post-title

Hər şeyi lağlağıya çevirmək haqqında

Hər il oktyabrın 18-də bir neçə sayt müstəqilliyin əleyhinə səs vermiş deputatların siyahısın yayır. Bu siyahı azərbaycanlıların nə qədər qeyri-ciddi, vecsiz bir camaat, bu qeyri-ciddi, vecsiz camaatın yaşadığı Azərbaycan adlı ölkənin isə necə lağlağı bir ölkə olduğunun bariz göstəricisidir. Azərbaycanlılar bir az ciddi camaat, Azərbaycan da bir az ciddi ölkə olsaydı, müstəqillik dövründə bu bədnam siyahıdakı adamlar siyasət səhnəsindən və ölkənin digər sahələrindən birdəfəlik silinərdilər. Bu siyahıdakı adamlar müstəqilliyin əleyhinə səs verdiklərinə görə camaatdan dönə-dönə üzr istəyərdilər. Müxtəlif səbəblər göstərərək o zamanlar müstəqilliyin əleyhinə səs verməklə böyük səhv etdiklərini boyunlarına alardılar.

Lakin onlar siyasət səhnəsindən silinmədilər, müstəqilliyin əleyhinə səs verdiklərinə görə camaatdan üzr də istəmədilər, müstəqillik dövründə müxtəlif vəzifələrin sahibi oldular, hətta müstəqil Azərbaycanın müxtəlif orden və medalların da aldılar. Məsələn, müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarova müstəqil Azərbaycanın istiqlal ordenini aldı. Bu siyahıdakı adamlardan bir neçəsi müstəqillik illərində müxtəlif rayonlarda icra başçısı vəzifəsində işlədilər. Bir neçəsi müstəqil Azərbaycanın Milli Məclisinə dəfələrlə deputat seçildilər, deputat təyin olundular. Müstəqilliyin əleyhinə səs vermiş deputatlardan bəziləri müstəqil Azərbaycanın xarici ölkələrdə səfiri oldu. Müstəqilliyin əleyhinə səs vermiş Həsən Həsənov müstəqil Azərbaycanın Xarici İşlər Naziri vəzifəsində işlədi. İndi deyəsən Polşada səfirdir. Arada başı “siyasət”dən açılanda kitab zad da yazır. Müstəqilliyin əleyhinə səs vermiş Əhməd Əhmədzadə hələ də Su və Melorasiya Komitəsinin sədridir. Müstəqilliyin əleyhinə səs vermiş Əli Həsənov isə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzfiələrini daşımaqdadır.

Lağlağının da bir həddi-hüdudu olmalıdır. Hər şeyi zarafata salmışıq. Əslində, müstəqilliyin əleyhinə səs vermiş adamların müstəqil olmuş ölkədə müxtəlif vəzifələrdə işləməkləri, müstəqilliyin əleyhinə səs vermiş adamların müxtəlif orden və medal almaqları bir balaca ciddi düşünəndə dəhşətdir. Ola bilsin, Azərbaycan camaatının həyat fəlsəfəsinin pəncərəsindən baxanda burda dəhşətli, hətta təəccüblənəsi heç nə yoxdur. Ola bilsin, bütün bu hadisələr, ümumiyyətlə, hər şey onların gözünə çox təbii, adi görünür. O qədər adi görünür ki, onlar bu kimi hadisələrə təəccüblənən adamların təəccüblənməsinə təəccüblənirlər. Bəlkə doğrudan da Azərbaycanda heç nə haqqında ciddi düşünmək lazım deyil, hər şeyi lağlağıya çevirmək, zarafata salmaq lazımdır. Bəlkə doğrudan da hər şeyi lağlağıya çevirmək, heç nəyi ciddiyə almamaq, ictimai-siyasi məzmunlu hər cür hadisələr qarşısında elastik olmaq və plastilin kimi hər şeyə, hər bir fiqura dönmək bacarığı Azərbaycanda yaşamaq üçün yeganə effektiv üsuldur. Hazırda öz tərəfimdən bu suallara cavab verə bilmirəm.

