Ənənə ilə yeniliyin toqquşması

Публицистика

Sizə sonu nakam bitən bir sevgi hekayəsindən bəhs edəcəm.

Bir gün hərəsi bir xarici ölkədə yaşayan qadın və kişi neçə il sonra eyni vaxtda Bakıda olduqlarını öyrənirlər. Qadın sabah ölkəni tərk etməlidir. Ona görə də kişinin görüşmək təklifinə dərhal razılıq verir. İkisi erkən gəncliklərində bir-birinə vurulsalar da, birləşə bilməyiblər, indi uzun illər sonra yenidən Bakıda görüşmək fürsəti əldə edirlər, bu, onları həyəcanlandırır. Qadın və kişi şəhərin mərkəzində görüşüb əvvəlcə piyada gəzirlər. Bakının dəyişməsi onlara söhbət üçün bəhanə olur, şəhərin gözəlliyini təriflədikcə tərifləyirlər, amma razılaşdıqları ortaq bir məqam da var: Bakı belə aradabir gəlib dəyəsi, sonra da çıxıb gediləsi şəhərdir, uzunmüddətli qalmağa yaramır.  

Qadın və kişi gəzintidən sonra canlı musiqi çalınan bir məkana daxil olurlar. Bir-birinin yaxınlığında olmaqdan, bir-birinə toxunmaqdan, söhbət etməkdən hədsiz məmnundurlar. İçdikləri şərab onları cəsarətləndirir, fikirlərində tutduqları sözləri nəhayət, dilə gətirirlər: necə olub ki, bir-birinə bu qədər can atsalar da, bir-birini bu qədər bəyənsələr də, həmişə ayrı qalıblar?

İkisi gec saatlarda məkandan çıxır, bir küncə çəkilib öpüşürlər.   

Artıq gecdir, ayrılıq vaxtıdır, amma ayrıla bilmirlər. Kişi qadına gecəni onunla birlikdə keçirməyi təklif edir. Qadın gözlənilmədən razılaşır. İkisi yaxınlıqdakı beş ulduzlu otelə gedirlər. Vüsal anı, ruhi və fiziki qovuşma yaxındır. Amma birdən resepşndakı şəxsin başını buladığını fərq edirlər, adam deyir ki, cütlüklər oteldə qalmaq üçün mütləq nigah kağızı göstərməlidirlər. Adam and-aman eləyir, deyir bura İrandırmı, sifətimizindən normal adamlar olduğumuzu görmürsünüzmü, Bakıda qonağıq sadəcə. Amma nə illah eləyirsə, xeyri olmur, resepşndakı şəxs Nuh deyir, peyğəmbər demir, rəhbərliyin qoyduğu qayda beləymiş, o, heç nə edə bilməzmiş. 

Nigah kağızı olmayan cütlük oteldən kor-peşman çölə çıxır. Yaxınlıqdakı bir skamyada oturub internetdə tapdıqları otellərə zəng etməyə başlayırlar, hara zəng edirlər “Nigah kağızı olmadan qala bilməzsiniz” cavabı eşidirlər. Adam özü şəhərə bələd deyil, məsləhət üçün bir tanışına zəng edir, vəziyyəti başa salır, tanışı hansısa şübhəli, yalnız bəlli məqsədlərə görə verilən evlərdən birində qalmağı təklif edir. O isə, bunu istəmir... Qadın nəticəsizlikdən, gözləməkdən yorulur və artıq evə getmək istədiyini deyir, adam naəlac onu taksiyə mindirib evə yola salır. Beləcə onların sevgi macərası növbəti dəfə başlamamış bitir. Xəcalətli vəziyyətə düşən və özünü bacarıqsız hiss edən hekayənin kişi qəhrəmanı bir şeyi başa düşür: Bakı sevgi şəhəri deyil!

Bu qısa hekayə, Azərbaycanda niyə inandırıcı məhəbbət romanlarının yazılmadığını, kinolarının çəkilməyidiyni izah edə bilər, zənnimcə. Çünki hər yerdə səndən nigah kağızı tələb edirlər.

***

Azərbaycanın çox gözəl, səfalı yerləri var, buraların dağı-təbiəti, yeməyi-içməyi, meyvəsi-tərəvəzi, havası-suyu elə bilərsən cənnət nemətləridir, təmiz və təbii. Dünyadakı tək-tük cəmiyyətlərdənik ki, hələ də əsl əti, meyvəni, tərəvəzi dada, tərtəmiz havanı, suyu uda bilirik. Amma bir qadağa var, sən həyatın bu əvəzsiz nemətlərini sevgilinlə birgə dada bilməzsən. Tutalım ki, tətil vaxtıdır, Bakının hay-həşirindən qurtulmaq, dincəlmək üçün sevgilinlə səfalı bir yerə getmək istəyirsən. Şübhəsiz, sən hələ bu qərarı vermək üçün bir xeyli mərhələ keçmiş olmalısan, amma tutalım, keçiləsi mərhələlər keçilib, nəhayət, onunla səfərə çıxmaq mərhələsinə gəlib çatmısan. Və birdən nə baş verir? Bəlli olur ki, bu mərhələni keçməyə icazə yoxdur. Artıq burda dayanmalısan, çünki Azərbaycanın heç bir regionunda nigah kağızı olmadan sevgilinlə heç bir yerdə qala bilməzsən. Bunu yazılmamış qanunlar diqtə edir, başqa yazılmamış qanunları pozmaq olar, bunu pozmaq isə müşkül məsələdir, hətta mümkünsüzdür.

Deyirlər bunun administrativ səbəbləri var, polis müdaxiləsindən qorxan otellər və digər qonaqlama yerləri nigah şəhadətnaməsiz cütlük qəbul etmirlər. Ola bilsin, bunda müəyyən həqiqət payı var, amma tam yox, çünki bir çoxları üçün cütlüyün nigah kağızının olması sırf əxlaq, din, ənənə nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Nəinki sevgilinlə, hətta yanındakı qadın dostun, tanışın, qohumundursa belə, çətin ki, qonaqlamaq üçün normal yer tapasan.  

Bəlkə də Azərbaycanda həqiqi şəxsiyyət vəsiqəsi nigah kağızıdır. Şəxsiyyət vəsiqəsi gündəlik həyatda bizə demək olar, lazım olmur, şəxsiyyət vəsiqəsinin harda olduğunu belə bilməyən adamlar var. Amma nigah kağızı hər yerdə lazımdır: ailədə, toyda, yasda, qohumların arasında, cəmiyyət içində, istirahətdə, gəzintidə - bir sözlə, çox yerdə. Lazımi yaşa çatdığı halda nigah kağızı olmayan şəxs natamam, şübhəli məxluqdur bizdə. 

Bir dəfə qış vaxtı qızlı-oğlanlı kiçik bir dost qrupuyla Qaxa gəzməyə getmişdik. Qız tanışımıza görə, gecə qalmağa yer tapmadıq. Hara getdik, bizə şübhəylə baxdılar, nigah kağızı olmadan bizi otelə buraxmayacaqlarını dedilər. Saatlarla qalmağa yer axtardıq, bütün istirahətimiz burnumuzdan gəldi. Axırda bütün qohumluq, qardaşlıq, nəsil-nəcabət əlaqələrini işə salandan sonra, ayrı-ayrı qalacağımıza, sadəcə başımızı qoyub yatmaq üçün yer istədiyimizə and-aman etdikdən sonra, bizə ucqar və soyuq bir məkanda yer tapıldı. Qaldığımız sınıq-salxaq yerdə səhər mən yuxudan duranda başıma hadisə gəldi, əl-üzümü yumaq üçün hamama girdim, çıxmaq istəyəndə isə qapı açılmadı. Bir saatdan da çox vaxt ərzində, kiminsə gəlib qapını sökməsinə qədər, soyuq hamamda nazik paltarda buz kəsərək oturub gözləməli oldum. Halbuki Qaxa yalnız kişi qrupu ilə gəlsəydik, başımıza bu qədər həngamə gəlməyəcəkdi. 

Növbəti belə hadisə Şəmkirdə yaşandı. Şəmkirdəki məşhur şahmat superturnirinə baxmaq üçün gözəl bir yaz çağında yenə kiçik qrupumuz ilə bu rayona getdik. Yemək-içmək, təbiət, hava hər şey çox gözəl idi. Axşam düşəndə, yenə eyni hadisələr təkrarlandı, yanımızdakı xanıma görə, bizə heç yerdə yer vermədilər, dedilər gedin kimə istəyirsiniz şikayət edin, nigah kağızı olmayan qadına yer verə bilmərik, vəssalam. Axırda yanımızdakı xanım söylədi ki, əgər belədirsə, otelin qabağına “itlərə və nigah kağızı olmayan qadınlara giriş qadağandır!” yazın, işimizi bilək...

***

Əslində bu yazının da ortaya çıxmasına elə xanımın dediyi “itlərə və nigah kağızı olmayan qadınlara giriş qadağandır!” sözləri səbəb oldu. Bu fikir beynimdə bişməyə başladı və bu barədə düşündüyüm vaxt ərzində ölkədə zəlzələ effekti törədən bir neçə hadisə baş verdi. Ən sonuncusu məktəbdə müəllimlər və şagirdlər tərəfindən “lezbiyan” adlandırılaraq qısnanan Elina adlı 14 yaşlı qızın təzyiqlərə dözməyərək intihar etməsi idi. Bütün bu hadisələr bizə nəsə deyir.  

Biz indi elə bir dövrdə yaşayırıq ki, fərdi azadlığa, qadınlara, itlərə və LGBT nümayəndələrinə göstərilən münasibət artıq cəmiyyətlərin mədəni səviyyəsini göstərən indikatorlara çevrilib. Haradakı bu varlıqlara qəddar münasibət var, haradakı küçədə itlər güllələnir, qadınlara qarşı ayrı-seçkilik edilir, LGBT nümayəndələri sıxışdırılır, fərdi azadlığa icazə verilmir, artıq o, cəmiyyət haqqında gözübağlı müəyyən qənaətə gəlmək mümkündür. Münasibət nə qədər sərtdirsə, cəmiyyət haqqındakı qənaətin də daha konkret olur. Belə cəmiyyət yumşaq desək, hələ uzun bir təkamül yolu keçməlidir, onun haqqında illuziyalara qapılmağın özü cəmiyyətin ziyanına ola bilər. 

Biz indi bir cəmiyyət kimi transformasiya prosesi keçirik, hansısa düyünlər açılır. Və ənənəvi cəmiyyətdə kiçik bir açılma baş verən kimi tarix boyu dibə çökən kir-pas, zir-zibil dərhal üzə çıxmağa başlayır. Açılış çətin və mürəkkəb məsələdir, bununla üzləşməyi bacarmaq, bunu dərk etmək asan məsələ deyil. Üstəlik bizdə hələlik açılışın söz-söhbəti gedir, əgər həqiqi bir açılış olacaqsa, yetkinləşməyən cəmiyyətdə illər boyunca yığılan çirkinliklərin, iyrəncliklərin ortaya çıxmasının miqyası və dərəcəsi də daha böyük olacaq. Bunun əlamətlərini artıq indidən görmək mümkündür. Ölkədə hər həftə böyük ajiotaj doğuran hadisələr baş verir. Nifrət, aqressiya, kin-küdurət baş alıb gedir, linçləmə hadisələri törədilir.  

Yeni dövr özüylə yeniliklər gətirir. Bu yeniliklər əksər vaxt heç də özünü ən yaxşı tərəfdən göstərmir, cəmiyyətin ümumi səviyyəsinə uyğun olaraq, bu yeniliklərin təmsilçilərində də müəyyən ciddi çatışmazlıqlar var, onların özünüifadəsi hələlik qüsurlu, kobud və primitiv ola bilər. Digər tərəfdən cəmiyyətdə hansısa bir ideya, ideologiya təzə-təzə populyarlaşmağa başlayanda, ilk canfəşanlıq edənlər, qabaqda gedənlər adətən iybilən qrafomanlar olur. Onlara görə, bu ideya və ideologiyaların qəbul edilməsi prosesi də çətinləşir, bəzən bizdəki kimi ağrılı kataklizmlər yaşanır. Ənənə yeniliyi qəbul etmək istəmir, yetkinləşməmiş, özünüifadəsi hələlik qüsurlu olan yenilik isə müqavimət göstərir. 

Bu, daşlar yerinə oturana qədər keçilməli bir prosesdir, bunun qarşısının alınması daha ağrılı nəticələrə gətirib çıxara bilər. Necə ki, bizdə bu proses baş verir, siyasətdə, sənətdə, digər sahələrdə yeni nəsilə, yeni reallığa münasibətdə ənənənin, keçmişin ağrılı reaksiyaları özünü göstərir. Ənənə qapını açıb gələn yeni reallığı qəbul etmək istəmir. Onu zorla geriyə oturtmağa, qovmağa və hər vəchlə meydana çıxmasına əngəl olmağa çalışır, onu dərk etmək, anlamaq, dinləmək istəmir. 

Qısası, bu gün ənənə yeni reallıqla toqquşur. Hansının qalib gələcəyini zaman göstərəcək. Amma bir şey dəqiqdir: bizi qarşıda hələ çoxlu ağır toqquşmalar gözləyir.

Cavid Ramazanlı

AzLogos.eu

Kultura.az | Developed by Samir Yahyazade