post-title

El oğlunun pas atmış bədii həqiqəti

Müsabiqə üçün yazı

 
Azərbaycan ədəbiyyatı tarixində məktəb yaradan imzalardan biri olan, M.F.Axundovun xələfi, layiqli davamçısı, şair, nasir, dramaturq, tənqidçi, teatrşünas, jurnalist C.Cabbarlı yaradıcılığı ilə nəinki XX əsr, bütövlükdə Azərbaycan ədəbiyyatına zəngin bir hədiyyə vermişdir. Əsasən dramaturq kimi tanıdığımız bu maarifçi şəxsiyyət “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, “Solğun çiçəklər”, “Ədirnə fəthi”, “Trablis müharibəsi və ya Ulduz”, “Aydın”, “Od gəlini”, “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar” və s. dram əsərləri ilə bütöv bir dövrü-qoca bir əsri xarakterizə edir. Bu əsərlərin ən şedevri isə səhnəmizin inkişaf yollarını, Azərbaycan tamaşasının, tamaşaçısının dünənini bizə göstərən “Oqtay Eloğlu” dramıdır. Bildiyimiz kimi, əsər-Cabbarlının ən yaxşı tədqiqatçılarından olan Asif Rüstəmlinin təbirincə desək, bu “romantik dram” elə bir vaxtda (1923-cü ildə) yazılmışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş, estafeti SSSRİ-yə vermişdi.
 
Maraqlı burasıdır ki, Rəsulzadə Sovet dönəmində ən böyük müvəffəqiyyətə sahiblənən yazıçının Cəfər Cabbarlı olduğunu qeyd edir, onu həm dramaturq, həm də rejissor kimi yüksək qiymətləndirir: “Bolşevizm dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmaqlarına səbəb oldu. Onlar Cəfəri özlərinə “cığırdaş” sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra da olsa həm nəşr etdirməyə, həm də oynanmağa buraxırlar”.
 
C.Cabbarlı kollektiv düşüncəli yazıçı idi və dini inancına görə ateist idi. Sovet hökümətinin də kollektivləşmə siyasəti yürütdüyünə və elmi ateizmi təbliğ etdiyinə görə onu digərlərindən fərqləndirdiyini güman edirik. Lakin maraqlıdır, C.Cabbarlı əqidəsini və qələmini Sovet hökümətinin yazılmış və yazılmamış qayda-qanunlarına uyğunlaşdırmışdır, yəni dövrün tələbinə boyun əymişdir, yoxsa bu Cəfərin aldığı təhsilin, mühitin onu bu cür formalaşdırması idi? Fikrimizcə, ikinci variant daha ağlabatandır. İlk aldığı mollaxana təhsilini çıxsaq, sonradan aldığı rus təhsili və rus dili vasitəsilə mütaliə etdiyi dünya ədəbiyyatı onun düşüncəsini Şərq sxolastikasından arındırmış və başqa bir dünyagörüş formalaşdırmışdır. Bir şeyi qeyd etmək lazımdır ki, SSRİ bizi çox şeydən məhrum etsə də, savad, dünyəvi biliklərə yiyələnmə baxımından Qərbə açılan qapı olmuşdur.
 
“Oqtay Eloğlu” əsərində Cabbarlı yatmış xalqını oyatmaq, “milli teatr” yaratmaq istəyir, onu sənəti anlamağa, ona qiymətə verməyə, maarifə, mədəniyyətə çağırır. Ancaq bu məsələdə o Qərbi nümunə götürsə də, onun qəhrəmanı “Avropalı” olmaq istəmir. Sadəcə bu mədəniyyəti öz ölkəsində, öz xalqında görmək istəyir. Bu əsərə “Azərbaycan səhnəsi haqqında yazılmış ən yaxşı əsər” demək olar.
 
