post-title

Joze Saramaqo, Bədii Ədəbiyyat Sənəti

Donjelina Barrosonun müsahibəsi-“ParisReview” ədəbi jurnalının 155-ci sayı üçün

 
 
Joze Saramaqo 1998-ci ilin 8 oktyabr tarixində ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülüb. Mükafatla bağlı fikirləri alınan Saramaqo demişdi: “Gözəllik müsabiqəsinin qalibləri kimi Nobel mükafatına görə özümü hər yerdə nümayiş etdirmək fikrində deyiləm. Üstəlik, nə vaxtsa taxt-tacda gözü olan biri də olmamışam”.
 
Joze Saramaqo 1922-ci ildə Portuqaliyanın mərkəzi əyaləti olan Ribatejoda bir kəndli ailəsində dünyaya göz açıb. Saramaqonun iki yaşı olanda ailəsi Lissabona köçüb. O, yeniyetməlik dövründə maliyyə çətinliklərindən dolayı təhsilini orta məktəbdə yarımçıq qoyub texniki peşə məktəbində davam etdirmək məcburiyyətində qalmışdı. Yazıçılığa başlayana qədər Saramaqo müxtəlif işlərdə çalışmışdı.
 
1947-ci ildə 25 yaşında ikən Saramaqo ilk romanı olan  “Günah diyarı”nı nəşr etdirib. Yazarın əsərə verdiyi “Dul Qadın” adını nəşriyyat  daha çox mənfəət əldə etmək ümidilə “Günah Diyarı” olaraq  dəyişdirmişdi.  (Sonralar Saramaqo o yaşında nə günah, nə də dul qadınlar barədə heç nə bilmədiyini açıqlamışdı.) On doqquz il ərzində heç nə nəşr etdirməyən yazar, 1966-cı ildə “Mümkün şeirlər” adlı ilk şeir kitabını çıxarıb. 1974-cü il Qərənfil inqilabına həsr etdiyi “Yerdən qaldırılmış” əsərinin nəşri ilə Saramaqo roman yazarı kimi şöhrət qazanıb. 1982-ci ildə nəşr olunan “Baltazar və Blimunda” əsəri ilə beynəlxalq aləmdə yazıçı kimi tanınmağa başlayan Saramaqo, “Rikardo Reisin öldüyü il” adlı romanına  görə Portuqaliyanın “Pen klub” və Böyük Britaniyanın “Müstəqil xarici ədəbiyyat” mükafatına layiq görülüb.
Aşağıdakı müsahibə 1997-ci ilin martında günəşli bir gündə Saramaqonun Lansarote adasındakı evində baş tutub.
 
- Lissabon üçün darıxırsınız?
 
- Məsələ Lissabon üçün darıxıb-darıxmamaqda deyil. Poetik dillə desək, əgər darıxmaq sümüyün sızıldamasıdırsa, doğrusu, mən bu sızıltını hiss etmirəm. 
Bu barədə ümumiyyətlə düşünmürəm. Orada çoxlu dostlarımız var, hərdən onları ziyarət də edirik. Ancaq Lissabonda yaşadığım duyğu elə bir duyğudur ki, orada olanda hara gedəcəyimə qərar verə bilmirəm.  Açığı, Lissabonda necə yaşamaq lazım gəldiyindən də xəbərsizəm. Qayıtsam orada necə yaşayacağım özümə də qaranlıqdır. Lissabonda bir neçə gün və ya həftə qaldıqdan sonra, əlbəttə, yenə əvvəlki həyatıma, vərdişlərimə qayıdıram. Amma hər zaman Lansaroteyə mümkün qədər tez qayıtmaq barədə düşünürəm. Bu yeri və insanlarını çox sevirəm. Burada yaşamaq mənə çox rahatdır. Nə vaxtsa Lansaroteni tərk etmək ağlımın ucundan belə keçmir.  Təbii, hər kəs bir gün bu dünyadan köçməlidir. O zaman mən də bu şəhəri tərk edəcəm. Ancaq öz iradəmdən asılı olduğu müddətcə, bu şəhərdən heç vaxt getməyəcəm. 
 
- Uzun illər yaşayıb-yaratdığınız mühitdən ayrılıb, Lansaroteyə köçəndə bura tez uyğunlaşa bildiniz, yoxsa əvvəlki iş yeriniz üçün darıxırdınız?
 
