Hər şeyin zamana ehtiyacı var?

Сеймур БАЙДЖАН

 
 
Bir günü isə heç unutmaram. Rəhmətlik Sabir Əhmədlinin sonuncu kitabının təqdimat mərasimi idi. Təqdimat mərasimi kitab evində keçirilirdi. Mehriban xanım çıxış etdiyi zaman birdən bəndənizi göstərib dedi: "o cavan oğlan həmişə mənim xatirimdədi, onun taleyi həmişə məni narahat edir". 
 
Bu qəfildən deyilmiş sözdən çox təsirləndim. Bildim ki, bu xanım həqiqətən də məni hiss edir. Başqa bir günü də xatırlaya bilərəm. Bakıya çoxlu qar yağmışdı. Bərk külək əsirdi. Həmin o qarlı-küləkli, soyuq gündə Mehriban xanım zəng edib halımı-əhvalımı, harda olduğumu soruşdu. O qarlı-küləkli, soyuq havada harda olduğumu soruşması doğurdan da məni bərk təsirləndirdi. Biz insanıq. Ətdən, qandan ibarətik. Bizi dəmirdən düzəltməyiblər. Bu kimi məqamlardan təsirlənməyimiz, bu kimi məqamları yaddaşımızda saxlamağımız təbiidir. Təbiilikdən daha çox, bu, bir insan kimi bizim mənəvi borcumuzdur. "Quqark" romanı nəşr olunanda Mehriban xanım roman haqqında böyük bir məqalə yazdı və elə məqamlara toxundu ki, o məqamlar başqalarının diqqətini ümumiyyətlə çəkməmişdi. Biz bulvarda gəzə-gəzə, çay içə-içə həyat, ədəbiyyat haqqında çox söhbət etmişik. O həmişə yaxşılığımı, inkişaf etməyimi, uğur qazanmağımı səmimi qəlbdən istəyib. 
 
Yazdığım nəsrin intellektual, texnika cəhətdən necə kasad olduğunu bilirəm. Yazdıqlarımda yüksək hisslər var. Mənim üçün  bu günün və gələcəyin heç bir əhəmiyyəti yoxdu. Gələcəkdən heç nə gözləmirəm. Bir çox yazarlar kimi gələcəkdə başa düşərlər deyərək özümə aciz təsəlli vermirəm. Həssas və hissiyyatlı adamlar nə yazdıqlarımın fərqindədirlər. Nəsrdə intellekt, texnika, oyun axtaranlar  yazdıqlarımı oxumasalar yaxşıdı. Onsuz da onlar orda heç nə tapmayacaqlar. Onların tənqidlərindən, iradlarından bir qram da incimirəm. Düstur çox sadədi. Hissiyatlı adamlar başa düşürlər.  Mehriban xanım həssas və hissiyyatlı bir insan olduğu üçün nə yazdığımın fərqindədi. Məhz bu kimi səbəblərdən Mehriban xanımın yazısına xeyli təəccübləndim. O mənə məktub da yaza bilərdi. Görüşüb söhbət də edə bilərdik və Mehriban xanım iradlarını birbaşa üzümə deyə bilərdi. Rast ki, Mehriban xanım iradlarını yazı formasında ifadə edib, o zaman mən də öz fikirlərimi yazı formasında ifadə etmək qərarına gəldim. 
 
