post-title

Keçilərin günahı

Çoxumuza məlum olan “tünd qara” bir hadisə yaşanır orta əsrlər Avropasında. Avropanı dəhşətli bir fəlakət – taun epidemiyası bürüyür. Ölənlərin sayı-hesabı yoxdur. Fəlakət elə bir həddə çatır ki, təbiblər, rahiblər, adi insanlar bu xəstəliyin adını belə çəkməyə qorxurlar. Bilinmir bu nə xəstəlikdir, səbəbi nədir, necə müalicə etmək olar. İnsanlar isə məhv olmaqda davam edirlər. Lakin bu boyda fəlakətin bir səbəbi, bir səbəbkarı olmalıdır axı. Kimsə bu qırğına görə cavab verməlidir axı.

 
 
Hədəfdə yəhudilərdir. Xristian din xadimləri bu qərara gəlirlər ki, tanrı zındıq yəhudiləri və onlarla birlikdə yaşadığımıza görə bizi cəzalandırmaq üçün bəla göndərib, ona görə də yəhudiləri qırmaq lazımdır. Allaha da xoş getsin, bəndəyə də. Beləcə, günah keçisi tapılmışdır. Bir orta əsr fransız şairi bir şeirində bu qırğından sonra insanların bayram edib şənləndiyini yazır. Günah keçisi tapılıb, cəzalandırılıb artıq, indi rahat yaşamaq olar.
 
İki-üç yüz il sonra bəzi xristian tədqiqatçıları bu “günah keçi”sinə ikinci zərbəni vurmağa başladılar. Sübut etməyə çalışırdılar ki, əslində yəhudilər həqiqətən günahkar olub, guya həmin dövrdə xristianların su içdikləri bulaqları, hövzələri zəhərləyirlərmiş. Ona görə də xristianlar qisas alıb. Beləcə, günah keçisinin günahı da müəyyənləşir. 
 
***
 
Bilgisiz, mədəniyyətsiz, sosial uçurumun hökm sürdüyü, bir sözlə, geridə qalmış və qəbilə-tayfa qaydaları ilə yaşayan toplumlarda peşəsindən, maddi durumundan, şəxsiyyətindən asılı olmayaraq iki təbəqə var: günahsızlar və günahkarlar. Bütün günahsızlar birincilərin, bütün günahkarlar isə ikincilərin içindədir həmişə. Ola bilər ki, birincilərdən kimsə həqiqətən günahsızdır, amma o da ola bilər ki, günahkardır. Və ya, ola bilər ki, ikincilərdən kimsə həqiqətən də günahkardır, amma o da ola bilər ki, heç bir günahı yoxdur. Yəni fərq eləmir gerçəklik nədən ibarətdir, dəqiq bölgü var, bunlar həmişə günahsız, o birilər isə həmişə günahkarlardır. 
 
Belə toplumlarda günah keçisi tapmaq çox asan və tez-tez baş verən bir hadisədir. Ortada cinayət var, sizə cani lazımdır? Alın, bu da sizə cani! Sizə vətən xaini lazımdır? Alın, bu da sizə xain! Sizə düşmən lazımdır? Alın, bu da sizə düşmən! Ehtiyac olan kimi günahsızlar təbəqəsindən kimsə əlini atıb bu biri təbəqədən bir günahkar çıxarır. Buna görə də, günahkarlar təbəqəsinin bütün üzvləri potensial “günah keçilərdir”. 
 
Bu işin birinci mərhələsi. Günahkar müəyyənləşdi. Bəs sonra? Sonra ikinci mərhələ başlayır. Bu mərhələ əsasən ikincilərin, yəni günahkarlar təbəqəsinin öz daxilində baş verir. Potensial günahkarlar dərhal, artıq günahkar elan olunmuş “keçi”nin əsl günahlarını axtarmağa başlayırlar. Bu axtarış zamanı ən ağlagəlməz, ən məntiqsiz, ən gülünc dəlillər irəli sürülə bilər. Məsələn, ələ keçmiş “günahkar keçi”ni “gələcək günahkar”lar ittiham edə bilərlər ki, sən niyə gəlib bu yamacda otlayırsan ki, səni də tuturlar? Sən ümumiyyətlə, niyə doğulmusan ki, indi səndən günah keçisi kimi istifadə edirlər? Özü də, adətən belə ittihamlar zamanı bir neçə oxşar ifadə və cümlədən istifadə olunur davamlı olaraq. Məsələn, “tutalım onlar belədir, bəs sənə nə olub....”, “niyə burnunu hər yerə soxursan...”, “bu da az aşın duzu deyil haa....”, “niyə mən yox, sən yox, məhz o? Deməli nəsə var da...” 
 