Açıq-aşkar ikrah doğuran əməllər törədən adamlar öz mövqelərini elə ustacasına müdafiə edib, öz əməllərinə elə haqq qazandırırlar ki, bu istedada mat qalırsan. Necə yaranıb bu istedad? Əsrlərdən gələn ənənədir, yoxsa bu təcrübə son illərdə əldə olunub? Bu ustalığın, istedadın qarşısında öz sönüklüyünü, acizliyini anlayırsan. Çox vaxt konkret ikrah doğuran bir əməl, bir hadisə haqqında yazı yazmaqdan, münasibət bildirməksən vaz keçirsən. Bilirsən ki, nəsə yazmaqla futbol şərhçilərinin təbirincə desəm, onlara ötürmə verəcəksən, onlara öz mövqelərini daha da qüvvətlə müdafiə etmələrinə, həyasızlıqlarını tirajlamağa əlavə şərait yaradacaqsan. Yaxşısı budur, susasan. Bəlkə bu halda onlar da öz həyasızlıqlarını daha az tirajlayarlar.

Baxın görün Sovetin yaltaq şair və yazıçıların, donosbazların, bu donosbazların övladların “o dövr elə idi” deyərək necə rahatlıqla müdafiə edirlər, necə rahatlıqla onların bədnam əməllərinə haqq qazandırırlar. Burdan başa düşürsən ki, bu gün ən ikrah doğuran yaltaqlar sabah vəziyyət dəyişəndə “o dövr elə idi” deyib asanlıqla öz keçmiş əməllərinə haqq qazandıra biləcəklər. Bəlkə də heç bu sözləri deməyə də ehtiyac qalmayacaq. Çünki heç onları sorğu-sual edən də olmayacaq. Belə bir atmosferdə Zahid Oruc və onun kimiləri sabah rahatlıqla cəmiyyətin qəhramanına çevrilə bilərlər. Necə ki, Sovetin az qala bütün mükafatın almışlar Sovet dağılan kimi özlərin dissident elan etdilər.

Bu yersiz, lazımsız haşiyədən sonra qayıdaq bədnam siyahıya, müstəqillik əleyhinə səs vermiş deputatlara... Bir neçə adam düşünə bilər ki, camaatımız müstəqillik illərində ağ günə çıxmadı, Sovetlər dağılarkən baş qaldırmış arzuları həyata keçmədi, müstəqilliklə, müstəqil yaşamaqla bağlı bütün ümidləri öldü və ona görə də müstəqilliyin əleyhinə səs vermiş adamlara qarşı da bu səbəblərdən elə bir ciddi kəskin münasibət göstərilmədi, onların vəzifələrdə işləmələri, orden, medal,  mükafat almaları adi qarşılandı. Bir neçə adam düşünə bilər ki, ümumiyyətlə, camaatımızın müstəqil olmaq xoşuna gəlmir, bəlkə də heç yerli-dibli müstəqil olmaq istəmirlər. Tutaq ki, belədir. Bəs o zaman hansısa binanın başında bayraq cırılanda, kimsə himni oxumayanda qaldırılan səs-küy nədir? Ət budursa, pişik hanı, pişik budursa, ət hanı? Heç bilmirəm, gətirdiyim məsəl yazının mövzusuna uyğun gəlirmi? Əlimin altında idi,  istifadə elədim. Rast istifadə etmişik, gərək əhvalatı yazaq. Bir kişi bazardan iki kilo ət alıb evə göndərir. Axşam evə gələndə görür, evdə yemək yoxdur. Arvaddan soruşur ki, hanı yemək, evə iki kilo ət göndərmişdim. Arvad deyir ki, başım qarışıb pişik əti yeyib. Bu əhvalatın iki versiyası var. Bir versiyada arvad yeməyi bişirir və evə gələn yad kişiylə yeyir. O biri versiyada arvad yeməyi  bişirə bilmir, korlayır, bunu boynuna almağa qorxur. Lakin hər iki versiyada arvad günahı pişiyin üstünə atır. Bu zaman kişi tutur pişiyin boynundan, tərəzidə çəkir. Pişik iki kilo gəlir. Belə olanda kişi deyir: ət budursa, pişik hanı, pişik budursa, ət hanı?

