post-title

Ramin Qasımov: Qovaq ağacı


Meşənin ürküdücü dərinliklərində hansısa baxımsız daxma gözə çarpırdı.  Güman etmək olardı ki, bura daha əvvəl heç insan ayağı dəyməyib. Hərçənd içəridən eşidilən ah-vay səsləri əksini iddia etmək üçün də əsas verə bilərdi. Pəncərədən düşən günəş şüaları otağı işıqlandırmağa bəs etmədiyindən məhəccərin üzərində əlavə iki şam da yandırılmışdı. 

Qohum-qonşuların hərəsi bir tərəfdən bu yarı uçuq-sökük daxmaya yığışmış, birazdan canını tapşıracaq qocanın vəsiyyətinə qulaq asırdılar. Başının üstündə dayanan qızcığaz əlində saxladığı dəsmalı kasadakı suyla isladıb sözləri xüsusi vasvasılıqla seçən qocanın dodaqlarına sürtürdü. 

Son nəfəsində aramla “qovaq ağacının” - dedi, -“məni sahil kənarındakı qovaq ağacının altında basdırarsınız.”

Ağacla daxmanın arası elə də uzaq olmazdı, sahilə baxan dik yamacın üstündə, dağ çiyələkləri ilə böyürtkənlərin qucaqlaşdığı biyabanlığın ortasında yerləşirdi.

Pirani qoca təsbehi əlində, hər axşam o ağacın altında oturur, aşağıda dənizin qumluğu necə oxşadığını seyr edirdi.

İndi isə həmin qovaq ağacının yarpaqları məzarına kölgə salıb dəniz ayağının altında dalğalanaraq sevdiyi melodiyanı səsləndirəcəkdi.

***

Beləcə yay keçdi, payız oldu, qış sona çatdı, yaz gəldi. May günəşi gənc qıza bənzər ilıq nəfəsini təbiətə üfürən kimi ağaclar ağ rəngə boyandı, çöl ətirləndi, dənizin suyu durularaq öz mavi rənginə qayıtdı.

Artıq qovaq ağacı da tumurcuqlanıb yarpaq açmışdı.

Kəndlilər bu yaz onda nəsə qəribə dəyişiklik sezmişdilər. Yox, yox, bu sadə tumurcuqlanmadan irəli gələn, hər il gördükləri təbii dəyişikliklərdən deyildi. Elə də asanlıqla, qəti olaraq təsbit edilə bilməyən, ancaq və ancaq uzaqdan hiss olunan əcaib dəyişiklik idi.

Qovaqda indi digər nəbatlara məxsus görünüşdən daha artığı, sanki insanlara xas görkəm vücuda gəlirdi.

Qadınlardan biri “qoca”, - deyə diksinərək dilləndi - “getdikcə qocaya bənzəyir bu ağac.”

Həqiqətən də qovaq sanki altında uyuyan insanın bütöv bədənini köküylə əmərək öz gövdəsinə köçürmüşdü. Bəlkə yenə də həmin ağac idi, fəqət insanlar ona baxdıqca o şux qamətli, lakin ölümünə yaxın zəifləyərək əldən düşən kişinin ahıl çağlarını xatırlamış olurdular.

Yarpaqları indi tamam başqa cür görünürdü: daha munis, daha zərif, daha yaşıl. Külək əsəndə xışıldayışı da əvvəlkindən fərqlənirdi. Ağac yarpaqları ilə dilə gəlmişdi elə bil, sakit havalarda, küləkdə və yağışda öz halını ətrafındakılara izah etməyə çalışırdı. Nə demək istədiyi aydın başa düşülməsə də, görənlər bu xışıltılardan ixtiyar qocanın səsini, danışıq tərzini, hətta cümlə quruluşunu belə tanımaqda çətinlik çəkmirdilər.

Qoca bilərək orda basdırılmağı təvəqqe edib ruhunu ağaca bağışlamaqla özünü təkrar yer üzünə qaytarmağın müvafiq yolunu tapmışdı. Üstəlik bundan belə təbiəti daha yaxından və bütün əzəmətiylə birgə dadacaqdı. Həm də bu yolla sağlığında görmədiyi günü görür, edə bilmədiklərindən həzz alır; qrip, bronxit olmaq qorxusunu duymadan saçlarını yaz yağışında isladıb küləkdə qurudurdu.

