post-title

Qafqaz triosu

Son iki-üç ildə xeyli sovet filmlərinə baxdım. Filmlərin əksəriyyətinə uşaqlıq və yeniyetməlik dövrümdə baxsam da, aydın məsələdir ki, o vaxtın baxmağı ilə indinin baxmağı eyni şey ola bilməz. Filmlərə baxmaqla bərabər rejissorların və aktyorların tərcümeyi-halı ilə  tanış olur, filmin niyə və necə, hansı şəraitdə çəkilməsi barədə də mətnlər oxuyurdum.  
Beləcə xeyli maraqlı mətləblərdən, söhbətlərdən agah oldum. Sovet dövründə çəkilmiş elə filmlər var ki, tam öz dövrünün ab-havasını, ictimai-siyasi vəziyyətini özündə əks etdirir. Qətiyyən belə bir iddia etmirəm, rejissorlar  gizli şəkildə qarşılarına qəsdən, bilərəkdən belə bir məqsəd, dövrünün ab-havasını əks etdirmək məqsədi qoyublar. Allaha şükür, sovetin hər cür mükafatlarını almış, ömrü boyu kurortlarda, sanatoriyalarda, yaradıcılıq evlərində istirahət etmiş, kef çəkmiş rejissorların, yazıçıların, şairlərin yaradıcılığında, onların çəkdiyi hər filmdə, yazdıqları hər poemada, hər romanda  gizli dissidentlik, gizli məna axtaran səydəş adamlardan deyiləm. Sadəcə rejissorlar rəsmi təbliğata o dərəcədə uyub, partiyanın, rəhbərlərin, yuxarıların rəğbətini qazanmağa, orden, medal, mükafat almağa o dərəcədə şiddətlə, o dərəcədə hərisliklə can  atıblar ki, qaş düzəltdikləri yerdə göz çıxarıblar.  Çəkdikləri filmlər dövünün güzgüsünə çevrilib. Fikrimi daha da aydın ifadə etmək üçün çox yox, iki misal gətirəcəm. Məsələn, otuzuncu illərin ab-havası, ictimai-siyasi vəziyyəti ilə tanış olmaq istəyənlərə “Partiya bileti” filminə baxmağı tövsiyyə edərdim. Stalin şəxsiyyətinə pərəstişin hansı həddə çataraq vəziyyətin absurdlaşdığını, həm də komediyaya çevrildiyini öz gözləri ilə görmək istəyənlər isə mütləq və mütləq Mixael Çiaurelinin iki seriyali “Berlin təslim olur” filminə baxsınlar. Tam ciddi deyirəm, hardasa tarix müəllimi işləsəydim, şəxsiyyətə pərəstişin hansı həddə çatdığını  göstərmək üçün “Berlin təslim olur” filmindən etibarlı bir mənbə, həqiqi bir dərslik kimi istifadə edərdim. Mövcud olan həqiqətdir. Adam hətta qarşısına çəkdiyim filmdə Stalini dolayacam kimi bir məqsəd qoysaydı bu cür “yüksək nailiyyət” əldə edə bilməzdi. Təssəvür edin, Stalin özü bu filmə baxıb və bəyənib. Bəli, azad mətbuatın, azad məhkəmələrin olmadığı, dövlətin sənətin hər bir sahəsinə birbaşa müdaxilə etdiyi yerlərdə istədin-istəmədin “Berlin təslim olur” kimi komediyalar yaranır. Bütün bunları razılaşaq ki, uşaqlıq və yeniyetməlik vaxtlarımda başa düşə bilməzdim.

