. Burada minimum əmək haqqının 1500 avro olması növbəti cəfəngiyatdır. Almaniyada minimum əmək haqqı deyiləm məhfum yoxdur. Hazırda bunun üzərində çalışırlar və çox guman ki, bu qanun gələn ilin Yanvarından qüvvəyə minəcək. Bilmirəm, qanun olmaya-olmaya Günel bu mənbələri haradan tapır?  Üstəlik Almaniyada vəziyyətinizdən asılı olaraq, daha yüngül vergilər var. Məsələn, əgər siz evlisinizsə və sizin yoldaşınız vergi ödəyirsə, o zaman siz onun qədər vergi ödəməli deyilsiz. Əgər sizin uşaqlarınız varsa siz daha da az vergi ödəməlisiz. Və daha nələr, nələr.. 
 
11) Deməli, vergi və kirayədən başqa, ayda təxminən 100 avro kommunal xərclər, 60 avro nəqliyyat xərcləri, evdə, məişətdə işlətdiyiniz cihazların vergisi…
 
Mənə bəlkə siz deyə bilərsiz? Azərbaycanda qaz, işıq, kanalizasiya, su və s. kommunal xərcləri bir yerə toplasaz 100 manatdan çox, yoxsa az olar? İndi bunu ölkəmizdə rəsmi olaraq təqribən 100 manat minimum əmək haqqı nisbətində müqayisə edin.  Məişətdə işlətdiyiniz cihazların vergisi isə TV-radio vergisi adlanır və aylıq ödənişi 17 avrodur. Siz bunu ona görə ödəyirsiz ki, dövlət kanalları özəl şirkətlərin əlinə keçməyib öz hesablarına dolana bilsinlər və bununla da sizə həqiqəti çatdırsınlar. Əvəzində sizə kiminsə diktəsi altında yuxarıdan müəyyən olunmuş proqramları göstərməsinlər. Görünür Günelçün bu olduqca anormaldır. 
 
12) Azərbaycanda, Gürcüstanda qəpik-quruş müqabilində aldığınız ərzaqlar – göyərti, süd məhsulları, meyvə-tərəvəz Avropada iki yerə ayrılır. GMO-dan, müxtəlif gübrə və hormonlardan real ölçülərini itirmiş məhsullara və orijinal, qatqısız, bioməhsullara.
 
Dünən gilasın bir kq-nı 45 sentə aldım, gavalının 1 kq-nı 1 avroya, toyuğun kilosu minimum 2.37 avrodan başlayır, yaxşı kartofun kilosu 60 sentdir, 1 kilo qara çörək 99 sent, 1.2 kiloluq BİO toyuğu isə 3.4 avroya aldım. Hamısını saymağa həvəsim yoxdur, elə yadıma düşdükcə yazdım. İndi isə siz özünüz bu qiymətləri Azərbaycanla müqayisə edin və Günelin şikayətini bir daha oxuyun. Üstəlik hər 2 gündən bir supermarketlərdə discountlar yer alır. Əksər hallarda məhsulların istifadə müddəti olur, məsələn, 5 gün. 2 gün qalmış məhsulun üzərinə 30% discount yazıb vururlar. Almaniyada çoxları bunu bilir və bu səbəbdən marketlərə haçan getməyin də lazım olduğunu bilir. Məsələn şənbə günü axşam. Bazar günü hər şey bağlı olduğundan şənbə günü marketlərdə çox böyük discountlar olur. Səbəb: 1-ci günə rəsmi olaraq istifadə müddəti itirə biləcək məhsulları satmaq və 1-ci gün yeni gələcək malı bazara buraxmaq.
 
Əlbəttə ki, BİO məhsullar daha baha olmalıdır. Əgər buna iqtisadçı kimi yanaşsaq vəziyyət belədir: BİO məhsullarda gübrədən istifadə olunmur və buna görə məhsul az istehsal olunur, tutumu az olması ilə yanaşı məhsul itkisi də daha çox olur, üstəlik fermerlər iri zavodlar qədər istehsal edə bilmədiklərindən onların maya dəyəri fabriklərdəki kimi aşağı olmur. Almaniyada hormonlardan istifadə olunmasını iddia etmək isə növbəti cəfəngiyyatdır. Almaniyada hormonlar dövlət tərəfindən qadağan olunub və yeganə istifadə olunan vasitələr təbii gübrələrdir. 
 