Köhnə dostlarının belə tezliklə aralarına qayıtması təkcə kəndliləri deyil, quşları, bitkiləri, buludları, bir sözlə - bütün təbiəti sevincə qərq eləmişdi.

Quşlar uçaraq gəlib çiyninə, qollarına qonur, buludlar bəzən əyilərək alnından öpürdülər. Ölümündən bəri boynunu büküb duran çiçəklər isə nazik boğazlarını otların arasından uzadıb yenidən yellənməyə başlamışdılar. Hətta dəniz belə - sahildə ötüb-keçənlərə biganə dəniz - bu işə ürəkdən sevinir, qumsalda ağ ləpələrini nümayiş etdirərək gülümsəyirdi.

Ancaq, hansı səadət əbədiyyətə qədər ömür sürüb, axı? Qovaq səhər tezdən oyanıb yarpaqlarındakı çiy damcıları silkələyərək qurutmağa çalışanda, özündən aralıda bir neçə nəfərin dizi üstə çökərək ətrafı ölçdüklərini gördü.

Günün günorta çağı gəlib düz ağacın altında əyləşdilər. Əlindəki çertyojdan memar olduğu bilinən bir nəfər, qat bağlamış boğazından sahibkar olduğu anlaşılan digərinə: “aparatlar burda olacaq, laboratoriyalar bəri yanda qurulacaq, lojmanlar isə qərb cəbhəsinə düşəcək”, – deyə izahat verirdi.

Qovaq davamına qulaq asmaq istəmədi. Eşitdiklərindən yarpaqları biz-biz olmuşdu. Deməli buralarda fabrik tikiləcək; bu cənnət məkanı maşın uğultusuna və istehsalat tullantılarına boğacaqdılar. İlahi, yəni görəsən həqiqətən də dünyada başqa yer qalmamışdı? 

Yox, belə vicdansızlıq ola bilməz! Çox təəssüf ki, oldu. Onlar bu cür rənglərdən, qoxulardan, dənizdən və təbiətdən zövq alacaq soydan deyildilər. Gözləri burdan daha əlverişli məkan görmürdü.

Hadisədən bir ay sonra sahilin üstündə körpü quruldu. Plana əsasən lazımi əşyaların dəniz yoluyla nəql edilməsi xərci azaldacaqdı. Ardınca da dalğaqıran tikərək dənizlə sahilin əlaqəsini kəsdilər. Dalğaqıranın içində yığılıb qalan miskin, ölü suların dəniz olduğunu isbatlamağa heç dörd şahid də bəs eləməzdi.

Təkcə dəniz yox, çiçəklər də vəziyyətdən şikayətçiydi. Qızçiçəyinin ləçəkləri daha qara rəngdə açır, yabanı xaşxaşlar isə vaxtsız solduğuna görə güldən çox çətənə kollarını xatırladırdı.

Quşların cəh-cəhi tikintidən yüksələn çəkic və drelsəsləri arasında kümə getdiyindən birləşib xor halında civildəməyi sınadılar. Lakin bu səs-küylü mədəniyyət konserti ilə bacarmayacaqlarını dərk edən kimi onların da aqibəti oxşar oldu.

Quşlar küsüb, dəniz susub, çiçəklərsə solunca qovaq ağacı yetim qaldı. “Kaş ildırım çaxaydı, bir göz qırpımında yox edəydi məni” – düşüncəsi yaxasından əl çəkmirdi.

Fəqət ildırıma ehtiyac qalmadı. Bir səhər, belindən qopan kəskin mişar ağrısına yuxudan oyandı və nə baş verdiyini dərk etməyə macal tapmamış yanıüstə böyürtkənlərin üzərinə yıxıldı.

Qarşıdan fabrik sahibinin bağırtısı eşidilirdi:

- Nə günah? Bizə ağac yox, boş sahə lazımdı, boş sahə! Guya görmürdüz nəyə oxşadığını?! Onsuz da heç bir işə yaramırdı!

Ardınca üzünü xidmətindəki işçilərə çevirib: Bundan yaxşı telefon dirəyi çıxar – dedi.

Yaşlı qovaq soyulub əməllicə yontuldu və digər dirəklərsayaq sulfatla təmizlənib torpağın ağac basdırılacaq qismi şumlandı. Nəhayət görüləsi işləri yekunlaşdırıb ağacın aşağısını əhənglədilər. Yuxarı hissəsinə konus formasında sink başlıq taxıldıqdan sonra naqilləri fabrik qovşağına bağlayan yolda, digər elektrik dirəklərinin arasında ucaldıldı.

