post-title

Dostoyevskini başa düşmək

Nüfuzlu ədəbiyyat jurnalı "Paris Review"nun yazarı Lauri Şekin "Dostoyevskiyə empati" essesini kiçik ixtisarla oxuculara təqdim edirik.

Faktlar

I

Dörd il boyunca o, hər gün biləklərində 3 kiloluq qandallarla gəzib. 

Mətbuat azadlığı və təhkimli kəndlilərin azadlığı uğrunda inqilabi dərnəyə qoşulduğu üçün, o, Omsk həbs düşərgəsində ağır islah işlərinə məhkum edilmişdi, bu da o dövrdə baş verib. 

Həbsindən sonrakı yeddi ay müddətində o, Nevadakı Pyotr və Pavel qəsrində tək adamlıq kamerada saxlanılırdı, içəri gün işığı düşməsin deyə, kameranın pəncərəsi daim yağlı yapışqanla örtülü olurdu. 

Bir səhər o, qəfildən Semyonov meydanına gətirilir, əyninə geyinməsi üçün ağ edam köynəyi verilir, sonra isə icazə verilir ki, xaçı öpsün. O dar ağacı növbəsində 6-cı adam idi, ölümünə bir neçə dəqiqə qalmış isə Çar adına bir məktub gəlir, qibleyi aləm məhkumları bağışladığını bəyan edir. Çox güman bu, əvvəlcədən planlaşdırılmışdı. 

Həbs düşərgəsinə gedən yolda onlar gecələmək üçün Tobolskda dayanırlar, şəhərin zəngçisi zəngi pozğun məqsədlər üçün çaldığından sürgünə göndərilmişdi. Onun sürgünü şəhərdə əbədi bir sükut kimiydi. 

Tobolskda o, divara zəncirlənmiş bir adam görür. Adam 8 il boyunca bu divara bağlıymış. 7 addımlıq zəncir ona yalnızca döşəyindən durub əks tərəfdəki divara getməsinə imkan verirmiş. Adam günlərini döşəkcəsindən divara gedib gəlməklə keçirirmiş. Dediyinə görə bu, vecinə də deyilmiş. Zəncirlərin paltarlarının altında necə bağlandığını da göstərir, zəncir elə bağlanıbmış ki, təkcə döşəyinə uzananda biraz rahatlıq tapsın. Danışanda azca xırıldasa da, səsi mülayimmiş. Dediyinə görə bir vaxtlar dövlət qulluqçusu olub. 

Onun epilepsiya tutmaları elə Omskda başlayır. Əksərən bu, ayda bir-iki dəfə baş verir. Tutmalar ən çox onu 4 aylıq rahat buraxırmış. Hər tutmadan sonra, daxili daha da qubarlanır. Ağızdan çıxan kəlmələr tutqunlaşır, bəzən günlər, bəzən həftələr boyu boğuq çıxan və getdikcə  uzaqlaşan səsinin konturları yadlaşır, ağırlaşır. O çox çalışır, amma öhdəsindən gələ bilmir. 

4 il boyunca ona oxumaq üçün heç bir kitab verilməyib. “İncil”dən başqa. 

“Köntöy, hərəkətsiz, susqun… onun solğun, nazik, tünd qırmızı ləkələrlə dolu sifəti torpaq rəngindəydi”, - illər sonra bir gənc həbsxana nəzarətçisi onu belə təsvir edəcəkdi. 

“Mən onların solğun sifətlərinə baxıram, onların nimdaş yataqlarına, durğun çılpaqlıqlarına və yoxsulluqlarına baxıram – mən gözümü zilləyib baxıram – ki əmin olum bu kabus bir yuxunun davamı deyil, həqiqətin özüdür ki var: kiminsə iniltisini eşidirəm, kimsə əllərini ağır-ağır tərpədir, qandalları cingildəyir”, - o, “Ölü evdən məktublar”da xatırlayacaqdı. 

10 ildən sonra o, azadlığa buraxılır. “Bu, naməlum insanın qeydləridir” – o, qardaşına ünvanladığı məktubunda yazır. 

O, Peterburqda və Avropada qızğınlıqla qumar oynayır, ta ki bir gün bundan xilas olanadək. 

Kövrək, epileptik, asi. Bazel muzeyində o, stulu Holbeynin “Ölü Xrist”inin qarşısına sürüyür və vahiməyə qapılmış arvadının gözləri qarşısında stula çıxıb, parça-parça edilmiş, gözləri, sərtləşmiş ağzı açıq olan mavi-boz rəngdəki cəsədlə üz-üzə durur, edam edilmiş bu insanın bədəni çürümək üzrədir. Və o, gələcəkdə bu meyiti öz romanına, “İdiot”a gətirəcək. 

“İdiot”u yazarkən çox sevdiyi ilk körpəsi Sofiya Cenevrədə dünyaya göz açır, üç aydan sonra isə ağciyər iltihabından qəfildən vəfat edir. O, başqasını necə sevə biləcəyini də heç görmür. 

Ard-arda yazdığı kitabları tənqidçilər hədsiz fantastik, qəddar, şişirdilmiş, xəstəhal olmaqda ittiham edirlər. “Onların bütün istəkləri utilatirizmdir”, Turgenyevə yolladığı məktubunda yazır: “poetik həqiqəti vəhşi cəfəngiyyat hesab edirlər”. 

“Bir başqasının qəlbi zülmət məkanıdır” Knyaz Mışkin “İdiot”da öz zülmətiylə üzləşərkən deyir: “və orada ancaq xaos ola bilər”. 

O, Cenevrədən Peterburqda yaşayan dostu Appollon Makova yazdığı məktubunda özünün gələcək mövqeyinin əsasını qoyur: “Ah, mənim əziz dostum, mənim özüməxas həqiqətim var (sənətdə), əksəriyyət bunu xalis fantastika, istisna adlandırsa da, bəzən o, elə xalis reallığın özüdür… Hər bir qəzetdə sən ən real və ən əcaib xəbərlərlə rastlaşa bilərsən… ancaq onlar reallıqdırlar, çünki faktdırlar. Onlar hər saniyə baş verirlər və istisna da deyillər”. 

Faktlar “inkaredilməz, dəhşətli, pozğun, qəddardırlar”.

“Dəhşət və pozğun” hansı yönləriylə gözəl ola bilər? – onun kitabları bu barədədir. 

Həbsdə keçirdiyi bütün müddət ərzində o, bir neçə saniyədən artıq tək qalmamışdı. Xəstəxanada keçirdiyi və Dr. Troitskinin ona bir kağız vərəqi və karandaş verdiyi müddət xaric, demək olar ki, əlinə qələm, karandaş almazdı. Döşəmədə böcək sürülərinin gəzdiyi  baraklarda o qədər gündüzlər və gecələr keçirmişdi ki, o, müntəzəm olaraq, ilk baxışda küt, yad, qorxunc görünənləri hiss eləmək qabiliyyətinə yiyələnmişdi. 

II

Otaqda bir gecə

Dostoyevskinin kitabları başdan-ayağa empatidir. Bütöv bir eybəcərliyin, ixtilafın, pozğunluğun, yaraların ortasında sanki bir əl alovun ortasından keçərək təlaşlı bir üzə sığal çəkir. Soyuq bir qış günü bir insan öz-özünə deyir: “Əgər varlıların bu qədər pulu varsa, nəyə görə bir uşaq soyuqdan donub ölməlidir?”

Məhv olmamış qalan çox az şey var. 

“İdiot”da bir gecədən səhərədək Knyaz Mışkin qatil Roqozini qucaqlayır və onu əzizləyir. Onların yanındakı yataqda Nastasyanın ölü bədəni var. Qaranlıq saatlardan sonra pəncərə azca işıqlaşır. Mışkin titrəməyə yaxalanır, bəzən ayaqlarını belə tərpədə bilmir, amma o geri çəkilmir. 

