Bakı məktəblilərin tullantılardan yaratdığı əsər - FOTOLAR

Контра


Nizami rayonunda Xalid Quliyev adına 62 saylı məktəb-liseydə maraqlı layihə həyata keçirilir. Belə ki, məktəbin müəllim və şagird kollektivi istifadəyə yararsız məişət avadanlıqlarını toplayaraq, onlardan yeni, fərqli fiqurlar hazırlayırlar. Hazırlanan bu fiqurlar isə məktəbin həyətində sərgilənir.

Musavat.com-un reportyor qrupu olaraq məktəbə yollanıb, layihə ilə tanış olduq. Öyrəndik ki, layihənin müəllifi biologiya müəllimi Aytac Səfərovadır. Müşahidə etdik ki, məktəbin həyəti müxtəlif güllərlə, istifadəyə yararsız məhsullardan, daşlardan, avtomobil şinlərindən hazırlanmış rənbərəng fiqurlarla bəzədilib. Burada köhnə əşyalara sanki bir can verilib və bundan da zövq almamaq mümkün deyil.

Məktəbə daxil olub, ilk olaraq direktor Mətanət Cabbarlı ilə görüşdük. M.Cabbarlı məktəbdə həyata keçirilən bu layihə barəsində bizə geniş məlumat verdi.

O, bildirdi ki, onlarda bu ideya əslində, Birinci vitse-prezident Mehriban Əliyevanın “Hərəyə bir ağac əkək” ekoloji layihəsi və Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyevanın ekoloji layihələrindən qaynaqlanıb: “Bizim saldığımız balaca gülzarlıq dünyanın bir çox inkişaf etmiş ölkələrində də təşkil olunur. Şəxsən bunu Kiprdə, Rusiyada, Türkiyədə də görmüşəm. Bu, istifadəyə yararsız olan məişət avadanlıqlarının yenidən həyata qaytarılması deməkdir. Biz məktəbdə iclas keçirib, valideynlərimizi də bu layihəyə dəvət etdik. İlk olaraq təşəbbüsə inamsız yanaşıldı. Ancaq sonradan isə məktəbin bütün kollektivi, xüsusilə də valideynlər bu işə olduqca ürəklə yanaşdılar. Elan etdik ki, istifadə etmədiyiniz plastik qabları, rezin şinləri və digər yararsız məişət əşyalarını bizə gətirin. Belə bir şüar da irəli sürdük ki, “sizə lazım olmayan şeylər bizə lazımdır”. Məktəbimizin zirzəmisindən də istifadəyə yararsız olan məişət avadanlıqlarını toplayıb, onlara canlı çiçəklər də əlavə edib, gülzarlıq yaratdıq. Bu işi şagirdlər, müəllimlər və valideynlər görüb. İşin tamamlanması ulu öndərin doğum gününə təsadüf etdi. Biz də ona öz sevgimizi bu işimizlə bildirmək istədik. Lakin onu da deyim ki, bu, bizim son işimiz deyil. Layihəmizi genişləndirməyi düşünürük. Məktəbimizin ərazisi kifayət qədər böyükdür. Burada kiçik bir heyvanat bağı da yaratmaq istəyirik”.

M.Cabbarlı bildirdi ki, şagirdlərdə bu layihəyə maraq böyükdür: “Bu işdə gördüm ki, bizim xeyli sayda istedadlı şagirdlərimiz var. Şagirdlər çox fəallıq göstərdilər və bu iş onların təfəkkürünü, düşüncəsini inkişaf etdirir. Gülzarlıqda adi şüşə bankalardan uşaqlar lampalar düzəldiblər. Birdəfəlik işlədilən stəkanlardan onlar fərqli fiqurlar hazırlayıblar. Bu, gələcəkdə böyük işlərin başlanğıcı ola bilər. Eyni zamanda ətraf mühit də tullantılardan təmizlənir. Kimsə evini təmir edib, hamam vannasını çölə atmışdı. Şagirdlərimiz onu gətirib, üzərini daşlarla bəzəyib, içərisinə gül əkdilər. Hətta daşlardan belə, fiqurlar düzəldiblər. Bundan əlavə deyim ki, bizim şagirdlər elektrik avadanlıqları hazırlayıb, gözəl rəsmlər çəkiblər. Payızda texniki sərgi keçirib, onları da nümayiş etdirəcəyik. Bizim tədbirimiz oldu ki, orada Təhsil Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları və BMT-nin Azərbaycanda ərzaq proqramının rəhbəri Mələk Çakmakçı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Məltəm xanım da tədbirimizə qatılanlar sırasında idi. Bu işlər onların marağını çəkdi. Biz təkliflər almışıq ki, bu işi universitetlərlə işləyib, genişləndirək. Hələlik ilk addımımızdır, gələcəkdə layihəni daha da genişləndirməyi düşünürük”.

Daha sonra isə direktor Mətanət xanımla məktəbin həyətində yaradılmış gülzarlığa gedib, orada görülən işlərlə tanış olduq. Müşahidə etdik ki, məktəbin həyətindəki ağaclarda quş evləri də hazırlanıb. Bundan əlavə skamyalar, lampalar, butulkalardan hazırlanmış fiqurlar da göz oxşayırdı.

Direktorun dediyinə görə, əvvəl düşünüblər ki, şagirdlər qurulan bu şəraitə yaxşı baxmazlar: “Lakin sonradan bunun əksini gördük. Şagirdlər buradakı əşyaları qoruyurlar. Eyni zamanda ibtidai sinifdə təhsil alan şagirdlərimiz də bura gəlib, təbiətə aid dərslərini bu məkanda keçirlər. Yəni görülən bu iş şagirdlərin təbiətlə təması baxımdan da olduqca önəmlidir”.

Direktor həmçinin qeyd etdi ki, məktəbin uğurları da yüksəkdir: “Ötən il məktəbimizdən 48 şagird məzun olub və onlardan da 46 nəfəri ali məktəbə qəbul olunub. Həmin məzunlardan 11 nəfər 600 baldan yuxarı nəticə göstərib və 1 nəfər isə qızıl medal alıb. 3 ildir ki, respublika olimpiadalarında qalib oluruq. İsveç, İngiltərə və Türkiyədə təhsil alan tələbələrimiz də var”.

Musavat.com



































Kultura.az | Developed by Samir Yahyazade