***

Beləcə yay keçdi, payız oldu, qış sona çatdı və hər il olduğu üzrə bahar bir qız zərafətində ətəyini qaldırıb isti rayihəsi ilə çəmənliyə uzandı. Köçəri quşlar getdikləri diyarlardan qayıdıb, böcəklərlə qurdlar gizləndikləri dərmə-deşiklərdən çıxdılar.

Qızçiçəyi yenidən sarı rəngə boyandı, yabanı xaşxaşlar isə bir il öncəki solğunluğunu unudub əvvəlkitək qıpqırmızı açdı.

Bu arada qovaqdan yontulmuş elektrik dirəyi yenə bütövlükdə gövdəsinə su axdığını duyur, gecə-gündüz sərməst olub gərilirdi.

Nəhayət günlərin birində əvvəla qalın əhəng təbəqəsini pul-pul qabardan qasnaq bağladı. Sonra da yan-yörəsində ağ, körpə budaqlar dirçəldi və başdan-ayağa yamyaşıl yarpaqlara büründü.

Buna təkcə kəndlilər, quşlar, çiçəklər deyil, tərsinə çevrilmiş qəhvə fincanlarına bənzəyən izolyatorlar belə təəccübləndilər.

Arıqlamaq naminə artıq çəkidən əziyyət çəkən arvadı ilə birgə səhər yürüşünə çıxan fabrikant onu bu halda görüb cin atına mindi:

- Zəhrimara qalasan, bu o aşırtdığımız qovaqdan düzəldilən dirək deyil? Görürsən də arvad, inadkar damarı tutub, məni necə özümdən çıxarır!

Kəndlilər, hər nə qədər “yox, bu həmin ağac deyil” desələr də sahibkarı inandırmağı bacarmadılar.

- Harda görülüb ki, elektrik dirəyi yarpaq açsın? – deyə fəryad edirdi. – Bu nə hoqqadır? Heç olmaya bundan sonra məftillər meyvə versin. Biz burda iş görməyə çalışırıq, bu dirək isə durub qol-budaq sallayır. Bütün elektrik dirəklərində budaq əmələ gəlsə bunları budamağa da gərək ayrıca adam tapıla, lap deyək ki, adam tapıldı, bəs onlara maaş çatdırmaq olar?

Nitqini yekunlaşdırar-yekunlaşdırmaz mühəndisləri başına toplayıb, yerindəcə “kəsilsin!” əmrini verdi.

Dərhal nərdivanlı maşın çağırıldı. Fəhlələr naqillərlə izolyatorları başqa şalbanlara köçürüb yarpaqlı olanı yerə uzatdılar.

Fabrikant özü də əlinə balta alıb, var-gücü ilə şalbanın qalın gövdəsinə, yarpaq açmış budaqlarına vururdu.

Hirsi soyumadığından, şalbanı xırda-xırda doğratdırdı. Ağac parçalarının küçənin ortasında təkrar boy atacağından qorxurdu. Hər ehtimala qarşı, gələn yaz da oxşar məyusluq yaşanmasın deyə qırıntıların gözünün qabağında yandırılmasını tələb elədi: külünü isə bir dolçaya doldurub, dənizə boşaltdırdı. Hərçənd indi də küllər dalğalara qarışıb sahilə vura və ya buxarlanıb yağış dənəsi şəklində çöllüyə yağa bilərdi, lakin fabrikantın ağlı hadisənin incəliklərinə enməyə yetmirdi. Bu minvalla məmnun və məsrur əllərini yuyub evinə qayıtdı. 

O gecə çiçəklər səhərədək qan ağladılar. Quşlara gəldikdə, onlar ilkin ah-vay eləsələr belə çox çəkmədi ki, yığışıb bu hərəkətə bir çarə qılmaq qərarını verdilər.

Ağacdələn:

- Qisas! – deyə bağırdı.

Qocaman sərçə soruşdu:

- Razıyam, amma necə?

Sağsağan dilləndi:

- Dəfələrlə meşəyə ova çıxdıqlarını görmüşəm. Tüfəngləri çoxdu. Birgə getsək hamımızı qırarlar.

