post-title

Türkiyədə Santanı niyə “sünnət” ediblər?


Türkiyənin tanınmış yazıçısı Elif Şafak “The Guardian” qəzetində yazır ki, hökumət xarici və daxili siyasətdəki bacarıqsızlığını vətənpərvərlik pafosu ilə ört-basdır etməyə çalışır.

Hakimiyyətin rəsmi siyasətini tənqid edənlərə “xain” və “Qərb qüvvələrinin pəncəsi” adları qoyulur.

“Gənclərə aşılanır ki, biz üç tərəfdən su ilə, dörd tərəfdən düşmənlərlə əhatə olunmuşuq. Paranoya, etibarsızlıq və qorxu gücləndikcə, birgəyaşayış mədəniyyəti əriyib yox olur” – yazır Şafak.

Yazıçının fikrincə, qətliama məruz qalmış Reina klubuna yığışan insanlar nəhs ili yola salıb, yeni – 2017-ci ili ümidlə qarşılamaq üçün gəlmişdilər.

Elif Şafakın fikrincə buradakıların türklər və əcnəbilər olması İslam fanatiklərinin nifrət etdikləri çeşidlilik idi.

Yazıçısının fikrincə, ölkədəki nifrət toxumunu fanatizm, nadanlıq və avtoritarlıq səpir.

Məqalədə vurğulanır ki, hələ Yeni il gecəsindən bir gün əvvəl ölkənin 80 min məscidinə müraciət edən hökumətin din işləri qurumu – Diyanet - Yeni il şənliklərini “qanunsuz” adlandırmışdı.

Hələ Yeni ilə bir neçə həftə qalmış ultramillətçi və islamçı qruplar küçələrə “Müsəlmanlar xristian bayramlarını qeyd etməzlər” kimi vərəqələr səpirdi.

Aydın şəhərində tamaşaya qoyulmuş şəbih oyununda xristianlara qarşı nifrətli şüarlar səsləndirilirdi. Tamaşa isə Şaxta baba – Santa Klausun qiyafəsini geyinmiş aktyorun alnına tapanca sıxılması ilə başa çatmışdı.

Şafak yazır ki, iri şəhərlərdəki plakatlarda eybəcər təsvir edilmiş Santa çətənə çəkirdi.

Bu plakatlardakı şüarlarda “Milad müsəlmanlığımıza zərbədir” yazılmışdı.

Van şəhərindəki plakat isə soruşurdu: “Siz heç Ramazan bayramını qeyd edən xristian görmüsünüzmü? Elə isə biz niyə onların bayramlarını qeyd edirik?”

Elə bu arada İstanbul Texniki Universitetində toplaşmış tələbələr əllərində müxtəlif şüarlar yazılmış lövhələr tuitmuşdular: “Şeytan sizi yoldan çıxarmasın. Yeni ili bayram etməyin”, “İslamda Milad yoxdur”...

“Elə həmin qrup mərasimin axırında Santa Klausun üfürmə müqəvvasını əvvəlcə “sünnət” etmiş, sonra isə dəfələrlə bıçaqlamışdı” – yazır Elif Şafak.

Santanın vətəni...

Yazıçı təəssüflə xatırladır ki, hələ yaxın keçmişədək Santa Klausun prototipi olan və Türkiyənin Aralıq sahilindəki Patara şəhərində doğulduğu söylənən müqəddəs Nikolas milli qürur mənbəyi idi.

“Lakin ötən ildən yazıq Santa siyasiləşdirildi və misli görünməmiş şəkildə əcinnələşdirildi, - yazır Şafak, - Bu günlərdə isə Milat adlı islamçı qəzet Santanı lənətləyən məqaləsində onun paltarındakı qırmızı rəngin hələblilərin qanları olduğunu yazıb”.

Qəzet yazırdı ki, Qərbdə uşaqlara hədiyyələr gətirən Santa, Hələb uşaqlarının başına bombalar səpib.

Şafak yazır ki, nifrət nitqləri hətta Reinadakı faciədən sonra da dayanmayıb. Teleekranlara çıxan islamçı şərhçilər Yeni il bayramının, içki və şənliklərin əleyhinə olduqlarını bəyan ediblər.

Yazıçı təəccüblənir ki, hökumət haqqında beş-altı tənqidi söz yazanların dərhal məhkəməyə çəkildikləri ölkədə belə nifrət səpənlər necə cəzasız qalırlar?

Hərçənd hökumət Reina hadisəsindən sonra terroru dəstəkləyən 347 sosial media istifadəçisinin araşdırıldığını elan edib.

Məqalədə deyilir ki, tanınmış təhqiqat jurnalisti Ahmet Şık hələ bir neçə həftə öncə Yeni il bayramının hədəflənəcəyi barədə proqnoz vermişdi. Lakin bu gün o da 140 Türkiyə jurnalisti ilə birlikdə həbsxanadadır.

“Ölkə kritik yolayrıcındadır...Bəlkə də onu artıq keçib. Öz sərhədlərimiz daxilində demokratiyanı itirdiyimizə və AKP hökumətinin Suriyada dəfələrlə təkrarlanan səhvlərinə görə, təlatümlü Yaxın Şərq və dəyişən dünya səhnəsinə görə bu gün bizim böyük şəhərlərimiz terrorçuların yeni cəbhə xəttinə çevrilib” – yazıb Elif Şafak.

Oxu Zalı
Yuxarı