Novator yazıçı olan Cəfər Cabbarlı əsərlərində “tarixilik və müasirlik” anlayışlarına daim sadiq qalmışdır. Mirzə İbrahimov yazır:
 
“O dövrün adamları və xüsusən gənclər Cəfərin əsərlərini niyə elə qızğın sevirdilər? Niyə hər əsəri böyük bir ədəbi-ictimai hadisə olurdu? Çünki Cəfərin əsərləri bizi düşündürən, bizi həyəcanlandıran, bizi yaşadan hadisələrə toxunurdu. Cəfər səhnə vasitəsilə zəmanənin adamları ilə danışır, söhbət edir, mübahisə açırdı. Onları irəli çağırırdı. Cəfərin əsərlərində köhnəliyə qarşı nifrət və yeni həyat qurmaq eşqi vardı”.
 
Anatoli Safranov yazıçının yaradıcılığının müasirliyini, xalq həyatına nüfuz etməsini və sənətkarlığını hər şeydən əvvəl dramaturqun ana torpağa bağlılığı ilə izah edirdi. Ona görə də deyirdi: “Öz özündən soruşanda ki Cəfər Cabbarlı niyə belə yazırdı? Onda belə yaradıcılıq həssaslığı haradan idi? Bu suallara cavab tapırsan. Yazıçının böyük və dərin gözləri ana torpaqda baş verənləri görürdü”.
 
C.Cabbarlının “Oqtay Eloğlu” pyesi də müasirlik ruhunu qoruyub saxlayır. Belə ki, qəhrəmanın mübarizə apardığı “altun” dünyası və bu dünyanın bir heç kimi ayağı altında əzdiyi kütlə, eləcə də mədəniyyət örtüyünə bürünmüş mədəniyyətsizlik indi də var. Yazıçının bu əsəri ilə “Aydın” pyesinin qəhrəmanları arasında bir oxşarlıq da var. Hər iki qəhrəmanın mübarizə apardığı ayrı-ayrı adamlar olsa da, nəticə eyni idi – ikisi də “altun” dünyasına, bu dünyada çirkləndikcə çirklənən dövlətbəylərə, aslanbəylərə qarşı mübarizə aparırdı. Professor Cəlal Abdullayevin fikrincə, “Oqtay Aydına nisbətən daha həyati və müsbət qəhrəmandır. Oqtayın konkret həyat və fəaliyyət məramı – milli teatr yaratmaqdır. Bu məramla da o qarşısında duran maneələrə qarşı güclüdür. O deyir, “Qoy mənə gülsünlər, anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasında bir səhnə, yoxdan bir var yaradacağam” ”... . Əlbəttə, mübarizə obyektlərinin eyni olmasına baxmayaraq professorun bu fikri ilə razılaşırıq ki, Oqtayın arzusu daha həyati, bəşəridir, o xalqının mədəniyyəti uğrunda hər şeyindən keçməyə hazır təkmil bir insandır-qəhrəmandır. Lakin belə bir sual meydana çıxır ki, Oqtay bu istəyinə nə dərəcədə nail oldu? Ola bilsin ki, o bu günkü səhnənin teatr  anlayışının rüşeymini yaratdı, ancaq o da Aydın kimi mübarizədə eyni uğursuzluğa düçar oldu. Əsərin sonluğu da buna sübutdur, o sürgündə 10 il qalıb qayıdandan sonra belə hələ də xalq dəyişməmişdi. Dəyişən bircə Firəngiz idi ki, bu da bir işıq yolu idi...
Mirzə İbrahimov “Oqtay Eloğlu” tamaşasına baxdıqdan sonra çox mütəəssir olaraq yazır:
 
“Bu tamaşadan sonra düşünürdüm: doğrudan da səhnə bir tilsimdir, orada ecazkar bir qüvvə var ki, insana bu qədər təsir edir. Onda mən hiss etdim ki, ürəyimdə yeni bir arzu baş qaldırır – yazmaq arzusu”!
 