Bayaqdan bəri susub məşvərətçilərini dinləyən təcrübəli Bayquş yerini rahatlayıb: İçimizdən birini fədai seçməliyik, – təklifini irəli sürdü.

Hələ sözünü bitirməmişdi ki, piranı qocanın ovcundan yem yemiş Şanapipik ortaya atıldı:

- Mən gedəcəm. Sabah fabrikin açılış mərasimidir. Hamınızın intiqamını alacam, əgər məsləhət bilsəniz, bu yolda sevə-sevə canımdan keçməyə hazıram.

***

Ertəsi gün, erkən saatlardan fabrikin həyətində canlanma müşahidə olunurdu. Pəncərələrə bayraqlar sancılır, hər tərəfdə göy, qırmızı lentlər sallanır, bacalar strimerlərlə bəzənirdi. Orkestrin ifasında müxtəlif simfoniyaların səsləndiyi müddətdə xüsusi avtomobillər dəvətliləri gətirir, işçilər üzlərində xoş təbəssümlə onları qarşılayıb, amfiteatr tərzində hazırlanmış tribunalara qədər ötürürdülər.

Kişilərin çoxusu melon şlyapa və smokin geyinmişdi. Qadınlar isə ağ rəngli uzun libasları və vüal ilə sanki gün işığında şəfəq saçırdılar.

Qəfildən dirijor orkestrin ifasını dayandırdı, canfəşanlıq edən kütlənin səsi kəsildi. Ön cərgələrdə oturan fabrikant ayağa qalxaraq ağır addımlarla mikrofonların yerləşdirildiyi kürsüyə yanaşdı və qarşısındakı vərəqləri səliqəyə saldıqdan sonra boğazını arıtlayıb, çıxışına başladı:

- Əziz icra hakimi və möhtərəm qonaqlar!

Bayaqdan bəri gizləndiyi nöqtədən hadisələrin gedişatını bircə-bircə izləyən şanapipik pıçıltıyla səsləndi:

- Tarixi an gəlib çatdı!

Dərhal da tribunanın üzərində qanad çalıb pərvazlanaraq irəlilədi və kürsüyə yaxınlaşan kimi fabrikantın daz başını nişan alıb, qarnını boşaltdı.  Baxmayaraq ki, şanapipik quşu normalda da həmin göstərişin öhdəsindən asanlıqla gələ bilərdi, fəqət o, öz qabiliyyəti ilə kifayətlənməyib bu tarixi anın şərəfinə bir gün əvvəldən kiflənmiş kənaf toxumu çeynəyərək üstündən də bol miqdarda dəniz suyu içmişdi. Beləcə dəhşətli sancılar və minbir əziyyət bahasına hazırladığı cinayət planını indi dayanmaq bilmədən aşağı tolazlayırdı.

Fabrikant daz başında hiss elədiyi ilk damcının təsirindən qeyri-ixtiyari olaraq yuxarı baxdığına görə ikinci və üçüncü atış üz-gözünə tuş gəlmişdi.

Dəvətlilər mat-məətəl qalmışdılar. Qadınlardan ikisi özünü saxlaya bilməyib, qəhqəhə çəkdilər. Qadınlara baxıb cəsarətini toplayan digərləri də bu məzhəkəyə qoşuldu. Artıq hamı əyilib-qalxıb qarnını sıxaraq qəşş edənəcən gülürdü. Gülüşünü əlini ağzına tutaraq boğmağa çalışdığından icra hakiminin rəngi göyərmişdi.

Fabrikant vəzifəcə özlərindən böyüklərin qarşısında ikiqat əyilib üzlərinə tüpürülən riyakar insanların kinayəli təbəssümləri müşayiətində cib dəsmalını çıxarıb sifətini, keçəlini sildi və hay-küyün azalmasından istifadə edərək çıxış nitqini təzələdi:

- Xanımlar və cənablar! Bu nəcib hadisə belə təsisatımızın ölkə üçün nə dərəcədəuğurlu və  nə dərəcədə mübarək qədəm olacağına dair işarə sayılmalıdır!

Zəruri giriş cümləsi tamamlandıqdan sonra təkrar qeyd dəftərçəsinə nəzər salınaraq xidmət və məhsulların istehsal-realizə strategiyası qonaqlara izah olundu.

 

Ramin Qasımov

Kultura.az

 

 

Yuxarı