13) Çöl-bayır şəraitində saxlanan, heyvan balası kimi ot yeyib, qidalanan malların ətinin qiyməti isə təxminən 25-30 avrodur.
 
Yeriniz məlum, bu yaxınlarda 10-12 azərbaycanlı tələbələrlə yığışıb kabab çəkdik. Qoyunu isə qonşu kənddəki bir fermerdən aldıq. Bizim dil ilə desək, çobandan. Yəni tam BİO vasitələrlə böyüdülmüş qoyun. 20 kiloqram ətə görə 120 avro ödədik. Özümüz də oradaca qoyunu kəsdik. Bu bir kiloqramına 6 avro edir. İndi isə Günelin 13-cü şikayətini bir daha oxuyaq. 
 
14) Əhalinin xeyli hissəsi, işləyən, maaş alan,  gözəl-gözəl, sarışın qızlar, qadınlar ikinci əl paltarların satıldığı dükanlardan paltar alır, qarderobunu  ildə bircə dəfə dəyişir, «bit bazar»larından alış-veriş edir, meyvə-tərəvəz, ət, pendiri kilo ilə deyil, qramla alır…
 
Bu cəfəngiyatdır. Bu yaxınlarda aldığım jeans ESPRİT brendindəndir və 29 avroya idi. İlkin olaraq 80 avro idi, sonra isə discountda aldım. Tom Tailordan bir köynəyi isə 60 avro olmasına baxmayaraq, 15 avroya aldım. Yenə discountda. Almaniyada əksər insanlar online alış-veriş edir və ya malları çox böyük discountlarla dükanlardan alır. Təbii ki, əgər sizin gəliriniz 5-6 mindirsə siz hər şeyi özünüzə discountsuz da icazə verə bilərsiz. Üstəlik nəyisə ikinci əl almaqda pis bir şey yoxdur. Bura ilk dəfə gəldikdə öz velosipedimi 60 avroya aldım. Mountain bike. Hamı isə onu 300-400 avroya aldığımı düşünürdü. Artıq iki ildir ki sürürəm. 
 
Bütün bunları ümumiləşdirərək, deyə bilərəm ki, Günel Mövlud yazısında bircə dəfə də olsun qanunvericiliyə istinad etməyib. Burada dostumuz, Rezo Əliyevin ifadəsi yadıma düşür. “Bu insan Alman dilini bilmədən Alman qanunvericiliyini araşdırıb, oxuyub və yazıb.” Əgər Günel doğrudan da Alman dilini bilmirsə, əsas qanunvericiliyi araşdırmadan belə bir yazını yazmaq biabırçılıqdır. Bütün bu yazı məndə 15-16 yaşlı qızın həyatda ilk dəfə rastlaşdığı çətinlikləri heç kimə deyə bilməyib, ürəyini boşalmaqçün azadlıq veb-səhifəsində bir şikayət yazması təsəvvürünü yaradır. Üstəlik Avropanın bir ölkəsində bir neçə ay yaşamaqla bir məqaləsində bütün Avropanı ümumiləşdirmək (hər halda başlıq belədir) olduqca qeyri-peşəkardır. Peşəkar kolumnistlər belə cəfəngiyatları özlərinə rəva bilməməlidirlər. 
 
Hörmətlə:
 
Farhan Huseynli
 
İstifadə olunan mənbələr: 
 
- https://www.destatis.de
- Steffen G. Schneider: Sozialpolitik in Deutschland
- "GM plants: Science, politics and EC regulations". 
- http://www.bverfg.de
- Stefan Bach, Johannes Geyer, Peter Haan, Katharina Wrohlich: Reform des Ehegattensplittings
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade