post-title

Zülmətin ortaya çıxardığı həqiqətlər

Kəklik ovuna çıxan sərçəylə maraqlanmaz

Atalar məsəli

Gəncənin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsi Azərbaycan reallığının üstünə yekə bir güzgü tutdu. Hərə öz səviyyəsinə, üslubuna, düşüncəsinə, savadına, intellektinə uyğun bir şəkildə nə qədər insan utanmadan, çəkinmədən baş vermiş bu sui-qəsd hadisəsindən razı qaldığını, sevindiyini müxtəlif formalarda ifadə etdi. Hətta uzağa gedib sui-qəsd törətmiş şəxsi milli qəhrəman kimi qiymətləndirənlərin də sayı az olmadı. Bu sadəcə dəhşətdir. Günümüzdə dəhşət sözündən tez-tez istifadə olunsa da, amma indi dəhşət sözünü burada  işlətməklə bir qram da şişirtməyə, israfçılığa yol vermirik. 

Ölkə əhalisinin böyük bir hissəsi Gəncə şəhər başçısına qarşı törədilmiş sui-qəsd hadisəsinə sevinir. Bir qrup insan isə sui-qəsd hadisəsi nəticəsində yaranmış bu sevincin belə açıq-aşkar ifadə olunmasının humanistlikdən, insanlıqdan, dəyərlərdən kənar bir hərəkət olduğunu iddia etməkdədir. Lakin humanizm carçılarının şərhləri və izahları heç də səmimi görünmür. Ona görə ki, onlar bu sevincin niyə belə kütləvi hal aldığını və sevincin niyə belə açıq-aşkar ifadə olunduğunu, bu acınacaqlı vəziyyətin necə yarandığını gözəl bilirlər. Sui-qəsdə sevinənlər də öz növbələrində yaxşı başa düşürlər ki, bir qrup adamın humanizm çağırışları səmimi deyil, onlar sadəcə bu cürə humanizm çağırışları ilə hakimiyyətə yarınmaq istəyirlər. Sui-qəsd hadisəsinə sevinənlərin gətirdikləri arqumentlər də kifayət qədər tutarlı arqumentlərdi. Bəs camaatın anasın-bacısın, körpə uşağı polis bölməsinə aparanda humanizm, milli dəyərlər, insanlıq niyə yadınıza düşmürdü, əgər həqiqətən də milli dəyərlərin tapdanması humanizmdən insanlıqdan kənar hərəkətlər sizi belə bərk narahat edirsə, niyə onda səsinizi çıxarıb demirdiniz ki, körpə uşağı polis bölməsinə aparmaq humanizmdən, insanlıqdan, milli dəyərlərdən kənar hərəkətlərdir. Məhz bu səbəbdən bir qrup adamın humanizm çağırışları məlum hadisəyə sevinənləri qıcıqlandırmaqdadır. Göründüyü kimi xeyli qarışıq vəziyyətdir. Elə yazının müəllifinin özü də bu dəqiqə qarışıq hisslər keçirməkdədir. Həm yazmaq istəyir, həm də yazmaq istəmir. Həm hər şeyə inanır, həm heç nəyə inanmır. Amma bir müəllif kimi maksimum çalışacam ki, keçirdiyim qarışıq hisslər yazıya sirayət edərək, yazıda qarışıqlıq yaratmasın. 

Bilmirəm nədənsə, hansısa özümə də məlum olmayan səbəbdənsə neçə gündür Tsqaltuba  qəsəbəsində gördüyüm qardaşlıq məzarlığını xatırlamaqdayam. O məzarlığa təsadüfən yolum düşmüşdü. Amma deyilənə görə həyatda təsadüfən heç nə baş vermir. Bütün təsadüflər zəruriyyətdən doğur. Bəlkə doğurdan da belədir. Açığı bu sözdən elə də xoşum gəlmir. Mən təsadüfün elə təsadüf olmasının tərəfdarıyam. İstəmirəm bütün təsadüflər zəruriyyətdən yaransın... 

Tsqaltubada yerli bir sakinlə İkinci Dünya Müharibəsi mövzusunda söhbət edirdik. Həmsöhbətim milliyətcə gürcü idi. Tsqaltuba qəsəbədir, Gürcüstanda, Kutaisi şəhərindən on kilometr aralıda yerləşir. Sovet vaxtı çox varlı qəsəbə olub. Sovetin hər yerindən ora adamlar müalicə olunmağa gəlirmişlər. O qəsəbəni tanıyan xeyli azərbaycanlı var. Hər il, xüsusən də yay aylarında xeyli azərbaycanlı Tsqaltuboya müalicə olunmağa gedirlər. 

