post-title

Cavid Ramazanlı - Həqiqətpərəst

Klassik ədəbi nəsr və dram ənənələrinə malik olmaq, azərbaycanlıların bir millət kimi bəxtinin gətirdiyi ən əsas məsələlərdən biridir. Bu ənənələr çox da qədimə gedib çıxmır, düzdür. Hesablasan, vur-tut cəmi 150-170 il yaşı var. Amma bunun özü də dəyərli nemətdir, çünki dünyada çox sayda xalqlar var ki, bizdən fərqli olaraq, belə tarixi ənənələrə malik deyillər və onlar keçmişə istinad edəndə kürəklərini söykəyəcək güclü dayaqlar tapmırlar. 

Azərbaycanlının özünüdərkində, identifikasiyasının formalaşmasında Mirzə Fətəli Axundov, “Molla Nəsrəddin” məktəbi nümayəndələri və digərləri müstəsna rol oynayıblar. Tariximiz bunlardan məhrum olsa, ortada yeri heç nəylə doldurulmayacaq kor, qaranlıq bir boşluq yaranar, çünki birini o birindən ayrı təsəvvür etmək mümkünsüzdür. Üstəlik, bu ənənələrin gücü təkcə lokal səviyyəylə məhdudlaşmayıb, böyük bir Şərq coğrafiyasına da təsir edib. Dəfələrlə, xarici mətbuatda gedən yazılarda bu ənənələrə istinad edilib. Bir neçə il əvvəl “New York Times”da “Molla Nəsrəddin jurnalı” “Dünyanı dəyişdirən jurnal” kimi təqdim edilərək, haqqında geniş yazı yazılmışdı, sonra “BBC” təmtaraqlı başlıqla buna bənzər yazı yayımladı. Eqomuz məst olduğundan, biz də sosial şəbəkələrdə bu məqaləni bəh-bəhlə paylaşdıq. Könül istərdi ki, belə yazılardan çox olsun, çox güman olacaq da. Lakin bir ağrılı məqam var və bizdə bu barədə elə də istəklə danışılmır...   

Məsələ budur ki, klassiklərimiz əsərlərində bizi heç də tərifləyib göylərə qaldırmayıblar, haqqımızda heç də xoş şeylər yazmayıblar. Əksinə, əcdadlarımız bu əsərlərdə əksərən nadan, yarım-vəhşi, mədəniyyətdən uzaq məxluqlar kimi təqdim olunublar. İndi bir çoxları səmimi olsalar, istəməzlər ki, bu əsərlər xarici dillərə tərcümə olunaraq yayılsın, bizim bir zamanlar necə olduğumuzu yadlar görsün...

Axundovun pyeslərini oxuyarkən, mətnlər ustalıqla yazıldığından biz əlində qələm tutan müəllifi görmürük, amma istəsək, görərik ki, müəllif bığ altında soyuq bir istehzayla gülür. Hələ Axundov yaxşıdır, yüngülvari rişxənd edir, digərləri xüsusilə sərtdirlər, əllərində elə bil qələm yox, qamçı tutublar, rəhmsizcəsinə döyəcləyirlər. İnsanın nə qədər amansız fantaziyası olmalıdır ki, “Dəli yığıncağı”, “Ölülər”, “Üzütüpürcəkli marallar” kimi xitablar fikirləşib tapsın. “Ölülər”də Kefli İskəndərin monoloqundakı hər bir kəlmə sanki iynə ucu kimi dəriyə batır: “Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tfu sizin üzünüzә!”...

Klassik əsərləri kor-koranə deyil, diqqətlə oxuyan hər kəs buradakı  ittihamların, nifrinlərin ağırlığına heyrətlənməyə bilməz. Və bunu dərk edən bəziləri incinirlər, klassiklərin bir çox məqamlarda ifrata vardıqlarını, belə şiddətlə qırmanclamağın, insanları belə gözdən salmağın düzgün olmadığını deyirlər. Müəyyən mənada bu, faydalı yanaşmadır, çünki böyüklüyündən, kiçikliyindən asılı olmayaraq istənilən kəs və əsər sorğulanmalıdır. Cəfər Cabbarlı da Kefli İskəndər obrazını tənqid edirdi ki, oxumusan, öyrənmisən, qayıtmısan çox gözəl, çox pakizə, bəs indi niyə araq şüşəsinin küpünə girib ətrafındakı insanları lənətləməkdən başqa bir işə yaramırsan, Firəngistanla Nuh əyyamında qalmış cəmiyyət əlbət ki, fərqli olmalıydı, o mühitlə bu mühit əlbət ki, başqa başqa aləmlərdir, amma sən əlindəki məziyyətlərinlə burada faydalı olmaq üçün, qanmasalar da, bilməsələr də bu avam binəvaları ağ günə çıxarmaq üçün çalışmalıydın, sən isə alkoqola uyub özünü məhv etməkdən başqa bir şey eləmədin...  

Sorğulama lazımdır və mütləqdir. Çünki sovetlər klassikləri bəyənib, təqdir etdikdən sonra, bizdə uzun müddət onları və əsərlərini kor-koranə müqəddəsləşdirib, toxunulmaz elan eləmək yanaşması mövcud olub. Yalnız təzəlikcə məsələlərə başqa tərəflərdən də yanaşmaq işartıları sezilir. Ancaq bütün əyər-əskik və çatışmazlıqları, bəzən ifrata varmaları ilə belə, Azərbaycan klassikləri çox böyük bir xəzinə qoyub gediblər. Bu, özünə, öz qüsur və naqisliklərinə şax baxa bilmək, bunları etiraf etmək bacarığı və qabiliyyətidir. Feodal bir mühitdə, sorğulamağı bacarmayan, ağa deyir sür dərəyə, sür dərəyə prinsipiylə yaşayan insanlar cəmiyyətində sual verən, ittiham edən, güzgü tutan insanların ortaya çıxması bənzərsiz bir fenomen deyildimi? 

Klassik əsərlərimizin tonundan və məzmunundan inciyən adamlara, yaxud “azərbaycanlılar o vaxtı da beləydi, indi də belədir, heç vaxt dəyişməyəcəklər”, - deyib, yaxasını kənara çəkən kəslərə elə klassiklər özləri cavab veriblər. Çünki əslində Cəlil Məmmədquluzadənin özü fəaliyyəti və yaradıcılığıyla Kefli İskəndərin əksiydi. Məmmədquluzadə və digərləri Kefli İskəndər həyatı yaşasa və yaxud tam tərsi, mədhiyyəbazlıqla məşğul olsaydılar, bu gün Azərbaycan klassikləri adlı bir anlayış olmazdı və bəlkə də biz bu gün bir cəmiyyət kimi tamam başqa şərtlər altında yaşayardıq.

Özünü tanımaq, görmək və etiraf etmək heç vaxt pis əməl sayıla bilməz, əksinə bu böyüklükdür. Toz-torpağı, çirkabı palazın altına süpürməklə problemlər həll olunmur, artır, bir gün daha eybəcər formada ortaya çıxır. İnsan da özünü tanımayanda, görməyəndə, etiraf etməyəndə problemli  məxluqa çevrilir, pisliklər törədir. Bu gün Azərbaycan cəmiyyətində naqisliklər və nadanlıqlar ona görə hökm sürmür ki, bir vaxtlar klassiklər əsərlərində azərbaycanlıları belə təsvir ediblər, əksinə bu gün boğazacan həm də ona görə bataqlıq içindəyik ki, insanlar klassikləri ya oxumayıblar, ya da çox pis oxuyublar.

Həqiqət acı da olsa işıqlı dünyaya aparan yeganə yoldur, bu gün acı reallığı deyən klassiklərə və onlar kimi həqiqətpərəst insanlara həmişə olduğu kimi sonsuz ehtiyac var, sabah da olacaq, o bir gün də...

Cavid Ramazanlı

Qaynarinfo.Az
Yuxarı