- Asanlıqla uyğunlaşdım. Həyatı mürəkkəbləşdirməyi sevməyən biri olduğuma inanıram. Başıma pis və ya yaxşı hadisələrin gəlməsindən asılı olmayaraq, heç vaxt baş verənləri faciəyə çevirməmişəm. Sadəcə anı yaşayıram. Əlbəttə, oradan köçəndə kədərlənirdim, bunu hiss edirdim, lakin… Başqa sözlə desəm, xüsusi şəkildə maraqlı olmağın yollarını axtaran biri deyiləm. Hazırda bir kitab üzərində işləyirəm. İndi o kitabı yazarkən çəkdiyim əziyyətdən, əsərin qəhrəmanlarını yaradarkən üzləşdiyim çətinlikdən, mürəkkəb bir povestin nüanslarından danışsam daha maraqlı olar. Demək istədiyim odur ki, mən hər zaman təbii və mümkün olanı edirəm. Mənim üçün yazmaq bir peşədir. Mən yazmaqla işləməyi bir-birindən fərqli iki şey kimi ayrı qruplara bölmürəm. Mən sadəcə nə isə anlatmaq, lazım və vacib bildiyim (ən azından mənə görə) bir şeyləri söyləmək üçün sözləri bir-birinin ardınca düzürəm. Bundan artıq bir şey etmirəm və bunu öz işim hesab edirəm. 
 
- İş rejiminiz necədir? Hər gün yazırsınız?
 
- Roman kimi davamlılıq tələb edən əsərlər üzərində işləyəndə hər gün yazıram.  
Təbii, ailə məsələləri və səyahətlə bağlı olaraq bəzi planlarım pozula bilər, amma adətən, mütəmadi şəkildə çalışıram. İntizamlı biriyəm. Özümü müəyyən edilmiş saatlarla işləməyə məcbur etmirəm, lakin hər gün müəyyən həcmdə yazmağı qarşıma məqsəd qoyuram ki, bu da adətən günə iki səhifə olur. Bu səhər yeni romanımın iki səhifəsini yazdım. Sabah da eyni həcmdə yazmalıyam. Günə iki səhifənin az olduğunu düşünə bilərsiniz. Lakin əlavə yazılar yazmaq, məktubları cavablandırmaq  kimi görməli olduğum başqa işlər də olur. Orası da var ki, günə iki səhifə ildə təxminən səkkiz yüz səhifə deməkdir.
 
Nəticədə,  demək olar ki, kifayət qədər normal bir yazıçıyam. Qəribə vərdişlərim yoxdur. Hadisələri dramatikləşdirməyi sevmirəm. Bütün bunlardan savayı, yazı yazmaq işini romantikaya çevirmirəm. Bir şeylər yaradarkən çəkdiyim əziyyətdən heç danışmıram. Başqa yazarlardan eşitdiyimiz “ağ vərəq” kimi bir qorxum yoxdur. Bu kimi problemlərim olmasa da, başqa biri kimi fərqli bir işlə məşğul olmaqla bağlı problemim var.  Bəzən hadisələr istədiyim kimi cərəyan etmir, ya da ümumiyyətlə heç nə alınmır. İşlər istədiyim kimi getməyəndə, sadəcə hadisələri olduğu kimi qəbul etməyə çalışıram.
 
- Yazılarınızı birbaşa kompüterdə yazırsınız? 
 
- Bəli. Klassik makinada yazdığım son əsər “Lissabon mühasirəsinin tarixi” olmuşdur. Açığı, klaviaturaya öyrəşməkdə elə də çətinlik çəkmədim. Kompüterin yazı üslübunu dəyişməsi haqda deyilənlərin əksinə olaraq, mən heç də belə düşünmürəm. Makinada nə edirdimsə, kompüterdə də eyni şeyi edirəm. Yeganə fərq kompüterin daha rahat, səliqəli və sürətli olmasındadır. Hər şey kompüterdə daha yaxşıdır. Kompüterin mənim yazmağıma heç bir mənfi təsiri olmayıb. Onda belə çıxır ki, əlyazmadan makinaya keçəndə də yazıçıların üslübünda hansısa dəyişikliklər olub. Mən belə bir şeyin mümkünlüyünə inanmıram. Bir insanın özünəməxsus yazı tərzi, söz ehtiyatı olduqdan sonra kompüterdə işləmək bu şeyləri necə dəyişə bilər axı? 
Amma bütün bunlara baxmayaraq mənim hələ də kağız və çap işləri ilə sıx bir bağım var və zənnimcə, bu çox təbii bir haldır. Hər zaman bitirdiyim səhifəni çap edirəm. Yazılarımı çap vərəqində oxuduqda, onları daha yaxşı duya bilirəm... 
 