Beləcə, potensial keçilər öz dostlarının günahını düzüb-qoşurlar, o birilərinə ehtiyac qalmır. Əslində, bunun özü də “günah keçisi” xarakterli təsəllilərdir. Yəni, onun günahlandırılmasının səbəbi bizim təbəqəyə aid olmasında, “günah keçi”liyində deyil, günah onun özündədir. (Bəli, “günah keçisi” təkcə boynuna günah qoyulan şəxs və ya şəxslər deyil, bir fikir, bir cümlə, hətta bir söz də ola bilər. Məsələn, yuxarıda qeyd etdiyim kimi, vəba fəlakətindən sonra bu fəlakəti təsvir edən bir şair “taun” sözünü işlətməkdən çəkinir və həmin dövrdə çox az işlənən “epydimie” sözünü işlədir. Bu haqda yazan fransız əsilli ABŞ tarixçisi, ədəbi tənqidçi və filosof Rene Girard həmin “epydimie” sözünün də bir “günah keçi”si olduğunu söyləyir.)
 
Hələ bu da son deyil. Bu mərhələdə günahlandırılan “keçi” özünü müdafiə edir, çapalayır, yardım istəyir, xilas olmağa ümid edir. Geriləmənin daha irəli mərhələsində isə artıq fərqli durum yaşanır. Günahın özünə ehtiyac qalmır. Əvvəlki mərhələdə adətən ortada bir günah olur, onu kiminsə boynuna yıxmaq lazımdır. Sonuncu mərhələdə isə günaha ehtiyac yoxdur. Ortada sadəcə ittiham var. Kafkanın “Proses”ini xatırlayın. Günahkar var, ittihamın özü var, amma səbəbi yoxdur. Qapalı dairə. Günahkarsan, çünki ittiham olunursan, ittiham olunursan, çünki günahkarsan. Belə bir cansıxıcı, qapalı günahkar-ittiham prosesində “keçi” başlayır özünə günah axtarmağa. Özünün ən xırda səhvlərini belə yadına salır. Sonda öz günahını “tapır” və rahatlanır. Sonra gedib, nə bilim, əfv ərizəsi filan yazır. Sonra yenə o biri potensial “keçilər” başlayır bu ərizə yazan “keçini” günahlandırmağa. Heç kim də bilmir ki, özü o situasiyada nə edərdi...
 
Bu cür absurd, insanı daha da alçaldan bir “günah – günahkar – ittiham” sisteminin əsas səbəbi bunları yaşayan toplumdakı adətlərin, qaydaların, idarəetmənin, dinin insana zərrə qədər də dəyər verməməsidir. İnsan belə toplumlar üçün hər şeydən aşağıdadır. Belə sistemin hazırda bütün qüvvəsi ilə yaşandığı ölkələrin, xalqların, millətlərin, dinlərin hansı olduğu hamımıza bəllidir. “Xarici qara qüvvələr”, masonlar, yəhudilər, islamın düşmənləri, vətənə xəyanət edənlər, düşmən dəyirmanına su tökənlər, “vətəni söyüb Nobel alanlar”, “Nobeli yalnız millətini söyənlərə verənlər”, “taleyin işidir”, “şeytana lənət”... Burda hətta allahın özü də günah keçisidir. Çox təəssüf ki, biz də bu arealın sakinləri və potensial günah keçiləriyik.  Əlbəttə, indi mən bu cümləni yazarkən, gecənin bu vədəsi bir potensial “keçi” pəncərəmi qəfil döyüb, gözlərini bərəldərək və ağzından tüpürcək fışqırdaraq üzümə bozara bilər ki, indi bəyəndiyiniz, tərifini göylərə qaldırdığınız Avropada orta əsrlərdə elə iyrənc şeylər yaşanıb ki. Və mən də, əlbəttə ki, bu potensial “keçinin” cümləsindəki “orta əsrlər” ifadəsindən sonra bir şey söyləməyə ehtiyac görməyəcəyəm. Adı üstündə, “orta əsrlər”, yəni ən azı 5-6 əsr öncə. Bəs biz nə deyirik? 5-6 əsr gerilik kifayət deyil yoxsa?  
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı