post-title

Şostakoviçin xatirələri 1 - Milli incəsənət

Bu hiss hər birimizə tanışdır: arxanda çoxsaylı, adsız “müavinlər” var. Onlar istənilən an bir əmrlə sənin romanının, simfoniyanın, ya da poemanın arxasına keçə bilərlər. İstedadsız bəstəkarları jurnalistikada “qırmızı Bethovenlər” adlandırırlar. Mən özümü Bethovenlə müqayisə etmirəm. Ancaq bu hissdən qurtulmaq mümkün deyil: istənilən an yeni “qırmızı Şostakoviç” peyda ola bilər. Mənsə yoxa çıxaram.

Belə fikirlər məni daha çox Dördüncü simfoniyama görə narahat edirdilər. Axı 25 il ərzində onu demək olar ki, heç kim eşitməmişdi. Əlyazmanı isə saxlayırdım. Birdən mən yoxa çıxsaydım, hakimiyyət onu kiməsə “çalışqanlığına” görə hədiyyə də edə bilərdi. Mən hətta bilirəm kimə. Və o, Dördüncü simfoniya əvəzinə İkinci olardı. Yalnız başqa müəllifin.

Odur ki, mühit kütləvi dahilərin istehsalına da çox uyğun idi. Ya da əksinə - onların həmən kütləviliklə yoxa çıxmasına. Mənim işlədiyim, və daha cəsarətlə desək dost olduğum Meyerxoldun nümunəsi bunu təstiq edir. Axı indi təsəvvür belə etmək çətindir ki, Meyerxold necə məşhur idi. Onu hamı tanıyırdı. Hətta teatr və incəsənətə heç bir dəxli olmayanlar da. Sirkdə klounlar da vaxtaşırı Meyerxold haqda şeirlər oxuyurdular. Sirkdə publikanı birdən güldürməyi xoşlayırlar. Əlbəttə ki, soraqsız itmiş adam haqqında artıq orda oxumayacaqlar. Nə deyim axı, xırda bəzək-düzək də “Meyerxold” adı ilə satılırdılar.

Sonra adam itdi. Sadəcə, yoxa çıxdı – vəssalam. Elə bil o heç olmamışdı. Beləcə on illər keçdi. Meyerxold barədə susurdular. Bu, dəhşətli qəbir sükütü idi. Mən Meyerxold barədə heç vaxt, heç nə eşitməmiş savadlı gənclərlə qarşılaşırdım. Onu sadəcə sildilər. Balaca ləkəni iri pozanla silən kimi. Bu, Moskvada baş verirdi. Avropanın ən möhtəşəm (nəhəng) dövlətinin paytaxtında. Bu şeylər dünya şöhrətli gurultulu adı olan insanların başına gəlirdisə, Asiyamız kimi əyalət haqqında nəsə demək artıqdır.

Əyalətdə insanın heçə, sıfıra çevrilməsi, sıfır və puç adamlarınsa böyük insanlara dönməsi kimi əvəzlənmələr adi, gündəlik hadisə idi. Və bu ruh əyalətdə indiyə kimi hakimdir. Musiqidə, bu, kədərli nəticə verir. Mərkəzi Asiyada – Daşkənd, Aşqabadda, Düşənbədə, Alma-Atada, Frunzedə yaranan opera, balet, simfoniya, oratoriya və digər musiqi əsərlərinin böyük əksəriyyəti yerli müəlliflərə məxsus deyil. Adları nəşr olunmuş partituraların üz qabığında və konsertlərin proqramlarında qürurla gözə çarpsa da. Əsl müəlliflər isə publika üçün həmişəlik gizli qalacaqlar. Heç kim də maraqlanmayacaq ki, bu çobanlar necə bəstəkar olub.

Mən onların çoxunu tanıyıram. Bu, fərqli taleli müxtəlif insanlardır. Belə məchul bəstəkarlardan artıq bir neçə nəsil var. Böyüklərin nəsli artıq vəfat etməyə başlayıb. Hamısı uzaq əyalətlərdədilər, çünki, bir vaxt ora göndəriliblər. Ya da özləri Moskva və Leninqraddan baş götürüb qaçıblar. Ehtimal olunan həbslərdən canlarını qurtarıblar. Bəzən belə ucqara qaçışın köməyi olurdu. Mən bir neçə belə adam tanıyıram. Bu bəstəkarlar milli respublikalarda uyğunlaşıb yaşayırdılar.

Moskvada milli respublikaların incəsənət və mədəniyyətinin parıltılı göstəriləri başladığı vaxt idi. Bu, elə biabırçılıqdır ki, bu haqda ayrıca danışmaq daha yaxşıdır. Xüsusən də ona görə ki, indiyə kimi 30-cu illərin “mədəniyyət mərasimləri” çox vacib hesab olunur. Hətta səmərəli də deyən var. Əslində isə bütün bu musiqi və rəqsləri izləyən istənilən ayıq (və çox da axmaq olmayan) müşahidəçinin ağlına gələn ilk müqayisə Qədim Roma ilə olan müqayisə olmalıdır. Çünki, məhz Qədim Romada imperator növbəti əyaləti işğal edəndə məğlub edilmiş yerliləri paytaxta aparırdılar ki, bu yeni qullar öz mədəni nailiyyətlərini paytaxt sakinlərinə nümayiş etdirsinlər.

Odur ki, bu, gördüyünüz kimi yeni fikir deyil. Və biz əmin ola bilərik ki, Stalin Qədim Romadan yalnız sevimli arxitektor üslubu yox, müəyyən mənada mədəni üslubu da mənimsəyib. Bir sözlə, imperator üslubunu. (Onun özünün belə erudisiyalı olmasına şübhə edirəm. Çox güman ki, Mussolininin nitqlərindən öyrənib.)

Qısası, qullar oxuyub-oynayırdılar. Və böyük rəhbərin şəninə himnlər qoşurdular. Amma əlbəttə ki, bütün bu biabırçılığın milli incəsənətə heç bir dəxli yox idi. Nə incəsənət? Sadəcə təcili olaraq möhtəşəm və müdrikin şəninə yeni sobadan çıxmış tərifləri lazım idi. Bir çox səbəblərdən ənənəvi milli incəsənət, ənənəvi – möhtəşəm musiqi burda işə yaramırdı.

Əvvəla, incəsənət çox incə, çox mürəkkəb nəsnədir. Buna hələ alışmamışdılar. Stalin daha sadəsini, parıltılısını, asanını tələb edirdi. Rusiyadakı səyyar peraşki satanlar demiş: “Qaynardı, ama dadına söz verə bilmərəm.” İkincisi, milli incəsənət “əks-inqilabi” sayılırdı. Niyə? Çünki, o da istənilən qədim incəsənət nümunəsi kimi dini və pərəstiş olunan idi. Və əgər dini motivlidirsə, kökündən qoparılmalıdır.

Ümid edirəm, nə vaxtsa əsrimizin 20-30-cu illərində qədim xalq mədəniyyətinin-folklorun məhv edilməsinin tarixi yazılacaq. O, həmişəlik məhv edilirdi. Şifahi olduğuna görə. Xalq müğənniləri, gəzərgi dərvişlər güllələndikcə onlarla birgə yüzlərlə möhtəşəm musiqi əsərləri də məhv edilir. Heç yerdə, heç kim tərəfindən kağıza köçürülməyən əsərlər həmişəlik və bərpaedilməz dərəcədə məhv olunur. Çünki, başqa müğənni – artıq yeni mahnılardır. Mən tarixçi deyiləm. Mən xeyli faciəvi hadisə danışa bilərəm. Çox misallar çəkə bilərəm. Ancaq bunu etməyəcəm. Yalnız bir hadisəni danışacam. Yalnız birini. Dəhşətli hadisəni. Hər dəfə mən bu hadisəni xatırlayanda məni qorxu bürüyür. Xatırlamaq da istəmirəm.

Əsrlər boyu Ukraynanın yollarında musiqiçilər gəziblər. Onları lirnik və bandurist adlandırırdılar. Onlar demək olar ki, həmişə korlar olublar. Niyə məhz kor – xüsusi sualdır. Mən buna indi aydınlıq gətirməyəcəm. Qısaca deyim ki, adət idi. Vacib idi ki, bu insanlar kor və müdafiəsiz olsunlar. Ancaq heç kim heç vaxt onlara toxunmurdu. İncitmirdilər. Koru incitməkdən biabırçı nə ola bilər ki? 30-cu illərin ortalarında elan olundu ki, Ukraynada lirnik və banduristlərin Birinci Ümumukrayna Qurultayı keçiriləcək, bütün xalq müğənniləri toplaşmalıdırlar. Və gələcəkdə nə edəcəklərini müzakirə etməlidilər. Onda “onların həyatı daha asan və şən olacaq” – Stalin dedi.

Korlar inandılar. Bütün Ukraynadan, kiçik və hamının unutduğu kəndlərdən öz Birinci qurultaylarına süründülər. Xeyli adam yığıldı – deyirlər, bir neçə yüz nəfər. Bu, canlı müzey idi. Ukraynanın canlı tarixi idi. Onun bütün mahnıları idi. Onun bütün musiqi və poeziyası idi. Onların isə demək olar ki, hamısını güllələdilər. Bütün bu bədbəxt korların demək olar ki, hamısını.

Bunu niyə etdilər? Korları qanına qəltan etmək kimi sadizm nəyə lazım idi axı? Elə-belə. Ayağa dolaşmamaları üçün. Burda böyük işlər görülür. Bütöv bir kollektivləşdirmə gedir. Qolçomaqlar sinif kimi məhv edilib. Burdasa hansısa korlar gəzirlər, şübhəli mahnılar oxuyurlar. Mahnılar senzuradan keçmədilər. Həm də ki, nə senzura, burda söhbət korlardan gedir. Axı korun gözünün qabağına göz və əl gəzdirilmiş mətn qoyası deyildik. Ona kağızda əmr də yazmaq mümkün deyil. Ona hər şeyi şifahi başa salmaq lazımdır. Bu da ki, çox çəkir. Heç “iş”inə kağız da qoşmaq olmur. Burda isə onsuz da vaxt yoxdur. Kollektivləşdirmədir. Mexanizasiyadır. Güllələmək daha asandır. Elə güllələdilər də.

Bu, oxşar hadisələrdən yalnız biridir. Ancaq mən artıq qeyd etdim ki, tarixçi deyiləm. Sadəcə yaxşı bildiyim şeyləri danışmaq istəyirəm. Və bilirəm ki, tədqiqatlar qurtarandan, bütün faktlar toplanandan və bütün bu faktlar lazımi sənədlərlə təsdiq olunandan sonra, bütün bu cəlladlıqlara bais insanlar cavab verməli olacaqlar. Ən azı öz övladları qarşısında. Əgər buna inanmasaq, yaşamağa belə dəyməz.

Başladığım yerə qayıdım. Mən Moskva və Leninqraddan ölkənin ucqarlarına qaçmış bəstəkarlardan danışırdım. Onlar Allahın unutduğu ucqarlarda oturmuşdular. Gecə qapılarının döyülüb aparılacaqları qorxusu və gözləntisi ilə. Öz qohum və tanışları kimi - həmişəlik. Birdən aydın oldu ki, onlar təcili lazımdırlar. Moskvadakı şənliklər üçün xeyli şən mahnılar və rəqslər tələb olunurdu. Həmçinin köhnə əyyamın musiqili tənqidi və yeni dövrün tərifi də tələb olunurdu. “Xalq” musiqisi lazım idi. Amma eləsi olmalı idi ki, əsl xalq musiqisindən onda ancaq bir-iki səs ola. Rəhbər və Müəllimin sevimli gürcü “Suliko”su kimi.

Əsl xalq musiqiçiləri demək olar ki,hər yerdə məhv edilmişdilər. Tək-tək sağ qalanları vardı. Hətta onlara rəhm edilsəydi belə, onsuz da onların hakimiyyətin tələblərinə bu qədər tez uyğunlaşmaları mümkün deyildi. Dərhal uyğunlaşmaq – ancaq yeni dövrün professionallarının bacarığıdır. Bu, bizim intellegensiyanın keyfiyyətidir: “Eçelença, əmr edin, bu dəqiqə hazır edərik” – Mayakovskinin “Hamam” pyesində bir tipin dediyi kimi (Əminəm ki, bunu Mayakovski özü barədə yazıb). “Düşüncədə qeyri-adi yüngüllük” vacib idi. Və yerli milli mədəniyyətə də eyni münasibət olmalı idi. Mənim dediyim bəstəkarlar isə yad idilər. Və professional idilər. Bundan əlavə onlar çox qorxurdular.

Beləliklə, milli mədəniyyətin – ancaq bu dəfə tamamilə yeni, sosialist, milli mədəniyyətin “çiçəklənməsi” (o vaxt deyildiyi kimi) üçün vacib bütün şərtlər göz qabağında idi.

Uşaqlar işə başladılar. Milli opera, balet və kantatalar sel kimi axırdılar. Simfoniyalarla iş bir az pis idi. Ancaq simfoniyaya elə bir ehtiyac yox idi. İnstrumental konsert və kamera musiqisi də lazım deyildi. Sadiq təbəələrin yazdıqları lazım idi. Tez başadüşülən süjetcik lazım idi.

Süjeti isə dəhşətli keçmişdən götürürdülər. Əsasən hansısa üsyandan. Bu materialda stereotip konfliktləri yaxşı gizlətmək olurdu. Bura göz yaşı üçün məşum məhəbbət də əlavə olunurdu. Baş qəhrəman əlbəttə ki, qorxmaz və nöqsansız idi. Ancaq mütləq satqın da olmalı idi. Onsuz olmazdı. Satqın obrazı həmişə ayıqlıq tələb edirdi. Bu da ki, aktual idi.

Professionalın nəzərində bütün bunlar kifayət qədər möhkəm idi. Mənə yaxşı tanış olan Rimski-Korsakov məktəbinin ənənəsinə uyğun. Bunu etiraf etmək iyrəncdir. Ancaq bu, belədir. Yerli xalq mahnıları əsas kimi götürülürdü (Onların içindən Avropaya ən uyğun olanları seçilirdi.) və Avropa ruhuna uyğunlaşdırılırdı. Bütün (emalçıların nəzərincə) “artıq”lar mərhəmətsizcəsinə kəsilib atılırdı. Eynən məşhur lətifədə olduğu kimi alınırdı: “Dəyənək nədir? Yaxşı redaktə olunmuş şam ağacıdır.”

Hər şey qulağa xoş və səliqəli idi. Ancaq partituranın son notu qoyulandan və mürəkkəbi quruyandan sonra demək olar ki, ən məsuliyyətli mərhələ başlayırdı. İndi bütün bu “biş-düşə” müəllif tapmaq lazım idi. Elə müəllif ki, adı musiqinin özü kimi qulağaxoş olsun. Amma, necə deyərlər əks istiqamətdə. Musiqi nə qədər çox avropasayaq olsa da, müəəlifin adı o qədər milli olmalı idi. Avropa sənət məhsulunun üzərinə al-əlvan milli etiket vurulurdu. Bu problemin öhdəsindən gəlirdilər. Üzüyola bir gənc tapırdılar –gənc olmaya da bilərdi – ancaq mütləq şöhrətpərəst və “milli azlıq” olmalı idi (bu iyrənc ifadə də o zaman yaranmışdı). O isə vicdanı sızlamadan adını özü yazmadığı əsərin üz qabığına yapışdırırdı. Alqı-satqı sona çatırdı və dünyada fırıldaqçıların sayı daha bir nəfər artırdı.

Ancaq bizim “professionallar” da bir qayda olaraq zərərdə qalmazdılar. Əvvəla, bəzən onların da adları partiturların üz qabığına düşərdi. Təbii ki, yalnız həmmüəllif kimi. Ancaq bu özü də bu yazıqlar-yurdsuzlar üçün böyük şərəf idi. İkincisi, hətta adları kölgədə qalsa belə onlar mükafatlandırılırdılar. Özdə kifayət qədər səxavətlə. Onlara ad və ordenlər verilirdi. Yaxşı ödənilirdi. Onlar yaxşı yeyir, yumşaq yerdə yatırdılar. Öz evciklərində yaşayırdılar. Və nəhayət, bəlkə də ən vacibi – onlar bir az az qorxmağa başladılar. Qorxu əlbəttə ki, tamam yoxa çıxmamışdı. Belə şey yoxa çıxmır. Qorxu onların qanında həmişəlik qaldı. Və buna görə onlar yerləşdikləri milli respublikalara həmişə minnətdar idilər.

Mənim bu növ yaradıcı şəxslər arasında bir neçə yaxşı tanışım var. Deyə bilərəm ki, onilliklər boyu onlar yaranmış vəziyyətdən razı idilər. Bu, məni həmişə heyrətləndirib. Axı mən bilirdim ki, məsələn şairlərimiz necə əziyyət çəkirdilər, çətin şərait, ehtiyac və həmin qorxu onları tərcümə işinə getməyə məcbur edirdi. Elə həmən milli mədəniyyətin “çiçəklənməsi” ilə bağlı olan poetik tərcümələrlə də bağlı ayrıca danışmağa dəyərdi, ancaq bu, mənim işim deyil. Sadəcə onu deyim ki, burda da eyni mənzərə idi.

Həqiqi şairlərə hazır mövzular verirdilər. Onlar ana dilləri olan rus dilində şeirlər yazmalı idilər. Bax elə həmən mövzuya uyğun olaraq rus şair bəzən həqiqətən əla şeirlər yazırdı. Bizim sözlə desək, poxdan konfet düzəldirdi. Kobudluğa görə üzr istəyirəm.

Pasternak və Axmatova bu işi görərkən xeyli əziyyət çəkirdilər. Onlar haqlı olaraq ikiqat cinayət etdiklərini düşünürdülər. Birinci cinayət- həqiqi mənzərəni saxtalaşdırmaları idi. Qorxu və pula görə mövcud olmayanı olan kimi göstərirdilər. İkinci cinayət öz istedadlarına qarşı yönəlmişdi. Onlar onu saxta tərcüməçilik fəaliyyətləri ilə torpağa gömürdülər.

Həmişə yaxşı yazmaq olmur. Mən belə zamanlarda başını yuxarı qaldırıb ilhamın hardansa uçub gələcəyini gözləməyin tərəfdarı deyiləm. Çaykovski və Rimski-Korsakov bir-birini sevmirdilər və çox nadir hallarda ortaq fikrə gəlirdilər. Ancaq bu barədə eyni cür düşünürdülər: həmişə yazmaq lazımdır. Böyük şeylər alınmırsa, kiçiklərini yaz. Ümumiyyətlə yaza bilmirsənsə, nəyisə orkestrləşdir. Deyəsən, Stravinski də bu mövqeyi bölüşürdü. Qısası, bu, deyəsən rus bəstəkarlarının ümumi mövqeyidir. Məncə bu mövqe, Qərbin bizim barəmizdə düşündüyündən xeyli fərqlidir.

Mənə elə gəlir orda düşünürlər ki, ruslar sərxoşluq fasilələrində peronu arağa batırıb yazırlar. Halbuki alkaqola sağlam meyl professionalizmi istisna etmir. Bu cəhətdən rus bəstəkarlıq məktəbində mən də yəqin ki, istisna deyiləm. Odur ki, əli həmişə formada saxlamaq lazımdı. Və bu cəhətdən tərcümə, yaxud emala qarşı heç nə demək olmaz. Ancaq ya lazımlı, ya da maraqlı materialla işləmək lazımdır. Mən başa düşürəm, əvvəlcədən “bax, bu mənə gərəklidi, bu isə yaxındır” demək mümkün deyil. Bunu ancaq içində hiss edirsən.

Kənd itləri naxoşlayanda yaşıllığa gedir və orda hissləri ilə hansı bitkinin ona kömək edəcəyini tapırlar. O bitkini çeynəyib sağalırlar. Musorqski ilə birgə iş beləcə bir neçə dəfə məni xilas edib. Bundan əlavə mən başqa adamın bəstəsi ilə bağlı işin məni necə sakitləşdirdiyinə və yenilədiyinə dair bir neçə misal çəkə bilərəm. Məsələn, mən qeyri-adi dərəcədə istedadlı olan Boris Tişenkonun Birinci violençel konsertini orkestrləşdirmişəm. Partituru isə müəllifə onun ad günündə verdim. Boris , deyəsən bir o qədər də razı qalmamışdı. Mənə isə bu iş xeyir və həzzdən başqa heç nə verməmişdi.

Pasternak “Faust”, ya da “Hamlet”i çevirəndə, bu, yəqin onun özünü də xeyli zənginləşdirib. Ancaq o, həm də “üçüncü sort” şeirləri, hətta heç tanınmamış şairləri də tərcümə edirdi. Çoxlu gürcü şeirləri tərcümə edib. Bu da bir üsul idi – Stalinin xoşuna gəlmək üsulu. Eyni şeyi Axmatova da yaşayırdı. Onlar əlbəttə ki, əziyyət çəkirdilər. Və bunu kifayət qədər tez-tez dilə gətirirdilər.

Ancaq mənim tanışlarım - bəstəkarlar həmişə şən və razı idilər. onların işləri yaxşı gedirdi. Onlara heç kim toxunmurdu. Getdikcə az qorxurdular. Elə təəsürat yaranmışdı ki, uğurlarına müddətsiz zəmanət verilib. Ancaq təəssüf ki, dünyada əbədi heç nə yoxdur. Onların da qəribə xoşbəxtliklərinin sonu gəldi.

Yeni nəsil xalq bəstəkarları yetişdi. Bu gənclər bizim ən yaxşı konservatoriyalarımızda təhsil almışdılar. Onlar bacarıqlı və şöhrətpərəst idilər. Bu iki element kimyəvi reaksiyanın sürətlənməsinə səbəb olur. Onlar özlərinə yol açmalı idilər. Orden və medallarla bəzədilmiş müqəddəs kötüklər onlara ancaq mane olurdular. Patriarxlarla dil tapmaq çox vaxt mümkün olmurdu. Qocalar və cavanlar arasında, onların təhsilləri arasında fərq çox kəskin idi.

Milli respublikalardan olan gənclər əvvəlcə Prokofyevi, Xaçaturyanı, məni təqlid edirdilər. Sonra Bartok və Stravinskini. Əldə edə bildikləri qərb partiturlarını vicdanla öyrənirdilər. Çox avanqard deyildilər. Sonda o nəticəyə gəldilər ki, öz yollarını axtarmalıdılar. Yoxsa irəli gedə bilməyəcəklər.

Elə bu vaxt öz xalq mahnılarını xatırladılar. Daim televiziya və radioda səslənənləri yox, əsl – hələ emal olunmamış və şikəst olunmamış musiqiləri. Bu vaxta qədər hamı 30, 40, 50 il əvvəl gələnlərin etdiyi səsyazmalardan istifadə edirdi. Bu yazılar ən yaxşı və savadlı yazılışlar hesab olunurdular. Bəlkə də, öz vaxtı üçün bu, həqiqətən belə idi. Lakin indi cavanlar bundan ilk dəfə şübhə edirdilər.

Onlar əsl xalq müğənnilərini axtarmağa başladılar. Belələri lap az qalmışdı. Ancaq bəzi yerlərdə yenə də qalmışdılar. Hətta bəziləri yavaş-yavaş özlərinə cavan şagirdlər də tapmağa başlamışdılar – bu möcüzə idi. Yəqin bu sözdə nə qədər olmasa həqiqət var ki, xalq mədəniyyətini sona qədər öldürmək olmaz. O, hardasa dərində yaxşı vaxtları gözləyərək zəif alov kimi közərəcək.

Onda gənc bəstəkarlar gördülər ki, bu vaxta qədər “xalq” və “milli” adı ilə təqdim olunanlar tamamilə saxtadır. Bu zaman onlar hay-küy salmaq istədilər. Hətta bəzi yerlərdə iş skandala qədər gedib çıxmışdı. Onlardan ancaq bəziləri uğur qazana bildilər. Çünki bu zaman müqəddəs kötüklər tərpənməyə başladılar. Mamır və medallar basmış müqəddəs daşlar narahat olmağa başladılar. Onlarla bərabər bizim köhnə tanışlarımız olan Leninqrad və Moskva məktəblərinin professorları da narahat olmağa başladılar. Onlar indiyə qədər öz gözəl evciklərində yaşayırdılar və dediyim kimi ömürlərinin sonuna qədər kef etmək fikrində idilər.

Təmiz havada, əyalətdə, paytaxt qayğılarından və tüstüsündən uzaq həyat onların xeyrinə olmuşdu. Onların sağlamlıqları əla idi. Əmək qabiliyyətləri daha əla idi. Və onlar sayı gündın-günə artan bayram, təntənə və yubileylər üçün “milli” opera, balet və kantata yazmaqlarından qalmaq fikrində deyildilər. Hər şey elə yaxşı idi ki. Hətta asta-asta musiqi tarixinə də düşmək olardı – dünya musiqisinin yox, heç olmasa yerlisinin. Müəllif kimi olmasa da, heç olmasa həmmüəllif kimi. Birdənbirə onların şərəfli tarixi keçmişləri və ondan da şərəfli gələcəkləri təhlükə altına düşdü. Nə böyük ədalətsizlik.

Məhz bu vaxtlar mən öz tanışlarımı qəmgin gördüm. Onlar ah çəkib insan nankorluğu haqda danışırdılar. Onlar deyirdilər ki, gəlmələrin maarifləndirməsi və dəstəyi olmasaydı bu vəhşilər elə həmişəlik vəhşi olaraq qalacaqdılar. Bu yerli mülkədarlar indiyə qədər qoyunu əllərilə yeyib xalatlarına silirlər. Və ümumiyyətlə onlar əclaf və çoxarvadlılardır.

Bu aydın və bulanmamış reflekslər dövrü çox çəkmədi. Çünki mənim tanışlarımın mövqeləri bütün cəbhə boyu zəifləməyə başlamışdı. Bəlkə də zəifləmirdi. Bəlkə də onlar özləri belə təsəvvür yaradırdılar. Ancaq Rimski-Korsakov məktəbinin yetirmələri yerli müqəddəs kötüklərlə birləşib əks-hücuma keçdilər. Əlvəttə ki, kötüklər qabağa buraxılmışdılar. Onlar hiddətlə irəliləyir və medallarını cingildədirdilər. Deyim ki, bu, təsirli mənzərə idi. Əllərində isə elə həmən həmmüəlliflərlə birgə yazılmış ərizələr, ərizələr, ərizələr vardı. Onlar bu cəhətdən də professional idilər. Rimski-Korsakov qəbirlərində çevrilərdilər. Xəcalətdən.

Bu ərizələrdə isə yazılırdı ki, dövlətimizi təhlükə gözləyir. Və bu təhlükənin mənbələri məhz cavan “etnik”lərdir. Və bu şübhəli gənclər sui-qəsdçidilər. Çünki onların xalq mahnısına və incəsənətinə olan maraqları aldadıcıdı. Əslində isə söhbət “burjua millətçiliyinin dirildilməsindən” gedir. Xalq incəsənətinə maraq pərdəsi altında bu gənclər bizim möhtəşəm və güclü dövlətimizdən uzaqlaşmağa hazırlaşırlar. Belə düşmən davranışın qarşısı vaxtında alınmalıdır, bu inqilabçıların isə başına-gözünə döymək lazımdı.

Ərizələr Bəstəkarlar İttifaqından tutmuş lap yuxarılara qədər ən müxtəlif instansiyalara göndərilirdi. Daha yüksək instansiyalara gedən ərizələrdə nə yazıldığını dəqiq bilmirəm. Amma İttifaqa gələn məktublardan bəzilərini oxumaq mənə qismət olub. Məndən əlbəttə ki, məsləhət almırdılar, ancaq oxuyurdum. Mən də cavanlara kömək üçün əlimdən gələni edirdim. Əlbəttə ki, mənim fikrimə fikir verən yox idi. Yenə də iş nisbətən uğurlu nəticələndi. Yəni heç kimi güllələmədilər, həbs etmədilər və bildiyim qədər dolanışığını da kəsmədilər. Sonuncuda bəlkə yanılıram. Yenə də yalnız bəstəkarlardan danışıram. Yazıçılardan və nə bilim kinomatoqrafçılardan qoy başqası hesabat versin. Bütün bu işlər haqda qərar isə sözə gəlməyəcək qədər qeyri-insani müdrikliklə verildi. Burjua millətçiliyinə təbii ki, qəti zərbə endirildi. Uyğun instansiyalarda uyğun müzakirə və “diskussiyalar” keçirildi. Kimi, nəyi lazımdı müzakirə etdilər. Sxem köhnə və məşhurdur: “…cavab olaraq biz herkulesçilər yumruq kimi…”

Cavanlara qəti olaraq “müqəddəslərə əl uzatmaq” qadağan olundu. Müqəddəs kötüklər tam təhlükəsizlikdə yaratmağa davam edə bilərdilər. Üzə heç nə çıxmadı. Bir reputasiya belə zərər çəkmədi. Bir dənə də çirkli sirr açılmadı. Əlbəttə vəziyyət bir az dəyişdi. İndi hər bir xalq incəsənəti iki hissəyə ayrılmışdı. Biri – köhnə və adı, reputasiyası, bəstələrinin siyahısına kimi saxta olanlar. İkincisi – haqqında nə deyilir-deyilsin – həqiqi olan. Bu, yaxşı, babat, hətta pis musiqi də ola bilər. Əsas odu ki, o, saxta deyildi. Onu məhz partiturların üz qabığında adları yazılmış insanlar bəstələyirdilər. Əsərin səslənməsindən sonra səhnəyə baş əyməyə də əsl müəlliflər çıxırdı. Başqaları yox. Odur ki, az da olsa irəliləyiş vardı.