Aradabir Roqozin qəfildən mızıldayır, bəzən hündürdən, bəzən kəskincə, rabitəsizcə; ah çəkməyə və gülməyə başlayır; sonra Knyaz titrəyən əlini ona doğru uzadır və sakitcə onun başına toxunur, saçlarını, yanaqlarını oxşayır…

Və: 

Hava əməlli işıqlaşanda o nəhayət ki, tamamilə gücsüz, ümidsiz halda döşəyinə uzanır və öz sifətini Roqozinin solğun, donuq sifətinə dayayır; onun gözlərindən axan yaşlar Roqozinin yanaqlarına tökülür, ancaq çox güman bundan belə o, öz göz yaşlarından tamamilə xəbərsizdir…

Səhər çağı polis gəlib qapıya dayananda, Mışkinin gözləri artıq şüşələnmiş olur, o danışa bilmir. Belə görünür ki, artıq heç vaxt da danışa bilməyəcək. 

 

“İdiot” əsərinin illustrasiyası

Hər kəsə bəllidir ki, o yenə “İdiot” olub –Roqozinlə keçirdiyi gecə onu yenidən epilepsiya tutmasına, heç nəyi qanıb-qandırmadığı hala salır – artıq edəcək heç bir şey yoxdur, o yenidən İsveçrə sanatoriyasına göndərilməlidir. 

Amma onların bütün düşüncələri təxminlərdən ibarətdir. Heç kim onun beyninin içini görə bilməz. Həqiqətən bəlli olan yeganə şey odur ki, o qatillə birlikdə olub, onu əzizləyib, ağlayıb, titrəyib. Əzaba, xəstə bədənə və bir başqasının ağlına əsrarəngiz, sözlərlə ifadə edilməyəcək bir empatidir bu. 

III

Daravoy

Dostoyevskinin 9 yaşı olanda, ailəsi Dorovoyda kiçik bir həyət evi almışdı.  Kənd adamı Mareyin bir gün yaxınlaşıb, balaca oğlanın saçını mehribanlıqla tumarlaması da elə burada baş vermişdi. Dostoyevski sonralar deyəcəkdi: “Həbsxanadaykən bunu xatırladım və bu, məni ölümdən xilas etdi”. 

IV

Epilepsiya

Dostoyevski Vasili Perovun onun oturmuş halda çəkdiyi portret barədə belə yazmışdı: “İnsan heç də həmişə özünə oxşamır”.

Necə də soyuqqanlı bəyandır. Ancaq zaman, fəza, dil, sabitlik, niyyətlər onu sındırdıqca o, öz gündəliklərində epilepsiya növbələrini izləyir. Dünya yenidən və yenidən qırılır. 

1860-81 ci illərdə o, ən azından 102, böyük ehtimalla daha çox epilepsiya  tutması keçirmişdi. 

V

Qəddarlıq

1882-ci ildə nüfuzlu tənqidçi N.K. Mixaylovski Dostoyevski haqqında bir kitab həcmindəki alçaldıcı “Qəddar İstedad” essesini nəşr edir. 

“O, qəhrəmanlarına məcbur edir ki, əcaib, fantastik cinayətlər törətsinlər, yaxud ən azından buna bənzər ideyalar qondarır ki, onlar əzab çəksinlər, əzab, əzab”.

“Dostoyevskinin bütün siyasəti və publisistikası bitmək bilməyən qərarsızlıqlar və çaşqınlıqlarından ibarətdir, ancaq onun yeganə bir özünəməxsusluğu var: əhəmiyyətsiz, səbəbsiz, nəticəsiz qəddarlıq”. 

