post-title

Araz Bayramov: İki dəlixana - Hekayə

Adını unutduğum yerdən adını unutduğum başqa bir yerə getmək üçün yolun kənarında maşın gözləyirdik. Bura necə gəlmişdik, nəylə gəlmişdik bilmirdim, çölün ortasında, ətrafda az-az görünən ağaclardan birinin altında dayanmışdıq. Yaşım kiçik olduğu üçün günəşdən, istidən təsirlənməyim deyə məni ağacın altında otuzdurmuş, kartonla üzümə hava vururdular.

 
 
Hər şeyin itirildiyini, evimizin yandırıldığını, ümumiyyətlə müharibənin nə demək olduğunu həmin gündən çox sonralar bildim. Mənə elə gəlirdi ki, bir gəzintiyə çıxmışıq və bir müddət dolaşıb yenidən evimizə qayıdacağıq. Hər şey əvvəlki kimi olacaq, yadımda səs-küy kimi qalan, görüntüləri itən xoş hadisələr yenidən təkrarlanacaq, mən otların arasında uzanıb mavi səmaya baxacam, evi tərk eləyəndə sağ qalsın deyə zəncirdən açdığımız itim yenə üstümdən sağa-sola tullanacaq. 
 
Amma hər şey başqa cür oldu. Bakıda valideynlərim həmin illərin ən başlıca səbəbindən, bekarçılıqdan bizi xiyabanlara apardılar, mən gül dərmək istəyilə məzarlara yaxınlaşanda qoymadılar. "İnsanlar bura gül gətirir, sən gül aparırsan" dedilər. Həmin vaxt bilmədim ki, o güllərin sahibləri də bizim gəldiyimiz yerdən gəliblər və heç kəs tam əmin deyil ki, biz onlardan fərqli olaraq qayıda biləcəyik, ya yox.
 
Maşınlar tək-tək keçirdi, heç biri saxlamırdı. Həmin illər və doxsanların sonrakı illərində maşın xüsusi, fövqalədə bir şey olmuşdu, hər kəsdə tapılmırdı. Xüsusən rayonlarda yollar bomboş olurdu, az-az hallarda maşın səs-küyü eşidilirdi. Tozlu-torpaqlı yollarda hətta sınıq-salxaq bir "Moskviç" görünən kimi, itlər hürə-hürə, biz çığıra-çığıra onun dalınca qaçırdıq. "Moskviç"i olan adamlar normal dolanışığı olanlar, işləri az -çox qaydasında gedənlər, "Jiquli"si "Volqa"sı olanlar isə yaxşı yaşayanlar kimi tanınırdı. Qeyri-sovet maşınları isə ümumiyyətlə gözə dəymirdi. Avtobus tapılmayanda məcbur qalıb mindiyimiz nisbətən bahalı "Jiquli" taksilərin yumşaq oturacaqları, "Moskviç"dən və avtobuslarda olandan fərqlənən gözəl, spesifik iyi bir neçə gün xoş təəssürat kimi yadımızda qalırdı.
 
Atam yolun kənarında durmuş, kartonla özünü günəşdən qoruyaraq az qala on beş dəqiqədən bir gəlib keçən maşınlara əl eləyirdi. Sürücülərin niyə bu qədər soyuqqanlı olduğunu, bizi götürmək istəmədiyini anlamırdım, axı yolda dayanmış tək dərdi buradan çıxıb getmək olan bir ailədən kimə ziyan dəyə bilərdi ki? 
 
Nəhayət ağappaq bir "Jiquli" saxladı. Maşının nağıllardan çıxıb gəlmiş kimi bir görüntüsü var idi, sanki ona aid hər şey, sürücüsünə qədər ağ, sehrli bir maddəyə batırılmışdı. Ya da sehrli duman maşını əhatə eləmiş və ona bu cür qəribə, əsrarəngiz bir görüntü vermişdi. Biz artıq ayağa qalxmışdıq, sürücünün üzünü şüşənin arxasından indi daha yaxşı görürdüm. Cavan, solğun bənizli bir oğlan idi, ağ köynəyini sanki çılpaq halda çölə çıxmasın, üzərində paltar olsun deyə geyinmişə bənzəyirdi. Atam ona nəsə dedi və o da razılıqla başını tərpətdikdən sonra dördümüz, anam və qardaşlarım arxada, atam isə çemodanı yük yerinə qoyandan sonra qabaqda oturdu, yola düşdük. 
 