Belə bir söhbət var ki, Stalin İkinci Dünya Müharibəsi zamanı gürcüləri qoruyub, Gürcüstandan insan itkisinin çox olmamasına çalışıb. Həmsöhbətim bunun mif olduğunu sübut etmək istəyirdi və deyirdi ki, əksinə Stalin gürcü olduğuna görə gürcülərə qarşı daha çox tələbkar olub. Bu cürə söhbət etdiyimiz vaxt birdən məlum oldu ki,  Tsqaltubada  qardaşlıq məzarlığı var. Demə İkinci Dünya Müharibəsi zamanı burda məktəblərin birini çevirib ediblər hospital və hospitalda ölən əsgərləri də elə burda da basdırırmışlar. Gürcü həmsöhbətimə qardaşlıq məzarlığını görmək istədiyimi bildirdim. Öz-özünmə dedim ki, gedim görüm orda nələr var. Maşına oturub getdik məzarlığa. Sovet vaxtı 9 May günü məktəblilər, pionerlər, komsomolçular, müəllimlər, partiya işçiləri, zəhmətkeşlər bura gəlib məzarların üstünə təzə güllər düzürmüşlər. Şəkillər çəkdirirmişlər. Veteranlar çıxışlar edirmişlər. Sovet çökəndən sonra 9 May günü də bir gün kimi gözdən düşür. Məzarlıq da yavaş-yavaş  dağılır. Lap sonralar Rusiyanın Gürcüstandakı səfirliyi məzarlığı bir az qaydasına salır. Məzarlıqda gəzirəm. Yay fəslidir. İstidir. Cırcıramalar cırıldaşır. Adətən bu cürə havalarda Turgenyevin kişi qəhrəmanları bekarçılıqdan kiməsə eşq elan edib aranı qatışdırırlar. Bilə-bilə özlərin müşkülə salırlar...

Qardaşlıq məzarlığında balaca, dördkünc daşların üstündəki adları, familyaları oxuyuram. Burda cürbəcür, ən müxtəlif familiyalara rast gəlmək mümkündür. Rus, erməni, gürcü, müsəlman... Çoxusu cavan ölüb. Adları, familiyaları, doğum və ölüm tarixləri balaca, dördkünc daşların üstünə yazılmış və indi çürüyüb torpağa qarışmış bu adamların hərəsini  tale bir eldən, bir obadan, bir ailədən  yığıb bura gətirib. Onların hər biri kiminsə oğlu, kiminsə əmisi, kiminsə dayısı, kiminsə qardaşı olub... Qara kağızları gələndə doğmaları nə qədər ağrı, nə qədər iztirablar çəkiblər. İkinci Dünya Müharibəsində ölənlərin yaxınlarına qanpulu verirdilər. Elə analar, elə atalar olub ki,  qanpulunu almayıblar. İnana bilməyiblər övladlarının ölümünə, inanmaq istəməyiblər, ölənə qədər yolunu gözləyiblər. Dördkünc, balaca daşların üstündəki adları, familiyaları, doğum və ölüm tarixlərini oxuyuram və düşünürəm; heç zad, bu da  axırı. Bir suala cavab tapmaq istəyirəm; görəsən dünyaya nöş gəlir insan? İnsanlar bu fani, Süleymana da qalmayan dünyada niyə bir-birlərini didirlər? Nəyin üstündə? Doğrudanmı bunu dərk etmək çətindir ki, heç kim dünyadan özüylə heç nə aparmır? Başım çıxmır. Mat qalmışam. Yazını oxuyan bir çox adamlara əlbəttə ki,   bu suallar banal görünəcək.  Amma onlar bir məsələni yaddan çıxarmasınlar; həyat həqiqətləri kifayət qədər banal deyilmi? Vəziyyəti yalandan mürəkkəbləşdirməyin, hər cürə xırda-xuruş şeyləri əldə etməyi nailiyyət, uğur adlandırmağın nə mənası var? Hər dəfə  hipermarketlərə, ticarət mərkəzlərinə yolum düşəndə adını müəyyən səbəblərə görə çəkmək istəmədiyim dahi filosofun sözün xatırlayıram; Bu dünyada mənə lazım olmayan nə qədər şey var. Necə dəqiq deyib. Sözün həqiqi mənasında  insanların kreditə maşın, telefon almasını, ev təmir etməsini, kreditlə harasa istirahətə getməsini, kreditlə toya bahalı müğənni gətirməsini, yalan danışıb, şər atıb,  ağa qara deyib villa tikməsini, kreslo, vəzifə, orden, medal qamarlamaq naminə özünü hərraca çıxarmasını, irili-xırdalı bu cürə əməllərlə məşğul olmalarını başa düşə bimirəm. Onu da bilirəm ki, onların özünü ifadə etməsi üçün hər cürə yolla madiyyat əldə etməkdən savayı başqa şansları, vasitələri yoxdur. Bununla belə yenə də təəccüblənməkdə davam etməkdəyəm. Burda dayanaq. Bu elə bir mövzudur ki, bu mövzuda nə qədər səmimi danışsam xeyli adamın gözündə bir o qədər də yalançı kimi  görünəcəm. 

