post-title

Alain de Botton: Sevgisizlik

Sevgi əldə etmək üçün yüksək status

Bizi yüksək status arayışına yönləndirən qarşısıalınmaz istəklərin hansılar olduğu barədə yayğın olan bir neçə mülahizə vardır: ilk ağla gələnlər pul, şöhrət və etibar qazanmaq hərisliyidir.

Yüksək status vasitəsiylə tam olaraq nəyi əldə edəcəyimizi, əslində nəyin arxasınca qaçdığımızı daha qəti şəkildə ifadə etməli olsaq, yuxarıdakı mülahizələrə alternatif olaraq, siyasət nəzəriyyələrində nadirən istifadə edilən bir qavrama baş vura bilərik ki, bunun adı da sevgidir. Qida və sığınacaq kimi təməl ehtiyaclarımızı təmin etdikdən sonra, ictimai iyearxiyada bir mövqeyə yiyələnmək istəyi ortaya girir. Bax, bu istəyi tətikləyən əsas motiv, mal-mülk ya da iqtidar sahibi olub sözümüzü keçirməkdən ziyadə, bəlkə də sevgi əldə etmək meylidir. Çatacağımız son nöqtə sevgidir, pul, şöhrət və etibar sevgi əldə etmək yolunda istifadə etdiyimiz simvollar (və vasitələr) kimi dəyərləndirilə bilər.

“Sevgi” kəlməsi adətən ana-atamızdan yaxud sevgilimizdən nə gözlədiyimiz barədə söhbət açarkən istifadə etdiyimiz sözdür, amma indi, bu nəhəng dünyadan nə gözlədiyimiz və nə aldığımızla əlaqəli bir mövzuda da qarşımıza çıxır. Bəlkə də hər şeydən əvvəl “sevgi” kəlməsini, onunla bağlı ilk ağla gələn ailəvi və seksual mənalarda bir daha tərif etməyimiz faydalı olar: sevgi, bir insanın digər insanın varlığına göstərdiyi hörmət və həssasiyyətdir. Sevgi görmək, diqqət mərkəzində olduğumuzu hiss etmək deməkdir. Əgər seviliriksə, deməli varlığımızın fərqinə varılır, adımız xatirlanır, fikirlərimiz dinlənilir, uğursuzluqlarımıza anlayışla yanaşılır, ehtiyaclarımız qarşılanır. Və bu şəkildə diqqət mərkəzində olan biz insanlar, uğurdan uğura addımlayır, həyatdan ləzzət alırıq. Sevginin, ağla ilk gələn romantik anlamıyla burada toxunduğumuz, statusla əlaqəli anlamı arasında bəzi fərqlər vardır: status nəticəsində əldə edilən sevgi adətən cinsi yarar gətirmir, ya da evliliklə nəticələnmir. Statusumuzdan dolayı sevgi göstərənlərin gözləntiləri fərqli ola bilər. Ancaq bu iki növ sevginin önəmli ortaq yönü vardır: sevilən insan digər insanların xoş niyyətli və sevgi dolu nəzərləri altında qorunmağın ləzzətini yaşayır.

Cəmiyyətdə, önəmli bir mövqeyə çatmış insanları “dəyərli insan”, tam əks mövqedə olanları isə “yararsız” saymağa yönəlik yayğın yanaşma mövcuddur. Halbuki bu cür qiymətləndirmə kriteriyası əsassızdır, yersizdir, çünki hər kəs özünəməxsus fərdiyyət sahibidir. Ancaq bu iki ifadənin tez-tez qarşımıza çıxması, cəmiyyətlərin bəzi qrupları əl üstündə tutub, digərlərini yerin dibinə batırmağa meyil etməsini bir daha isbatlayır. Status sahibi olmayan fərdlər cəmiyyətlərin gözündə “heç”dilər, onlara qarşı qaba münasibət göstərilir, rəngarəng fərdiyyətləri gözardı edilir və şəxsiyyətləri xor görülür.

Aşağı statusun nəticələri təkcə maddi baxımdan araşdırılmamalıdır. Status məhrumiyyətinin cəzası sadəcə fiziki rahatsızlıq yaratmaqla qalmır, üstəlik özümüzə olan sayğımızı da yerləbir edir. Əgər xor görülməyimizə və aşağılanmağımıza səbəb olmazsa, fiziki narahatlığa uzun müddət boyunca qatlaşmaq mümkündü. Məsələn, uzun illər boyunca çətin şəraitdə yaşayan hərbçilər və kəşfiyyatçılar vardır, ölkələrindəki heç bir yoxsulun dözüm göstərə bilməyəcəyi zor şərtlərə sinə gəriblər. Fəqət cəmiyyətin digər insanlarının onlara qarşı duyacağı sayğını düşünərək öz işlərində səbatlı qalmağı bacarıblar.

Yüksək statusun gətirdiyi xeyirlər maddiyyatla məhdudlaşmır. Zəngin insanların özlərindən sonra gələcək beş nəsli asanlıqla həyatda saxlayacaq dərəcədə bol sərvət qazanmalarına rəğmən yenə də pul-para arxasınca qaçması bizi təəccübləndirməməlidir. Əgər varlı olmaq istəyi təkcə maddiyyatla bağlı olsaydı, zənginlərin bu cidd-cəhdlərini anlamaq çətin olardı. Məsələ burasındadır ki, zəngin insanların pul toplamasının səbəbi, pulun gətirəcəyi mənfəətlə birgə, bu proses nəticəsində hiss edəcəkləri sayğının arxasınca qaçmalarıdır. Aramızda lüks həyata və estetizmə düşkün olan insanlar çox deyil, ancaq hamımız hörmət və şərəf əldə etmək üçün qıvrılırıq və əgər gələcəkdə bir cəmiyyət, öz insanlarına kiçik plastik disklər qarşılığında sevgi bəxş edəsi olsa, çox keçmədən bu gərəksiz, dəyərsiz əşyalar həyatımızın mərkəzinə oturar, ən atəşin istəklərimizin və ən köklü əndişələrimizin qaynağına çevrilərdi.

Adam Smit “The Theory of Moral Sentiments”də söyləyir: “Dünyadakı bütün bu gurultu, bu keşməkeş nəyə xidmət edir? Pul hərisliyiylə canımızı dişimizə tutub zənginlik, iqtidar və mükəmməllik arxasınca qaçırıq, bu qovğanın sonunda bizi nə gözləyir? Təbiətin ehtiyaclarını mı yerinə yetirməyə çalışırıq? Ən yoxsul işçinin gündəlik qazancı belə təbiətin qoyduğu ehtiyacları qarşılamağa yetər. Belədisə, “daha yaxşı şərtlər altında yaşamaq” deyə adlandırdığımız o uca məqsədin hansı xeyri var bizə?

Xeyri budur: bütün bu qovğaların nəticəsində müşahidə edildiyimizi, maraqlı olduğumuzu, bizə simpatiyayla və təqdirlə göz qoyulduğunu hiss edirik. Zəngin insan sərvətinin bolluğundan kef duyur, çünki əslində həmin sərvət eyni zamanda ona dünyanın ona qarşı duyduğu marağı və heyranlığı bəxş etmişdir. Tam əksinə, yoxsul insan öz yoxsulluğundan utanc duyur, çünki yoxsulluq onu bəşəriyyətin nəzər diqqətindən uzağa sürükləyib. Maraqlandırmaq istəyi, kiminsə bizimlə maraqlandığını hiss etmək insan təbiətinin ən atəşin istəklərinin belə qarşısına keçəcək motivdir. Yoxsul insan evdən işə, işdən evə gedib gələrkən heç kim ona diqqət etmir. Bayırda qələbəlik içində yeriməsi, ya da çölə çıxmadan öz yuvasında yaşaması heç nəyi dəyişdirməz, hər iki vəziyyətdə də eyni önəmsizliyin və görünməzliyin içində yaşayır. Halbuki rütbəli və heysiyyətli insan bütün dünyanın gözləri önündədir. Hər kəs ona baxmağa can atır. Davranışları ictimai fikrin diqqət mərkəzindədir. Hər hərəkəti, hər sözü maraqla qarşılanır.”

Hər yetkin insanın yaşamına iki fərqli və böyük eşq hekayəsi hakim olur. Birincisi seksual eşqi əldə etməkdən ötrü getdiyimiz yolun hekayəsidir. Bizə tanış olan bu hekayə cəmiyyət tərəfindən qəbul edilir, alqışlanır, eniş-çıxışları və ruhi fırtınaları isə ədəbiyyat və musiqi üçün əsas mövzulardan biri olur. İkinci hekayə isə dünyanın sevgisini qazanmaq yolunda aparılan axtarışın hekayəsidir, daha gizli və utandırıcı istəkdir. Onu hansısa mənada ifadə edərkən zarafatcıl ifadələr işlətməyə çalışırıq. Dünyanın sevgisini qazanmaq axtarışının sadəcə qüsurlu və həsədlə dolu insanlara xas olduğunu düşünür ya da status əldə etmək canatımını sadəcə iqtisadi terminlərlə dəyərləndiririk. Ancaq haqqında danışdığımız ikinci hekayə ən azından birinci qədər ardıcıldır, birinci qədər qarışıq, önəmli və dünyəvidir, məğlubiyyəti də birinci qədər əzablı. İkinci hekayədə də eynilə birincidəki kimi ürəksındırıcı anlar vardır. Ancaq bu məqamda ürəyi qırılan insanlar, dünyanın “yararsız” deyə damğalayıb diqqətdən kənar saxladığı, ətrafa dalğın gözlərlə və təslimiyyətlə baxmağa məcbur qalmış əksəriyyətdir.

 

Sevginin önəmi

Villiam Ceyms, “The Principles of Pyschology” əsərində söyləyir: “Əgər, cinayətkarın sərbəst buraxılması, ancaq buna baxmayaraq cəmiyyət nümayəndələrinin onun üzünə belə baxmaması və onu tamamilə dışlaması bir cəza üsulu kimi kəşf edilib tətbiq edilsəydi, bu üsuldan daha zalimanə başqa bir cəzalandırma üsulu tapa bilməzdik. Bir otağa girərkən kimsə dönüb baxmasa, sual verərkən cavablamasa, etdiklərimizlə, həyata keçirdiklərimizlə maraqlanmasa, hər kəs bizi tamamilə görməzdən gəlsə və bizə, sanki o məkanda yoxmuşuq kimi bir münasibət göstərsə, az sonra daxilimizdə böyük bir qəzəb və ümidsizlik yaranar. Bunun yaratdığı əzab ən qəddar fiziki işkəncənin yaratığı əzabla müqayisə edilə bilər.”

Sevgisizlik bizi nə üçün bu qədər təsirləndirir? Niyə vecə alınmamaq bizi belə “böyük bir qəzəbə və ümidsizliyə” düçar edir və hansısa fiziki işkəncəni ondan daha yaxşı hesab edirik?

Digər insanların diqqəti bizim üçün hər şeydən önəmlidir, çünki doğulduğumuz andan etibarən öz dəyərsizliyimizlə bağlı qeyri-müəyyənliyin qucağına düşmüşük. Dolayısıyla, özümüzə istiqamətlənmiş baxışımızı müəyyənləşdirən əsas yaşantı başqa insanların bizim haqqımızda nə düşündüyüdür. “Şəxsi şüur”umuz bir yerdə yaşadığımız insanların mühakimələrinin yaratdığı çərçivəyə həbs edilib. Əgər zarafatlarımıza gülürlərsə, əyləncəli insan olduğumuza inanmağa başlayırıq. Bizi tərifləyirlərsə, keyfiyyətli insan olduğumuza qərar veririk. Və əgər bir otağa girəndə başlar bizə tərəf çevrilmirsə, ya da hansı işlə məşğul olduğumuzu açıqlayanda çöhrələrində səbrsiz və vecsiz ifadə təzahür edirsə, özümüzü dəyərsiz hiss etməyə, özümüzdən şübhələnməyə başlayırıq.

İdeal bir dünyada yaşasaydıq, şübhəsiz ki, işlər belə davam etməzdi. Belə bir dünyada xaricdən gələn zərbələrə qarşı möhkəm olardıq. İnsanların bizə diqqət etmələri ya da görməzdən gəlmələri, bizə xor baxmaqları, ya da üzümüzə gülmələri bu qədər təsirləndirməzdi bizi. Bir kəs çıxıb üzərimizə şişirilmiş iltifatlar yağdırsaydı, onun sözlərinə qapılıb getməzdik. Və özümüzü ədalətlə dəyərləndirməyi bacarsaydıq, başqa insanların tənqidləri qarşısında bu qədər yaralanmazdıq. Öz dəyərimizi dərk edərdik. Ancaq biz belə davranışın yerinə, xarakterimizlə bağlı min cür söz-söhbəti içimizdə saxlayırıq. Daxilimizdə həm zəkiliyə, həm axmaqlığa, həm gülünclüyə, həm darıxdırıcılığa, hörmətcilliyə və önəmsizliyə dair izlər daşıyırıq. Və bu dərəcədə sürüşkən, təsirlənməyə açıq xarakterimizin diktəsiylə, o anda nə qədər əhəmiyyətli olduğumuz barədə tərəddüdlərin cavabını cəmiyyətin öhdəsinə buraxırıq. Cəmiyyət nümayəndələrinin bizi həmin anda xor görməsi içimizdəki neqativ dəyərləndirmələri, bir təbəssüm ya da iltifat isə pozitiv dəyərləndirmələri ortaya çıxarır. Sanki özümüzə dözməkdən ötrü birbaşa olaraq digər insanların bizə göstərəcəyi şəfqətə bağlıyıq.

“Eqo”muz ya da özümüzü dərk etməyimiz hava şarına bənzəyir: sönməməsi üçün sürəkli sevgiyə ehtiyac duyur, həqarət, ikrah və diqqətsizliklərsə onun odunu bir andaca söndürür. Bu məsələnin ən maraqlı və absurd tərəfi də budur: digər insanların diqqəti bizi doyunca nəşələndirərkən, diqqətsizliyi böyük bir ruh düşkünlüyünə sürükləyir. Hansısa iş yoldaşımız bizə könülsüzcə salam verdi ya da telefon zəngimiz cavabsız qaldı deyə dünyamız qarala bilir. Və kimsə adımızı xatırladıqda ya da bizə də digər insanlara göstərdiyi sevgidən pay ayırdıqda həyat birdənbirə nəzərimizdə yaşamağa dəyəcək sevinc mənbəyinə çevrilir.

Əgər vəziyyət doğurdan da belədisə, o zaman bu həqiqət bizi təəccübləndirməsin gərək: məsələyə istər maddi, istər mənəvi tərəfdən nəzər salanda aydın olur ki, dünya üzərində nə cür bir yer tutmağımızla bağlı ciddi narahatlıqlarımız var. Dünyada bəlli bir mövqeyə çatmağımız, bizə sevgi göstərilib-göstərilməyəcəyini müəyyən edir. Sevgi görəndə özümüzdən məmnun qalırıq, görməyəndə isə özgüvənimizi itiririk. Status sanki bizim üçün tayı-bərabəri olmayan bir sevgi zənginliyinin qapısını açacaq açardır: həmin sevgi olmayanda nə özgüvənimiz olur, nə də şəxsiyyətimizə, fərdiyyətimizə dözüm göstərə bilirik.

Bilge.az
Yuxarı