Əvvəla Mehriban xanımın dediyi kimi gücün xidmətində dayanmamışam. Yazılarımın hansı saytlarda yerləşdirilməsi bu cür ittihama səbəb ola bilməz. Hər kəs öz yazısına cavabdehdi. O saytlarda nə yazırlar, nə pozurlar özləri bilərlər. Mehriban xanımın sözündən belə çıxır ki, həyatda əziyyət çəkdiyim üçün Elçibəy haqqında tənqidi yazı yazmışam. Həyatda çəkdiyim əzabları, əziyyətləri bir növ töhmət kimi səsləndirir. Bəs yaxşı, öz həyatımı da yazmayıb nədən yazmalı idim? Digərləri kimi güldən, bülbüldən, dovşandan, tülküdən bəhs edən nağıllar yazmalı idim? Yoxsa süni, dekorativ, reallıqdan uzaq, saxta hekayələr uydurmalı idim? Öz yazıma cavabdehəm və hər bir tribunadan sözümü deməyin tərəfdarıyam. İkincisi, lap əgər tutaq ki,  gücdən qorxub gücə xidmət edirəmsə, bu heç də Əbülfəz Elçibəyi siyasət meydanından doğulduğu kəndə qaçmasına haqq qazandıra bilməz. Lap əgər gücə xidmət göstərirəmsə, bu Elçibəyi məsuliyyətdən xilas etmir. Xalq hərəkatının lideri də kəndinə qaçarmı? Bəli, bir daha təkrar edirəm, Elçibəy özünü və davamçılarını biabırçılıqdan xəcalətdən xilas etməsi üçün intihar etməli idi. Həyatın elə anları var ki, insan öz yolunun həqiqiliyini  ölümü ilə sübut etməlidi. Belinskinin təbirincə desəm, İsa peyğəmər öz həqiqətini öz iztirabları ilə möhürlədi. Bu necə lider, necə şəxsiyyət, necə mütəfəkkirdi ki, onun ətrafındakılarının, davamçılarının çoxu mövcud gücün tərənnümçülərinə çevrildilər. Mehriban xanımın sözündən belə çıxır ki,  hakimiyyətdən qorxuram və buna görə də müxalifəti tənqid etməkdəyəm. Bəli, hakimiyyətdən qorxuram. Bunu etiraf edirəm. İdarə edənlərin kimlər olduğunu yaxşı başa düşürəm.  İnsanları çörəklə imtahana çəkənlərdən qorxmaqda günah iş tutduğumu düşünmürəm. Heç kim məndən qəhrəmanlıq gözləməsin. Əgər sabah nəsə səhvə yol versəm və bu səhv kimlərinsə xoşuna gəlməsə yəqin ki, ölkə tarixində ən yaltaq müraciətlər yazaraq, əfv olunmağım, bağışlanılmağım  üçün göz yaşları axıdacam. 
 
Azərbaycanlıların həqiqətən də səmimiyyət problemi var. Soruşanda ki,  filankəslərin adını yazında niyə çəkmirsən, deyirəm, qorxuram. İnanmırlar. Deyirlər, niyə Avropaya getmirsən. Deyirəm, Avropa mənə maraqlı deyil, postsovet ölkələrində gəzmək daha maraqlıdı. İnanmırlar. Bir həftə əvvəl kafedə oturmuşdum. Ofisiant soruşdu: 
 
- Yemək xoşuna gəlmədi?     
 
- Gəldi
 
- Hiss olunmur. 
 
- Yox,  sadəcə kədərliyəm. Həyat alınmır.
 
- İnanmıram. Zarafat edirsən. 
 