- Gündəlik iki səhifəni tamamladıqdan sonra mətnə hansısa dəyişikliklər edirsiniz? 
 
- İşin sonuna çatanda bütün mətni yenidən oxuyuram. Adətən bu zaman üslubda, xüsusi detallarda bəzi dəyişikliklər edir, ya da mətni daha dəqiq şəkilə salıram. Amma heç vaxt nəzərə çarpacaq dərəcədə böyük dəyişikliklər etməmişəm. Yazılarımın 95 faizi hər zaman ilkin versiyadan ibarət olur. Bəzi yazarlar kimi 20 səhifəlik cəfəngiyyat yazıb, sonra onu 80, daha sonra isə 250 səhifəlik bir yazıya çevirmirəm. Mənim kitablarım elə kitab kimi yaranıb inkişaf edir. Hazırda yeni romanımın 132 səhifəsini yazmışam. Və bu 132 səhifə nə vaxtsa 180 səhifəyə çevrilməyəcəkdir. Olduğu kimi qalacaq. Bəzi lazımi xırda dəyişikliklər aparsam da, bu dəyişikliklər məzmunu və ya həcmi dəyişəcək həddə olmayacaqlar. Dəyişikliklər sadəcə yazını təkmilləşdirmək üçün lazımdır. Başqa heç nə. 
 
- Onda belə çıxır ki, siz konkret bir ideyanı götürüb yazırsınız? 
 
- Bəli. Hər zaman hara gedəcəyim və gedəcəyim yerə varmaq üçün haradan keçməli olduğumu bilirəm.  Amma bu plan heç də dəyişməz deyil. Sonunda demək istədiyimi desəm də, hər zaman dəyişikliklər üçün bir yer olmalıdır. Bu məsələni izah etmək üçün hər zaman belə bir analogiyadan istifadə edirəm: Lissabondan Portuya getdiyimi bilsəm də, yolun birbaşa olub-olmadığını bilmirəm. Gülünc səslənsə də, yolumu Kastelo Brankodan da sala bilərəm. Çünki Kastelo Baranko demək olar ki, İspaniya sərhəddindədir. Lissabonla Portu isə Atlantik sahilində yerləşirlər. 
 
- Yazılarınızı hər zaman bu cür yazmısınız? 
 
- Həmişə. Heç vaxt başqa bir yazı üslubum olmayıb. Düşünürəm ki, bu cür yazı üslubu möhkəm strukturu olan əsərlər yazmağıma şərait yaradıb (başqalarının bu barədə nə deyəcəyindən əmin deyiləm). Kitablarımda təsvir olunun hər bir dəqiqə əvvəldən necə baş veribsə elə də qalıb.  
 
- Əsərlərinizin qəhrəmanları barədə nə deyə bilərsiniz? Onların heç sizi təəccübləndirdiyi olubmu?
 
- Bəzi qəhrəmanların öz şəxsi həyatlarının olması və müəllifin onların həyatına müdaxilə edə bilməsi məsələsinə inanmıram. Yazar qəhrəmana  onun xarakterinə zidd bir şey etdirməkdən çəkinməlidir. Amma qəhrəmanlar da tam müstəqil deyillər. Onlar yazıçının əlində, yəni mənim əlimdə əsirdirlər və özləri belə bunun fərqində deyillər. Bir  növ onlar  boş bərkidilmiş bir ipə bağlıdırlar.  Belə ki, qəhrəmanlar öz azadlıq, müstəqillik xəyalından həzz alsalar da, bir yazıçı kimi mənim istəyim olmadan heç yerə gedə bilməzlər. Belə bir şey olarsa belə,  müəllif ipi çəkib qəhrəmanlara burada ancaq onun sözünün keçdiyin deməlidir.  
 
