post-title

Əlifba məsələsi

Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəlində azərbaycanlılarla ermənilər arasında belə bir şiddətli atışma gedirdi:bizimkilər ermənilərə “sizin familyanız yoxdur”, ermənilər isə bizimkilərə “sizin əlifbanız yoxdur” deyirdilər. O vaxt təbii ki, bu yazının müəllifinin millətçi vaxtları idi. Şanlı keçmiş, böyük tarix haqqında uydurulmuş nağıllara və əfsanələrə inanırdı. Azərbaycan yazıçılarının tələm-tələsik yazdıqları tarixi romanlarda oxuduqları onu hədsiz dərəcədə həyəcanlandırırdı. O inanırdı ki, Qara Yusif, doğrudan da, Əmir Teymurun başının bəlası imiş. Olan şeydir. Uşaq idi. Məlumatsız idi. Bir tərəfdən də dövrün ab-havası öz işini dayanmadan görürdü. İnanmamaq mümkün deyildi. Deyirlər, iyirmi yaşında kommunist, qırx yaşında demokrat olmayanın vicdanı yoxdur. Qərəz, o dövrün təsirli ab-havasında “sizin əlifbanız yoxdur” sözlərini eşitmək çox ağır idi. Bunu heç cür həzm edə bilmirdim.

İndi fikirləşirəm ki, nə yaxşı bizim əlifbamız olmayıb. Atalar yəqin belə məqamları nəzərdə tutaraq deyiblər: sürü geri qayıdanda axsaq qoyun irəli düşər. Əgər əlifbamız olsaydı, bu gün heç kim cəsarət edib deyə bilməyəcəkdi ki, gəlin bu əlifbadan imtina edib özümüzə bir düz-əməlli əlifba götürək. Nədir-nədir on ikinci əsrdə, tutaq ki, Makuk Fakkudi adlı bir saray şairi, daha doğrusu, hansısa padşahın şəxsi şairi bu əlifbayla bir gözəlin qaşı haqqında qəzəl yazıb. 

İndi sahib olduğumuz əlifba gül kimi əlifbadır. Gələn də, gedən də lövhələrin, heykəllərin üstünə yazılmış mətnləri oxuya bilir. Məsələn, yad bir adam heykəlin üstündəki mətni oxuyur və ən azı heykəlin kimin heykəli olduğunu müəyyən edir. 

Əgər əlifbanın arxasında həqiqətən də böyük iqtisadiyyat, həqiqətən də böyük ədəbiyyat, həqiqətən də böyük güc, həqiqətən də böyük tarix dayanmırsa, o əlifba real olaraq, illuziyasız-filansız heç kimə lazım deyil. Söhbət həqiqi gücdən, həqiqi ədəbiyyatdan, həqiqi iqtisadiyyatdan, həqiqi tarixdən gedir. Yalançı tarixdən, şişirdilmiş iqtisadiyyatdan, uydurulmuş gücdən getmir. Ən yaxşısı, saxlama müddəti keçmiş əlifbadan yavaşca imtina edib,  göstərdiyi xidmətə görə əlifbaya öz təşəkkürünü bildirib, ordendən, medaldan, diplomdan, bağ evindən-zaddan bir şey verib ədəb-ərkanla, sakitcə istefaya, istirahətə göndərməkdir. Çox işləyib. Bərk yorulub. Qoy gedib dincəlsin. Yorulmuş və iş qabiliyyətini itirmiş əlifbanın əvəzinə həqiqətən iş gücünə malik ədəbiyyat götürürsən. Amma bunu kimə başa salmaq olar? Hə, kimə? Bütün ölkə ayağa qalxar. Məmə deyəndən pəpə yeyənə kimi, yazıçısı, şairi, akademiki, siyasətçisi, alverçisi  birləşib, bir anda hamı vətənpərvər olub bu təklifi vermiş adamın üstünə gələrlər. Bu mənada əlifbanın olmaması ilə azərbaycanlıların bəxti gətirib. Məsələn, götürək gürcü əlifbasını. Lap olsun erməni əlifbası. Bu dəqiqə Gürcüstanda, Ermənistanda cəmiyyətin qorxusundan heç kim durub  əlifbanın dəyişməsi təklifini verə bilməz. Bu mümkünsüzdür. Heç kim bu təklifi qəbul etməz. Hamı ayağa qalxıb bir ağızdan deyər ki, bu əlifbayla bizim dahilər şeirlər yazıblar. Bu əlifba bizim tariximizdir, keçmişimizdir, dünənimizdir, srağagünümüzdür, ta srağagünümüzdür... Əgər biz tariximizi unutsaq, tarix də bizi unudar-zad... Minusovka hazırdır. Necə ki, bizim camaatımızın da müxtəlif mövzularda öz minusovkları var. Lazım gələndə bəzən komandayla, bəzi hallarda isə  komandasız-zadsız öz-özünə çalınır.  Halbuki, gürcülər və ermənilər əlifbanı dəyişsələr, bir xalq kimi  ağıllı addım atmış olarlar. Sahib olduqları və fəxr etdikləri əlifba onları çox geri salır.  Mən öz dayaz ağlımla belə düşünürəm. Yolla getdiyin yerdə qarşına heykəl çıxır. Baxırsan heykəlin üzünə, kimin heykəli olduğunu müəyyən edə bilmirsən. Əvvəla bu heykəlin kimin heykəli olduğunu o dəqiqə müəyyən etməyə, onu  tanımağa borclu deyiləm. Viktor Hüqo deyil ki, sifətinə baxan kimi tanıyasan.  Bu heykəlin altına ya ingilis, ya  rus, ya da alman  dilində yazmaq lazımdır ki, bu, filankəsin heykəlidir. Filan ildə doğulub, filan ildə ölüb. Filan-filan işlərlə məşğul olub. Özləri haqqında o qədər yüksək fikirdədirlər ki, guya hamı bu heykəlin kimin heykəli olduğunu o dəqiqə bilməlidir. Ya da gələn-gedəni nəzərə almırlar. Heykəli özləri üçün qoyublar...