Belədi, adamlara sözün düzünü deyirsən, elə bilirlər zarafat edirsən. Səmimiyyət haqqında monoloqumuzu bitirib mövzumuza qayıdaq. Bəli, hakimiyyətdən qorxuram, amma bu qorxu müxalifəti məsuliyyətdən azad etmir. Mövcud hakimiyyətin ömrünün uzanmasında müxalifətin müstəsna xidmətləri var. Onlar xalqın maraqlarını öz cılız istəklərindən üstün tuta bilmədilər. Onlar bir-birlərinə göstərdikləri nifrəti hakimiyyətə qarşı göstərə bilmədilər. Cəbhəçilərin müsavatçılara, Əli Kərimlinin İsa Qəmbərə, yaxud müsavatçıların cəbhəçilərə, İsa Qəmbərin Əli Kərimliyə daxili nifrəti hakimiyyətə qarşı nifrətlərindən daha dərin və daha səmimidi. Onlar partiyaları firma kimi idarə etdilər və etməkdədirlər. Hər şeyi qoyuram bir kənara, əgər onlar xalqın mənafeyini üstün tutaraq birləşə bilmirlərsə, deməli onlar üçün öz şəxsi mənafeləri xalqın mənafelərindən daha üstündü. Bu zaman necə onların səmimiyyətinə inanmaq olar? Bizim müxalifət liderinin verdiyi başsağlığı ona yaxın qəzetdə başqalarının başsağlığından böyük şriftlə dərc olunur. Yaxşı, tutaq ki, ona pərəstiş edənlər hər fürsətdə öz pərəstişini nümayiş  etdirmək istəyirlər, bəs o adam özü niyə bunun qarşısını almır? Niyə demir ki, belə olmaz. Bütpərəstlik etməyin. Niyə demirlər ki, bəsdirin mənə pərəstiş etdiniz. Bizim müxalifət liderinin də övladı Londonda dünyaya gəlir, oliqarxlarımızın da. Fərq var? Fərq yoxdursa o zaman nəyin davasını aparırlar? Niyə adamları iyirmi ildi avara edib çöllərə salıblar? Bu günə qədər vəziyyət ağırdı, ay seçki ilidi, ay həssas məqamdı deyib susmuşuq, onların hoqqalarına dözmüşük. Susanda da belə olur. Onlar arxayınlaşırlar. Müxalifətin vahid namizədi Cəmil Həsənli utanmadan deyir ki, Anar mənim üçün dəyərdi, Anar mənim dostumdu. Əgər Anar Cəmil Həsənli üçün dəyərdisə bəs o zaman nəyin davası gedir? Cəmil Həsənli harda daha səmimidi?  Monarxiyaya qarşı mübarizə aparmaqda yoxsa dövlət büdcəsindən maliyyələşən bir təşkilatı öz firması kimi idarə edən Anarı dəyər hesab etməkdə? Hardan bilim ki, əgər sabah  birdən Allah eləməmiş kimi Cəmil Həsənli hakimiyyətə gəlsə, dostu  Anarın bir xahişi ilə məni sürgün etdirməyəcək. Müxalifətin vahid lideri hakimiyyətin sütunlarından biri olan təşkilatın rəhbərinə dostum, dəyərim deyirsə, bu qorxunun yaranmasını təbii qarşılamalısınız. 
 
Haqqımda ən pis yazıları müxalifət yazarları yazıblar. Heç kimdən qisas almıram. Sadəcə hərdən göstərirəm ki, siz siyasətçi deyilsiniz. Siz  prinsipsiz, tənbəl, molladan, meyxanadan, xalçadan, muğamdan, mentalitetdən qorxan adamlarsınız. Qoy indi dəyər hesab etdikləri Anar onları qorusun.  Bu adamlarin hakimiyyətə gələ bilmədiklərini başa düşdük, heç olmasa əllərində olan imkanlarla sübut etsinlər ki, bəli, neft ölkəsində yaşayırıq, Avropa nefti alıb demokratiyaya tüpürüb, ziyalılar təqaüd alıb susub, xalq yatıb, amma baxın biz doğurdan da demokratıq. Nə gündədi onların qəzetləri? Zatən o qəzetləri vərəqləyəndə bu adamların hansı təfəkkür yiyəsi olduqları ortaya çıxır. Siz mənə təfəkkürü Siyavuş Novruzovun təfəkküründən fərqlənən on müxalifətçi adı sadalayın bu söhbəti bitirək. Yoxdu. Əgər təfəkkürü Siyavuş Novruzovun təfəkküründən fərqlənən on müxalifətçi yoxdursa o zaman bütün bu davalar nə üçündü?  Bu barədə “Ədəbiyatımızın və siyasətimizin Şeyx Nəsrullahları”, “Klassik müxalifətin sonu”, “Müxalifətin qış yuxusu” adlı yazılar yazmışam. Təzədən dastan açmaq istəmirəm... 
 
