post-title

Alber Kamü haqqında – Orxan Pamuk



Əlbəttə ki, yazıçılara əvvəlcə yazdığı kitablara görə heyran oluruq. İllər keçdikcə, o kitabları ilk dəfə oxuduğumuz dövrlə, günlə bağlı xatirələrimiz və kitabın bizdə yaratdığı, əvvəlcə fərqinə varmaq istəmədiyimiz həsrət və başqa duyğular, həmin kitabı ilk dəfə oxuyanda içimizdə yaranan heyranlıqla birləşir. Artıq həmin yazıçıya təkcə bizə dünyanın içimizə sirayət edən bir rəsmini təklif etdiyi üçün yox, həm də həyatımızın və ruhi inkişafımızın bir parçası olduğu üçün bağlılıq hiss edirik. Mənim üçün Kamü, Dostoyevski kimi, Borxes kimi bu cür təməl yazıçılardandır. Bu iki yazıçı kimi, Kamü də fəlsəfi və metafizik meyli ilə gənc oxuculara dünyanın, həyatın mənalandırılmağı gözləyən cazibadər şeylər olduğunu və bu mənalandırmaq işini yerinə yetirmək istəyən ədəbiyyatın – həyat kimi – sərhədsiz imkanları olduğunu sarsıdıcı şəkildə hiss etdirir. Gənc vaxtı bu yazıçıları optimistliklə oxusanız, siz də onlar kimi yazıçı olmaq istəyərsiniz.

Kamünun az qala bütün kitablarını Dostoyevski və Borxesin əsərlərindən əvvəl, 18 yaşımda ikən, atamın təsiri ilə oxumuşam. İnşaat mühəndisi atam, 1950-ci illərdə Gallimard tərəfindən bir-bir çap olunan Kamünün son dönəm kitablarını Parisdən alır, ya da İstanbula gətizdirir və diqqətlə oxuduqdan sonra onlar haqqında arabir danışmaqdan zövq alırdı. Bugün düşünürəm ki, atama təsir edən şey, başa düşəcəyim dillə arada mənə izah etməyə çalışdığı “absurd fəlsəfə”sindən çox, bu fəlsəfənin Qərbin böyük şəhərlərindən, onların dramatik memarlığından və evlərin içindən yox, bizimkinə bənzəyən kənarda qalmış, yarı-yoxsul, yarı-modern, yarı-müsəlman, yarı-sekulyar bir dünyadan bizə səslənməsidir. “Yad”ın, “Vəba”nın – bu kitablardakı bəzi hekayələrin baş verdiyi coğrafiya Kamünün uşaqlığını, cavanlığını keçirdiyi, nə tam qərbli, nə də tam şərqli küçələrdən, bağçalardan, günəşdən sevgiylə və təvazökarlıqla bəhs etməsi özümüzü onunla eyniləşdirməyimizi asanlaşdırırdı. Kamünun möcüzəvi ədəbi uğurunu çox cavan yaşda əldə etməsi və yaraşıqlılığını itirmədən qəzetlərin “absurd” deyə bəhs etdiyi bir avtomobil qəzasında gənc yaşda dünyadan köçməsi də atamı sarsıtmışdı.