Yaşı qırxı ötmüş adamlar bu əhvalatın məzmununu yazmağımı boşboğazlıq hesab edə bilərlər. Fikirləşərlər ki, bu adamın işi-gücü yoxdurmu, çeynənmiş əhvalatın məzmunu yazmağın mənası nədir. Elə düşünməsinlər. Nəticə çıxartmağa, hökm verməyə tələsməsinlər. Qatıqla süzmənin fərqini bilməyən nəsil yetişməkdədir. Ciddi deyirəm. Xudmani bir məclis idi. Bir gənc balaca kasadakı süzməni qaşıqlayıb yedi və dedi: “Bəh bəh, nə qəşəng qatı qatıq idi”. Dedim, a kişi, o qatıq deyildi, süzmə idi. Başqa bir məclisdə isə gənclər iki adamın bir-biri ilə heç cürə yola gedə bilməməkləri haqda danışırdılar. Yola gedə bilməyən iki adamı nəzərdə tutaraq dedim: “Elə bil günüdürlər”. Məclisdə beş-altı gənc iştirak edirdi. Heç biri “günü” sözünün nə demək olduğunu bilmədi. Biri iqtisadçıdı, biri qida mühəndisidi, biri politoloq, o birisi nə bilim nə olmaq istəyir. İddialıldırlar. Savadlıdırlar. Beynəlxalq siyasətdən, dünyanı idarə edən gizli güclərdən danışırlar, amma “günü” sözünün mənasını bilmədilər. Bir gənc isə əhvalat danışırdı. Belə bir cümlə işlətdi: “İnək hamilə idi”. İradımı bildirdim. Dedim ki, inək hamilə olmur, inək boğaz olur.

Məktəbin yaxınlığında yaşayıram. Hər gün səhər gəzməyə gedərkən və qayıdarkən şagirdləri müşahidə edirəm. Onların geyimləri, davranışları necə də fərqli görünür. Oğlanlar elə hey çips, çipsə bənzər şeylər yeyirlər. Qızları isə yemək bişirən təsəvvür etmək olduqca çətindir. Salat-malatla həyatı yola verəcəklər. Baxıram o qızlara və düşünürəm ki, bir çox məsələlərdə taleyimdən şikayətlənməyə haqqım yoxdur. Xoşbəxtəm ki, yemək bişirən qadınları, sonuncu mogikanları görə bildim. Necə deyərlər, özümü çatdırdım. Neçəsi rəhmətə gedib, qəbirləri nurla dolsun. Bişirdikləri yeməklər, iri çömçələr, böyük aşsüzənlər, tiyanlar xatirimdədir. İndi isə dad sürətlə itməkdədir. Bəlkə də bütün bu narahatlıqlar əsassızdır, havayı yerə özümə zülm edirəm, dad itmir, fundamental yeməkləri bişirən qadınlar gələcəkdə də olacaq. Kaş belə olsun. Bəlkə də bütün bu narahatlıqlar qocalmağın  əlamətidir. Zəmanədən şikayətlənmək hər zaman olub. Füzuli də şeirin gözdən düşməsindən şikayətlənirdi. Zaman onun əbəs yerə şikayətləndiyini göstərdi. Füzulidən sonra həm Şərq, həm də Qərb ədəbiyyatında neçə-neçə şair sözünü dedi, hələ də deməkdə davam edirlər. Bunu bilməkdə və nəzərə almaqdayam. Müşahidələr isə boş yerə narahat olmadığımı göstərir. Tək deyiləm. Zaman-zaman dadın itməyinə görə ciddi narahat olan başqa adamlara da rast gəlirəm. Bu yaxınlarda onlardan birinin ürəyi açılmışdı. Deyir ki, bizim nəsildə xaşıl bişirməyi bacaran bir qadın qalıb.  Bu gün-sabah o qadın ya vəlvələdən, ya zəlzələdən başını yerə qoyub o biri dünyaya köçsə, daha  bizim nəsildə xaşıl bişirməyi bacaran qadın qalmayacaq. Heç kim də öyrənmək istəmir. İndi gərək mən işimi-gücümü atam, gedəm rayona, xalamdan xaşıl bişirməyi öyrənəm. Əlacım yoxdur. Özüm öyrənməliyəm.

Onu ürək ağrısı ilə dinlədim və dərdini, narahatlığını tam hiss etdim. Demək bu insan işini-gücünü atıb, gedib xalasından xaşıl bişirməyi öyrənməsə, bir nəsildə bir xəmir yeməyi unudulacaq. Gör hardan hara gəldik.

Seymur.Baycan
Yuxarı