 Əbülfəz Elçibəyin şübhəli və qaranlıq keçmişi haqda danışmasaq yaxşıdı. Sadəliyi (lap tutaq ki, belə olub) və yaxşı adam olması Elçibəyi heç cür məsuliyyətdən azad etmir. Bizim məhəllədə də xeyli yaxşı oğlan var. Ölkəmiz yaxşı oğlanlarla zəngindir. Qara kurtka geyinib, "Kurtlar Vadisi" serialından vəcdə gələnlər də özünü yaxşı oğlanlar hesab edirlər. Lap tataq ki, Elçibəy hədsiz dərəcədə yaxşı insan idi. Bunun məsələyə nə dəxli var? Adam ətrafını, dövləti, xalqı taleyin ümidinə buraxaraq, siyasət meydanından kəndinə qaçıb. Biz bu haqda danışırıq, söhbət bundan gedir. Ay Elçibəy işığı belə getdi, Elçibəy zəkası elə getdi... Şəxsən mən bu cür söhbətlərdən kifayət qədər doymuşam. Zamanında çox bəsit, bayağı yazılar yazmışam. Utanmıram o yazılardan. İnsan inkişaf edir. Oxuyur, təcrübə qazanır, qələmi püxtələşir. Bütün bunlar onun yazdıqlarına təsir edir. O adam ki, tam olaraq yaratdığından, çəkdiyindən, bəstəliyindən, yazdığından  razıdır, o adamın deməli başı xarab olub. İtalyan rejissoru Paolo Pozzalinin səhv etmirəmsə “Dekameron” filmində bu məsələyə gözəl aydınlıq gətirilib. Şagirdləri, adamlar rəssamı, belə deyək masteri işini bitirdiyinə görə təbrik edirlər. Çaxır süzürlər badələrə. Lakin rəssam özü kədərlidi. O özü bilir ki, işi istədiyi kimi alınmayıb. Vaxtında yazdığım bayağı yazılardan utanmıram. Belə də olmalı idi. O vaxtdan çox şey dəyişib. Lakin Elçibəy haqqında yazdığım “Don Kixot” yazısına görə peşmanam. Özü də hədsiz dərəcədə peşmanam. 
 
Deyirsiniz ki, xalq hərəkatı zamanı Əkrəm Əylisli kənarda dayanmışdı. Niyə bunu laqeydlik kimi yozursunuz, laqeydlik kimi qəbul edirsiniz? Bəlkə Əkrəm Əylisli bir ayıq adam kimi bütün o mitinqlərin, çıxışların, şüarların  mənasızlığını anlayırdı? Bəyəm Əkrəm Əylisli də mütləq başına bint bağlayıb tribunaya çıxaraq camaata nağıllar danışmalı idi? 
 