Ancaq saxta mədəniyyət də təslim olmaq fikrində deyildi. Mən kifayət qədər tez-tez respublikalara dəvət olunurdum: musiqi nailiyyətlərinin təntənəli nümayişinə, pleniumlara, dekadalara və s. Mən də kifayət qədər tez-tez oralara gedirəm. Özümü “toy generalı” kimi aparıram. Və əlbəttə hər şeyi tərifləyirəm. Ya da demək olar ki, hər şeyi. Lakin bu zaman mən hər şeyi açıq-aydın görürəm. Ev sahibləri də görürlər ki, görürəm. Ancaq hər iki “ali tərəf” özlərini hər şey qaydasındaymış kimi aparırlar.

Həmən musiqi şənlikləri mütləq o məşhur müəlliflərin bəstələri ilə başlayırdı. Bütün bunlar saxtakarlıq idi. Opera teatrında növbəti opera və ya balet tamaşasının premyerası göstərilirdi. Eyni süjet – uzaq zamanların xalq üsyanı – təkrarlanırdı. Bu da saxtakarlıq idi. Mən görəndə ki, müxtəlif müəlliflərin simfoniyalarını eyni əl yazıb, yaxud orkestrləşdirib (bunlar mənim üçün eyni şeylərdir) sakitcə şənlənirdim. Hətta müxtəlif bəstələrin əsl müəllifini tapmaq mənim üçün özünəməxsus idman növünə çevrilmişdi. Adətən tapıram. Çünki, bu əsl müəllif (adətən moskvalı, yaxud leninqradlı) baxış zamanı öz adı ilə də bir bəstə nümayiş etdirərdi. Bu, yalnız yaxşı sənətkar müdaxiləsi olsa da mən orkestirovkada bəstəkarın individual üslubunu seçə bilirdim. Və mən demək olar ki, heç vaxt səhv etmirdim.

Mən bəzən özümü susduğuma görə məzəmmət edirəm. Daha doğrusu, heç susmuram da, danışıram. Hətta nəinki danışıram, belə şişirdilmiş konsertlər haqqında məqalələr də çap etdirirəm. Mən nə edə bilərəm axı? Bu tamaşada nəyi dəyişə bilərəm? Əvvəllər bu, şəksiz fəlakət idi. İndi isə daha çox komediyaya oxşayır. Odur ki, bəzi şeylər dəyişir. Mənim iştrakım olmadan da. Bu işdə mən heç nəyi dəyişə bilmərəm.

Ən dəhşətlisi artıq keçmişdə qalıb. Tarixi geriyə döndərmək mümkün deyil. Yaxşı ki, indi hər şey yavaş-yavaş düzəlir. Mənə kim qulaq asar? Hamı, ya da demək olar ki, hamı indiki vəziyyətin saxlanmasında maraqlıdır. Dəqiq bilirəm: vəziyyəti radikal dəyişmək üçün edilən istənilən radikal cəhd uğursuzluqla nəticələnəcəkdi. Bir neçə gənc qazax şairi Cambul Cambaev haqqında olan mifi ifşa etməyə cəhd etdilər. Nə oldu? Onların hamısına susmaq əmri verildi. Və tezliklə artıq çoxdan vəfat etmiş Cambulun yubileyi qeyd olundu. Özdə bütün mümkün təmtəraqla – iclaslar, təntənələr, nitqlər daxil olmaqla. Zəngin banketlər də.

“Bizə Qoqollar, Şedrinlər lazımdır” élan olunanda yəqin belə qəribə hadisələr nəzərdə tutulurmuş. Axı bu, gələcək bəstəkar üçün süjet mövzusudur. Bəlkə də o, “Cambulun burnu” adlı möhtəşəm bir opera yazar. Ancaq mən yox, mən yox. 
Mən heç heyifsilənmirəm də. Bu süjet artıq mənim üçün deyil. Mən “Müfəttiş”in və “Ölü canlar”ın süjetlərini Qoqola verən Puşkini çox yaxşı anlayıram. Çünki, bu süjetlər artıq onun üçün deyildi. Hər şey vaxtında yaxşıdır.

Ardı var...

Tərcümə: Sənubər Heydərova

Kultura.az

Yuxarı