post-title

Seymur Baycan: Falçılığın qadağan edilməsinin törədə biləcəyi təhlükələr


Əziz qardaşlar və bacılar, xanımlar və bəylər, analar və atalar, babalar və nənələr, əmilər və dayılar, xalalar və bibilər, kəndlilər və şəhərlilər, savadlılar və savadsızlar, qlamurlar və qlamur olmayanlar, sizi and verirəm o bir olan Allaha, son iyirmi ildə baş verən hadisələr haqqında danişarkən, fikir yürüdərkən bir vacib məsələni yaddan çıxarmayın. Hadisələri mütləq iki yerə bölün: pul gələnə qədər və pul gələndən sonra.

Axı bir şeyi neçə dəfə yazmaq olar. Niyə adamı bədbəxt edirsiniz? Əgər siz son iyirmi ildə baş verən hadisələr haqqında danışarkən, fikir bildirərkən bu bölgünü aparmasanız böyük səhvlərə yol verəcəksiniz. Heç bir fikir doğru-dürüst yerinə oturmaycaq.

Əgər siz son iyirmi ildə baş verən hadisələr haqqında fikir yürüdərkən bu bölgünü aparsanız, hər şey çox rahatlıqla yerinə oturacaq. Axı nə yazasan, hansı misallar gətirəsən, necə yazasan ki, adamlar bu bölgünün necə vacib olduğunu dərk etsinlər?

Biz özümüzdən yaşda balacalara 90-cı illərdə ölkənin ictimai-siyasi-mədəni həyatının daha maraqlı və rəngarəng olduğunu deyəndə onlar elə bilirdilər ki, biz öz keçmişimiz üçün darıxırıq. Öz keçmişimizi ilahiləşdiririk. Yalan danışırıq.

90-cı illərin ictimai-siyasi-mədəni həyatından danışmağa adam doğrusu bir az da utanırdı. Deyə bilmirdin ki, 90-larda, o kasıb illərdə teatrlar daha azad, daha maraqlı idi. Maddi çətinliklərə baxmayaraq, teatr əhli daha həvəslə çalışırdı.

Müxtəlif adamlar, təşkilatlar festivallar keçirirdi və bu festivallar adamların üzünə açıq idi. Həmin festivallar görüntü naminə keçirilmirdi. Adamlar o festivallardan az-çox bəhrələnirdlər. Sonra ölkəyə pul gəldi və başqa sahələr olduğu kimi, mədəniyyət sahəsi də tam nəzarətə götürüldü.

Bəziləri ölkədən getdi, bəziləri şou biznes dünyasına keçid etdi, bir çoxlarının başı xarab oldu... Hər şey bozlaşdırıldı. Aparılan tikinti-quruculuq işləri sayəsində ölkə mərmərlə bəzədilmiş qəbiristanlığa oxşamağa başladı.

Mədəniyyət adamlarının böyük əksəriyyəti, rejissorlar, aktyorlar, rəssamlar, bəstəkarlar, yazıçılar isə bu qəbiristanlıq bər-bəzəyini vəsf etməklə məşğul oldular. 90-cı illərdə az-çox var olan kreativlikdən, entuziazmdan, azadlıqdan əsər-əlamət qalmadı.

Müxalifət düşərgəsi isə demək olar ki, müxalif düşüncəli sənət adamlarından tamam məhrum oldu. Bu prosesdə 2003-2005-ci illərin ağır məğlubiyyəti də öz rolunu oynadı.

90- ci illərdə tamaşa var idi, çörək yox idi. Sonra ölkəyə pul gəldi, az-çox çörək oldu, tamaşa olmadı. İndi baş verən hadisələrdən belə görünür ki, deyəsən, yenə tamaşa olacaq, amma çörək olmayacaq.

Bəli, indi pul yavaş-yavaş azalır və bunun nəticəsində boz rəng də öz yerini başqa rənglərə verməyə məcbur olur. Tarix kitablarında yazıldığı kimi, mərkəzdənqaçma halları artır. Maraqlı hadisələr baş verir. Həyat kreativləşir.

Məsələn, ötənlərdə ölkəmizdə olduqca maraqlı bir hadisə baş verdi. Mədəniyyət nazirliyində şöbə müdiri işləyən bir şair mədəniyyət nazirinə mədhiyyə yazmışdı.

Nazir isə onu mükafatlandırmaq əvəzinə cəzalandırdı. Şairə töhmət verdi. İndi özünüz deyin, iki il əvvəl belə bir hadisənin baş verəcəyi kimin ağlına gələrdi.

Düzdü, bir neçə adam dedi ki, şairin töhmət almasının səbəbini şeirin zəif yazılmasında axtarmaq lazımdı. Şeir nazirin xoşuna gəlməyib, ona görə də şairə töhmət verib. Əgər şeir güclü yazılsaydı, şairə töhmət verilməyəcəkdi.