Elçibəy kütləni son dərəcə qızışdırmış, kütləni arzularla coşdurmuş və özünü bu arzuları həyata keçirə biləcək adam kimi göstərmişdi. Onun şöhrətini yaradan onun qəhrəmanlığı deyildi, daha çox ətrafındakı adamların ona korkoranə inamı idi. Böyük şöhrət qazanmaq üçün təkcə böyük və parlaq işlər görmək kifayət eləmir. Daimi carçılar, korkoranə sədaqət göstərən adamlar da lazımdı. Gərək onlar sənin böyüklüyünə inansınlar, sənin nağılların onların gözlərini bağlasın. Bu carçılar qəhrəmanı təriflədikdə bir sevinc duyurlar. Çünki qəhrəmanı parladan şöhrətin işığı onların da üstünə düşür. Qəhrəman sözündən qorxmuram, qəhrəman sözü yaşamaq üçün tam hüquqa malikdi. Özü də bütün zamanlarda. Sevgi, məhəbbət, mərhəmət, yaxşılıq, kişilik, qəhrəmanlıq hər zaman olub, indi də var və hər zaman da olacaq. Bəzi naqis adamlar üzərlərinə düşən insani məsuliyyətlərdən yaxa qurtarmaqdan ötrü deyirlər ki, indi sevgi yoxdu, indi dostluq yoxdu, indi yaxşılıq yoxdu. Var. Sevə bilmirsənsə, dostluq edə bilmirsənsə, yaxşılıq edə bilmirsənsə, bu sənin problemindi, sevginin problemi deyil. Günahı özündə axtar. Öz naqisliklərinə görə insani dəyərlərə şər atma. Lakin biz qəhrəmanlıq, sevgi, yaxşılıq sözlərinin həqiqi mənasının nədən ibarət olduğunu dəqiq bilməliyik. Camaatı, dövləti, ətrafındakıları taleyin ümidinə buraxıb gedib kənddə Yəmən türküsü oxuyub ağlamaq, adamlara nağıllar danışmaq sevgi və qəhrəmanlıq demək deyil. Elçibəy öz əfsanələrinə inanırdı. Çünki bu əfsanələri özü yaradırdı, özü quraşdırırdı, özü bəzəyirdi. Kimdə o güc var ki, öz quraşdırdığı əfsanələrə, nağıllara inanmasın. Onun o vaxt danşıdıqlarını indi uşağa danışsan, uşaq yerə yıxılıb qarnın tutub gülməkdən ölər. Halbuki adamlar o vaxt bu sözlərdən hədsiz dərəcədə vəcdə gələrək coşurdular. İndi balaca bir uşağa desən ki, biz gedib Çinə türk bayrağı taxacayıq, uşağın gülməkdən ürəyi gedər. Çünki indi hətta balaca uşaq da bilir ki, bütün dünya Çinin qarşısında aciz vəziyyətdə qalıb. Bu kimi çox misallar çəkmək olar. Eyni nağılları Qamsaxurdiya da Gürcüstanda gürcü xalqına danışırdı. Nəticəsi məlumdu. Qamsaxurdiya bu nağıllarla gürcü xalqını elə bir bəlaya soxdu ki, nə vaxt çıxacaqlarını tək olan Allah bilir. Məşhur gürcü filosofu Merab Mamardaşvili demişdi- “если мой народ выберет Гамсахурдия, то я буду против своего народа” ("Əgər mənim xalqım Qamsaxurdiyanı seçsə, onda mən xalqıma qarşı olacam" - tər). Onda belə çıxır ki, o boyda filosofu öz xalqının azadlıq hərəkatına qoşulmadığına görə kəskin şəkildə qınamaq lazım idi. Xeyr, Mamardaşvili bütün bu həngamələrin nəylə nəticələnəcəyini təxmin edirdi. Yeri gəlmişkən, Qamsaxurdiya da sovet dövründə Elçibəy kimi həbs olunmuşdu  və televiziyaya çıxıb öz hərəkətlərinə görə peşman olduğunu bildirmişdi. 
 
Bəzi adamlarda cazibə qüvvəsi böyük olur. Çox adam bu cazibə qüvvəsinin təsiri altına düşür. Bununla belə bu təsirin ömrü o qədər az olur ki, sonradan ondan demək olar ki, heç bir iz qalmır. Həmin adamlar dünyadan köçüb gedəndən sonra hamı təəccüblənir ki, nə üçün onlar sağlıqlarında belə qeyri-adi müvəffəqiyyət qazanmışdılar. 
 
Elçibəydə  də belə müvəqqəti cazibə qüvvəsi vardı. Bu cazibə qüvvəsinin ömrü onun ömrü qədər oldu. Məhz bu səbəbdən Elçibəy öləndən sonra onun cazibə qüvvəsindən çıxan adamların çoxu  mövcud hakimiyyətin tərənnümçülərinə, sözçüsünə, təbliğatçılarına çevrildilər. Əslində bu qədər sözü yazmağa bəlkə də heç ehtiyac yox idi. Xahiş edirəm bu kadrlara diqqətlə baxın.  Burda hər şey açıq-aydın deyilir. Özü də Elçibəyin özünün dilindən.  
    
https://www.youtube.com/watch?v=hdvRRXyLe78
 
Seymur Baycan
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade