post-title

Bizim cəbhənin qadınları

Seymur Baycanın “Ad qoya bilmədiyim hekayə” adlı hekayəsini oxuyarkən ağlıma gələn ilk ad bu oldu. Bizim cəbhənin qadınları.....

 
“Döyülməyinə baxmayaraq, axşama çox dadlı yemək hazırlayardı. Bir dəfə əri onun saçından tutub həyətdə sürüdü. Sifətinə yumruq vurdu. Nənəmin burnundan qan açıldı. Əri maşına minib əyləncəsini davam etdirməyə, dostlarıyla yeyib-içməyə gedəndə nənəm ayağa qalxdı. Əlin göyə açıb Allahı söyməyə başladı. 
 
İndi başa düşürəm, o müti qadının Allahı söyməsinin bir səbəbi də bu idi ki, suallarına cavab tapa bilmirdi: “Neyləmişəm?! Nəyə görə?! Bütün bu dəhşətlər nə üçündür?!”
 
……onu erkən yaşlarında babama ərə vermişdilər. Qəddar, əzazil, bununla belə, gəzməyi, yeyib-içməyi, əylənməyi sevən, şorgöz, itə də tamah salan əri bu yetim qızla hər cür, ürəyi istəyən formada rəftar etmişdi. Günün istənilən saatında nənəmi döyür, adamların arasında yazıq arvadı lağa qoyub, alçaldırdı. O, hər zaman üzündə ərinin təpik və yumruq izlərini daşıyırdı.
 
Nənəm ailə həyatı, ailə səadəti üçün doğulmuş nadir qadınlardan idi. Tale bu səadəti ona əta etməmişdi. Ərindən, bircə dəfə də olsun, xoş söz eşitməməyi, bir dəfə də olsun, hədiyyə almamağı bir tərəfə, ömür boyu döyülmüş, söyülmüş, lağa qoyulmuş, təhqir olunmuşdu. Ömründə bircə dəfə də olsun, kafe, restoran üzü görməmişdi.
 
Belə qadınlar ərləri üçün saxladıqları məhəbbət ehtiyatını ətrafdakı adamlara həsr edirlər. Bu kimi qadınlarda məhəbbət ehtiyatı o qədər tükənməz olur ki, ətrafdakı adamların çox olmasına baxmayaraq, onlarda hələ çox məhəbbət qalır. Bu məhəbbət onları əhatə edən, həyatda üz-üzə gələn adamların hamısına çatır. 
 
Nənəm özündən heç bir zaman nəinki danışmırdı, həm də özü barədə fikirləşmirdi. Onun bütün həyatı məhəbbət və fədakarlıqlardan ibarət idi. Onun bizə, nəvələrinə, ətrafdakı adamlara zərif məhəbbətinə o qədər alışmışdım ki, başqa cür ola biləcəyini təsəvvürümə də gətirmirdim. Ona zərrə qədər də minnətdar deyildik. Heç kim heç bir zaman “o, bizdən razıdırmı?” deyə özünə sual vermirdi. Heç kim - nə övladları, nə nəvələri, nə iş yoldaşları, nə də qonşuları onun çəkdiyi iztirabların bütün dərinliyini anlamaq iqtidarında deyildi.”
 