Açığı, bu iradda xeyli həqiqət payı var. Gərək hər şey, hətta yaltaqlığın özü belə, ustalıqla, istedadla həyata keçirilsin. Gərək mədhiyyəni elə yüksək səviyyədə yazasan ki, hədəfə aldığın adam bu mədhiyyənin qarşısında tərki-silah olsun, ərisin və səni mükafatlandırmaqdan savayı əlacı qalmasın.

Əgər yazdığı mədhiyyəyə görə şair töhmət alırsa, bu hardasa, onun özünün günahıdır. Deməli, yaxşı yaza bilməyib. Başa düşürük, asan deyil, hər şey adamdan istedad tələb edir. Üstəlik, bu sahədə amansız bir rəqabət hökm sürür.

Mövzuya uyğun zəruri misal: Deyilənə görə, Bakı Dövlət Universitetində bir dekan varmış. Bir gun bu dekan rektorla şahmat oynayırmış.

Oyun zamanı dekan rektora deyir ki, filankəs müəllim bu fiquru bura qoysanız, mən mat olacam.

Rektor dekanın təklifinə əməl edir və dekanı mat vəziyyətə salır. Dekan ayağa qalxır, rektoru oyunda qələbə çalması münasibətilə təbrik edir. Deyir ki, bu qələbəni mütləq qeyd etmək lazımdır və rektoru aparır restorana qələbə münasibətilə ona qonaqlıq verir. Rektor da qələbə qazanmasına görə xeyli məmnun olur.

İndi özünüz düşünün, belə dekanı necə sevməyəsən. Həm məğlub olur, adamı sevindirir, həm də qonaqlıq verir.

İndi bəzi uşaq-muşağa elə gələ bilər ki, dekan bu oyunda həqiqətən də uduzubdur. Xeyr. Əsla belə deyil. Dekan özünü mat vəziyyətinə qoymaqla qələbə qazanıbdır. Çünki nə yolla olursa olsun, özündən vəzifəcə yüksək adamın könlünü xoş etmək, onu sevindirmək, onu ağıllı, dərrakəli, uzaqgörən və yaxıngörən olduğuna inandırmaq istənilən halda qələbədir.

Belə incəliklər var, öyrənmək lazımdı... Qayıdaq mövzumuza. Şairin mədhiyyə yazıb töhmət almasına.

Başqa bir dəstə şeirə görə şairə töhmət verilməsini ifadə azadlığının pozulması kimi qəbul etdi. Onların da öz arqumentləri vardı. Onlar deyirdilər ki, bu töhməti verməklə nazir ifadə azadlığını pozur.

Əgər hər mədhiyyə yazan adam töhmət alsa, bu ümumiyyətlə, mədhiyyə janrının tənəzzül etməsinə gətirib çıxaracaq. Adamlar həvəsdən düşəcək, o zaman biz belə gözəl sənət əsərləri ilə necə tanış olacağıq?

Ümumilikdə götürəndə yazdığı mədhiyyəyə görə şairin töhmət alması bizim ədəbiyyatımız üçün böyük itki deyilmi? Bəs çörəyini bu yolla qazananlar başlarına haranın daşını salsınlar?

Nazirin bu hərəkəti sənətkar itaətsizliyinə səbəb olmazmı? Adam mədhiyyə yazmaq, sənə olan sevgisini izhar etmək istəyir, sən kimsən onun bu istəyini qadağan edirsən?! Bəs bu adamlar kimi tərifləsinlər?!

Tərifləməyə adam tapmayanda bu adamlar necə yeriyəcəklər, necə yemək yeyəcəklər, ürəkləri necə döyünəcək?! Nazirin bu səriştəsiz addımı mədəniyyət adamlarımızın kütləvi surətdə dəli olmalarına şərait yaratmazmı?!

Mədhiyyə janrında təzə-təzə öz istedadlarını göstərməyə başlamış bir dəstə gənc şair və yazıçıları həvəsdən salmazmı?!

İndi də falçılıqla məşğul olmağı qanunla qadağan etmək istəyirlər. Bəs bu qadağanın hansı nəticələrə gətirib çıxaracağını bir dərindən düşünən adam varmı?!

Qadağan etmək asandır. Amma gərək qadağanın hansı nəticələr verə biləcəyini də dərindən düşünəsən.

Əgər falçılıq qadağan olunsa, ərə getmək istəyən minlərlə, onminlərlə qıza kim ümid verəcək?! Kim onlara deyəcək ki, sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən.

Əgər onlar bilsələr ki, ortada cadu, filan yoxdu və onlar doğrudan da ərə gedə bilmirlər, bu acı, bu zəqqutum həqiqəti həzm edə biləcəklərmi?!