Atam sürücüyə minnətdarlıq olsun deyə, onunla mehriban söhbət eləməyə çalışdı. Müharibənin, bir yerdən başqa yerə köçməyin çətinliyindən, zəmanənin pisləşdiyindən danışır və yaxşı insanların hələ də qalmasına görə sevinmək lazım olduğunu deyirdi. Ümumiyyətlə bu cür, təşəkkür üçün edilən söhbətlərin çox şahidi olmuşdum, kimlərsə bizə yaxşılıq edəndə təşəkkür üçün atam onlarla söhbət eləyirdi. Onu da deyim ki, bu onda yaxşı alınırdı, həmsöhbəti dediklərindən razı qalır və dialoq yaxşı bir nəticə çıxarılmış, xoş bir hadisə olmuş kimi başa çatırdı.
 
Bu oğlanın isə heç nə vecinə deyil, çox güman ki heç qulaq asmırdı. Sükandan qəribə bir şəkildə, möhkəm-möhkəm yapışmışdı və yalnız irəliyə baxırdı.  
 
Söhbətin onun üçün maraqsız olduğunu deməsə belə artıq atam anladı ki, bu adam o adamlardan deyil və susdu. 
Kələ-kötür yollar bizi atıb tutsa da bir müddət sonra oğlan sürəti artırdı. Daha çox narahat olduq, amma səsimizi çıxarmadıq. Anam üçümüzü də bir-birimizə sıxıb, sanki birləşdirərək qorumağa çalışırmış kimi tutmuşdu, maşın dala-qabağa apardıqca bizi saxlayırdı. Sürücü isə getdikcə sürəti artırırdı. Deyəsən atam nə üçün belə sürətlə getdiyimizi soruşmağa hazırlaşırdı ki, oğlan qəfildən dilləndi.
 
-Rayonun harasına gedirsiniz?
 
-Özünə.
 
-Oraya gedə bilməyəcəm, bir azdan sizi düşürərəm, başqa maşınla gedərsiniz.
 
-Axı gedəcəyini demişdin -atam təəccüblə ona baxdı. 
 
-Vəziyyət belə oldu əmi, bağışlayın. 
 
Atam dönüb bizə baxdı, sonra isə yenə ona dedi
 
-Sən Allah indi biz bu çölün düzündə başqa maşını hardan tapaq? Bax açıq danışaq, pul məsələsindən narahat olma... 
-Pul istəsəydim orda deyərdim sizə, - azca susub əlavə elədi - pul istəmirəm mən, pul yemirəm mən, pulu Rafael doktor yeyir. Bişirmir də... Çiy-çiy yeyir.
 
Atamın üzü qəribə bir şəkil aldı. Deyəsən, bu mənası aydın olmayan, nə üçün deyildiyi bilinməyən sözlərə görə bilmirdi təəccüblənsin, yoxsa əsəbləşsin. Rafael doktor kim idi? O niyə pul yeyirdi? Üstəlik niyə çiy-çiy yeyirdi? 
Qardaşlarım və mən qorxa-qorxa bir-birimizin üzünə baxırdıq.
Az sonra oğlan maşını saxladı.
 
-Xahiş edirəm düşün  - dedi və bu mədəni istəyin ardından, biz düşəndən, çemodanı götürəndən sonra, maşının qapısı hələ tam örtülməmiş qazı basdı. Atam uzaqlaşan maşının ardından baxa-baxa yavaş səslə dedi.
 
- Bu indi niyə belə elədi ki? İçkiliyə də oxşamırdı.
 
- Müharibədəndir - anam dedi - hamının başı xarab olub. 
 
Yenə çölün ortasında, üstəlik bu səfər ağacsız, kölgəsiz qalmışdıq. Xeyli aralıda qatar yolu keçirdi, relslərin iki tərəfi boyunca uzanan qara dirəklər istidən gözümüzə formasını itirmiş, ziqzaqvari xətlər kimi görünürdü
Qəfildən böyük qardaşım əlini əks istiqamətə uzatdı.
 
