post-title

Elm və sənətin inkişafı mənəviyyatın saflaşmasına yardımçı olurmu?

Fəlsəfə ilə az-çox maraqlananlara bəllidir ki, vaxtikən bu sual  Fransa Akademiyası tərəfindən təşkil olunan müsabiqənin sualı olmuş və verdiyi cavaba görə məşhur filosof Jan Jak Russo qalib olmuşdu. Qoyulan mövzu bu günümüz üçün də aktual olduğundan yenidən gündəmə gəlməsində fayda vardır.

Yuxarıda qeyd olunan sual ətrafında fikirlərimə Xəlil Cübranın belə bir fikrini xatırlamaqla başlamaq istəyirəm: “Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir. Biri hərəkətə gətirir, o biri istiqamətləndirir”.

İnsan duyğuları vasitəsilə nəyisə duyur, hiss edir, onu ağıl süzgəcindən keçirir, həyat fəaliyyətini bu və ya digər şəkildə təşkil edir. İnsan həyatında hiss və ağlın balansı pozulanda isə o, xoşagəlməz hallarla üzləşə bilir. İfrat rasionalizm insanı uçuruma apardığı kimi,  ifrat irrasionalizm də insanı fəlakətə aparır. Müasir dövrün  insanından qəlbinin səsini duyması və bu səsi ağlına ötürə bilməsi tələb olunur. Suala cavab olaraq bildirmək istəyirəm ki, sənət insanın qəlbinə təsir edir, elm insanın düşüncəsinə. Əgər incəsənətin məqsədi insanın emosional mənəvi aləmini zənginləşdirməkdirsə, elmin məqsədi onun intellektual aləmini zənginləşdirməkdir. Əgər İncəsənətin məqsədi insanın estetik zövqünü təkmilləşdirməkdirsə,  elmin məqsədi insanı daha bilikli etmək və bu biliyin sosial gücə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır. Göründüyü kimi, hər ikisinin obyekti də subyekti də insandır. 
Böyük incəsənət əsərləri də insanlar tərəfindən yaradılır,  böyük elmi kəşflər də insanlar tərəfindən edilir.  Hər ikisində də bunların istifadəçisi insanlar olur.  Əgər belə olmasa idi, o zaman nə elm, nə də sənət olardı. Yəni, elmdə də, sənətdə də yaradılanın istehlakçısı olmasa, onu nə elm, nə də sənət əsəri adlandırmaq mümkündür. Bəli, sənətin də, elmin də insan mənəviyyatına təsir imkanları vardır. Elmlə məşğul olan insan öz mənəviyyatı ilə digərlərindən seçilir. Bu zaman belə bir sual yarana bilər ki, bəs elmə məşğul olmayan insan necə? Mənəviyyat cəhətdən o insandan gerimi qalır? Bu suala mən yox cavabı verərdim.  Sadə dildə desək, hətta bəzən elmlə məşğul olmayan insan, mənəviyyat cəhətdən elmli insandan daha zəngin mənəviyyata malik ola bilir. 

“Elm – gücdür”  şüarı ilə çıxış edənlər deyildimi atom bombası düzəldib yüzlərlə insanı külə çevirən? Təəssüfki bu gün də, elmdən müəyyən mənfi məqsədlər üçün istifadə olunmaqdadır. Bu zaman təbii ki, elmi günahlandırmaq əvəzinə, elm adamını diqqət mərkəzinə çəkmək lazımdır. Əks halda bu, bıçaqla qətlə yetirilmiş insan ölümündə bıçağın cinayət məsuliyyətinə cəlb olunmasına bənzəyər. Buna görə, elm adamının mənəviyyat baxımından zənginləşməsi, müdrikləşməsi lazımdır ki, dünya, insanlar onların elminin “bəhrəsi” olan başqa fəlakətlərlə qarşılaşmasınlar. Belə hesab edirəm ki, insan mənəviyyatına təsir imkanı baxımından elm sənətdən çox geri qalır.  Elə əsər yarana bilər ki,  o bütün insanların mənəviyyatına təsir edə bilər, nəinki hər hansısa bir fərdin və ya bir neçə fərdin.  Bu baxımdan Viktor Hüqonun "Səfillər" romanı söylədiyimə misal ola bilər. Romanda Jan Valjan və yepiskop Miriel səhnəsi çoxlarımızın yadındadır.  Təsadüfi deyil ki, M. Qorki bildirirdi, bədii ədəbiyyatın təsiri ona görə çoxdur ki,  o eyni zamanda həm hissiyyata, həm də düşüncəyə təsir edir.  Epik əsərlər əsasında həyatı andıran kinoların çəkilməsini də dediklərimizin üzərinə əlavə etsək, bu baxımdan söyləmək istədiyim fikrin mahiyyəti bir az da aydınlaşmış olar.  Amma, sənət, təkcə bədii ədəbiyyatdan, epik əsərlərdən ibarət deyil. Mənəviyyata təsir baxımından musiqi, təsviri sənət də müəyyən imkanlara malikdir.  Musiqi var insanın emosional halına təsir edir. Məsələn, gözəl rəqs havalarımız. Musiqi var insanı düşündürür. Vaqif Mustafazadənin əsərləri kimi. Hətta pedaqoq Suxomlinski musiqini əqli tərbiyələndirmənin ən effektli vasitəsi sayır. Təsviri sənət əsərləri var, baxırsan insanda xoş ovqat yaradır. Məsələn, gözəl mənzərə rəsmləri və s. Rəsm əsərləri də var, insanı düşündürür, onda təsvir olunan obrazlarda rəssamın nə demək istədiyi tam məlum olmur. Mona Liza, İsanın son axşam yeməyi əsərləri bu qəbildəndir. 

Beləliklə sənət əsərlərinin hisslərə və düşüncəyə təsir etməsi dramaturgiya və teatrda da görsənir. Hətta burda balans tam yarı yarıyadır.  Sonda bütün bu deyilənləri yekunlaşdırıb deyə bilərik ki,  elmlərin, fəlsəfənin inkişafı insanın kamilləşməsi kimi ən mühüm amildir. Qoyulan suala bizim cavabımız Russodan fərqli olaraq müsbətdir. “Alim olmaq asandır,  insan olmaq çətin”dir deyən atalarımız da yəqin ki, bunu nəzərdə tutmuşlar. Doğurdan da Şiller demişkən, insanın kamilliyi onun hissi və əqli qüvvələrinin vəhdətindədir. 

Seyran Quliyev, fəlsəfə məzunu

Kultura.az
Yuxarı