Tarixən məlumdur ki, insan ümidsuz yaşaya bilməz. Bəs ərə getmək ümidini itirən qızlar kütləvi surətdə dəli olsalar, hökumətin bu dəliləri saxlamağa, onları müalicə etməyə, təzədən həyata qaytarmağa gücü çatacaqmı?

Onları təzədən həyata qaytarmaq üçün bu qədər psixoloqu, psixiatrı, sosioloqu və digər mütəxəssisləri hardan tapacağıq?!

Falçılar ərə getmək istəyən və ərə gedə bilməyən minlərlə, on minlərlə qıza ümid verirdilər. Sənə cadu ediblər - deyərək, bu dəhşətli uğursuzluğun, ərə gedə bilməməklərinin səbəbini onların özlərində olmadığını göstərirdilər.

Beləliklə, falçılar onminlərlə qızın dəli olmasının qarşısını alırdılar. İndi o qızlar bilsələr ki, cadu yoxdu, onlar doğrudan da ərə gedə bilmirlər, amansız rəqabətdə uduzublar və bunun fonunda yaxın rəfiqəsi, lap doğma bacısı, qonşusu, qohumu, iş yoldaşı, qrup yoldaşı, yol yoldaşı gəlin paltarı geyinəndə, vağzalı havası çalınanda bu zərbəyə, bu ağır dərdə, bu zülmə, bu məşəqqətə, bu faciəyə, həyatın bu amansızlığına, bu iztiraba, bu ədalətsizliyə necə tab gətirəcəklər?! Bu haqda bir düşünən varmı?

Ona görə şəxsən mən falçılığın qadağan edilməsinin qəti əleyhinəyəm.

Falçılıq nəinki qadağan edilməlidir, əksinə, şərait yaratmaq lazımdır ki, onlar daha rahat fəaliyyət göstərsinlər.

Bu hələ işin bir tərəfidir. Falçılıq bu dəqiqə ölkədə ən funksional institutlardan biridir.

Bir tanış var, deyir, bizim küçədə bir falçı qadın yaşayır. Küçəyə çıxıb bir siqaret çəkməyə peşman oluram. Bir siqareti çəkib qurtarana qədər yanımda beş maşın dayanır. Hamısı da da eyni sual verir:

Filankəs xanımın evi hardadı? Filankəs xanım da falçıdır. Başqa bir misal. Bir nəfər məşhur falçılardan birinin sürücüsü işəmişdi. And içirdi ki, rəislər, direktorlar, müdirlər zəng edib bu arvadı idarəyə çağırırdılar. Ki, idarərə yoxlama gələcək, gəlsin bir dua yazsın.

Bu arvad da gedib dua yazıb, yoxlamaya gələnlərin ağzını bağlayırmış.

İndi falçılıq qadağan edilsə, bu adamlar hara gedəcəklər. Əgər falçılıq qadağan olunsa, bizim camaatın bir-birinə inamsızlığını, bir-birinə nifrətini, bir-birinə paxıllığını kim leqallaşdıracaq, kim rəsmiləşdirəcək?

Kim onlara deyəcək ki, qonşun sənin paxıllığını çəkir.

Kim onlara deyəcək ki, əmioğlunun, əmin qızının gözü səni götürmür.

Əgər onların bir-birlərinə qarşı nifrəti, bir-birlərinə qarşı olan paxıllığı falçılar tərəfindən leqallaşdırılmasa, bəs bu adamlar kimə nifrət edəcəklər?!

Adam bilməlidir ki, doğma bacısı, doğma qardaşı ona nifrət edir, ona cadu ediblər, buna görə də işi alınmır.

Əgər onlar falçılar tərəfindən nifrətin, paxıllığın rəsmiləşməsindən məhrum olsalar, nə edəcəklər?!

Necə yaşayacaqlar? Nədən danışacaqlar? İnsanları birdən-birə belə qəddarlıqla mövzusuz qoymaq olarmı? Əlbəttə ki, olmaz.

İnsanları birdən-birə mövzusuz qoysan, onlar öz həyatlarının mənasını itirərlər və allah eləməmiş kimi birdən gedib başqa yerdə məna axtararlar.

Bu qədər adamın birdən-birə həyatlarının mənasını itirməyinin nəylə nəticələnə biləcəyini bir düşünən olubmu?!

Birdən onlar öz uğursuzluqlarının, yaşaya bilməməklərinin səbəbini öz qonşusunda, öz qohumunda yox, başqa yerdə, məsələn, elə hakimiyyətin özündə axtarmağa başlasalar onda necə olacaq? Bu qədər adamı idarə etmək mümkün olacaqmı?!

Seymur Baycan

Reytinq qəzeti

Yuxarı