VI

Mışkin

“Ah, mənim yeganə bilmədiyim şey bunu necə deyəcəyimdir… lakin hər addımda o qədər gözəl şey var ki, hətta ən çaşqın adam belə o gözəlliyi görür. Uşağa bir bax, Tanrının gün işığına bax, cücərən otlara, sənin gözlərinin içinə baxan və səni sevən gözlərə bax…” 

*

“Xəstəliyimin güclü və ağrılı tutmaları zamanı ağlım yerində olsa da, sanki düşüncələrimin məntiqi axını qırılmışdı… Mən o qaranlıqdan tamamilə ayılmışdım, xatırlayıram… və məni ayıldan şey şəhər bazarındakı eşşəyin anqırması oldu… Hansısa səbəbdən o məni heyran etdi və eyni zamanda elə bil hər şey beynimdə bir anda aydınlaşdı… Mən eşşəklər barədə araşdırmağa başladım, çünki o vaxtacan heç vaxt eşşək görməmişdim və əmin oldum ki, onlar çox faydalı heyvandırlar, zəhmətkeşdirlər, güclüdürlər, təmkinlidirlər, ucuz başa gəlirlər, dözümlüdürlər… mənim əvvəlki qüssəm birdən-birə tamamilə yoxa çıxdı”. 

*

“Bilirsənmi, mənə elə gəlir ki, çox yaxşı olmasa da, gülünc olmaq hərdən hətta pis bir şey deyil. Biz bir-birimizi tezliklə bağışlaya bilsəydik, özümüzlə də barışıq olardıq. Hər şeyi birdən başa düşə bilmirik… Birisi hər şeyi birdən anlamağa çalışmamalıdır da!Əgər tez anlasaydıq, yaxşı başa düşməzdik”.  

VII

İndi

Mən bilmirdim ki, empati sözü ingilis dilində 1909-cu ildən işlənilir. O, alman kəlməsi olan və 1873-cü ildə nəşr edilən “Hissin optik forması: Estetikaya qatqı” kitabının müəllifi Robert Vişerin qondardığı  “Einfuhlung”dan (daxilə yönələn hiss) törəyib. 1909-cu ildə Amerika psixoloqu Edvard Titçener “Einfuhlung”u empati kimi tərcümə edib. 

Güzgü neyronları o neyronlardır ki, heyvan hərəkət edəndə və o, başqa bir heyvanın eyni hərəkətini görəndə yanırlar. Onları ilk dəfə kəşf edən 1990-cı illərdə Parmada araşdırma aparan nevrofizioloq heyəti olub, heyət makau meymunlarının ventral premator korteksinə elektrod yerləşdirməklə bu nəticəni əldə edib. 

Kaliforniya, Los Anceles Universitetinin nevrologiya alimi Marko İkobini iddia edir ki, güzgü neyronları “insandakı empati qabiliyyətinin nevroloji əsasıdır”. 

Dostoyevski yüzdən artıq epilepsiya tutması keçirmişdi, əllərində qandal, həbsxana paltarında gəzmişdi, 4 il boyunca əlinə nə qələm-kağız almasına, nə də “İncil”dən başqa bir kitab oxumasına icazə verilmişdi. O, iki uşağın ölümünə tamaşa etmiş, edam olunmamışdan bir neçə dəqiqə əvvəlki insanın daxili aləmini bir neçə dəfə yazılarında əks etdirmişdi. O, Mışkini məcbur etmişdi ki, eşşəyin faydalılığı və vacibliyi haqqında düşünsün, onu qatil Roqozini sığallaması və təsəlli etməsi üçün bir otağa salmışdı. 

Onun kitabları radikal sonluğun və təcəssümün daxilinə yönələn hissləri izləyən sözləri təklif edir. Daxilə yönələn hiss - o demək deyil ki, anlayırsan, analiz edirsən, mane olursan və ya şəfa verirsən. Bu, heç həll etmək, müəyyənləşdirmək, sabitləşdirmək, ağıl vermək də deyil; bu, sirdən çox işığın, qorxudan çox susqunluğun, əzabların şəxsi və sürəkli olduğunu göstərmək üçün daha yaxına gələrək təsvir etmək deməkdir. 

Tərcümə: Cavid Ramazanlı
Qaynarinfo.Az
Yuxarı