Oqtay ideal bir obrazdır. Hətta o qədər idealdır ki, bu yazıçının qüsurudur. Adətən obraz doğruları və yanlışları ilə sevilir, bu zaman o tam bitkin bir obraz olur. Ancaq yazıçı Oqtayı o qədər orijinal ideallaşdırmışdır ki... Hər şeyi, hər kəsi – acından ölən anası və bacısını da bu xalqa, bu xalqın gələcəyi sual altında olan mədəniyyətinə, səhnəsinə qurban verən Oqtay onları da fədakarı olduğu xalqının nümayəndələri hesab edir.
 
“Xalq və mən – bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O böyük bir vahidin kiçik bir parçasıdır”.
 
Əsərdə yazıçının allaha münasibətində paradoksa şahid oluruq. Belə ki baş qəhrəmanının dilindən verilən cümlələrdə, o gah aqnostik, gah hürufi, gah da dini qəbul edən bir adam kimi görünür. Məsələn, Oktayın teatrın bərbad vəziyyətindən, xalqın mədəniyyətsizliyindən şikayətlənərək dediyi cümlələrə fikir verək:
- Allahın boynu sınsın, bilmirəm bu 400 milyon qoyun kimə gərəkdir. And içirəm bütün varlığımı fəda etdiyim, Məkkəm, Mədinəm, tanrım qədər sevdiyim bu səhnəyə ki, o günü görməmiş ölməyəcəyəm.
Bu cümlədə o gah aqnostik, gah da dini tanıyan, Məkkəyə-Mədinəyə inanan bir adam təsiri bağışlayırsa, Firəngizə müraciətlə dediyi, “Ey Şərqin allah yürəkli yavrusu” birləşməsində tanrını tanıdığını bildirir.
 
Bacısı Sevərlə olan dialoqunda isə Oqtay bir hürufi kimi danışır:
- Hansı allah? Çünki allahlıq məsələsi hələ aramızda ixtilaflıdır. O deyir, mən səni yaratmışam, mən deyirəm, yox, mən səni yaratmışam. Hürufizmdə allah kamil insanın simasında təcəssüm olunduğu kimi Oqtay da allahı özündə, sənətində, mədəniyyətində görürdü.
 
Sözə çox böyük qiymət verən Oqtay “mən sözlərimi altun əlavəsi ilə satmaqdansa, lal olmaq istərdim” deyir.
 
Bir də əsərdə ölümə sevgi var. Ölümlərin ən gözəli günahsız ölümdü. Şillerin “Qaçaqlar”ını səhnələşdirən Oqtaydan Amaliya rolunu öyrənən Firəngiz  bu rolun ölümünü sevir:
 
“Mən Amaliyanın ölümünü çox sevirəm. İnsanın günahsız olaraq öz sevgilisi tərəfindən öldürülməsi”...
“Oqtay Eloğlu” pyesinin canı-qanı olan əsas məsələ milli teatrın yaranmasına mane olan məziyyətlər - cahillik, avamlıq, nadanlıqdır. Bunu biz Firəngizin atası Hacı Zamanın simasında daha aydın görürük. Azərbaycan teatrının nəinki səhnəsində, hətta tamaşaçı qismində də qadına yer olmadığı bir dövrdə Firəngiz Nadya ilə teatra bəzən gizli gəlir, bəzən də onu qardaşı Aslan gətirir.
 
Nadanlığın da formaları olur, Firəngizin qardaşı Aslan bəy də atası kimi nadandır, ancaq “ziyalı nadan” – bu isə ikiqat təhlükəlidir. Hacı Zamanın:
“Mənim qızımı urus evinə soxdunuz, bəs deyil, indi də qızımın sorağı bir para adamlar kimi qəmədiyələrdən gəlir? Az qalıb ki, mənim boynuma da bir xaç salıb başıma da bir ləçək bağlayasınız! Salaram kəfəni boynuma, cahad elərəm, qıraram bütün dünyanı” deməsinə qarşı Aslan bəy:
“İndi nə var ki, teatr fəna bir şey deyil. Bir məktəb kimidir. Xalq oradan ibrət alır. Hətta məsciddən də müqəddəs bir yerdir” deyir. Teatrı məsciddən müqəddəs yer adlandıran Aslan bəyin sözlərindən müəllifin dini xurafatdansa, mədəniyyəti, maarifi təbliğ etmək istədiyini duyuruq.
 