Lakin mövzumuz bu deyildir. Mövzumuz başqadır. Deməli, baxdığım hər üç-dörd filmdən birində bu və ya digər şəkildə gürcü obrazıyla, gürcü mövzusuyla qarşılaşırdım. Hər üç-dörd filmdən birinin titrində gözüm gürcü familyasına rast gəlirdi.  Xüsusən müharibədən bəhs edən filmlərdə (Stalin heç, onu qoyaq kənara) gürcü obrazlarını daha tez-tez görürdüm. Baxdıqlarım arasında cəmi bir müharibə filmində, İqor Qostyevin “Cinahsız cəbhə” filmində azərbaycanlı obrazına rast gəldim. Bu filmlərə baxdıqda adamda belə bir təəssürat yaranır ki, sanki gürcülər ikinci dünya müharibəsində iştirak ediblər, azərbaycanlılar isə haralardasa vaxt keçiriblər, onları müharibəyə, cəbhəyə filana aparan olmayıbdır. Əlbəttə, belə deyil.  Bunu sadəcə kinonun, ümumiyyətlə sənətin hansı gücə malik olmasına bir işarə, bir vurğu kimi yazdım.  

İkinci dünya müharibəsindən bəhs edən “Dörd tankçı və it” adlı çox seriyalı, məşhur bir məcara filmi vardı. Səhv etmirəmsə polyaklar çəkmişdi. Mən uşaq olanda bu film mərkəzi televiziyada ildə ən azı bir dəfə ya yay, ya da qış tətilində  nümayiş olunurdu. Bax həmin filmdə dörd tankçıdan biri gürcü idi. Familyası da Saakaşvili. Bunları da qoyuram kənara. Gürcülərin özlərinin çəkdiyi “Əsgər atası” filmi müharibə mövzusunda çəkilmiş ən keyfiyyətli, ən təsirli, ən koloritli filmlərdən biri idi. Bu filmi sovet vətəndaşları çox sevirdilər. “Əsgər atası” filmi də ildə ən azı bir dəfə mərkəzi televiziyada nümayiş olunurdu. İndiki zamana ağlınız getməsin. Hər hansı filmin mərkəzi televiziyada nümayiş olunması sovet zamanında o demək idi ki, məmə yeyəndən pəpə yeyənə qədər bütün sovet vətəndaşları oturub maraqla, həyəcanla o filmə baxırdılar. Ta bir gözləri televizorun, bir gözləri isə telefonun ekranında qalmırdı.  Vaxt keçirmək, əylənmək üçün alternativlər az idi. Camaat daha çox televizora baxırdı. Adamlar televiziya proqramı dərc olunmuş qəzeti birinci gün alırdılar və baxacaqları filmlərin, verilişlərin adlarını bəziləri qırmızı qələmlə, bəziləri də qırmızı karandaşla əvvəlcədən işarələyirdilər. Ki, başları nəyəsə qarışar,  birdən verilişi, filmi qaçırarlar. Xülaseyi-kəlam, “Əsgər atası” filminin ildə ən azı bir dəfə mərkəzi televiziyada nümayiş olunması bir  xalq üçün müasir dillə desəm ölçüyə gəlməz dərəcədə nəhəng bir reklam idi. 

Related image
   
Təkcə müharibə filmlərindən söhbət getmir, sovet dövründə ən müxtəlif mövzularda  çəkilmiş filmlərdə güzgü mövzusunun ortaya girməsi sanki adi, təbii  bir hal almışdı. Məsələn, tutaq ki, hər hansı bir rus filmində iki gənc bir-birin sevir. Amma qovuşmaqları üçün arada  yüngülvari bir maneə var. Filmin mövzusu bundan ibarətdir. Oturub bu maneəni gənclərin necə aşacağını, bu konfliktin necə həll olunacağını gözlədiyin bir vaxtda qəflətən Rezo, ya da Şota adlı bir gürcü gənclərdən birinin ya atasınını, ya da babasının gənclik dostu, əsgərlik, cəbhə yoldaşı qismində əsl gürcü hüy-küyü ilə kadra girir. Hər iki əlində də yekə çamadanlar. Çamadanların da içi Gürcüstan nemətləri ilə doludur. Mer-meyvə, çaxır, çaça,  pendir və sairə və ilaxır. Rezo, Şota hay-küylə kadra girən kimi onu qucaqlayır, bunu öpür, hamının bir-bir halın-ehvalın soruşur. Sonra çamadanları açır. Tez bir süfrə düzəldir. Hamının ovqatı yüksəkdir. Didaktik tostlar deyir. Hər kəsə xoşbəxtlik və sağlamlıq arzulayır. Gənclərə bir-birlərini sevməyi məsləhət edir. Hər kəsin rəğbətin, sevgisin qazanıb sonra da gedir işinin gücünün dalınca.  

Başqa bir misal. Buna Qleb Panfilovun filmlərindən birində rast gəlmişəm. Filmin adı yadımdan çıxıb. Bir bina qəzalı vəziyyətdədir. Sakinləri köçürmək lazımdır. Binadakı mənzillərdən birində isə toy məclisi təşkil olunub. Bir gürcü evlənir. Şəhər sovetinin sədri mənzilə gəlir ki, adamlara desin bəs indi binanı tərk etmək lazımdı, hər an qəza baş verə bilər. Gürcülər heç onu eşitmək belə istəmirlər. Onu məclisə dəvət edirlər. Tez əlinə çaxırla dolu bakal verirlər... 

Sovetin ən məşhur filmlərindən biri olan “İşdə məhəbbət məcarası” filmində də qəfildən gürcü mövzusu ortaya girir. Orda qəhrəmanlardan biri deyir ki, dünən gürcü restoranına getmişdim, gürcü çaxırı içdim, gürcü yeməkləri yedim filan. Özümə əziyyət verib onlarla bu cürə misallar gətirə bilərəm. Gürcülərin özlərinin çəkdikləri tammetrajlı və qısametrajlı filmlər, gürcü rejissorları, gürcü aktyorları və aktrisaları da Sovet zamanında xeyli məşhur idilər. Məsələn, Sofiko Ciuareli yeganə sovet aktirisası idi ki, müxtəlif beynalxalq kino festivallarında yeddi dəfə ən yaxşı qadın rolunun ifaçısı mükafatını qazanmışdı. “Mimino” filmini də xatırlayaq söhbət bitsin. Sovet dövrünü görməyənlərə bu misallar adi misallar kimi görünə bilər. Mən sadəcə bir tamaşaçı kimi öz müşahidələrimi yazdım. Bu barədə daha  ətraflı, daha detallı, daha akademik yazmaq kino mütəxəssislərinin işidir. Hər şey barədə mən yazmalı deyiləm. Ümumiyyətlə, bir adamın hər sahədən ətraflı,detallı yazması çətin məsələdir. Gürcülərin sovet zamanında siyasət, idman, musiqi, teatr sahəsində əldə etdikləri nailiyyətlər barədə bu sahələri bilənlər yazsalar daha yaxşı olar. Sözümün canı var. Nəyi demək istəyirəm? Onu demək istəyirəm ki, Sovet zamanında çəkilmiş filmlərdə gürcü mövzusunun çox işlənməsi, gürcü mövzusunun aktual olması gürcülərin bir xalq olaraq sovet zamanında hörmətlərinin, nüfuzunun bir növ göstəricisi idi. Nə qədər zarafatla deyilsə də “bir gürcü (Stalin) Berlin divarların tikdi, başqa gürcü (Şevarnadze ) Berlin divarların sökdü” sözündə həqiqət payı da az deyil. Sovet zamanında mərkəzi nəşriyyatlarda gürcü rejissorları, yazıçıları, şairləri, rəssamları, hərbiçiləri, gürcü mətbəxi, gürcü tarixi haqqında çoxlu kitablar nəşr olunurdu. İndinin özündə Tiflisdə bukinist mağazaları gəzərkən mərkəzi nəşriyyatlarda rus dilində nəşr olunmuş gürcü yazıçıların və şairlərin əsərlərinə rast gəlirəm. Açıb kitabın tirajına baxıram gözlərim bərələ qalır. Yeri gəlmişkən, Alla Puqaçovanın ifasında yəqin ki, “Million alıx roz” mahnısını çox adam eşidib, amma çox az adam bilir ki, həmin mahnının sözlərində söhbət gürcü rəssamı Niko Pirosmanidən gedir. İkinci Dünya müharibəsinin rəmzlərindən birinə çevrilmiş məşhur “Ana vətən çağırır” plakatının müəllifi də gürcü rəssamı idi. İrakli Toidze. Bunlar  indi xatırladıqlarımdı. Hələ nə qədər xatırlamadığım və bilmədiyim bu kimi faktlar var. Başa düşənlər üçün  bütün bunlar elə-belə söhbətlər deyil. Əgər sabah hər hansı bir səbəbdən gürcülər sükanı döndərib Rusiyata tərəf üz tutsalar, yenə də oralarda böyük hörmət, nüfuz sahibi olacaqlar. 

Gürcülər Sovet zamanında digər respublikalara nisbətən çox yaxşı yaşayırdılar. Bu yaxınlarda maraqlı bir rəqəmlə tanış oldum. Sovet zamanında Ukraynada hər yüz adama on doqquz şəxsi maşın düşürdü, Gürcüstanda isə hər yüz adamdan otuz dördünün şəxsi maşını vardı. Azərbaycan isə iaşə obyektlərinin sayına görə yalnız Orta Asiyanın hansısa respublikasından irəlidə idi. Sovetə müxtəlif ölkələrdən qonaq gəlmiş siyasətçilərin, elm adamlarının, idmançıların, mədəniyyət xadimlərinin demək olar ki, hamısı ya fərdi, ya da kollektiv şəkildə Gürcüstana baş çəkirdi. Qayda belə idi. Gürcüstan bir növ yeyib-içmək, kef çəkmək, əylənmək, istirahət etmək məkanı kimi tanınırdı. Yəni əziz xarici qonaqlar, gəldiniz, məktəblərimizi, bağçalarımızı, zavodlarımızı, fabriklərimizi, kolxozlarımızı, savxozlarımızı, fermalarımızı,stadionlarımızı gördünüz. İndi də gedin bir az Gürcüstanda əylənin. Oradakılar bu işi yaxşı bacarırlar. Həmin dövrdə azərbaycanlıları bazar günü də daxil olmaqla rəsmən qul kimi pambıq tarlalarında səhərdən axşama kimi işlədirdilər. Hətta deyilənə görə o vaxtlar bizim kənd zəhmətkeşləri respublika rəhbərlərinə məktub yazıb bazar günü səhər nümayiş olunan “Bazar görüşləri” verilişinin axşam da göstərilməsini xahiş ediblər ki, səhər tarlalarda işləyən adamlar heç olmasa axşam verilişə baxa bilsinlər. Mağazalarda isə ən adi mallar tapılmırdı. Brejnevin təbiri ilə desəm, “İri addımlarla irəliləyən” respublikanın vətəndaşları toy eləyəndə ən adi malları almaq üçün məcburiyyət qarşısında qalıb, Yerevanın, Tiflisin mağazalarına üz tuturdular.

Sovet çökür, bütün sistem dağılır və gürcülər ağır günlər keçirməyə başlayırlar. Bakıda yenə qaz olmayanda işıq, işıq olmayanda qaz olurdu. Tiflisdə isə nə işıq vardı, nə də qaz. Kasıbçılıqdan nə qədər adam dəli olur, havalanır. Ciddi deyirəm. Bu günün özündə Tiflisdə nə qədər adam var ki, 90 –cı illərin kasıbçılığına dözməyib dəli olublar. Məsələn,  əvvəl yaşadığım binada 90-cı illərin kasıbçılığına dözməyib dəli olan nə az nə çox beş adam vardı. Beşin mən tanıyırdım, ola bilsin sayları daha çox idi. Biri də düz bizim mənzilin üstündə yaşayırdı. Gecələr çıxıb Zviyad Qamsaxurdiyanı axtarırdı. Mövzunun içindən mövzu çıxır. Zviyad Qamsaxurdiya dedim yadıma gürcü filosofu Merab Mamardaşvili düşdü. O Merab Mamardaşvili ki, gürcü, rus, ingilis, fransız, alman, italyan, ispan dillərində sərbəst danışır və müxtəlif Avropa ölkələrində fəlsəfə üzrə keçirilən beynəlxalq tədbirlərdə SSRİ-ni təmsil edirdi. Mamardaşvili Zviyad Qamsaxurdiyanın millətçiliyini  ən kəskin təndiq edən adamlardan biri idi. Demişdi ki, əgər gürcü xalqı Zviyad Qamsaxurdiyaya səs versə, mən öz xalqıma qarşı olacağam, mən belə xalqı tanımayacağam. Bir gürcü dostum var. Mamardaşvilidən heç xoşu gəlmir. Deyir ki, Mamardaşvili o vaxt bizi yaxşı başa salmadı. Biz də düşdük Zviyadın ardınca. O bizim hansı uçuruma getdiyimizi (o vaxtlar tuğyan edən millətçiliyi nəzərdə tutur) görürdü. Bir - iki dəfə sözün dedi, gördü eşidən yoxdur, daha heç kimə baş qoşmadı. Amma  o həqiqətən xalqın sevirdisə, gərək belə etməyəydi, gərək kənara çəkilməzdi, adamları başa salmalı idi. Mən də deyirəm ki, adam özünə hörmət qoyub, görüb sözün eşidən yoxdu, çəkilib bir kənara. O vaxt  kütləvi psixoz vəziyyəti yaranmışdı. Zviyadı qoyub Mamardaşvili kimi dərin bir adama kim qulaq asacaqdı. Razılaşmır. Deyir, həqiqi ziyalı heç vaxt xalqdan küsməməlidir. Biz qanmırdıq, o ki hər şeyi qanırdı. Bizi başa salmalı idi. Buna görə onu sevmirəm...



Hər bir normal xalqın özünün həyat tərzi, həyat fəlsəfəsi, qırmızı xətti, ali hesab etdiyi dəyərləri var. Gürcülərin süfrəsi həmişə açıq olub. Evinə qonaq gəlsin və gürcü də onu istədiyi kimi qarşılaya bilməsin, süfrəyə qoymağa heç nə tapmasın, bu onun üçün dəhşətli işgəncədir, əzabdır, təhqirdir. Gürcü  qonaqpərvərliyinin tarixi kökləri var. Bu başqa yazının mövzusudur. Bir dəfə bir gürcü şair dostumla 90-cı illər barəsində söhbət edirdik. Dedi ki, Seymur bizim evdə beş il kərə yağı olmayıb. Mən də kobudluq etdim. Soruşdum ki, necə olmayıb. Dedi ki, olmayıb də, olmayıb. Həmin aclıq, susuzluq illərində gürcülər yenə də uşaqların müxtəlif dərnəklərə, qazı, işığı olmayan idman zallarına göndərirdilər. Bax, qaval daşının sirri bundadır; İnsan resursu. Ən ciddi, ən qiymətli resurs. Hansı ki, hal-hazırda bu həqiqi, bu qiymətli resursun olan-qalanı da Azərbaycanda məhv edilməkdədir. 

Gürcülər həm çar, həm də Sovet zamanında Qafqazın ən siyasiləşmiş xalqı idilər.  Rusiya Dövlət Dumasında sosial-demokrat fraksiyasının rəhbəri gürcü idi. İrakli Sereteli . Sovet zamanında ən çox dissident Gürcüstandan çıxmışdı. Həqiqi  dissidentlərdən danışıram, Sovetin hər cür mükafatını alıb, ömrü boyu yaradıcılıq evlərində, kurortlarda, sanatoriyalarda kef çəkib, Sovet dağılanda özünü dissident adlandıran həyasızlardan danışmıram. 1978-ci ildə Qafqaz respublikalarında yerli dillərin (gürcü, erməni, azərbaycan) dövlət dili kimi qalması da gürcülərin xidməti idi. Moskva yerli dillərin dövlət dili kimi qalmasını qadağan edirdi. Azərbaycanda bu qadağaya etiraz etməyə heç kimin cəsarəti çatmırdı və rus dilində danışan azərbaycanlılar Azərbaycan dilində danışan azərbaycanlılardan iyrənirdilər. Gürcülər isə 14 apreldə küçələrə tökülüşərək, gürcü dilinin dövlət dili kimi qadağan edilməsinə kəskin etirazlarını bildirdilər. İzdihamlı mitinq keçirdilər. Divarlara gürcü dilinin dövlət dili kimi saxlanılmasını tələb edən şüarlar yazdılar. Bu etirazın nəticəsində gürcü dilinin dövlət dili kimi qalmasına nail oldular. Gürcülərin sayəsində erməni və azərbaycan dilləri də dövlət dili olaraq qaldı. Çünki Moskva bir Qafqaz respublikasında yerli dilin dövlət dili kimi qalmasına icazə verib, digər ikisində qadağan edə bilməzdi. Belə bir variant alınmırdı. Sonralar isə Sovetlər dağılanda neçə-neçə adam çıxıb deyəcəkdi ki, Azərbaycan dilinin dövlət dili kimi qalmasında guya bunların böyük bir rolu olubdur. Guya bunlar da sakit dayanmayıblar, gizli fəaliyyət göstəriblər. Bu barədə daha ətraflı yazmaq tarıxçilərin işidi. 

The Motherland Calls – poster from World War II, artist Irakli Toidze, June 1941

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Saakaşvili kimi bir reformistin birdən-birə peyda olmamışdı. Ənənə var. Ənənə isə olduqca ciddi bir məsələdir. Saakaşvilinin Gürcüstanda apardığı reformalardan, rüşvətin kökünü kəsməsindən zamanında bəndəniz də geninə-boluna arqumet kimi yazılarında, söhbətlərində istifadə edibdir. Bəli, sistem günahkardır. Bu şəksizdir. Lakin hər bir sistemi saxlayan şərtlər də mövcuddur. Sistem günahkardır, yoxsa xalq mövzusunda müzakirələr, mübahisələr getdiyi zaman daha çox Cənubi və Şimali Koreya misal olaraq göstərilir. Ki, eyni xalqdır, cənub tərəf inkişaf edib, şimalı isə sistem zəlil günə qoyubdur. Amma işin tərsliyindən deyəsən Şimali Koreya da düzəlməyə doğru gedir. Bəs Şimali Koreya da düzəlsə, görəsən biz hardan təsəlli tapacağıq?  
 
Bir vaxtlar seminarlarda, konfranslarda iştirak edəndə mən və dostlarım ortaya belər bir mövqe qoyurduq; biz hamımız qafqazlıyıq, hamımız eyni şeyik. Başqalarının adından danışa bilmərəm, amma şəxsən mən bəzi hallarda səmimi bir şəkildə belə düşünürdüm. Bu gün artıq bu cürə mövqedən çıxış etmək mümkünsüzdür. Hamımız eyni şey deyilik.  Fərq ortadadır. Hər bir xalqın mədəni və intellektual səviyyəsi gec-tez özünü hər hansı bir formada biruzə verir.  Əslində Ermənistanda baş verən məlum hadisələr, hakimiyyət dəyişikliyi bir çoxlarına gözlənilməz görünsə də bu hadisələr, bu dəyişiklik azı 5 il əvvəl baş verməli idi. Ermənilər  iddialı bir xalq olaraq, öz hakimiyyətlərindən, düşdükləri vəziyyətdən utanırdılar. Əgər bir xalq öz vəziyyətindən utanırsa, bu və ya digər şəkildə vəziyyətdən çıxmaq üçün yollar axtaracaq. Məsələn, farslar da öz vəziyyətlərindən, ölkələrindəki qadağalardan bərk utanırlar. Deməli yaxın illərdə İranda da köklü dəyişikliyin baş verməsini gözləmək olar. 