Bu qadınları hamınız tanıyırsız, onlar hər birimizin evində, qonşuluğunda yaşayan, qohumlarımız, yaxınlarımız hesab olunan insanlardır. Bunlar o qadınlardır hansı ki, toyu olarkən ara evindən ayağını kənara qoyan kimi valideyinləri və ya xala-bibiləri tərəfindən yarı öyüd-nəsihəd yarı da hədə-qorxu şəklində “qız evdən bir dəfə çıxar; bu evdən ağ gəlinliklə çıxdın, bir də ağ kəfənlə geri dönə bilərsən” sözlərini eşidirlər. Sanki valideyinləri onları kiminsə qulu, kənizi, ən yaxşı halda qulluqdar gəlini etmək üçün dünyaya gətirib, böyüdüblər. Bu qızların bundan sonrakı həyatları indiyədək tanımadıqları insanlara qulluq etməklə, daha dəqiqi desəm onların işinə yaramaqla keçir. Aralarında bir az ali təhsil almış, daha iti düşünə biləni olarsa “niyə?“ sualını verə bilirlər, sözün həqiqi mənasında dağ başında böyümüş, sadə dünyagörüşü olmayan qızlar isə özlərinə bu sualı vermək bacarığına da sahib olmurlar, həyatı belə görür, belə qavrayır və bundan ibarət olduğunu düşünürlər. Və onların mübarizəsi başlayır, nədir bu mübarizə? Ərin namusunu qorumaq, mənəvi, fiziki cəhətdən istismarına göz yumaraq “isti ailə ocağını” qorumaq “camaat nə deyər?“ xofu altında əzilməyə, bir heçə çevrilməyə, alçalmağa göz yummaq. Bu qadınların ən ümdə vəzifəsi əri hərtərəfli “razı salmaq” dan ibarətdir, yeməyini bişirəcək, evi, pal-paltarı təmiz saxlayacaq, uşaqları və evin böyüklərinin qulluğunda durmaqdan ibarətdir. Bəzən bu qadınların böyütdüyü uşaqlar da ona hörmət qoymur, hörmətini heçə endirir. Atasından və evin digər “yüksəs statuslu üzvlərindən” (qayınana, baldız və s.) anasının daima alçaldığını görən uşaqdan anasına qarşı hörmət qoymasını tələb etmək gülüncdür. “Gəlin evin süpürgəsidir, harda qoydun orda da durmalıdır” münasibətini və bəzən məhz eynilə bu sözləri eşidən qadının uşaqları anasına qarşı hansı düzgün davranışa sahib olacaq? 
 
Bəzən isə daha qıvraq qadınlar da olur, döyülürlər də, söyülürlər də, ancaq sonunda revanş qazana bilirlər. Onların revanşı ərinə qır-qızıl, xəz, dəri palto, bahalı zinət əşyaları aldırmaqla həyata keçir. Bu həris qadınlar öz heysiyyatlarını, şəxsiyyətlərini maddi şeylərə satırlar. Qınamıram. “Camaat nə deyər?” xofu və mental düşüncə tərzinə məxsus bər-bəzəkli, standart öyüd-nəsihətlər və bunlara da bir az dini hədisləri əlavə etməklə şantaj olunan bu qadınların şəxsiyyətlərini maddi şey-şüyə satmaqdan başqa çıxış yolları qalmır. Ər evində gördüyü gündən, toy günü hədə-qorxu ilə yola salmış valideynlərinin evində görəcəyini çox yaxşı başa düşən bu qadınların revanşı qızıl, xəz qab-qacaq aldırmaqdan o yana keçə bilməz.
 
Bu qadınların böyütdüyü qızlar da özlərindən bir addım o yana gedə bilmirlər, anasının daim döyülüb-söyüldüyünə şahid olan, sevimli xala-bibilərin “ər adamı döyər də söyər də” öyüd-nəsihətini qulaqlarından sırqa edən bu qızlar ata-babalarımızdan əsrlərlə indiyədək süzülüb gəlmiş el-adətlərinə xilaf çıxa bilmirlər, zidd getməyi bacarmırlar və üsyan etməyi heç təsəvvürlərinə belə gətirmirlər. 
 
Bunlar bizim cəbhənin qadınlarıdır. Bu qadınlar sərhəddən o yandakı qadınlara boylana bilməzlər, oralarda nə baş verdiyini, həmcinslərinin həyatda necə sağ qalma mübarizələrini müşahidə edib nəticə çıxara bilməzlər. Bu qadınlar o qədər mütidirlər ki, filmlərdə azad qadın obrazına əxlaqsız adı verməklə həyatı dərk etdiklərini sanarlar.
 
Aygün Qurbanli
Kultura.az
Yuxarı