Oqtay isə məsələyə bir az da orijinal yanaşır:
“Teatra bir məktəb bəlkə də demək olur. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir”.
“Sənət həyat üçündür” Sovet sosioloji prinsipi ilə yazıb yaradan Cəfər Cabbarlı bunu bütün əsərlərində hiss elətdirir. Onun əsərləri Azərbaycanın hüdudlarından kənarda da müəllifinə və mənsub olduğu xalqın ədəbiyyatına baş ucalığı gətirmişdir. Dağıstanın xalq artisti Həmid Rüstəmov kumık teatrının ilk axtarışları dövründə yüksəlişini Cabbarlının adı ilə bağlayır. Nəinki məkan baxımından, insanın mənəvi dünyasının da hüdudlarını aşan Oqtay mütləq həqiqət sorağındadır. Elə bir həqiqət ki, süni boyadan, bər-bəzəkdən tamamilə xali olsun. Qaraçılar çalğı alətlərində ifa edərkən onun Muxana:
 
“Səsini kəs! Deginən, səfillər padşahı əmr edir ki, bundan sonra süni şeylər çalmasınlar, bir həqiqət varsa, çalsınlar, yoxsa sussunlar. Eşidirsənmi? Elə bir şey ki, olduğu kimi görünsün, göründüyü kimi görünməsin” deməsi Mövlanə Cəlaləddin Ruminin fəlsəfi görüşlərindən bəhrələndiyini göstərir.
 
Bacısına əl tutmayan, onu səfilliyə tərk edən, adına dost deyən adamlar sürgündən qayıdandan sonra Oqtayı “pul üçün” yenidən səhnəyə qaytarmaq istəyir. Bu zaman o Səməd bəy və Xaspolada “İstəmirəm! Hər bir şeyi həqiqət olan bir yer varsa, haydı gedək, yoxsa itilin! Mən artıq süni bir həyata soxulmaram. Həqiqət axtarıram, həm də yalan yox, əbədi bir həqiqət” deyə hayqıran baş qəhrəman, görünür, artıq müqəddəs hesab etdiyi səhnəni də süni hesab edir və bir daha oraya qayıtmaq istəmir.
 
Qarlı dağlar aşaram,
Yorulmadan qoşaram.
Bir ümid, bir işıq yox,
Bilməm neçin yaşaram?!
 
Əsər xoş sonluqla tamamlanmasa da, bir ürəkaçan hadisə var ki, Azərbaycan səhnəsinə ilk dəfə azər türkü olan bir qadın çıxır. Qəflətən hamını heyrətə salan Firəngiz hamıya müraciətlə: “Mən bu rolu oynaram! Gəldim, artıq arxam bir uçurumdur, geri dönə bilmərəm, çəkilin. Zəhərli gülüşlər altında yüngül bir yaramaz kimi geri qayıtmaqdansa... bu ananın doğma yavrusu mənəm, mən oynayacağam”! deyir.
 
Qərbə teatr mədəniyyətinə görə qibtə edən, onların tamaşadan sonra aktyorların başına gül-çiçək səpən qızlarının nə vaxtsa burada, doğma məmləkətində də olacağına ümid edən Oqtay həmin günün reallaşacağına işarə olan ilk qığılcımı görmüşdü. Bu qığılcım Firəngiz idi... Oqtay axırıncı rolunu elə içdən oynayır ki, real həyatla səhnəni səhv salır və Firəngizi elə səhnədəcə Amaliyanı öldürməli olduğu Karl Moorun bıçağı öldürür. Bu ölümlərin ən gözəli idi...
 
Nigar An
Kultura.az
 
Yuxarı