Ermənistanda dəyişiklik prosesi hələ təzə başlayıbdı. Ona görə yaxşısı budur gəlin Gürcüstan və Azərbaycan arasındakı fərqdən danışaq. Fərqdən danışaq deyirəm, amma bu fərqi hər adam görə bilmir. Bir çox insanların düşüncəsinə görə azərbaycanlılarla gürcülərin arasında mədəni və intellektual cəhətdən elə bir fərq yoxdur və  fərq  sistemdədi. Ümumən götürəndə fərqi görməyən, görə bilməyən adamları əsasən üç qrupa bölmək olar: 

1. Fərqi görüb bunu dilə gətirməkdən, yazmaqdan ehtiyat edənlər 

(bu qrupa aid adamlara fərqi görmək sərf eləmir. Onlar hökumət mediasında çalışdıqlarına, vəzifələrinə, bu kimi digər səbəblərə görə fərqi görmək istəmirlər. Bunu o qədər ürəkdən edirlər ki, nəticədə həqiqətən də fərqi görmürlər. Görərək görməməyi bacarırlar. Məsələn, bir deputat müsahibəsində demişdi ki, Tiflisə getmişdim, doxsanıncı illərin Bakısına oxşayırdı, niyə oranı tərifləyirlər başım çıxmır. O deputatı azdan-çoxdan  tanıyıram. Dəli zad deyil. Gürcüstanda keçirilən tədbirlərdən, festivallardan, medianın, qeyri-hökumət təşkilatlarının fəaliyyətindən yaxşı xəbərdardı. Sadəcə dəqiq başa düşür ki, bu cürə danışmaq lazımdı. Durub fərqdən danışmaq ona hər hansı problem yarada bilər).
 
2. Fərqi görüb bunu həzm edə bilməyənlər 

(bu qrupun qəribə cəhəti ondan ibarətdir ki, bu qrupa aid adamların arasında həm müxalifət, həm də hakimiyyət tərəfdarlarına rats gəlmək mümkündür. Bu adamlar təbiətcə paxıl adamlardır. Qonşunun hər hansı bir sahədə uğur əldə etməsini sadəcə heç cürə həzm edə bilmirlər. “Niyə bizdə yoxdu, amma orda var” sualı onlara olmazın əziyyətin verir. Beləliklə, paxıllıq onlara fərqi görməyə mane olur. Nəticədə onlar da fərqi görərək görməmək vərdişini özlərində o dərəcədə mükəmməl inkişaf etdirirlər ki, görərək görməməyi bacarırlar.) 

3. İnformasiyasızlıqdan, savadsızlıqdan fərqi görməyənlər 

(bu qrupa aid olan adamlar birinci və ikinci qrupa aid olan adamlardan daha səmimidirlər. Onlar sadəcə savadsızdırlar, tarixdən, incəsənət sahəsində baş verən hadisələrdən  məlumatlı deyillər və buna gorə də fərqi görmürlər.)

Daha geniş götürsək, problem neftin sayəsində yaradılmış parıltıdadır. Parıltı, mərmər parklar, Bakıda keçirilən, ölkəyə və xalqa  xeyri dəyməyən tədbirlər, yarışlar adamların gözünü qamaşdırır, onlarda inkişaf illuziyası yaradır, aradakı fərqi görməyə imkan vermir. 

Seymur Baycan

Kultura.az
Yuxarı