Bir neçə il əvvəl bir konfransda iştirak edirdim. Fasilə zamanı konfrans iştirakçılarından biri ilə söhbətə girişdik. Adətən belə olur. Fasiləyə çıxanda bir adam tapıb çay, ya da qəhvə içə-içə (qazlı və qazsız su, meyvə şirəsi içənlər də olur) nədənsə danışırsan. Adam ordan danışdı, burdan danışdı. Balaca xalqlardan birinin nümayəndəsi idi. Dedi ki, bizim məktəbimiz yoxdur. Doğma dilimizdə təhsil ala bilmirik. Dedim ki, hüquqi baxımdan haqlısan, amma reallığı nəzərə alanda vəziyyət dəyişir. Tutaq ki, doğma dilində təhsil aldın, bu dildə kimlə danışacaqsan. Evdə danışmaq istəyirsənsə, onsuz da danışırsan. O boyda fransız dili  ingilis dilinin qarşısında çətinliklə duruş gətirir. O fransız dili ki, dünya ədəbiyyatının neçə-neçə dahiyanə əsərləri bu dildə yazılıb. Böyük tarixə, böyük mədəniyyətə malik bir xalq dilini qorumaq üçün daha bilmir nə hoqqalardan çıxsın. İngilis dili fransızları, o boyda ədəbiyyata, o boyda tarixə malik xalqın nümayəndələrini elə kompleksə salıb ki, xaricdə fransız dilində danışan adam görəndə uşaq kimi sevinirlər. Bu həngamədə sən öz dilində təhsil alsan, guya bu nə dəyişəcək? Əlbəttə, belə danışmaq, kobudluq etmək lazım deyildi. Fikirlərimi daha yumşaq formada ifadə edə bilərdim.  Yuxarıda yazılan sözlər həmsöhbətimə çox pis təsir etdi. Mənim səhv, özünün doğru düşündüyünü sübut etmək üçün başladı əsaslar gətirməyə. Ki, doğma dilində təhsil almaq onun haqqıdır. Mən də öz növbəmdə  bir daha təkrar etməyə məcbur oldum ki, əlbəttə, doğma dilində təhsil almaq onun haqqıdır, amma bu doğma dildə danışmağa özününkülərdən savayı adam tapmayacaq. Söhbət şişdi. Qızışdı. Gördüm bir az da belə davam etsə, dava düşəcək. Üzr istəyib aralaşdım. Amma o adam konfrans qurtarana qədər mənlə danışmadı. Elə küsülü də ayrıldıq. Hətta axırıncı gün banketdə spirtli içkinin təsiri ilə bir daha ona yaxınlaşıb üzr istədim. Xeyri olmadı. Çox güman, elə indi də bu sözləri oxuyan bir çox adam haqlı olaraq inciyəcək. Amma nə etməli, reallıq belədir. ALLAH kafir bəndəni də belə acı reallıqla üz-üzə qoymasın. Dillər sürətlə sıradan çıxır. Bu sürətlə getsə, dünyada otuz-qırx funksional dil qalacaq. Bu dillər də hər mənada güclü xalqların dilləri olacaq. Bu proses ekzotika və fərqlilik həvəskarlarını bərk narahat edir. Narahat oldular-olmadılar, proses öz işini görür. Təxminən iki-üç il əvvəl bir arvad öldü. Bu arvad hansısa dildə danışan (yadımdan çıxıb) sonuncu adam idi. Bu xəbəri oxuyanda qəribə izaholumaz hisslər keçirdim. Doğrudan da, çox qeyri-adi xəbər idi. Hansısa dildə bilən sonuncu adamın ölməsi xəbəri oxuyan adama necə təsir etməsin? Əsl roman movzusudur. Adamın yaxşı bazası, yaxşı yazmaq  istedadı ola, oturub bu mövzuda bir roman yaza. Yəqin boş buraxmazlar, kimsə yazar.  