Əslində bir az geniş baxdıqda baş vermiş məlum hadisəyə insanların sevinməsi həqiqi həyacan siqnalıdır. Bu hadisə göstərdi ki, hakimiyyətlə insanlar arasında necə böyük bir uçurum yaranıb. Bir dəfə bunu qeyd etmişdik, mövzumuza uyğundur bir daha qeyd edək. Avtoritar, totalitar və bu kimi, buna oxşar digər siyasi sistemlərə xas iki əcaib məsələ var ki, sonradan elə bu iki məsələ onların belə deyək öz bəlasına çevrilir. Birincisi, onlar o qədər yalan danışırlar ki, artıq öz yalanlarına özləri də inanmağa başlayırlar. Azad media sıradan çıxarılır, həqiqəti deyən, hətta demək istəyən adamlar “düşmən dəyirmanına su tökənlər”, “inkişafı görmək istəməyənlər”, hətta vətən xainləri kimi qələmə verilərək müxtəlif formalarda repressiya olunurlar. Mənfəətpərəst, mövcud vəziyyətdən yararlanmağı fürsət bilənlər isə həqiqəti, yarımhəqiqəti deyil, hakimiyyətin eşitmək istədiyini dilə gətirirlər. Ölkədə baş verən hadisələr, problemlər müzakirə olunmur, problemlərdən çıxış yolları axtarılmır, nəticədə xalqla hakimiyyət arasında böyük bir uçurum yaranır.
 
İkincisi, avtoritar, totalitar və bu kimi digər siyasi sistemlər repressiv üsullarla əhali arasında qorxu mühiti yaratmağı, demokratik institutları sıradan çıxartmağı özlərinin bir uğuru kimi başa düşürlər, bu uğur onlarda öz hakimiyyətlərinin sarsılmazlığına inam hissi yaradır, onları arxayınlaşdırır. 

Gəncədə baş verən hadisə düşünməyi bacaran hər bir kiçik və iriçaplı məmurun, deputatın, jurnalistin, şairin, yazıçının, həkimin, müəllimin, vəkilin, aktivistin, ümumən hər bir şüurlu vətəndaşın nəticə çıxartmalı olduğu çox ağır hadisədir. Belə  davam etsə bu işlərin axırı heç də yaxşı qurtarmayacaq.  Nəhayət bunu birdəfəlik başa düşmək lazımdır. Müdrik Höte deyirdi ki, əgər iki adam dava edirsə, onlardan ən çox günahkarı ən ağıllı olanıdır. Hötenin sözünü bir az başqa formada istifadə etsək belə bir mənzərə yaranır. Əgər adamlar hakimiyyət nümayəndəsinin sui-qəsdə məruz qalmasına sevinirlərsə və sui-qəsdi törədəni qəhrəman adlandırırlarsa, bu cürə vəziyyətin, bu aqressiyanın yaranmasında hakimiyyət günahkardır. Gəncədə baş verən hadisə insanların nə qədər aqressiv, qəzəbli olduğunu, təəssüf ki, artıq heç bir qırmızı xəttin qalmadığını, mənəvi aşınmanı üzə çıxartdı. Bütün bunlar, xüsusən də insanların aqressiyası yaxşı heç nə vəd etmir. Tarixə nəzər salsaq görərik ki, bir çox ölkələrdə intihar mərhələsindən sonra siyasi təlatümlər mərhələsi başlayıbdır. Məsələn, Rusiyada inqilabdan əvvəl ölkəni intihar dalğası bürümüşdü. Bunun bədii inikasını rus klassiklərinin Dostoyevskinin, Çexovun, Kuprinin, Qorkinin əsərlərində görə bilərik. Hətta Qorkinin özü intihara cəhd etmişdi. Səhv etmirəmsə tapançayla özünü vurmuşdu. Sanki Azərbaycanda da intihar mərhələsindən  siyasi təlatümlər mərhələsinə keçid prosesi baş verməkdədir. Çexovun təbirincə desək,  milli vurma cədvəli olmadığı kimi, milli tarix də olmur. Hakimiyyət nümayəndələri Gəncədə baş vermiş hadisəni adi kriminal hadisə kimi xarakterizə etməyə, kriminal hadisə kimi qələmə verməyə, hadisənin miqyasın kiçiltməyə çalışsalar da, adamlar bu cürə təqdimatı qəbul etmədilər, qəbul edə bilmədilər. Hakimiyyət mediasi, hakimiyyət nümayəndələri Gəncədə baş vermiş hadisədən sonra çox zəif, çaşbaş görünürdü. Bunun günahkarı hakimiyyətin elə özüdür. Azadlıqların boğulmasının, hakimiyyətin media siyasətinin ağır fəsadları ortadadır. İnsanların hakimiyyətin nəzarətində olan media orqanlarına, hakimiyyət nümayəndələrinə inamı, etimadı  qalmayıb.  Gəncədə baş verən hadisənin sırf yarıtmaz, ədalətsiz, kobud  idarəetmənin nəticəsi olduğunu adamlar yaxşı başa düşürlər və ona görə də hadisəni törətmiş şəxsi asanlıqla qəhrəmana çevirdilər. Əgər hakimiyyətin yuxarı eşelonunda təmsil olunan məmurlar bu ağır hadisədən ciddi nəticələr çıxartmasalar, deməli onlar reallıq hissini tamam itiriblər. Allah axırın xeyir eləsin!

Seymur Baycan
Yuxarı