-Maşın gəlir! Maşın gəlir!
 
Bəli bu da ağ maşın idi, bunu da elə bil ağ boyaya batırıb çıxartmışdılar, yaxud boya çiləyib ağartmışdılar. Yalnız bu bir az hündür, bir az da uzun idi və şüşəsinin üstünə qırmızı xaç vurulmuşdu. Sanki bütün ağappaq maşınlar bizim üçün saxlamalıymış kimi, bu maşın da saxladı. Bunun içərisində isə bir nəfər deyil iki nəfər oturmuşdu, amma ikisinin də paltarı az öncə gedən oğlanın paltarı kimi ağappaq idi. Qabaqda oturan kişi yarıaçılmış şüşəni sona qədər aşağı salaraq salam verdi. 
 
- O qabaqdakı maşın hara getdi?
 
- Bilmirik - atam dedi - dedi sizi apararam, amma yolda saxladı, bilmirəm dəliydi ya nəydi.
 
- Dəliydi - deyə kişi güldü - səhər xəstəxananın maşınının açarını tapıb hardansa, oturub qaçıb.
 
Biz gülməyə, təəccüblənməyə, ya da başqa reaksiya verməyə imkan tapmamış, o təbəssümünü pozmayıb soruşdu.
 
- Hara gedirsiniz?
 
- Rayon mərkəzinə. 
 
- Oturun - yenə güldü - tuta bilsək yenə görərsiniz onu. 
 
Bu dəfə xəstəxana maşınına doluşduq. Atamla anam bilmirəm eşitdiklərinin gözlənilməz olduğundan, az öncə bir ruhi xəstənin sürdüyü maşında olduğumuzu bildiklərindən, ya da başqa səbəbdən bir müddət tərəddüd etdilər, bir-birlərinə baxdılar, sonra çemodanı maşına daşıdılar.
 
- Savadlı adam olub - yola düşəndən sonra kişi danışmağa başladı - Başına nə gəlibsə əsəbdən gəlib. Hər gün deyir ki, Rafael həkim bir gün burdan çıxıb qoşun toplayıb gəlib sizi də, bütün həkimləri də qıracam. Deyirəm ay kişi, qoşun qalıb ölkədə? Sənin yığdığından nə olacaq? Elə bil Surət zaddır mənim üçün. 
 
- Sənin adın Rafaeldir? - deyə qəfildən ortancıl qardaşım soruşdu. 
 
- Hə bala, Rafaeldir. 
 
- O düzdür ki, sən pul yeyirsən? Özü də bişməmiş, çiy-çiy?
 
Böyüklərin üzündə gülüş yarandı, amma sualın cavabı mənə də maraqlı idi. 
 
-  Onu da deyib? - deyə həkim qəhqəhə çəkəndən sonra cavab verdi. Qardaşımın sualı cavabsız qaldı, öyrənə bilmədik ki, Rafael həkim pulu doğrudan pul yeyirmiş, ya yox. 
 
Boz, kasıb görünüşlü evləri olan rayona çatana qədər bizim birinci sürücünü görə bilmədik. Elə bil isti onu buxarlandırmış, ya da əridib bu evlərə qarışdırmışdı. 
 
-Eybi yox taparıq - sürücü dedi - yəqin harasa dönüb. 
 
Onu tapdılar, ya tapmadılar bilmədik, rayonda bizə göstərilən boş evə yerləşdikdən sonra heç bir planı olmayan valideynlərim hələlik orada yaşamağa qərar verdilər. 
 
Ağ köynəkli oğlan, uzunmüddət, müharibəyə aid kadrlara baxandan, hadisələrin dəhşətini daha dərindən anlayandan sonra yadıma düşdü.  Anladım ki, əslində bizim də onun da dəhşətindən, kabuslarından qurtarıb qaçmaq istədiyimiz yer eyniymiş - dəlixana. 
 
Bir dəlixanadan qaçan, başqa bir dəlixanadan qaçanlara yardım etmişdi. Lakin hər iki dəlixana, qaça bilsək də, bilməsək də hələ uzun müddət bizi izləyəcəkdi.
 
Araz Bayramov
 
Kultura.az
 
Yuxarı