Ümumiyyətlə, daha geniş götürəndə inkişafdan geri qalmış xalqlar gedib inkişaf etmiş xalqların ətəyindən yapışıb, yalvarıb-yaxarıb xahiş etməlidirlər ki, onları öz qanadları altına alsınlar. Sinəsinə çəksinlər. Söz çoxdur. Necə istəyirsiz, elə də ad qoyun. Bəli, bizim kimi camaatlar gedib inkişaf etmiş xalqlara yalvarıb-yaxarıb xahiş etməlidirlər ki, gəlib onlara yaşamağı, təbiətlə davranmağı, yeraltı və yerüstü sərvətlərdən  istifadə etməyi, məktəb tikməyi, universitet açmağı, maşın düzəltməyi, adam müalicə etməyi, ölü basdırmağı, adam evləndirməyi, yol çəkməyi və dəxi bu kimi həyati vacib şeyləri  öyrətsinlər. Onsuz da bu və ya digər formada (bəziləri kobud, bəziləri mədəni) onlar idarə edirlər. Onsuz da pul hərlənib-fırlanıb hansısa formada (bəzən birbaşa, bəzən dolasıyla) oralara gedir. Gül alırıq, pul ora gedir. Maşın alırıq, pul ora gedir. Toxum alırıq, pul ora gedir. Futbola baxırıq, pul ora gedir. Futbol oynayırıq, pul ora gedir. Festival keçiririk, pul ora gedir. Ölkəmizdə seçki keçirilir, yenə də pul ora gedir. Telefon alırıq, pul ora gedir. Bir sözlə çox güclüdürlər. Amma prosesə konkret ad qoyulsa, şəffaflıq olsa, idarə edən güclər idarə etdiklərinə bir az hörmətlə yanaşarlar. Təcrübələrini paylaşarlar, onların da inkişafına kömək edərlər, səhiyyənin, təhsilin səviyyəsi qalxar. Əlbəttə, bu, bir utopiyadır. Hamısı bekarçılıqdandır. Düz-əməlli işi-gücü olan adam oturub belə boşboğazlıq eləməz. Yuxarıda yazılanlara nə camaatın özü razı olar, nə də camaatı idarə edən yerli idarəçilər. Bəlkə heç mədəni xalqların özləri də razı olmazlar. İndi elə ölkələr var ki, o ölkələrin mədəni və işlək hissəsi kobud və avara hissəsindən ayrılmaq istəyir. Deyir ki, xeyir ola, mən at kimi işləyirəm, vergi verirəm, o da bütün günü avarlanır. Hələ üstəlik davranışları da mənim həyatım üçün təhlükələr törədir. Qəliz məsələdir. Hər şey çox qarışıqdır. Bununla belə, xəyal gücü  yenə də adama rahatlıq vermir. Bizi və bizim yaşadığımız yeri gəlib aşağıdakı xalqlardan birinin idarə etməsini arzulamağa adamı məcbur edir:            
 
1. Almanlar
2. Hollandlar
3. Yaponlar
4. Norveçlilər
5. Kanadalılar
6. Finlər 
 
Yəqin ki, siz də xəyal sarıdan heç də zəif deyilsiz. Bəs siz bizi hansı xalqın və yaxud xalqların idarə etməsini arzu edərdiniz? Xahiş edirəm, suala emosional cavab verib ərəblərin, farsların, rusların, türklərin  adını çəkməyəsiniz. Burda söhbət irəli getməkdən gedir, geriyə qayıtmaqdan getmir. 

Seymur Baycan
Yuxarı