Kamüdən danışanda təkcə atamın yox, bütün dünyanın bəhs etdiyi “cavanlıq” işığı, əlbəttə ki, yazıçının istedadı və yaşı ilə bağlı idi. Amma onu əsərlərini ilk oxuyuşumdan illər sonra, indi bu cavanlıq sözünün bir başqa mənası olduğunu da hiss edirəm. Elə bil ki, Kamünün kitablarını yazdığı illərdə Avropa hələ hələ cavan bir yer idi, orda hər şey ola bilərdi. Cavanlıq dönəmini yaşayan mədəniyyətlərdə olduğu kimi, sanki o zamanlar Avropada şeylərin mahiyyəti ilə görüntüsü arasında elə də uzaqlıq yox idi. Belə ki, fəlsəfə təhsili almış parlaq bir yazıçı qəzəbli bir missionerdən, bir rəssamın şöhrətlə münasibətlərindən, topal bir adamın velosipedə minməsindən, ya da sevgilisi ilə çimərliyə gedən bir adam həssaslılığından bəhs edərkən, gözlənilməz şəkildə, fərqinə varırıq ki, əslində o, həyatın mənası və dünyanın necə bir yer olmağı barəsində çox inandırıcı şəkildə danışır. Kamününun ən parlaq cəhəti gündəlik həyatın adi və özəlliksiz detallarını, eynilə bir kimyagər kimi zərifliklə fəlsəfəyə çevirə bilməsidir. Bunun arxasında əlbəttə ki, Didrodan Uelbekə uzanıb gələn fransız fəlsəfi roman ənənəsi var. Kamünün orjinallığı müdrik və avtoritar müəllif səsi, ya da mizaha söykənən fransız fəlsəfi roman ənənəsi ilə, Heminqueyvari qısa cümləli, realist təhkiyəni asanlıqla sintez etməyindədir. Edqar Podan Borxesə qədər bütün fəlsəfi qısa hekayə ənənəsinin davamı kimi görü biləcəyimiz bu hekayələr, arabir təsvir etməkdən, atmosfer yaratmaqdan zövq alan bir romançının müşahidələri ilə rənglənir, canlanır.

Burada diqqət çəkən məqam Kamünün yazdıqları ilə uzaqlığı, pıçıltı ilə danışmasıdır. Oxucunu müəlliflə yazdığı şey arasındakı bir yerdə buraxan, onu hekayənin içinə çəkməyən bu qərarsızlığın Kamünün həyatının son illərində qarşılaşdığı yorucu, dözülməz problemlərlə əlaqəsi olmalıdır. Hamının barəsində danışdığı gəncliyini itirməkdə olduğunu, “Səssiz adamlar” adlı hekayəsinin əvvəlində göründüyü kimi, Kamü də bilirdi. “Rəssam işləyərkən” adlı hekayə Kamünun həyatının sonlarında həddindən artıq ləzzət aldığı və özünə hədsiz yük olan sənətçi şöhrəti haqqındadır. Amma əsas dözülməz, qəliz problem, əlbəttə ki, Əlcəzair müharibəsi ilə bağlı idi. Əlcəzairli bir fransız olan Kamü bu torpaqlara olan sevgisi ilə Fransaya olan bağlılığı arasında ilişib qalmışdı. Bir yandan anti-kolonial qəzəbi, üsyanı, şiddəti başa düşür, digər tərəfdən də fransız dostları müstəqillik tərəfdarı ərəblərin, ya da fransız mətbuatına görə, “terroristlərin” bombaları ilə öldürülərkən, Sartr kimi, Fransız dövlətinə qarşı sərt mövqe göstərə bilmir, səssiz qalırdı. Sartr köhnə dostunun ölümündən sonra yazdığı son dərəcə anlayışlı, həssas yazıda Kamünün sükutunda ifadəsini tapan dərin şeyi və təmkini oxucuya hiss etdirmişdi.

Həyatının axırlarında fransız kolonializmi ilə fransız dostlarının sevgisi arasında sıxılıb qalan və bir seçim etməli olan Kamü, öz vəziyyətinin ruhi müstəvisini “Müsafir” adlı hekayədə yaradıcı şəkildə ifadə edib. Bu mükəmməl siyasi hekayə, siyasəti bizim həvəslə seçdiyimiz bir şey kimi yox, başımıza gələn və qəbul etmək məcburiyyətində qaldığımız bəxtsiz bir qəza kimi göstərir.
Yüzdəyüz razılaşdığım fikirdi…          
  
Tərcümə – Qismət 

Sim-sim.az
Yuxarı