Qəhrəmanlar hər zaman süjetin mərkəzində dayanırlar. Onların tamlığı, bütövlüyü dedikdə –şəxsiyyətlərinin, daxili psixologiyalarının hərəkətlərində təzahürünü nəzərdə tuturam. Çünki əsərdəki surətlər bir növ şəxsiyyətdirlər. Məsələn, “Hərb və sülh”də Nataşa, “Cinayət və cəza”da Raskolnikov, “Qırmızı və qara”da Julien kimi. Ədəbiyyat dünya əhalisinin sayını artırır. Biz onları sadəcə kitab adlandırdığımız kağızlar toplusu üzərində mövcud surətlər kimi deyil, həqiqi insanlar kimi təsəvvür edirik. Məncə, qəhrəmanlarından birini nə vaxtsa hansısa “real insan” olaraq görmək bütün yazıçıların arzusudur.
 
- Hansı qəhrəmanınızı “real insan” olaraq görmək istərdiniz?
 
- Düzünü desəm, bütün qəhrəmanlarım – “Rəssamlığın və xəttatlığın əsasları”dakı rəssam H-dan tumuş, “Bütün adlar”dakı Senhor Xoseyə qədər- həqiqətən, “real insanlardır”. Zənnimcə, bunun səbəbi heç bir qəhrəmanımı real insanların prototipi olaraq  yaratmamağımda deyil. Qəhrəmanlarımın hər biri özlərini “yaşamaq” üçün bu dünyaya qatanlardır. Onlar fiziki bədənə sahib olmayan xəyali varlıqlardır. Yəni mən qəhrəmanlarımı belə görürəm. Amma biz yazarlar çox vaxt bu natamamlığa görə şübhəli də görünürük. 
 
- Fikrimcə, “Korluq” romanındakı həkimin həyat yoldaşı çox xüsusi bir şəxsdir. Hərgah əsərdə qəhrəmanlar ətraflı təsvir olunmasalar da, xəyalımda “Korluq”dakı başqa qəhrəmanlar kimi,  o qadının da xüsusi bir görünüşünü yaratmışam. Bu əsərin ideyasının yaranması barədə danışa bilərsinizmi?
 
- Bütün əsərlərimdə olduğu kimi “Korluq” da təsadüfən ağlıma gələn bir ideyadan yaranıb. Restoranda idim, sifariş verdiyim naharın gəlməsini gözləyirdim. Qəfildən beynimdə belə bir sual yarandı: Görəsən, hamımız kor olsaq nə olardı? Sualıma cavab axtararkən düşündüm ki, biz həqiqətən də, koruq. Əsərin başlanğıc nöqtəsi də elə bu oldu.  Daha sonra, ilkin situasiyaları təsəvvür edib, nəticələrin ortaya çıxmasına şərait yaratdım.. “Korluq”da təxəyyüldən o qədər də çox istifadə olunmayıb.  Burada sadəcə səbəb və nəticə əlaqələrinin sistemli tətbiqinə rast gəlmək olar.
 
- “Korluq” əsərini çox sevsəm də,  onu deyim ki, asanlıqla oxunan bir kitab deyil. Çətin oxunur. Amma çox yaxşı tərcümə edilib. 
 
- Uzun illər İngilis dilinə tərcüməçim olan Giovanni Portieronun vəfat etdiyini bilirdiniz?
 
-  Nə vaxt?
 
- Fevralda. QİÇS-dən vəfat etdi. Vəfat edəndə  “Korluq” romanını tərcüməsini artıq bitirmişdi. Ölümünə yaxın həkimlərinin verdiyi dərmanlar nəticəsində görmə qabiliyyətini itirməyə başlamışdı.O, ya həyatda bir az daha çox qalmaq üçün bu dərmanları seçməli, ya da bundan imtina etməklə həyatını daha da təhlükəyə atmalı idi.  O isə “Korluq” romanını tərcümə edə bilmək üçün görmə qabilliyyətini seçib, dərmanlardan imtina etdi.Bu insanı məhv edən bir vəziyyət idi.
 
İngilis dilindən tərcümə etdi: Bəşirzadə Nuranə
 
Kultura.az
Yuxarı